Məhkəmə qərarları › İş №2-1(120)-504/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-504/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-504/2022 27.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı “X9, Məmmədova (Əbdülzadə) Günəş Aydın qızının, X5, X1 və X3 iddiaçıya məxsus Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X9, Məmmədova (Əbdülzadə) Günəş Aydın qızının, X5, X1 və X3 iddiaçıya məxsus Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.1968-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş, hazırda da ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı 12.06.2014-cü il tarixdə AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Lənkəran şəhəri, H.Əliyev küçəsi (indiki X17 adına küçə) ev 78/15 ünvanında yerləşən 62 saylı 3 otaqlı mənzili 40000 manata X6 almışdır. Bundan sonra hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX ******* nömrəli çıxarışa əsasən həmin mənzil, yəni Lənkəran şəhəri, X17 küçəsi (köhnə H.Əliyev) ev 78/15, mənzil 62 saylı 3 otaqlı yaşayış evi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Bu yaxınlarda iddiaçının mülkiyyətində olan həmin evi satmaq qərarına gəlmiş və zəruri sənədləşmə işlərinin aparılması üçün 12.10.2021-ci il tarixdə Lənkəran rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, lakin orada əməliyyata başlamazdan əvvəl “Elektron notariat” AİS-də həmin mənzildə kimlərin qeydiyyatda olmaları yoxlanılmış, həmin vaxt ona məlum olmuşdur ki, mənzili aldığı şəxsin yaxınları (ailə üzvləri) sözügedən mənzildən qeydiyyatdan çıxmamışdırlar. Həmin şəxslərdən iddiaçının evindən qeydiyyatdan çıxarılması üçün xəbərdarlıq etməyinə baxmayaraq onlar müxtəlif səbəblər gətirərək qeydiyyatdan çıxmaqdan imtina etmişdirlər. Odur ki, həmin şəxslərin məcburi qaydada qeydiyyatdan çıxarılmaları ilə bağlı Lənkəran şəhər-rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, Lənkəran şəhər-rayon Polis şöbəsi ona məxsus olan yaşayış evində qeydiyyatda olan kənar şəxslərin məcburi qaydada qeydiyyatdan çıxarılmaları üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd olunanların nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Masallı rayonunun Mahmudavar kəndində anadan olmuş, Masallı rayonu, Mahmudavar kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan X14 ilə İddiaçı arasında bağlanmış 12.06.2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Reyestri Xidməti Lənkəran ərazi idarəsi tərəfindən 26.08.2008-ci il tarixdə verilmiş MH ******* saylı çıxarışa əsasən özünə məxsus olan Lənkəran şəhəri, H.Əliyev küçəsində yerləşən ümumi sahəsi 60,3 kv.m olan 3 otaqlı, 62 saylı yaşayış mənzilini alıcının mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 21.06.2014-cü il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin 21.10.2021-ci il tarixli, 181 nömrəli arayışından görünür ki, X15, X12, X13, X7 və X2.Z.Əliyeva küçəsi ev 78/15 mənzil 62 ünvanından hal-hazırda yaşamırlar və harada yaşamaları haqqında məlumatları yoxdur. İşdə olan Lənkəran şəhər-rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı 22.10.2021-ci il tarixli, 154-36065B-1221 nömrəli məktubunda qeyd edilmişdir ki, mənzildə qeydiyyatda olan X8 həmin mənzildən qeydiyyatdan çıxarılması məhkəmə qərarı əsasında həyata keçirilə bilər. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 20.11.2021-ci il tarixli, 1210 nömrəli məktubundan görünür ki, İddiaçı X15, Məmmədova (Əbdülzadə) Günəş Aydın qızı, X13, X7 və X10 avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qohumluq əlaqələri barədə məlumat aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin məhkəməyə ünvanladığı 13.12.2021-ci il tarixli, **********68 nömrəli məktubuna, İddiaçı adına tam mülkiyyət hüququ üzrə 21.06.2014-cü il tarixli, **********68 qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” “Çıxarış”ın (Lənkəran şəhəri, X17 küçəsi ev 78/15 ünvanında yerləşən 62 saylı mənzilə dair) və həmin hüquqmüəyyənedici sənədin verilməsinə əsas olmuş ilkin sənədlərin təsdiqlənmiş surətini əlavə etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanı İddiaçı mülkiyyətindədir. İddiaçı Babayev X11 şəhər-rayon Polis şöbəsinə müraciət edərək Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanda qeydiyyatda olan üçüncü şəxslər X9, Məmmədova (Əbdülzadə) Günəş Aydın qızının, X5, X1 və X3 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Bu müraciətlə əlaqədar vətəndaş Hüseynov Azər oğluna cavabdeh tərəfindən imtina edilmiş və məhkəmə orqanına müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatlarının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bundan başqa, qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X9, Məmmədova (Əbdülzadə) Günəş Aydın qızının, X5, X1 və X3 iddiaçıya məxsus Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc (məhkəmə xərci) yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X9, Məmmədova (Əbdülzadə) Günəş Aydın qızının, X5, X1 və X3 iddiaçıya məxsus Lənkəran şəhəri, X17 küçəsi ev 78/15, mənzil 62 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar