Məhkəmə qərarları › İş №2-1(120)-492/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-492/2024

03.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-492/2024 03.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2022-ci il tarixli, 000056 nömrəli aktın ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2022-ci il tarixli, 000056 nömrəli aktın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayonunda “Bəhrəmtəpə-İİ” qumçınqıl yatağında qum-çınqıl hasilatını həyata keçirməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cari ilin dekabr ayının 21 tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X4 çağırılaraq sahibkarlıq fəaliyyəti ilə bağlı akt tərtib edildiyi, akta əsasən təbiətə 302520 manat məbləğində ziyan vurduğunu ona bildirmişlər. Aktdan xəbərsiz olduğunu bildirdikdə və sənədin nüsxəsini almaq istədikdə həmin akt ona verilməmişdir. 23 dekabr 2022-ci il tarixdə X8 X4 vəkil sorğusu verilərək sözügedən akt və əlavə olunmuş sənədlər istənilmiş, 26 dekabr 2022-ci il tarixdə 12 oktyabr 2022-ci il tarixli 000056 nömrəli Akt və ziyanın hesablanması cədvəli rəsmi olaraq təhvil alınmışdır. Sözügedən Akta nəzər yetirildikdə məlum olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 951/Ü nömrəli Əmrinin icrası ilə əlaqədar olaraq, İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında yerləşən ona məxsus olan karxana sahəsinə baxış keçirilmişdir. Aktda qeyd edilmişdir ki, əraziyə bundan öncə Agentliyinin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixində baxış keçirilmiş, 63295 nömrəli Akt tərtib edilmişdir. Aktda həmçinin vurğulanmışdır ki, X8 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli 13 nömrəli Qərarı ilə vəkili olduğum İddiaçı yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Aktda göstərilir ki, “sahədə ölçü işləri aparılarkən müəyyən olundu ki, xx.xx.2020-ci il tarixli baxışdan hazırkı baxışadək bir sıra koordinatlar daxilində 7563 m2 sahədə orta istismar dərinliyi 8 metr olmaqla 60504 m3 həcmində qum-çınqıl hasilatı aparılmışdır. Həmin hasilat sahəsi xx.xx.2020-ci il tarixli 63295 nömrəli aktda qeyd olunan istismar sahəsindən fərqli sahədə yerləşir”. Akta həmçinin fotoşəkillərin əlavə olunduğu bildirilir, lakin hər hansı fotoşəkil bizə təqdim edilməmişdir. Sözügedən akt və ona əlavə olunmuş ziyanın hesablanması cədvəli bir neçə səbəbdən qanunsuz və əsassızdır. Belə ki, Aktda bundan əvvəlki baxış ilə indiki baxış arasında fərq qeyd edilsə də, aktı tərtib edənlər özləri öz yalanlarını aktda qeyd ediblər. Bundan əvvəlki xx.xx.2020-ci ii tarixli aktda olan koordinatlar indiki aktda da qeyd edilsə də, birbaşa yazılmışdır ki, guya ki 60504 m3 həcmində qum çınqıl hasilatı aparılan hasilat sahəsi xx.xx.2020-ci i! tarixli 63295 nömrəli aktda qeyd olunan istismar sahəsindən fərqli sahədə yerləşir. Sözügedən hasilat sahəsi fərqli sahədə yerləşirsə, və o sahədə əvvəllər ölçmə aparılmayıbsa, onda bu həcmdə hasilat hansı baza rəqəmləri nəzərə alınmaqla hesablanıb, bu birinci və ən əsas suallardan biri həmin sahə fərqli sahə kimi göstərilir aktda, ümumiyyətlə bu fərqli deyilən sahə İddiaçı aiddirmi? akt tərtib edilərkən onun nümayəndəsi həmin akt iiə tanış olmamışdır, ona belə bir imkan yaradılmamışdır. Burda əvvəlki baxışın nəticəsinə aid xx.xx.2020-ci il tarixli akt qeyd olunur, amma həmin akt üzrə hansı ziyan hesablanıb, həmin ziyanın ödənilməsi ilə məhkəməyə müraciət edilibmi, ümumiyyətlə həmin aktın doğruluğu hansısa formada sübut olunurmu! Həmçinin ziyanın qiymətləndirilməsi cədvəli qanunvericiliyin normaları baxımından belə düzgün tərtib edilməmişdir, subyekt halhazıradək cərimələnməməsinə baxmayaraq, ona qarşı ziyan hesablanaraq qanunsuz olaraq 1 əmsalı götürülmüşdür. Göründüyü kimi, mübahisələndirilən aktın əsası kimi xx.xx.2020-ci il tarixli aktın olmasına baxmayaraq, həmin akt üzrə hansı məbləğdə ziyanın hesablandığı, həmin akt üzrə hansı hərəkətlərin ediidiyi göstərilmədiyindən mübahisələndirilən 12 oktyabr tarixli, 000056 nömrəli akt qərəzli olaraq və hər hansı qanuni prosedurları nəzərə almadan tərtib edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X8 X3 12 oktyabr tarixli, 000056 nömrəli aktı hər hansı qanuni əsaslar olmadan və qərəzli şəkildə, qanunamüvafiq qaydada bundan əvvəlki baxışların hüquqi nəticələrinin olub-olmadığını müəyyən etmədən aparılmış əsassız baxışın nəticəsi olmaqla əsassızdır və müvafiq qaydada ləğv edilməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 İddiaçı istifadəsində olan ərazidə aparılmış baxışın nəticələrinə əsasən tərtib etdiyi 12 oktyabr tarixli, 000056 nömrəli aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 etiraz ərizəsində qeyd edilmişdir ki, mübahisələndirilən xx.xx.2022-ci il tarixli 000056 nömrəli baxış aktı Agentlik tərəfindən öz səlahiyyətləri çərçivəsində monitorinq apararkən tərtib edilmiş aktdır. Həmin akt inzibati akt deyildir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən “inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir”. Agentliyin əməkdaşı tərəfindən tərtib edilən akt dövlətə məxsus (faydalı qazıntı ehtiyatı dövlət və ya sahə balansında qeydə alınmış) yatağa baxış zamanı ərazinin (yer təki sahəsinin) vəziyyətinin təsvir edilməsi məqsədi ilə tərtib edilmiş sənəddir. Həmin aktda hər hansı hakimiyyət tədbiri əks edilməyib. Əlavə olaraq bildiririk ki, həmin akt və digər əlaqəli sənədlər yerin təkindən qanunsuz istifadəyə hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. Agentlik “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Agentlik müvafiq sahədə dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir, tənzimləməni və nəzarəti həyata keçirən orqandır. Əvvəldə qeyd olunduğu kimi 000027 saylı akt inzibati akt deyildir və bu səbəbdən də ləğv edilə bilməz. Yalnız o halda mübahisə yarana bilərdi ki, əgər həmin akt əsasında yoxlamanın yekunlarına dair qərar qəbul edilsə idi mübahisə predmeti həmin inzibati akt ola bilərdi. Əlavə olaraq bildiririk ki, yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsində iddiaçının məqsədi aydın olmur, belə ki baxış aktının ləğv edilməsi iddiaçı və ya cavabdeh üçün hər hansı hüquqi nəticə yarada bilməz. Bu da öz növbəsində iddianın mümkünsüz hesab edilməsinə gətirib çıxarır. Mövcud halda məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək izah olunmalıdır ki, mübahisələndirilən akt inzibati akt deyildir və inzibati məhkəmə icraatında mübahisənin predmeti ola bilməz. İddiaçı iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli real yardımlar edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X5 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və iddianın mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X8 X3 xx.xx.2022-ci il tarixli, 000056 nömrəli aktından görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 951/Ü nömrəli Əmrinin icrası ilə əlaqədar olaraq, İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında yerləşən fiziki şəxs İddiaçı məxsus karxana sahəsinə nümayəndə Aydın Xankişiyevin iştirakı ilə baxış keçirilmişdir. Fiziki şəxs İddiaçı xx.xx.2019-cu il tarixli, 01245 nömrəli “Dağ-mədən ayırması” aktı ilə 5 ha sahə qum-çınqıl hasilatı məqsədilə 5 il müddətinə istifadəyə verilmişdir. Əraziyə bundan öncə Agentliyin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş 63295 nömrəli akt tərtib edilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq məxsus X8 X3 İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı ilə Azərbaycan Respublikasının “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icarələr haqqında”Qanununun 26.1.7-ci maddəsinə əsasən fiziki şəxs İddiaçı yerin təkindən istifadə hüququ ləğv edilmişdir. Buna baxmayaraq fəaliyyəti davam etdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən isə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM 32.1, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Hazırkı halda iddiaçının iddia tələbinin xx.xx.2022-ci il tarixli, 000056 nömrəli aktın ləğv edilməsinə dair iddiası mübahisələndirmə haqqında iddianın mümkünlük şərtlərinə cavab vermir. Belə ki, həmin akt “İnzibati icraat haqqında” qanunun tələbləri baxımından inzibati akt hesab edilə bilməz. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarında göstərilir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz, “inzibati icraat haqqında" Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. (12, 13, 14.1 və 14.2-ci bəndlər) Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Bənd 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququn tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yaxud həmin aktların etibarsızlığının tanınması barədə iddialara qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. İşin yuxarıda qeyd edilən halları və istinad edilən normaların tələbləri baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 000056 nömrəli akt inzibati məhkəmə icraatı qaydasında ayrıca mübahisələndirilməsi mümkün olan inzibati akt hesab edilmədiyindən iddia mümkün hesab edilə bilməz. Bu akt konkret məsələni nizama salmaq və ya həll etmək xüsusiyyətinə malik deyil, iddiaçı üçün hüquqi nəticələr yaratmır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1943/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə qəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral X1rşı “xx.xx.2022-ci il tarixli, 000056 nömrəli aktın ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar