Məhkəmə qərarları › İş №2-1(120)-499/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-499/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-499/2022 19.04.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “**********00010 nömrəli qaz sayğacının adına qeydiyyata alınması və sayğacda olan 1633 manat borcun üzərindən götürülməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00010 nömrəli qaz sayğacının adına qeydiyyata alınması və sayğacda olan 1633 manat borcun üzərindən götürülməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(120)-1910/2021 nömrəli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. İddiaçı və Cavabdehnə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 nömrəli 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Həmin qərarın 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Göründüyü kimi inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı **********00010 nömrəli qaz sayğacının adına qeydiyyata alınması və sayğacda olan 1633 manat borcun üzərindən götürülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Cavabdeh İB-nin 07.01.2022-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 1 ünvanının qaz təsərrüfatı 2008-ci ilin fevral ayından X10 adına rəsimləşdirilmişdir. 19.01.2011-ci il tarixdə 0532150_2 nömrəli G-2,5 Belarusiya markalı, 28.03.2013-cü il tarixdə ******* nömrəli Elester G-4T markalı, 13.12.2017-ci il tarixli 10307551 nömrəli Elester G-4T markalı, 15.01.2021-ci il tarixdə **********0 nömrəli Zenner G-4 markalı qaz sayğacları istehlakçı X10 adına qeydiyyata alınmışdır. (Aktlar əlavə olunur) 2008-ci il tarixdən 2011-ci ilin yanvar ayına qədər S.Səfərovun FOXPRO adlı proqramda qeydiyyatı olmuşdur. (saldosu əlavə olunur) Sonradan Cavabdeh İstehsalat Birliyi 2011-ci il tarixdə yeni yaradılmış AGİS proqramına keçirilərək S.Səfərov 729,56 manat debitor borcla, məcburi köçkün kimi qeydiyyata alınmışdır. 2011-ci il tarixdən 2016ci il tarixə qədər istehlakçının istifadə etdiyi təbii qaza görə olan borclar Azərbaycan Respublikası Qaçqınlar və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ödənilməsi həyata keçirilirdi. Azərbaycan Respublikası Prezidentinin 1206 saylı 23.01.2017-ci il tarixli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanına əsasən məcburi köçkünlərə ayrılmış limit dayandırılmışdır. 01.01.2017-ci il tarixinə S.Səfərovun borcu 677.21 manat olmuşdur. Artıq istifadə etdikləri təbii qaza görə borclar İstehlakçıların özləri tərəfindən ödənilir. 13.12.2017-ci il tarixdə ünvan 2 ünvanına baxış keçirilən zamanı qaz sayğacına müdaxilə halı aşkar olunmuşdur. Bu səbəbddən 26.04.2018-ci il tarixdə dəymiş ziyan əlaqədar olaraq 220.56 manat itirilmiş qaz hesablanmışdır. 18.01.2018-ci il tarixdə 50 manat ödəniş etmiş, 31.12.20119-cu il tarixinə borc 1633.57 manat olmuşdur. 2020-ci il tarxidən 2021-ci il tarixinədək 768.50 manat əlavə qazdan istifadə etmişdir. Hal-hazırda 31.12.2021 -ci il tarixinə borc 2402.07 manat təşkil edir. (saldosu əlavə olunur) Nəzərinizə çatırırıq ki, ünvan 2 ünvanında AGİS bazasında X9 başqa şəxs və şəxslərin adları qeydiyyata alınmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin 20.04.2018-ci il tarixli, ******* nömrəli aktından görünür ki, sayğaca bağış keçirilərkən sayğacın plastmas qapağı zavod gövdənin üzərində aşkar olunmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin 26.04.2018-ci il tarixli “XS-nin görəcəyi işlər barədə” tələblərdən görünür ki, mövcud sayğac işlədicilərin saatlıq qaz sərfinə uyğun yeni sayğacla əvəz edilməsi və sayğacın təlimata uyğun quraşdırılması tələb olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılmış və cəmi 1102.8 kub.m sayağaca görə dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 13.12.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ******* nömrəli “Elster” markalı qaz sayğacının ekranının qırılması səbəbindən sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 15.01.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 10307551 nömrəli “Elster” markalı qaz sayğacı həmin sayğacdan keçən qazı qeyd etməməsi səbəbindən dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağcabədi rayon Aqrar İslahatı Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə 1055.23 kv.m həyətyanı torpaq sahəsi X1 istifadəsinə verilmişdir. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başşçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin məhkəməyə göndərdiyi 02.12.2021-ci il tarixli, 89 nömrəli məktubundan görünür ki, hal-hazırda ünvan 3 ünvanda İddiaçı və aşağıdakı tərkibdə ailə üzvləri yaşayırlar: İddiaçı xx.xx.1964, X3 25.02.1969, X4 16.12.1996, X2 11.09.2000. Beləliklə də iddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının qardaşının razılığı ilə X14 adlı şəxs yaşamış və qaz təsərrüfatı 2008-ci il tarixindən onun adına rəsmiləşdirilmişdir. 19.01.2011-ci il tarixdə 0532150_2 nömrəli G-2,5 Belarusiya markalı, 28.03.2013-cü il tarixdə ******* nömrəli Elester G-4T markalı, 13.12.2017-ci il tarixli 10307551 nömrəli Elester G-4T markalı, 15.01.2021-ci il tarixdə **********0 nömrəli Zenner G-4 markalı qaz sayğacları istehlakçı kimi X10 adına qeydiyyata alınmışdır. 13.12.2017-ci il tarixdə ünvan 2 ünvanına baxış keçirilən zamanı qaz sayğacına müdaxilə halı aşkar olunmuşdur. Bu səbəbdən 26.04.2018-ci il tarixdə dəymiş ziyan əlaqədar olaraq 220.56 manat itirilmiş qaz hesablanmışdır. İddiaçı ona məxsus ünvan 4 ünvanında quraşdırılmış və istehlakçı kimi X10 adına qeydiyyata alınmış qaz sayğacının yeni istifadəçi kimi özünün adına rəsmilşdirilməsi və X10 adına hesablanmış borcun silinməsi ilə bağlı Cavabdeh İB-nə müraciət etmişdir. Lakin Birlik iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı X10 adına qeydiyyata alınmış qaz sayğacının özünün adına rəsmilşdirilməsini və X10 adına hesablanmış borcun sayğacın üzərindən götürülməsini istəyir. Məhkəmə mövcud mübahisənin xüsusi (mülki) və yaxud publik (inzibati) hüquqdan irəli gələn mübahisə olması ilə bağlı aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin Həmin Məcəllənin 6.1-ci, 6.1.1-ci və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi və müqavilələr azadlığı Mülki qanunvericiliyin prinsiplərinə daxildir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 6.4-cü bəndinə əsasən qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 225-ci madəsinə əsasən müqavilənin bağlanması və dəyişdirilməsi zamanı yaranan mübahisələr üzrə qətnamənin nəticə hissəsində müqavilənin hər bir mübahisəli şərti üzrə qərar göstərilməlidir, müqavilənin bağlanmasını məcbur edən mübahisə üzrə isə tərəflərin bağlamağa borclu olduqları müqavilənin şərtləri göstərilir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək hesab edir ki, iddianın predmeti əvvəlki istifadəçinin adına olan qaz sayğacının yeni istifadəçinin yəni iddiaçının adına qeydiyyata alınması və əvvəlki istifadəçinin qazdan istifadəyə görə yaranmış borcunun silinməsi ilə bağlı olduğundan hazırki tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılması mümkün deyildir. Belə ki, yuxarıda qeyd edilən hüquq normalarınım məzmunundan aydın olur ki, əvvəlki istifadəçinin adına olan qaz sayğacının yeni istifadəçinin adına rəsmiləşdirilməsi proseduru yalnız müqavilənin bağlanılması yolu ilə həyata keçirilir. İddiaçının hazırkı vəziyyətində müqavilənin bağlanılmasının şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 6.4-cü bəndində təsbit olunmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı hüquqi marağına uyğun onun müraciətindən imtina edən cavabdehə qarşı müqavilənin bağlanılmasını məcbur edən iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd edilən hüquq normalarına görə isə müqavilənin bağlanılmasını məcbur edən mübahisələrə, o cümlədən qazdan istifadəyə görə yaranmış borcun silinməsi ilə bağlı tələbə mülki icraat qaydasında baxılmalı olduğundan iddiaçı həmin tələblə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbinə uyğun aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etməlidir. Başqa sözlə iddiaçının hazırkı tələbinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərinin hər hansı biri üzrə inzibati icraata qaydasında baxılması yol verilməzdir. Bundan başqa məhkəmə yuxarıda qeyd edilən hüquq normalarının tələbindən çıxış edərək qeyd edir ki, inzibati mübahisə üzrə tələb iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməlidir. Lakin iddia ərizəsindən görünür ki, iddia tələbi inzibati orqan hesab olunmayan hüquqi şəxsə - Cavabdehnə qarşı yönəlmişdir. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı 28.08.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «X5» Cavabdeh inzibati orqan kimi göstərilməmişdir. Beləliklə də məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya rəsmi məktubla yuxarıda qeyd edilən məslələrlə bağlı hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “**********00010 nömrəli qaz sayğacının adına qeydiyyata alınması və sayğacda olan 1633 manat borcun üzərindən götürülməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “**********00010 nömrəli qaz sayğacının adına qeydiyyata alınması və sayğacda olan 1633 manat borcun üzərindən götürülməsi” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar