Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4869/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı icra hərəkətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmək vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" KB ASC-nin tələbləri üzrə qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət verməsi ilə əlaqədar olaraq icra məmuru tərəfindən icra hərəkətlərinin dayandırılması ilə bağlı məhkəməyə təqdimatla müraciət edilməsi vəzifəsinin Masallı rayon İcra və Probasiya şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Unibank KB ASC-nə Qardaşəli Allahyarova və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələblərinin təmin olunması və borcun məcburu qaydada alınması və əmlakların boşaldılaraq qərarın qəbul olunmasını xahiş etmişdirlər. Bununla bağlı məhkəmə araşdırılmaları davam etmiş və məhkəmə aktları qəbul olunmuşdur. Qəbul olunmuş məhkəmə aktlarından şikayətlər verilmiş və şikayətlər üzrə yuxarı instansiya məhkəmələri tərəfindən qərarlar qəbul olunmuşdur. Buna baxmayaraq məhkəmənin qəbul etmiş olduğu qərarlarla tərəflərindən şikayətlər verilməsinə baxmayaraq icra məmuru icra hərəkətlərini davam etdirir. Buda onu məhkəmə müdafiəsi hüqüqundan məhrum etməyə gətirib çıxarmışdır. Halbu ki, Azərbaycan Respublikası Konustisiyasının 61-ci maddəsinə əsasən hər bir şəxsin yuxarı instansiya məhkəməsinə müraciət etmək hüqüqu vardır. Lakin icra hərəkətlərin davam etməsi onun əmlakları üzərində sahiblik istifadə və sərancam vermək hüqüqlarının pozulmasına gətirib, çıxarmışdır. Hazırki iddia tələbi ilə bağlı qəbul olunmuş məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət etdiyinə görə icra hərəkətlərinin məcburi qaydada dayandırılması üçün icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət olunmalıdır. Lakin icra məmuru icra hərəkətlərin dayandırılması üçün müvafiq təqdimatla məhkəməyə müraciət etməmişdir. Ona görədə icra hərəkətlərin dayandırılması üçün icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət edilməsi məqsədə müvafiq hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinin iddia tələbinə dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçılara və Masallı rayon İcra və Probasiya şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçılar isə məhkəmə iclasına gəlməmişlər və gəlmədiklərinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq, iddianın mümkünlüyü və buna dair məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndi ilə müəyyən olunmuşdur ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki mübahisənin gedişində çıxarılmış məhkəmə qətnaməsinin əsasında verilmiş icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bundan əlavə icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Hazırkı iş üzrə iddiaçının tələbi məhkəmə qətnaməsi əsasında verilən icra sənədinin icrası ilə bağlıdır. Ona görə də, icra sənədi üzrə icraatla bağlı icra qurumunun qərarının, həmçinin həmin hərəkət və ya hərəkətsizliyinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı həmin qərarın, habelə hərəkətin (hərəkətsizliyin) qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. İddiaçılar isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, ayrıca inzibati iddia qaldırmışdır. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Homsbi” Yunanıstana qarşı” işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, “İnsan hüquqları haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.” Məhkəmə qeyd edir ki, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarəti həmin icra sənədini icra edən icra qurumunun rəhbəri və bir də həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Yəni, “icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) həmin icraatı həyata keçirən icra məmurunun hərəkət və hərəkətsizliyindən irəli gələn istənilən məsələni icra sənədini vermiş məhkəmədə mübahisələndirmək hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçılara izah olunur ki, icra məmurunun icra sənədi üzrə hərəkətlərindən “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, icra sənədini vermiş (icra hərəkətlərinə nəzarət edən) məhkəməyə şikayətlə müraciət etmək hüququ vardır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Masallı rayon İcra və Probasiya şöbəsinə qarşı icra hərəkətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət etmək vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-4869/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4869/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver