Məhkəmə qərarları › İş №2-1(120)-488/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-488/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-488/2022 12.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “şəhadətnamədə düzəliş edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “şəhadətnamədə düzəliş edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 saylı qərarı ilə JN 156A Kod 80711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ilə ona və ailə üzvlərinə ümumilikdə 0.06 hektar torpaq sahəsi verilmişdir. Həmin şəhadətnamədə onun və ailə üzvlərinin adından başqa ailələrinə aid olmayan, ailəsinin üzvü olmayan, tanımadığı X18 və X19 adlı adamlar səhvən yazılmışdır. Yol verilmiş bu səhv onun mülkiyyətlə bağlı hüquqlarını kobud şəkildə pozur. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, qeyd olunanlara əsasən Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 saylı qərarında düzəliş edilməsinin və Neftçala rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 33 saylı qərarı ilə ona verilmiş 0.06078 hektar torpaq sahəsinin verilməsinə dair JN 156A Kod 80711018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə səhvən yazılmış X18 və X10 adının çıxarılmasının bir vəzifə olaraq cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Belə ki, iş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 563 nömrəli arayışından görünür ki, X2 rayonu Yuxarı Qaramanlı kəndində yaşayır.X16 onun ailə üzvüdür. -İş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 184 nömrəli arayışından görünür ki, X1 rayonu Yuxarı Qaramanlı kəndində yaşayır. X17 (xx.xx.2018-ci il tarixdə vəfat edib), X16, Əliyeva (Əhədova) Məlahət Səristan qızı, Əliyeva (Cəfərova) Kifayət Səristan qızı, Əliyeva (Babayeva) Mətanət Səristan qızı, Əliyeva (Musayeva) Məhbubə Səristan qızı, Əliyeva (Abıyeva) Mehriban Səristan qızı və Əliyeva (Abdullayeva) Əsmər Səristan qızı onun ailə üzvüdür. - İş materiallarında olan Neftçala rayon Yuxarı Qaramanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2018-ci il tarixli, AZ-İ№ 891946 nömrəli şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2018-ci ildə ölmüşdür. - İş materiallarında olan XİV-JKQ 470992 saylı, xx.xx.1991-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Əliyeva (Abdullayeva) Əsmər Səristan qızı xx.xx.1991-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, XİX-JQ 257219 saylı, xx.xx.1995-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X20 xx.xx.1995ci il tarixdə Neftçala şəhərində anadan olmuş, valideynləri X17 və X16 qeyd olunmuşdur. - İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-156A kod 80711018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Neftçala rayon Aqrar İslahat komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı ilə 0.06 hektar torpaq sahəsi X8 və onun ailə üzvləri X9, X4, X5, X6, X7, X3, X11, X12 mülkiyyətinə verilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı 19 avqust 2021-ci il tarixli, **********96 nömrəli məktubunda qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, iddiaçı torpağın mülkiyyətə verilməsinə dair JN-156A kod 80711018 nömrəli şəhadətnamələrdə düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi “torpağın mülkiyyətə verilməsinə dair” JN-156A kod 80711018 nömrəli şəhadətnamədə hüquq sahibləri kimi X8 və onun ailə üzvləri X9, X4, X5, X6, X7, X3, X11, X12 adları qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən şəhadətnamə Neftçala rayon Aqrar İslahat komissiyasının 14 dekabr 1998-ci il tarixli, 33 saylı qərarı və Neftçala rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəl” əsasında tərtib edilmişdir. Həmin sənədlər torpağın mülkiyyətə verilməsinə dair” JN-156A kod 80711018 nömrəli şəhadətnamənin tərtib edilməsi üçün ilkin hüquq müəyyənedici sənədlər hesab olunur. Hazırda iddiaçı həmin şəhadətnamədən X18 və X12 adlarının çıxarılmasını cavabdeh inzibati orqandan tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə müəyyən etdiyi işin faktiki halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinin yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti (hərəkətləri) də icra edirlər. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Məhkəmənin qənaətinə görə iddiaçı tələbində JN-156A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilərin soyadı, adı və ünvan bölməsinin 8-ci qrafasında onun adının X18 deyil, Əliyeva (Abdullayeva) Əsmər Səristan qızı kimi, 9-cu qrafada isə X21 deyil, Əliyeva (Abdullayeva) Əsmər Səristan qızı kimi yazılmasını tələb etsə də, mahiyyət etibarı ilə iddia ərizəsinin “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə olduğu müəyyən olunur. Hazırkı halda, cavabdehin faktiki xarakterli hərəkətinin (fəaliyyətinin) nəticəsi mübahisələndirilir. Lakin mübahisələndirilən qeydiyyat sənədlərində ifadə olunan hüquq inzibati akta – Aqrar İslahat Komissiyasının qərarına əsasən əmələ gəlmişdir və hüququn qeydiyyatı da həmin akta əsaslanır. Belə ki, qanuni istifadədə olan torpaq sahələri vətəndaşların mülkiyyətinə rayon aqrar islahat komissiyalarının qərarına əsasən verilmişdir. Bundan sonra torpaq sahiblərinə “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr tərtib edilmişdir. Hazırkı tələb üzrə iddiaçının mülkiyyətinə 0.06 hektar həyətyanı torpaq sahəsi verilmiş və JN-156A kod 80711018 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X8 və onun ailə üzvləri X9, X4, X5, X6, X7, X3, X11, X12 adının JN- 156A kod 80711018 nömrəli şəhadətnamədəki hüquq sahibləri sırasına daxil edilməsi rayon aqrar islahat komissiyasının qərarı ilə həll edilmiş məsələdir. Başqa sözlə X8 və onun ailə üzvləri X9, X4, X5, X6, X7, X3, X11, X12 adının JN-156A kod 80711018 nömrəli şəhadətnaməyə hüquq sahibləri kimi daxil edilməsi Aqrar İslahat Komissiyasının qərarı (inzibati aktı) əsasında həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı razılaşmadığı yerli aqrar islahat komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verə bilərdi. Lakin, iddiaçı həmin qərardan şikayət verməmiş və həmin qərar icra olunaraq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda islahat işləri sona çatmış, iddiaçının maraqlarına zidd qərar qəbul edən müvafiq Aqrar İslahat Komissiyası ləğv olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir. Göründüyü kimi mübahisələndirilən şəhadətnamənin əsasını təşkil edən akt hər hansı orqan tərəfindən ləğv edilməmiş, yaxud hər hansı digər səbəbə görə qüvvədən düşməmiş və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmənin qənaətinə görə, iddia olunan şəhadətnamənin ləğv olunduğu halda belə, inzibati aktın qüvvədə qaldığı zaman ərzində onun əsasında əldə edilən hüquq da qalır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 305.1-ci və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” məktubu göndərərək, əgər X11 və X10, bacısı Əliyeva (Abdullayevə) Əsmər Səristan qızı və qardaşı X20 ilə eyni şəxslər olduğunu və yaxud hüquqi marağının şəhadətnamədə X11 və X10 yerinə Əliyeva (Abdullayevə) Əsmər Səristan qızının və X13 adının yazılması ilə bağlıdırsa, bu zaman şəhadətnamədə göstərilən X11 və X10, Əliyeva (Abdullayevə) Əsmər Səristan qızı və X20 ilə eyni şəxslər olması və yaxud sənədin həmin şəxslərə məxus olması faktının müəyyən edilməsi ilə bağlı mülki icraat qaydasında ümumi məhkəmədə (rayon və ya şəhər) iddia qaldıra bilməsi, həmin cədvəlin (adlı siyahı) Neftçala rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı əsasında tərtib edilməsi və komissiyanın sədri tərəfindən təsdiq edildiyi, belə olan halda Neftçala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarını mübahisələndirmək hüququ olması, iddia ərizəsində cavabdeh qismində qeyd edilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi Aqrar islahat Komissiyasının hüquqi varisi olmadığından hazırki iddiaya cavab verməli inzibati orqan olmadığı, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfst fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutması, islahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır.Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Bundan başqa subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutlarınızın məhkəməyə təqdim edilməsinin təklif olunması barədə məlumat verilmiş, həmçinin, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmiş və məhkəmə iclaslarında iştirak etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “şəhadətnamədə düzəliş edilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev k 10) apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar