Məhkəmə qərarları › İş №2-1(120)-4884/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-4884/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-4884/2025 15.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı “X8” publik hüquqi şəxsinin Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6, Cavabdeh iştirakları ilə, iddiaçı “X8” publik hüquqi şəxsinin Cavabdeh qarşı “artıq ödənilmiş dövlət vəsaitinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı X8” publik hüquqi şəxsi Cavabdeh qarşı “işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 3231,75 manat dövlət vəsaitinin cavabdehin Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FİN: 0YKEV94) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 (bundan sonra - Agentlik) 20 may 2022-ci il tarixdə ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı (bundan sonra - Filial) tərəfindən Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1 -ci maddəsinə əsasən, 1 avqust 2022-ci il tarixdən 6 ay müddətində işsizlikdən sığorta ödənişi, 1 mart 2023-cü il tarixdən 3 ay müddətinə təkrar sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 3231,75 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildirilir ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən, sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən, işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Məlumat üçün bildirir ki, vətəndaş qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırılmış və Cavabdeh ərizə ilə sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməyi üzərinə öhdəlik götürmüşdür. 27 fevral 2023-cü tarixdə cavabdehə sonuncu ay üzrə işsizlikdən sığorta ödənişinin, 14 iyun 2023-cü il tarixdə isə sonuncu ay üzrə təkrar sığorta ödənişinin ödənilməsi həyata keçirilmiş və bununla da Qanunun 18.0.3-cü maddəsinə əsasən, sığorta ödənişinin verilməsi dayandırılmışdır. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən, cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuşdur. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 avqust 2022-ci il tarixdən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi doqquz ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin cavabdeh özü mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildirilir ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən işsizlikdən sığorta fondu dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən, Qanunun 18ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 9 yanvar 2024-cü il tarixli, 3-17-2/2-V-861/2024 nömrəli və 7 may 2024-cü il tarixli, 3-17-2/2-V-28266/2024 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 3231,75 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; xx.xx.2022-ci il tarixli Sığorta ödənişinin alınması üçün ərizədən görünür ki, Cavabdeh ərizə ilə müraciət edərək qanunvericiliyə uyğun olaraq ona işsizlikdən sığorta ödənişinin təyin edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat Filialının **********7 nömrəli, xx.xx.2022-ci il tarixli işsizlikdən sığorta təyin edilməsi haqqında əmrinə əsasən, 01 avqust 2022-ci il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilən şəxslərin siyahısı təsdiq edilmişdir ( 510 nəfər işsiz şəxsin adlı siyahısı əlavə olunur). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat Filialının 3-17-2/3-2-1183/2023 nömrəli, xx.xx.2023-cü il tarixli işsizlikdən sığorta təyin edilməsi haqqında əmrinə əsasən, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat filialının Əsasnaməsinin 3.1.2-ci və 5.5.7-ci yarımbəndlərini rəhbər tutaraq adları əlavədə qeyd olunan 659 nəfər işsiz şəxsə 01 mart 2023-cü il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat Filialının 3-17-2/3-2-857/2023 nömrəli, xx.xx.2023-cü il tarixli işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmrinə əsasən, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Vlüdafiəsi Nazirliyinin tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat filialının Əsasnaməsinin 3.1.2-ci və 5.5.7-ci yarımbəndlərini rəhbər tutaraq adları əlavədə qeyd olunan 685 nəfər şəxsə təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat Filialının 3-17-2/3-2-10366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli işsizlikdən sığorta ödənişinin dayandırılması haqqında əmrində qeyd edilmişdir ki, “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat filialının Əsasnaməsinin 3.1.2-ci və 5.5.7-ci yarımbəndlərini rəhbər tutaraq adları əlavədə qeyd olunan 551 nəfər şəxsə təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatliq və Təyinat Filialinın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən, Sizə xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə əsas və xx.xx.2023-cü il tarixdən 3 ay müddətinə təkrar işsizlikdən sığorta ödənişi təyin edilmiş və 3231,75 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən, sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 3231,75 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən, Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X2ytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub Sizə təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığınız təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir. Qeyd olunan məbləğin geri qaytarılması üçün bank rekvizitləri əlavə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatliq və Təyinat Filialinın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sizə əsassız hesablanmış 3231,75 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixli, 3-17-2/2-V-861/2024 nömrəli məktub ünvanlanmışdır, lakin qeyd edilən vəsait tərəfinizdən hazırki dövrə qədər könüllü surətdə X5 geri qaytarılmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən “işsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, bu məktub Sizə təqdim olunduğu tarixdən 10 (on) gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Qeyd olunan məbləğin geri qaytarılması üçün bank rekvizitləri əlavə olunur. İqtisadiyyat Nazirliyi Yaninda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, Cavabdeh adına ümumi birgə mülkiyyət hüququ üzrə Cəlilabad rayonu, Abazallı kəndində yerləşən 2,28 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha həyətyanı torpaq sahələri qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cəlilabad rayonu Abazallı kəndi ərazisindən 2.284 ha torpaq sahəsi X7 və igərlərinin adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Torpağın mülkiyyət hüququna dair JN-0089, KOD 80619038 nömrəli Dövlət aktından görünür ki, X10 və onun ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 2.28 ha torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-023A, KOD 80619038 nömrəli Dövlət aktından görünür ki, X10 və onun ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. itabiznİ̇İ“ icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. “Məşğulluq haqqında” Qanun: Maddə 4. Məşğul şəxslər 4.1. Məşğul şəxslərə aşağıdakılar aiddir: ... 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; ... “İşsizlikdən sığorta haqqında” Qanun: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. Maddə 5. Sığortaolunanın hüquq və vəzifələri 5.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 5.1.1. işsizlikdən sığorta etməyi sığortaedəndən tələb etmək; 5.1.2. sığortaedəndən və sığortaçıdan işsizlikdən sığorta ilə bağlı ödənişsiz məlumat, habelə məşğulluq növünü, iş yerini və iş rejimini seçmək məqsədilə peşəyönümünə, peşə hazırlığına və əlavə təhsilə dair pulsuz məsləhət almaq; 5.1.3. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 5.1.4. bu Qanunla müəyyən olunmuş qaydada və şərtlərlə sığorta ödənişi almaq; 5.1.5. əmək bazarında həyata keçirilən aktiv məşğulluq tədbirlərdə iştirak etmək; 5.1.6. müvafiq icra hakimiyyəti orqanının təklifi ilə bir şəhər və (və ya) rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidindən digərinə işə (peşə kurslarına) göndərilməsi ilə əlaqədar çəkdiyi xərclərin (taksi xərcləri istisna olmaqla) kompensasiyasını almaq; 5.1.7. sığortaedəndən və sığortaçıdan onun xeyrinə ödənilmiş sığorta haqqının məbləği və ödənilib-ödənilməməsi barədə məlumat almaq; 5.1.8. öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək; 5.1.9. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. 5.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 5.2.1. sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək; 5.2.1-1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiq etmək, yerinə yetirmək və icrası barədə hesabat vermək; 5.2.2. qanunla müəyyən olunmuş qaydada işə bərpa olunduqda məcburi işburaxma dövrü üçün ödənilmiş əməkhaqqından sığorta ödənişini qaytarmaq; 5.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Maddə 6. Sığortaedənin hüquq və vəzifələri 6.1. Sığortaedənin aşağıdakı hüquqları vardır: 6.1.1. özünün, habelə sığortaolunanın qanuni mənafelərini müdafiə etmək; 6.1.2. sığortaçıdan işsizlikdən sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 6.1.3. bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək. 6.2. Sığortaedənin aşağıdakı vəzifələri vardır: 6.2.2. işçilərini işsizlikdən sığorta etdirmək; 6.2.3. bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və vaxtda sığorta haqqını sığortaçıya ödəmək; 6.2.4. kollektiv müqavilələrdə, sazişlərdə və əmək müqavilələrində işsizlikdən sığorta ilə bağlı nəzərdə tutulan öhdəlikləri yerinə yetirmək; 6.2.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə uyğun olaraq işçiyə xəbərdarlıq edildiyi gündən 5 gün müddətində həmin işçinin peşəsi, ixtisası və əməkhaqqı barədə sığortaçıya rəsmi məlumat vermək; 6.2.6. sığorta haqqının hesablanmasına və ödənilməsinə, sığorta ödənişinin təyin edilməsinə əsas olan məlumatları sığortaçıya (elektron və ya kağız daşıyıcıda) təqdim etmək; 6.2.8. sığorta hadisəsi baş verdikdə sığortaçıdan sığorta ödənişinin verilməsini tələb etmək; 6.2.9. sığortaolunanlara onların hüquq və vəzifələrini, habelə işsizlikdən sığortanın şərtlərini və qaydalarını izah etmək; 6.2.10. əməkhaqqı fondundan və sığortaolunanın əməkhaqqından bu Qanunla müəyyən edilmiş tariflər əsasında sığorta haqqını sığortaçıya ödəmək; 6.2.11. sığorta haqqının hesablanmasını və uçotunu aparmaq, bu barədə hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq, sığortaedən Azərbaycan Respublikasında fəaliyyətini müvəqqəti dayandırdıqda, habelə ləğv edildikdə, yaxud sığortaedənin fəaliyyətinə xitam verildikdə isə bu barədə müvafiq ərizədə (arayışda) göstərildiyi tarixdən 30 gün müddətində, lakin hesabatın təqdim edilməsi üçün bu Qanunla müəyyən edilmiş müddətdən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək, habelə sığorta ödənişi üçün əsas olan sənədlərin və məlumatların qorunub saxlanmasını təmin etmək; 6.2.12. bu Qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. Maddə 18. Sığorta ödənişinin verilməsinin dayandırılması 18.0. Sığorta ödənişinin verilməsi aşağıdakı hallarda dayandırılır: 18.0.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; 18.0.2. sığorta ödənişini alan şəxs fərdi məşğulluq proqramını üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan icra etmədikdə; 18.0.3. sığorta ödənişini alan şəxs bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulan sığorta ödənişinin ödənilmə müddətləri başa çatdıqda; 18.0.4. sığorta ödənişini alan şəxs üzrlü səbəblər (hərbi və ya fövqəladə vəziyyət rejiminin, sosial xarakterli fövqəladə mühit rejiminin, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tətbiqi, habelə özünün xəstəliyi, yaxın qohumunun (babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr) xəstəliyi və ya vəfat etməsi və s.) olmadan bu Qanunun 17.7-ci maddəsində müəyyən olunmuş qaydada və müddətdə fərdi məşğulluq proqramının icrası barədə hesabat təqdim etmədikdə; ... Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qərəzsiz şəkildə qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən işdə olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlardan görünür ki, X1 və Təyinat filialı tərəfindən Cavabdeh 1 avqust 2022-ci il tarixdən 6 ay müddətində işsizlikdən sığorta ödənişi, 1 mart 2023-cü il tarixdən 3 ay müddətinə təkrar sığorta ödənişi təyin edilmiş və 3231,75 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Lakin sonradan iddiaçı inzibati orqan tərəfindən müəyyən edilmişdir ki, cavabdehə işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olmuş və əslində o, qanunvericiliyin normalarına istinadən məşğul şəxs olmuşdur. Bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat Filialının 3-17-2/3-2-10366/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Cavabdeh təyin edilmiş işsizlikdən sığorta ödənişi dayandırılmışdır. İddiaçı iddia edir ki, “İşsizlikdən sığorta haqqında” Qanunda nəzərdə tutulan (sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifəsinə aid edilmişdir;) öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi, yəni mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olması barədə məlumat verilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi halı baş vermişdir. Daha sonra cavabdehə inzibati orqan tərəfindən xəbərdarlıq məktubu göndərilərək artıq ödənilmiş vəsaitin könüllü şəkildə büdcəyə ödənilməsinin təmin edilməsi, əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll ediləcəyi bildirilmişdir. Lakin cavabdeh tərəfindən vəsaitin geri qaytarılması təmin edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya müvafiq təyinatın aparılması zamanı onun mülkiyyətində torpaq sahəsinin olub-olmamasının müəyyən edilməsi, zəruri inzibati icraatın və araşdırmanın aparılması qanunvericinin tələblərinə istinadən inzibati orqanın birbaşa vəzifəsidir və həmin hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir və onun məsuliyyət sferasına aid edilə bilməz. Belə ki, inzibati orqanın hazırkı davranışı etimad hüququnun qorunması prinsipinə ziddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında ona ödənilmiş 3231,75 manat sığorta ödənişini xərclədiyi, hazırda isə maddi imknının məhdudluğu və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ona artıq ödənilmiş vəsaitin qaytarılmasının tələb olunması qanunsuz olmuşdur. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və ya yetərli araşdırma apamamasının neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin, yəni cavabdehin üzərinə qoyulması demək olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş məbləğin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin vəsaitin təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində vəsaitin artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. İş materiallarından belə bir inzibati icraatın aparıldığı və əlverişli inzibati aktın ləğv edildiyi müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi, lazımi araşdırmanın aparılmaması iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçıya müvafiq vəsaitin ödənilməsinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Həmçinin məhkəmə araşdırma nəticəsində müəyyən edir ki, torpaq üzərində iddiaçının mülkiyyət hüququ Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı əsasında yaranmışdır. Belə olan halda şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildirsə və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhvi nəticəsində vəsaiti artıq ödəməsi etimad hüququ qorunduğu müddətdə cavabdehdən pul məbləğinin geri tələb edilməsini istisna edir. Göründüyü kimi inzibati orqan tərəfindən ödəmə hər hansı əsasla səhvən artıq ödənilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yolverilməzdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı inzibati orqanın Cavabdeh işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 3231,75 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət X3 Mühasibatlıq və Təyinat Filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar