Məhkəmə qərarları › İş №2-1(120)-4922/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-4922/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-4922/2025 24.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasından tutulmaların dayandırılması və pensiyadan tutulmuş məbləğin bir dəfəlik olaraq pensiyasına əlavə şəklində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasından tutulmaların dayandırılması və pensiyadan tutulmuş məbləğin bir dəfəlik olaraq pensiyasına əlavə şəklində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək mübahisənin ərazi aidiyyəti məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Əvvəla qeyd olunmalıdır ki, mübahisənin təbiətinin düzgün müəyyənləşdirilməsi və aidiyyət, nəzarət meyarlarının dəqiqləşdirilməsi inzibati prosesin başlanması üçün həlledici məqam kimi çıxış edir. Nəzərə alınmalıdır ki, inzibati mübahisələrin məhkəmə aidiyyəti İPM-in 8ci maddəsi ilə müəyyənləşdirilmişdir. Bu zaman aidiyyəti müəyyən etmək üçün iddianın növü əhəmiyyətli rol oynayır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə görə: -8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; -8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; -8.1.3-ci maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; -8.1.3-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. -8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi, qanunvericilik aidiyyətin müəyyən edilməsini müxtəlif əsaslar ilə fərqləndirmişdir ki, bunlardan biri də səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə inzibati orqan üzərinə inzibat akt qəbul edilməsi və ya hər hansı bir öhdəliyin qoyulmasına dair iddialar üzrə şəxsin yaşayış yeri və olduğu yerinin müəyyənləşdirilməsi ilə bağlıdır. Bu növ iddialarda 2 hala nəzər yetirilməlidir: 1) inzibati orqanın səlahiyyətlərinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olması; 2) iddiaçının yaşayış yerinin müəyyən edilməsi. Məhkəmə qeyd edir ki, iddia üzrə cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisə üzrə ərazi aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin tələbləri tənzimlənməlidir. Yəni, İddiaçı hazırkı iddiası üzrə işə İPM-in həmin maddəsinin müddəaları tətbiq edilməklə onun yaşayış yeri üzrə inzibati məhkəmədə baxılmalıdır. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin “yaşayış yeri” dedikdə şəxsin qeydiyyatda olduğu yer başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə” Azərbaycan Respublikasının Qanunun müddəalarına nəzər yetirdikdə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. (1-ci maddə) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Zərdab rayonu, Dəli Quşçu kəndində qeydiyyatdadır. Həmçinin iddiaçı iddia ərizəsində də və inzibati orqana müraciət etdiyi, imtina aldığı zamanda qeyd edilən ünvanı göstərmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommerasiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən şəxsin qeydiyyatda olduğu yer olan Zərdab rayonu, Dəli Quşçu kəndi Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasından tutulmaların dayandırılması və pensiyadan tutulmuş məbləğin bir dəfəlik olaraq pensiyasına əlavə şəklində ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar