Məhkəmə qərarları › İş №2-1(120)-507/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-507/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-507/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi xx katibliyi, İddiaçı, İddiaçı Cavabdehnə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və övladları X7 və X8 görə xx.xx.2022-ci il tarixdən kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla birlikdə kirayədə yaşayan övladları X11 və X8 rəsmi qeydiyyat ərazisi üzrə xx.xx.2020-ci il tarixdən bugünədək verilməyən və bundan sonra onlara da kirayə haqlarının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək iddianın dəyişdirilərək “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və övladları X7 və X8 görə xx.xx.2022-ci il tarixdən kirayə haqlarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sonradan məhkəmə işin faktiki hallarını, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi əvvəldən səhv olmuşdur. Yəni iş üzrə qəbul ediləcək qərarın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunması halı mövcud olmaması səbəbindən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli, 2-1(120)-507/2022 nömrəli qərardadı ləğv edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, təqaüddə olan hərbi qulluqçu, polkovnik-leytenant İddiaçı 1992-ci ildən 2013-cü ilə qədər 20 təqvim ili müddətinə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmişəm və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. Bildirir ki, o və ailə üzvləri Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küşəsi bina 58, mənzil 6-da rəsmi qeydiyyatdadır və ailəsi ilə 5 nəfər- İddiaçı 1962 təvəllüd, həyat yoldaşım X3 1967 təvəllüdlü, övladlarım Kərimova Leyla 1987 təvəllüdlü, Kərimova Qəmər 1990 təvəllüdlü, Kərimov Sadiq 2001 təvəllüdlü birlikdə Bakı şəhərində kirayədə yaşayırlar. Kirayə xərcinin ödənilməsi məqsədi ilə tələb olunan sənədləri Cavabdehnə xx.xx.2020-ci il tarixdə təqdim etmişdir. Kirayə xərcinin ödənilməməsi barədə Maliyyə Nazirliyinə məktubla müraciət etdikdən sonra Nazirlikdən xx.xx.2020-ci il tarixdə aldığı 11/xx-xx-2171 saylı cavab məktubunda ‘Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, sözügedən kirayə xərcləri rəsmi qeydiyyat ərazisi üzrə müvafiq qaydada təstiq edilmiş məbləğə uyğun hesablanmalıdır.” cavabı verilmişdir. Maliyyə Nazirliyindən alınmış məktub Cavabdeh Maliyyə şöbəsinə təqdim edildikdən sonra 2020-ci ilin mart ayından özü, həyat yoldaşı X3 və tələbə olan övladı X9 qanunda nəzərdə tutulduğu qaydada rəsmi qeydiyyat ərazisi üzrə kirayə haqqı ödənilmiş, lakin onunla birgə yaşamalarına baxmayaraq övladları X7 və X8 “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi koteqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına və onun 2 sayli əlavəsinə əsasən nəzərdə tutulmuş kirayə haqları bugünədək ödənilməmişdir. Bu barədə yenidən Maliyyə Nazirliyinə müraciət etmiş. Maliyyə Nazirliyi müraciətinə baxılması üçün xx.xx.2021 -ci il tarixli 11/05-03-134 nömrəli məktubla Cavabdehnə göndərməsi barədə ona məlumat vermişdir. Müraciəti Cavabdehndə baxılmış və ona “Azərbaycan Respublikasının Aailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunur, Onun övladları Leyla Kərimova və Qəmər Kərimova yetkinlik yaşına çatdığı üçün onlara müvafiq kompensasiya məbləğinin verilməsi qeyri-qanunidir.” cavabı verilmişdir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi koteqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci və 2-ci maddəsinə və həmçinin həmin qərarın 2 saylı əlavəsinə əsasən rəsmi qeydiyyat ərazisi üzrə kirayə haqları onunla birgə yaşayan hər bir ailə üzvlərinə hesablanmalı və verilməlidir” göstərilmişdir. Qanunları və Cavabdehndən aldığı cavabı müqayisə etdikdə məlum olur ki, Ailə Məcəlləsi haqqında qanunda “yetkinlik yaşına çatan və çatmayan uşaq”-dan, Nazirlər Kabinetinin qərarında isə hərbi qulluqçunun yaşından asılı olmayaraq onunla birgə yaşayan “hər bir ailə üzvündən” söhbət gedir. Qeyd oiunanları nəzərə alsaq “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanununun, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının tələbləri və onun hüquqları Cavabdeh Hüquq Şöbəsi və Maliyyə bölməsi tərəfindən pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən rayon icra hakimiyyəti başçısı aparatına daxil olmuş məktubunuz tərəfimizdən araşdırılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Sizin övladlarınız Leyla Kərimova və Qəmər Kərimova yetkinlik yaşına çatdığı üçün onlara müvafiq kompensasiya məbləğinin verilməsi qeyriqanunidir. Pozulmuş hüquqlarınızın bərpa olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır və iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli vətəndaşın hərbi xidmət keçməsinə dair arayışdan görünür ki, iddiaçı həqiqətən 27 il 6 ay 6 gün həqiqi hərbi xidmət keçmiş, xəstəliyə görə ehtiyata buraxılmışdır. İş materiallarında olan zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın mövcudluğu barədə arayışından görünür ki, İddiaçı adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan zərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın mövcudluğu barədə arayışından görünür ki, X1 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın mövcudluğu barədə arayışından görünür ki, X4 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 142 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 507 nömrəli arayışından görünür ki, İddiaçı ailə üzvləri X2, X12, X11 və X14 ilə birlikdə ünvan 1 ünvanında yaşayırlar. İş materiallarında olan Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli Sərancamından görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmasına və ona kirayə haqqının ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı mənzil növbəsinə götürülmüş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, İddiaçı ilə X10 arasında xx.xx.2030-cu il tarixədək aylıq 450 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx xxxx 1962-ci ildə Cəlilabad rayonu, Prişib şəhərində anadan olmuş, xx.xx.2013-cü il tarixli vətəndaşın hərbi xidmət keçməsinə dair arayışdan görünür ki, iddiaçı həqiqətən 27 il 6 ay 6 gün həqiqi hərbi xidmət keçmiş, xəstəliyə görə ehtiyata buraxılmışdır. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə mənzil növbəsinə götürülmüş və ona aylıq kirayə pulu ödənilmişdir, lakin sonradan iddiaçıya verilən mənzil kirayəsi pulunun övladları X7 və X8 olan hissədə dayandırılaraq əsas gətirilmişdir ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Sizin övladlarınız Leyla Kərimova və Qəmər Kərimova yetkinlik yaşına çatdığı üçün onlara müvafiq kompensasiya məbləğinin verilməsi qeyri-qanunidir. Pozulmuş hüquqlarınızın bərpa olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 2-ci bəndinin 1-ci abzasına əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 1ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasında ailə və nikah hüququndan bəhs edilmiş maddələrdə (maddə 34) ailə üzvləri kimi ata, ana, ər-arvad, uşaqlar göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmişdir və dövlətin xüsusi himayəsində olduğu qeyd edilmişdir (maddə 17). Dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun ictimai özəyi olan təşkilinin və nüfuzunun, xalqın və dövlətin çiçəklənməsinin mənbəyi kimi qorunmasına təminat verir. Ailə hüququnun predmeti ailənin özü deyil, ailə üzvləri arasında mövcud olan münasibətlərdir (ailə münasibətləri). Ailə münasibətləri çoxsaylı, mürəkkəb oduğundan burada olan əlaqələrin hamısı hüquq normaları ilə əhatə olunmur, hüquq normalarının təsiri halına düşmür. Azəbaycan Respublikası Ailə Məcəlləsinin: 1.2. Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. 1.3. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. 2.1. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yuxarıda qeyd olunan normalara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 174 nömrəli qərarının 2-ci bəndi “hər bir ailə üzvü üçün” sözü deyildikdə yalnız ər-arvad və yetkinlik yaşına (18 yaş) çatmayan övladları deyil, həmçinin 18 yaşı tamam olmuş və hal-hazırda kirayə pulu almaq hüququ olan şəxsin yanında yaşayan övladları da (eləcə də övladlığa götürülən şəxslər) nəzərdə tutmuşdur. Qeyd edilən hüququnun tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İddiaçının mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayə haqqının övladları X7 və X8 olan hissədə ödənilməsi ilə baglı müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Məhkəmə hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 7-ci hisəsinə əsasən, səhhətinə (xəstəliyinə) görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ iddiaçının yetkinlik yaşına çatmış onun yanında yaşayan övladlarına da tanınaraq təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edilən hərbi qanunvericilik aktları ilə hərbi qulluqçuların konstitusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyalarla təmin edilməsini nəzərdə tutmuşdur. Məhkəmə soğusuna cavab olaraq Bakı şəhər İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 142 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2021-ci il tarixli, 507 nömrəli arayışına əsasən X4 və X5 X14 ilə birlikdə ünvan 1 ünvanında yaşadıqları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və İddiaçı övladları X7 və X8 görə xx.xx.2022-ci il tarixdən kirayə haqlarının ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdehin imtinası qanunsuz hesab edilsin və İddiaçı övladları X7 və X8 görə xx.xx.2022-ci il tarixdən kirayə haqlarının ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar