Məhkəmə qərarları › İş №2-1(120)-4857/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4857/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4857/2023 21.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı regional “ASAN xidmət” mərkəzinə qarşı “Masallı Regional “ASAN xidmət” mərkəzinin 8i-10803 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və kredit müqaviləsi əsasında olan borcun miqdarının araşdırılması” tələbinə dair iddianın mümkünlüyü məsələsinə 21 dekabr 2023-cü il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı regional“ASAN xidmət” mərkəzinə qarşı “Masallı Regional “ASAN xidmət” mərkəzinin 8i-10803 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi və kredit müqaviləsi əsasında olan borcun miqdarının araşdırılması” barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında DC 00416794-03 nömrəli müqavilə bağlanaraq iddiaçının müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi məqsədi ilə kredit götürülmüşdür. Həmin kreditin müəyyən hissəsini vaxtında ödəmiş, sonradan müəssisənin fəaliyyəti zəiflədiyinə görə ödənişdə gecikmələr olmuşdur. Və X4 xidmət Mərkəzi xx.xx.2023-cü il tarixdə icra qeydi aparakən iddiaçının nümayəndəsi xəbərdar edilməmişdir.İddiaçının nümayəndəsi bildirir ki, onun kredit borcu 47698.04 manat deyil, xeyli miqdarda aşağıdır.Beləliklə də, məhkəmədən Masallı Regional “ASAN xidmət” mərkəzinin 8i-10803 saylı, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsini və kredit müqaviləsi əsasında olan borcun miqdarının araşdırılmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İşin hаllаrı və mübаhisənin vəziyyəti ilə bаğlı məsələlərin müzаkirəsi üçün 11 dekabr 2023-cü il tarixdə İddiaçı nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə iclası 21 dekabr 2023-cü il tarixə təxirə salınmış və bu barədə həm tərəflərə bildiriş göndərilmiş, həmçinin iddiaçının nümyəndəsinə məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlanılaraq məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdarlıq edilməklə məhkəməyə dəvət оlunmuşdur. Lakin iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan “Elektron notariat” X1 Çıxarışdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzi tərəfindən notariat hərəkət həyata keçirilərək 8i- 10803 nömrəli icra sənədi tərtib edilmişdir. İş materiallarında olan Masallı rayon İcra və Probasiya şöbəsinin 02 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Masallı Regional “ASAN” xidmət mərkəzinin 8İ-10803 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə, müəyyən edilmişdir ki, borclular İddiaçı və X2 müştərək qaydada cəmi 46697.49 manat əsas borc, 975.55 manat cərimə və 25 manat dövlət rüsumunun, ümumilikdə 47698.04 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Masallı rayon İcra və Probasiya şöbəsinin 02 avqust 2023-cü il tarixli icraata başlamaq haqqında qərarı ilə borclular İddiaçınə və X3 10 gün müddətinə icranı könüllü olaraq təmin edilməsi bildirilmişdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin qərarın 1.4-cü maddəsinə görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 8-ci bəndində aşağıdakılar göstərilmişdir: notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdır ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1 – 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə, iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 12 nömrəli 24 dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndi ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarınən 8-ci bəndində dəyişikliklər edilmiş və həmin bəndin aşağıdakı redaksiyada verilməsi göstərilmişdir. - Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, «Notariat haqqında» Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının: 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Notariat haqqında Qanununun 41-ci maddəsinə əsasən, müəyyən edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 224-cü maddəsinə əsasən notariusun icra qeydi əsasında ödənilmə daxil olmaqla, ödənilməsi mübahisəsiz (akseptsiz) qaydada həyata keçirilən icra və ya digər sənədlərin icra edilməməli hesab olunmasına dair mübahisələri həll edərkən qətnamənin nəticə hissəsində icra edilməli olmayan sənədin adı, sıra sayı və tarixi, habelə silinməli olmayan məbləğ göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmənin qənaətinə əsasən, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Hazırkı halda cavabdeh X4 Xidmət Mərkəzi inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Başqa sözlə, iddiaçı həm kredit müqaviləsinin məbləğini, həmçinin də kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirir. Yəni, icra qeydinin verilməsinə əsas olan sənəd mülki hüquqi əqd (kredit müqaviləsi) olduğundan, həmin icra qeydi inzibati icraat qaydasında ləğv oluna bilməz. Göründüyü kimi iddiaçının tələbi mülki xarakterlidir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı icra qeydinin ləğv edilməsi barədə məsələ üzrə nəzərə alınmalıdır ki, həmin icra qeydi inzibati akt deyil, ona görə də onun ləğvi inzibati məhkəmə icraatında “mübahisələndirmə haqqında” iddianın predmetini təşkil edə bilməz. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, notariat ofisləri (notariuslar) inzibati orqan kimi təsnif olunsalar da, notariat hərəkətlərindən şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilir. Belə olan halda, İddiaçı hazırkı tələb ilə bağlı inzibati məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçıya izah edilir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətləri, eyni zamanda notariat orqanı tərəfindən verilmiş icra qeydinin, o cümlədən icra qeydinin verilməsinə əsas olan kredit müqaviləsinin mübahisələndirilməsi tələbi ilə bağlı mülki icraat qaydasında rayon və ya şəhər məhkəməsində mübahisələndirmək hüququ vardır. Belə ki, Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq iddiaçıya məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmişdir. Belə ki, iddiaçıya 17 noyabr 2023-cü il tarixli, 2-1(120)-4857/2023 nömrəli hüquqi yardım məktubu göndərilmiş, iddiaçı tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Belə ki, İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Nəzərə alınmalıdır ki, İPM-in 2.1-ci maddəsi inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatının inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsini qanunla başqa aidiyyət qaydasının müəyyən edilməməsi ilə şərtləndirir. İşin faktiki hallarına və qanuna əsasən, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia mümkün sayılmasın. Məhkəmə qərardadından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar