Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4854/2025 05.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı protokola düzəliş edilməsinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək protokolda avadanlıqlar sözünün silinməsi və ya düzəlişin edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək protokolun məzmunun təhrif olunmasına əsas olan qondarma avadanlıq sözünün silinməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilməklə, sonuncuya iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək iddianın mümkün hesab edilərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
İddianın növü, mümkünlüyü və buna dair məhkəmənin mövqeyi:
Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. Nəzərə almaq lazımdır ki, işə baxan məhkəmə ilk öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırmanı aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı cavabdeh inzibati orqan tərəfindən protokola düzəliş olunmasına nail olmaqdır. İşin müəyyən edilən hallarından: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(120)-172Ə/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından müəyyən olunur ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1996-cı il tarixli 01 saylı auksion protokolunun əslinin ona təqdim oluması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-2617/2024 saylı qərardadı (Pərvanə Qurbanova) ilə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(120)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-2617/2024 saylı qərardadının ləğv olunması və iddianın mümkün sayılmaması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(120)-172/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının 9-cu səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, iddiaçının iddiası əsasında qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından, həmin qərarın qüvvədə saxlanılması ilə bağlı Şirvan Apellyasiya Məhkəməsini xx.xx.2016-cı il tarixli qərarından və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarının əsaslandırma hissəsindən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən aparılmış xx.xx.1996-cı il tarixli auksionda Əli Bayramlı şəhər ƏMX “Xəzri” İKF-nin dərzi emalatxanası yox, emalatxananın avadanlığını satın almışdır. Bu hal iş üzrə icraat materiallarında olan xx.xx.1996-cı il tarixli 01 nömrəli auksion protokolunun məzmununda, həmçinin həmin auksion əsasında iddiaçının dərzi emalatxanasının avadanlığı üzərində mülkiyyət hüququ təsdiq edən xx.xx.1996-cı il tarixli 003681 nömrəli şəhadətnamənin dubilkatı ilə eyni hüquqi qüvvəyə malik olan və iddiaçıya təqdim olunmuş xx.xx.2017-ci il tarixli arayışın da məzmununda öz əksini tapmışdır. Yəni qanuni qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən aparılmış xx.xx.1996-cı il tarixli auksionda Əli Bayramlı şəhər ƏMX “Xəzri” İKF-nin dərzi emalatxanasını yox, emalatxananın avadanlığını satın almışdır. Eyni zamanda qərardadın 9-cu səhifəsinin 5-ci abzasında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.1996-cı il tarixli 01 nömrəli auksion protokolunun əslini tələb etməsi və yaxud ona düzəlişin edilməsi ilə bağlı iddiaların qaldırılması və yaxud xx.xx.1996-cı il tarixli, 01 nömrəli auksion protokolunun əslinin iddiaçıya təqdim edilməsi sözügedən ƏMX “Xəzri” İKF-nin dərzi emalatxanasının onun mülkiyyətinə verilməsi ilə nəticələnməyəcəkdir. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinə dolayısı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında hüquqi qiymət verilmişdir. İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 15.5-ci bəndində qeyd edilmişdir ki, İPM-nin 78-ci maddəsinə əsasən mübahisə Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki,qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Bundan əlavə İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək hazırkı iddia tələbinin mümkünlük halları izah edilmişdir. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı protokola düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva