Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-496/2021 20.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, iddiaçı və digər iddiçıların nümayəndəsi İddiaçı1 (Abşeron rayonu, Masazır qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 7-də yaşayış yeri üzrə qeydiyyatda olan), cavabdehin nümayəndəsi X3 (Cəbrayıl rayonu, Xələfli kəndində qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 10.12.2020-ci il tarixli, 2-1(120)-1901/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra sonra iddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10.02.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı və eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1969-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, İddiaçı2 oğu xx.xx.2001-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, İddiaçı3 isə xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, məlum hadisələrlə əlaqədar torpaqların işğal olunduqdan sonra Eyvazov X1 rayonunda məskunlaşmış və burada da ailə quraraq ailəsi ilə birlikdə sonradan Abşeron rayonunda məskunlaşmışdır. Övladları məcburi köçkün kimi bütün limitlərdən istifadə edirlər. Son ildə isə onun və övladlarının məcburi köçkünlər üçün nəzərdə tutulan yemək xərci kəsilmişdir. Bu barədə Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin komitə onlara məktub verərək bununla bağlı Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyətinə müraciət etməyi bildirmişdir. Onlar ora da müracəit etmiş və oradan bildirilmişdir ki, adlarına Hacıqabul şəhəri, Şəhriyar küçəsi, 52 saylı mənzil olduğundan onun və ailə üzvlərinin vahid aylıq müavinəti dayandırılır. Həmin mənzil onun qohumu tərəfindən alınmış mənzil idi və həmin mənzili sonra qaytarmışdır. Həmin mənzildə yaşamamış və ondan istifadə etməmişdir. Hazırda da adında hər hansı nə mənzil nə də əmlak yoxdur. Məcburi köçkün statusu və bütün imtiyazları ləğv olunana kimi qüvvədədir. Onun adına hər hans əmlak olduğu üçün bu status nə səbədən ləğv olunmalıdır. Cəbrayıl rayonunda olan torpaqlarda hər hansı əmlaka, nə sahib, nə də hələ ora köçürülməmişdir. Ona, İddiaçı2, İddiaçı3 məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsi vəzifəsini Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların qilə üzvlərinə verilən vahid aylıq müavinət dayandırılır. Həmin qaydada Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 244 nömrəli qərarı ilə edilən dəyişikliyə əsasən yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan şəxs və onlarla birlikdə yaşayan şəxslərin vahid aylıq müavinəti bərpa edilmir. İddiaçı1 adına Hacıqabul şəhəri, Şəhriyar küçəsi 52-də mənzil olduğu üçün Qərara əsasən ona, həmçinin ailə üzvlərinə İddiaçı2 və İddiaçı3 verilən vahid aylıq müavinət dayandırılmışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçılar İddiaçı1 ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciət edərək, çörək pulunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Komitənin 07.08.2020-ci il tarixli, 01/18365 nömrəli məktubu ilə iddiaçının sözügedən müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq, müvafiq qaydada baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Qaydanın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Aparılmış araşdırma zamanı, İddiaçı1 mülkiyyətində ünvan 1i ünvanında yerləşən torpaq sahəsinin, ünvan 2rdi yaşayış evinin olması müəyyən olunmuşdur. Bildirilir ki, iddiaçının sözügedən yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə ona və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Qaydanın 2.1 -ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlamasını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Göründüyü kimi, məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nomrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçılara vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı1 müvafiq bəndin tətbiq olunmasım istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmiş, iddia ərizəsində əsaslandırma qismində yalnız “həmin mənzilin onun qohumu tərəfindən alınmış mənzil olmasını və sonradan həmin mənzili qaytardığını" qeyd etmişdir. İddiaçı1 iddia ərizəsində qeyd etmişdir ki, “Məcburi köçkün statusu və bütün imtiyazlarım mən bilirəm ki, status ləğv olunana kimi qüvvədədir. Onun adına hər hansı əmlak olduğu üçün bu status nə səbəbdən ləğv olunmalıdır...” Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 Məhəmmədəli oğlu və İddiaçı3 vahid aylıq müavinətin ödənilməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəbrayıl rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin əsaslı deyildir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, İddiaçı1 xx.xx.1969-cu il tarixdə Cəbrayıl rayonu Nüsüs kəndində anadan olmuş və həmin kənddə yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı2 xx.xx.2001-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuş Cəbrayıl rayonunun Nüsüs kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı3 xx.xx.2002-ci il tarixdə Hacıqabul şəhərində anadan olmuş Cəbrayıl rayonunun Nüsüs kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən 12.10.2016-cı il tarixdə verilmiş AA seriyalı, 371243 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkündür. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının aparatının 06.10.2020-ci il tarixli, 845 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Adına Hacıqabul şəhəri, Şəhriyar küçəsi 52-də mənzil olduğu üçün ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 20.05.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanı İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı 27.04.2021-ci il tarixli, **********73 nömrəli məktubunda qeyd edilmişdir ki, Siyəzən rayon Dövlət Notariat Kontorunun 15 dekabr 2008-ci il tarixli, 4Ə-363 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu, Məşrif kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 Mədəd oğlunun mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Vətəndaşın 01.05.2018-ci il tarixli ********** qeydiyyat nömrəli müraciəti əsasında torpaq sahəsinin planı və ölçüsündə dəyişiklik edilmiş və İddiaçı1 adına 14 may 2018-ci il tarixli A№ 234244 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçı1 adına olan ünvan 2rdi yaşayış evini AN-İ№ ******* (4Ə-159) saylı 30.12.2015-ci il tarixli Hacıqabul rayonu DNK-nin alqı-satqı müqaviləsinə əsasən Feyzullayev Müşfiq Ağazadə oğlunun adına daha sonra isə AN-İ№ ******* (4Ə-215) saylı 15.03.2020-ci il tarixli Sabirabad rayonu, “ASAN xidmət” Mərkəzində DNK-nın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993-cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. 3.3-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayır təsdiq edir və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2015-ci ildə İddiaçı1 mülkiyyətində fərdi yaşayış evi olmuşdur. Sonradan o, həmin fərdi yaşayış evini başqa şəxsə satmışdır. İddiaçı1 mülkiyyətində fərdi yaşayış evi olan zaman (2015-ci ildə) digər iddiaçılar (İddiaçı2 və İddiaçı3) onunla birlikdə yaşayan ailə üzvləri sırasına daxil idilər, yəni yaşları 18-dən aşağı olmuşdur. Məhkəmənin qənaətinə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq iddiaçılara vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı adlarının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-496/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-496/2021
20.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver