Məhkəmə qərarları › İş №2-1(120)-507/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-507/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-507/2025 21.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kürdəmir rayonunun Cəyli Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kürdəmir rayonunun Cəyli (əvvəlki Böyük Kəngərli) Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən X2 mülkiyyətində olan 10.0 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi il bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanması barədə Kürdəmir rayon X2 xx.xx.2020-ci il tarixli qərarının etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair mümkünlük məsələsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Kürdəmir rayonunun Cəyli (əvvəlki Böyük Kəngərli) Bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Bağman kəndində yerləşən Bələdiyyənin mülkiyyətində olan 10.0 ha torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanması barədə Kürdəmir rayon Bələdiyyənin xx.xx.2020-ci il tarixli qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, Səlvər Pirişovun icarəsində olan torpaq sahəsi onların torpaq sahələrinin qonşuluğunda yerləşir, özlərinə məxsus mal-qaranı öz torpaqlarında otarır. Onlara məxsus olan mal-qaralarını otarmağa yerləri yoxdur. Torpaq sahəsi şəxsə qeyri-qanuni verildiyi üçün hesab edir ki, həmin torpaq sahəsi kəndin ümumi örüş sahəsi sayılır. Bundan əlavə, tərəflərindən iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. İddiaçının tələb etdiyi torpaq sahəsi qanunsuz olaraq onun icarəsinə verilmiş və "xxxx" MMC-nin Kürdəmir rayonunun Bağman kəndində yerləşən torpaq sahəsinin yerləşmə cizgisində X3 icarəsinə verilmiş 10 ha torpaq sahəsi müəyyən edilməmişdir. Həmin torpaq sahəsi kəndin ümumi otlaq sahəsi olduğuna görə orada əkinçilik işləri aparmaq olmaz. Bundan əlavə, həmin şəxsə kim tərəfindən və hansı məbləğdə maddi zayanın vurulması barədə heç bir sübut edilmir. Kəndin örüş yeri sayılan ərazidən sakinlərin məlumatı olmadan 10 ha torpaq sahəsinin şəxsin icarəsinə verilməsini qanunsuz hesab edirlər. Ümumiyyətlə Pirişovlar tərəfindən kəndin torpaq sahələri qanunsuz olaraq mənimsənilmiş, onlara məxsus mal-qaranın otarılması üçün yer qalmamışdır. İddiaçının icarəsində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etməsinə heç bir maneçiliyi olmamış və ona maddi ziyan vurmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 97 saylı mütəxəssis rəyinə əsasən ümumilikdə Böyük Kəngərli bələdiyyəsi 3 kəndi əhatə edir. Bu kəndlər Böyük Kəngərli kəndi, İsmayıllı kəndi və Bağman kəndləridir. Yerquruluşu sxemində bu 3 kəndin birlikdə 937 hektar örüş yeri və 64 hektar ehtiyat torpaq fondu vardır. Bu örüş yerindən 210 hektara yaxını Bağman kəndinin istifadəsində olan hissəyə aiddir. Torpaq islahatı aparılan zaman hazırlanmış yerquruluşu planına əsasən Bağman kəndinin ehtiyat fonduna 16,36 hektar, kəndin perspektiv inkişafına 10,0 hektar torpaq sahəsinin ayrıldığı da məlum olur. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Böyük Kəngərli İƏD üzrə nümayəndəsinin verdiyi arayışdan məlum olur ki, Bağman kəndində 3944 baş qoyun-keçi, 1373 baş iri buynuzlu mal-qara vardır. Azərbaycan Respublikasının Torpaq Məcəllsinin 16-cı maddəsinin (Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri) 5-ci bəndinin, 2-ci abzasına əsasən: “Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 18-ci maddəsinə əsasən “Yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər ümumi istifadəyə” ayrılır. Həmin qaydaların 19-cu maddəsinə əsasən “örüş sahələrinin və biçənəklərin fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilməsi üçün tələbat hesablanarkən mal-qaranın sayından, torpaq ehtiyatlarının həcmindən, sahənin tutumundan, coğrafi yerləşməsindən, suvarma imkanından asılı olaraq bu torpaqların dəmyə sahəsində hər hektarda 2-3 baş davar və 1 baş iribuynuzlu mal-qara, suvarılan sahəsində isə müvafiq olaraq iki dəfə artıq davar və iribuynuzlu mal-qara otarılması (yemləndirilməsi) nəzərdə tutulur. Bağman kəndində də əhalinin istifadəsinə ayrılacaq örüş yeri hesablanarkən kənd əhalisinin 3944 baş davar, 1373 baş iri buynuzlu mal-qara olması nəzərə alınmalı idi. Belə olan halda Bağman kəndinin 3944 baş davarına kəndin torpaqlarının suvarılan olduğu nəzərə alınmaqla hektara 4-6 baş davar, 2 baş iri buynuzlu mal-qara düşür. Bağman kəndinin ümumilikdə heyvan sayını nəzə aldıqda kənd sakinlərinin ümumi istifadəsinə qoyun-keçilər üçün 657 hektar, iri buynuzlu mal-qara üçün 687 hektar örüş yeri lazımdır. Hal-hazırda Bağman kəndinin cəmi 210 hektara yazın örüş yeri olduğunu nəzərə aldıqda məlum olur ki, bu kənd üzrə ehtiyat fonda ayrılması üçün örüş yeri yoxdur, yəni X7 10 ha, X12 12,75 ha, X4 9,75 ha X5 7 ha və X9 10 ha icarəyə verilmiş torpaq sahələri kəndin ümumi istifadəsində olan örüş yerləridir. Ehtiyat fondu adı altında kəndin 180 metrliyindən başlayaraq ümumi istifadədə olan örüş yerlərinin yuxarıda adları qeyd edilmiş ayrı-ayrı vətəndaşalara icarəyə verilməsi qanunvericiliyə uyğun deyildir. Məktubda adı qeyd edilmiş X7 ayrılmış 10 ha torpaq sahəsi barədə məlumat təqdim edilmədiyindən bu torpaq sahəsi ilə bağlı araşdırma aparılmamışdır. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən olundu: Kürdəmir rayonu Böyük Kəngərli bələdiyyəsi ərazisindən, Bağman kəndində yerləşən örüş sahələrindən X12 12,75 ha, X6 9,75 ha X5 7 ha və X9 10 ha icarəyə verilmiş torpaq sahələrinin kəndin ümumi istifadəsində olan örüş yeri torpaq sahələrinə aiddir. Bundan əlavə Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli B-644 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərə əsasən 2005-2007-ci illərdə Bağman bələdiyyəsinin qərarı ilə icarəsinə torpaq sahəsi verilmiş icarədarlardan X10 (6,0 ha), X16 (4,0 ha), X17 (5 ha), X20 (4 ha), X13 (12 ha), X18 (7,0 ha), X1 vərəsəsi kimi icarə torpaq sahəsindən istifadə edən X14 (7,0 ha) Böyük Kəngərli bələdiyyəsinə verdikləri xx.xx.2020-ci il tarixli ərizələrində icarə müqavilələrinə xitam verilməsi bildirilmiş və icarədə olan 45 ha torpaq sahəsi bələdiyyəyə qaytarılmışdır. 2019-cu ildə Bağman kəndi ərazisində olan bələdiyyənin ehtiyat fondu torpaqlarından örüş məqsədi ilə hərrac və müsabiqə yolu ilə 49,75 ha torpaq sahəsi icarəyə verilmişdir. Eyni zamanda Kürdəmir rayon icra Hakimiyyəti Başçısının Böyük Kəngərli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayışda Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən yerində araşdırılma aparıldığı və bələdiyyənin ehtiyat fondu torpaqlarından 236 ha torpaq sahəsinin əhalinin ümumi istifadəsində olduğu bildirilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, tərəflər iclasda iştirak etmir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Kürdəmir rayonu X2 21 noyabr 2019-cu il tarixli Qərarı ilə 9.75 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 9.75 ha torpaq sahəsi Kürdəmir rayonu X2 adına qeydiyyata alınmışdır. A№ 397764 nömrəli, xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 9.75 ha torpaq sahəsi Kürdəmir rayonu X2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli hərracın nəticələrinə dair protokoldan müəyyən olunur ki, 9.75 ha ehtiyat fondu örüş torpağna dair keçirilmiş müsabiqədə X19 qalib olmuşdur. Kürdəmir rayonu X2 30 sentyabr 2018-ci il tarixli Qərarı ilə 10.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 10.0 ha torpaq sahəsinə dair mülkiyyət hüququ Kürdəmir rayonu X2 adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli hərracın nəticələrinə dair protokoldan müəyyən olunur ki, 10 ha ehtiyat fondu örüş torpağna dair keçirilmiş müsabiqədə X11 qalib olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X15 AM № 010493 nömrəli Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi X8r. Kürdəmir rayonu X2 mülkiyyətində olan 10.0 ha torpaq sahəsi 15 il müddətinə X3 icarəsinə verilmişdir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 10.0 ha torpaq sahəsinə dair Kürdəmir rayonu Bağman bələdiyyəsi ilə X11 arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 10.0 ha torpaq sahəsinə dair icarə hüququ X3 adına qeydiyyata alınmışdır. AA№ 542475 nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 10.0 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Torpaq Məcəlləsi: Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.[46]

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı

1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanun: Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 6.4. Elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. 6.10. Xüsusi mülkiyyətdə, habelə istifadədə və icarədə olan bələdiyyə torpaqları qanunla müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün alına bilər. 6.11. Bələdiyyələr tərəfindən mülkiyyətə, istifadəyə və icarəyə verilən torpaq sahələrinə Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə müəyyən edilmiş öhdəliklər, servitutlar və digər məhdudiyyətlər qoyula bilər. Maddə 9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq və iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçıların hüquqi marağı mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olduğu üçün Kürdəmir rayonu Bağman kəndində yerləşən X2 mülkiyyətində olan 10.0 ha həmin torpaq sahələrinin örüş məqsədi ilə icarəyə verilməsi ilə bağlı həmin torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başlanması barədə Kürdəmir rayon X2 xx.xx.2020-ci il tarixli qərarının etibarsız hesab edilməsindən ibarətdir. Məhkəmə ilk öncə diqqətə çatdırır ki, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması barədə qərar xx.xx.2020-ci il tarixli deyil, 30 sentyabr 2018-ci il tarixli qərardır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Kürdəmir rayonu X2 30 sentyabr 2018-ci il tarixli Qərarı ilə 10.0 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanılmış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin 10.0 ha torpaq sahəsinə dair mülkiyyət hüququ Bələdiyyənin adına qeydiyyata alınmışdır. Bundan sonra torpaq sahəsinə dair hərrac təşkil olunmuş və xx.xx.2020-ci il tarixli hərracın nəticələrinə dair protokolla 10 ha ehtiyat fondu örüş torpağna dair keçirilmiş müsabiqədə X3 qalib olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X15 AM № 010493 nömrəli Şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi X8r. Kürdəmir rayonu X2 mülkiyyətində olan 10.0 ha torpaq sahəsi 15 il müddətinə X3 icarəsinə verilmişdir. xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, Kürdəmir rayonu, Bağman kəndində yerləşən ümumi sahəsi 10.0 ha torpaq sahəsinə dair Kürdəmir rayonu Bağman bələdiyyəsi ilə X11 arasında xx.xx.2020-ci il tarixli icarə müqaviləsi bağlanmış və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla həmin torpaq sahəsinə dair icarə hüququ onun adına qeydiyyata alınmış, AA№ 542475 nömrəli, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçılar subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə ki, mülkiyyət hüququnun həyata keçrilməsi, əmlaka dair sərəncam verilməsi ilkin mülkiyyətçi kimi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aid edilmişdir. Qanunvericinin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi inzibati orqanlar fiziki və hüquqi şəxslərlə əqdləri, o cümlədən torpaq sahəsinin icarəyə, istifadəyə və ya şəxsi mülkiyyətə verilməsi barədə müqavilələri bağlamaqda azaddırlar və onlar bu razılaşmaların əldə olunmasına, torpaq sahəsinin mülkiyyətə ayrılması məqsədilə müəyyən hərəkətlərin edilməsinə məcbur edilə bilməzlər. Bələdiyyə tərəfindən torpaq sahəsi ilə bağlı öz hüquqlarını qeydə alınmasının məhdudlaşdırılması mülkiyyət hüquqlarının pozulması və diskresion səlahiyyətlərinin həyata keçirilməsinə müdaxilə ilə nəticələnə bilər. Məhkəmə yalnız inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən iddianın növü də düzgün müəyyən edilməmişdir. Belə ki, bələdiyyə öz mülkiyyətində olan torpağ sahəsinin adına mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanılması barədə qərar qəbul etmişdir ki, qanunvericinin müəyyən etdiyi inzibati aktın etibarsızlıq əsasları hazırki iş üzrə müəyyən edilmir. İddiaçılar hüququ maraqlarına uyğun olaraq mümkünlük şərtlərinə əməl edilməklə inzibati aktın ləğvini və dəyişdirilməsini mübahisələndirə bilərlər. Məhkəmə bundan başqa diqqətə çatdırır ki, iş üzrə məhkəmə tərəfindən ekspertiza təyin olunsa da, ekspert rəyi tərtib edilmədən iş icrasız məhkəməyə geri qaytrarılmış və bu səbəbdən də məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilə bilməmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin ümumi istifadədə olması faktı müəyyən ediləcəyi təqdirdə iddiaçıların subyektiv hüququnun mövcudluğu qənaətinə gəlinərsə, o halda iddiaçılar tərəfindən hərracın başlanılması barədə qərar və ya həmin qərar mövcud deyildirsə hərracın nəticələri, icarə müqaviləsi mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəllənin: 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçılara həm şifahi formada məhkəmə iclaslarında, həmçinin 18 sentyabr 2023-cü tarixində hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir.

Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar