Məhkəmə qərarları › İş №2-1(120)-486/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-486/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-486/2022 24.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxxx 1963-cü ildə anadan olmuşdur, 1981-1985-ci illərdə Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləmişdir. Həmçinin xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 18 yaşadək sağlamlıq imkanları məhdud övladına və xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 1-ci dərəcəli əlil uşağına qulluq etmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh 14 iyul 2021-ci il tarixli, **********6 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(120)-486/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi üzrə iddiaçının olduğu kimi saxlanılması, cavabdeh kimi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qəbul edilməsi, iddia tələbinə “Cəlilabad rayon Dövlət Arxivinin 92 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilmiş 1981-1985-ci illərdə Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləyib əmək haqqı aldığı dövrlərin və xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 18 yaşadək sağlamlıq imkanları məhdud övladına qulluq etdiyi dövrlərin və xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 1-ci dərəcəli əlil uşağa qulluq etdiyi dövrlərin sığorta stajı kimi nəzərə alaraq xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2-1(120)-486/2022 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıya xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1981-1985-ci illərdə Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının 1981-1985-ci illərdə Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əlil uşağa qulluq edən ana kimi yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, 08 aprel 2020-ci ildən onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixədək 18 yaşadək sağlamlıq imkanları məhdud övladına, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi 1-ci dərəcəli əlil uşağına qulluq etməsi iş materiallarında olan 19 may 2021-ci il tarixli akt ilə təsdiq olunur. İddiaçının 1981-1985-ci illərdə Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləməsi və əmək haqqı alması Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 92 nömrəli arxiv arayışı ilə, məhkəməyə göndərilmiş sovxozun əmr kitabları və əmək haqqı sənədləri ilə o cümlədən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 və Cəlilabad rayon Dövlət arxivinin əməkdaşları trəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktı il təsdiq olunur. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, övlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə də təsdiq olunur. Həmin məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bildiririk ki, İddiaçı təqdim etdiyi arixv arayışının surətinə əsasən xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozdakı əmək fəaliyyəti dövrü 4 il təşkil edir. Eyni zamanda Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müayinə aktından çıxarışlarına əsasən xx.xx.1990-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək əlilliyi müəyyən edilmiş uşağına, xx.xx.2007-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İ dərəcə əlilliyi olan şəxsə qulluq dövrü 30 il 8 ay 8 gün olmaqla ümumilikdə iddiaçının sığorta stajı 34 il 8 ay 8 gün təşkil edir”. İddiaçının sağlamlıq imkanları məhdud uşağının olması və həmin uşağın birinci dərəcəli müddətsiz əlil olması və həmin uşağı 8 yaşına kimi təbiyə etməsi (himayəsində olması) iş materiallarında olan doğum haqında şəhadətnamənin surəti ilə, 19 may 2021ci il tarixli akt ilə, ƏƏSMN-nin TSEK-nın sonuncu müayinəyə dair məlumat vərəqindən, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubun məzmunu və ona əlavə olunmuş sosial müavinət işi ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə və qulluq etdiyindən və 25 ildən artıq sığorta stajına (30 il 8 ay 8 gün sağlamlıq imkanları məhdud uşağına və 1-ci qrup əlil övladına qulluq dövrü və Sovxozda işləyib əmək haqqı aldığı dövrü) malik olduğundan, onun pensiya yaşı (61 yaş yarımı) 5 il azaldılmaqla 56 yaş yarıma çatdığı xx.xx.2020-ci ildən yaşa görə əmək pensiyası hüququ yaranır. Lakin iddiaçıya xx.xx.2015-ci il tarixdən 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Təyin olunmuş həmin əmək pensiyası xx.xx.2021-ci il tarixdən əlillik müddətinin bitməsi səbəbindən dayandırılmışdır. Buna görə də iddiaçıya yaşa görə əmək pensiyası əliliyə görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı gündən sonrakı gün yəni iddia tələbində göstərildiyi kimi xx.xx.2021-ci ildən təyin olunmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2-ci və 21.2.4-cü maddələrinə görə siğortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda 1981- 1985-ci illərdə işləyib, əmək haqqı almasına dair Cəlilabad rayon Dövlət Arxivinin 13 aprel 2021-ci il tarixli, 92 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Cəlilabad rayon Dövlət Arxivinin 13 aprel 2021-ci il tarixli, 92 nömrəli arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1981-1985-ci illərdə Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 1981-ci il tarixindən 1985-ci il tarixinədək Cəlilabad rayonu 26 Bakı Komissarları adına sovxozda işləyib əmək haqqı aldığı dövrlər ilə bağlı əmək stajı və xx.xx.1990-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək sağlamlıq imkanları məhdud uşağına, xx.xx.2007-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək İ dərəcə əlilliyi olan övladı X2 qulluq etdiyi müddət nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar