Məhkəmə qərarları › İş №2-1(120)-5147/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5147/2025

22.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5147/2025 22.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi haqqında tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə Müdafiə Nazirliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək ona yəni İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdən Azərbaycan Ordusuda həqiqi hərbi xidmətdədir. 2010-cu ilin aprel ayıdan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində xidmət edir. 2010-cu ilin aprel ayından 2016-cı ilin iyun ayınadək N nömrəli hərbi hissədə, 2016-cı ilin iyun ayından 2021-ci ilin may ayınadək N nömrəli hərbi hissədə və 2021-ci ilin may ayından hal-hazıradək N nömrəli hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmətdədir. “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissədə xidmət etmişdir ( kəşfiyyat taboru), həmin hərbi hissənin tərkibində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Kəlbəcər rayonu (Murov silsiləsi) istiqamətində və N nömrəli hərbi hissənin tərkibində xx.xx.2020-c il tarixdən xx.xx.2020-ci il tarixədək Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasınaa görə” medalları ilə təltif olunmuşdur. “Vətən Müharibəsi”ndən sonra, xx.xx.2021-ci il tarixdə N nömrəli hərbi hissəyə keçirildiyi və N nömrəli hərbi hissə ləğv olunduğundan, ilk siyahılar göndərilərkən o Hərbi Hava Qüvvələrinin tərkibində qeyd olunduğu üçün ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanların iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından "məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin aidiyyəti orqana göndərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsindən və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı Salyan rayonu Çuxanlı kəndində qeydiyyatdadır. Məhkəmənin müvafiq sorğusuna əsasən: Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının 3-25-14/2-73N/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş: N nömrəli hərbi hissə tərəfindən verilmiş “Müharibə veteranı” adı və Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən döyüş əməliyyatlarının maddi-texniki təminatı üzrə tapşırıqların yerinə yetrilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayış-məlumatda qeyd olunur ki, N nömrəli hərbi hissədə xidmət edən əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman 27.09.-xx.xx.2020ci il tarixlərdində N nömrəli hərbi hissədə Qərargah və təchizat bölüyünün sürücüsü vəzifəsini icra etmişdir. Xidmət etdiyi hərbi hissədən xx.xx.2020-ci il tarixdən N №-li əmrlə getmiş, xx.xx.2020-ci il tarixli 201 №-li əmrlə geri qayıtmışdır. 3 OK komandirinin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən N nömrəli hərbi hissəyə xx.xx.2020ci il tarixli N nömrəli N nömrəli hərbi hissəyə xx.xx.2020-ci il tarixli 06 nömrəli döyüş sərəncamları ilə hücüm taktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. Ezam olduğu N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdə 268 nömrəli əmr ilə daxil olub. xx.xx.2020-ci il tarixdə 299 nömrəli əmrlə çıxıb. N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdə 278 nömrəli əmrlə daxil olub.xx.xx.2020-ci il tarixdə 306 nömrəli əmr ilə çıxıb. N nömrəli hərbi hissədə N nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2020-ci il tarixində olub və həmin arayışa əsasən xx.xx.2020-ci il tarixində çıxıb. Ezamiyyət vərəqəsində aparılan qeydlərə əsas- N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdə 268 nömrəli əmr ilə daxil olub.xx.xx.2020-ci il tarixdə 277 nömrəli əmrlə çıxıb. N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdə 266 nömrəli əmrlə daxil olub.xx.xx.2020-ci il tarixdə 306 nömrəli əmr ilə çıxıb. N nömrəli hərbi hissədə N nömrəli xx.xx.2024-cü il tarixli arayışa əsasən xx.xx.2020-ci il tarixində çıxıb. Döyüş əməliyyatlarında şəxsi heyətin daşınmasında sürücü kimi fəaliyyət göstərmişdir. Ezam olduğu ərazilər Şuşa və Kəlbəcər. N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2020-ci il tarixli əmri ilə əsgər İddiaçı (qərargah və təchizat bölüyünün avtomobil taqımının 2-ci avtomobil manqasının sürücüsü) N nömrəli hərbi hissəyə (Daşkəsə rayonu) N gün müddətinə ezamiyyətə göndərilmiş, 301 nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissənin sərəncamından qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin N nörəli xx.xx.2020-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı N gün müddətinə ezamiyyətə gəlmişdir (Əsas: xx.xx.2020-ci il tarixli 815 nömrəli ezamiyyət vərəqəsi). N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin hərbi qulluqçusu İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş hesab olunaraq hərbi hissənin qazan təminatına qoyulmuş və 290 nömrəli xx.xx.2020-ci il tarixli, 306 nömrəli xx.xx.2020-ci il tarixli əmrləri ilə ezamiyyətdən getmiş hesab olunaraq qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 189 №-li arayışda qeyd olunur ki, MAHHXHQ əsgər İddiaçı şəxsi işində aparılan qeydlərə əsasən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində 27.09-xx.xx.2020-ci il tarixlərdə Kəlbəcər rayonu istiqamətində və 01.11.-xx.xx.2020-ci il tarixlərdə Şuşa şəhəri, Daşaltı kəndində gedən döyüş əməliyyatlarında iştirak edib. N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli N nömrəli arayışda İddiaçı “Vətən müharibəsi” zamanı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam olunmuş Xocavənd rayonunun, Şuşa şəhərinin və ətraf kəndlərin işğaldan azad olunması zamanı N nömrəli hərbi hissə komandirinin sərəncamında döyüş fəaliyyətində yaxından iştirak etdiyi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olumasına görə”, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı vəsiqəsi verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqanın aşağıdakı: 3-25-14/2-X-14597-20/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən əsasnamənin 10 və 11-ci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteraı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. 3-25-14/2-X-22xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyinə dair N nömrəli hərbi hissədən sənədlər daxil olmuşdur. Sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən rəy veriləndən sonra ona məlumat veriləcəkdir. Cavabdeh inzibati orqan tərəfindən müraciətin yekun nəticəsi barədə rəsmi qaydada iddiaçıya məlumat verilmədiyi üçün sonuncu xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə idda ərizəsi ilə müraciət etmişdir. Tətbiq edilən hüquq. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Müharibə veteranı adı aşağıdakı qaydada verilir: 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Strateji Xidmətlər Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteran adının və vəsiqəsinin” verilməsinə yönəlmişdir. İddiaçının N №-li hərbi hissənin MAHHXHQ əsgəri olaraq “44 günlük Vətən” müharibəsində maddi-texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi iş materialları ilə təsdiq olunur. İş materiallarına əlavə edilmiş Müdafiə Nazirliyinin N №-li hərbi hissəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissədə xidmət edən əsgər İddiaçı döyüş əməliyyatları aparılan zaman 27.09.-xx.xx.2020-ci il tarixlərdində N nömrəli hərbi hissədə Qərargah və təchizat bölüyünün sürücüsü vəzifəsini icra etmişdir. Xidmət etdiyi hərbi hissədən xx.xx.2020-ci il tarixdən N №-li əmrlə getmiş, xx.xx.2020-ci il tarixli 201 №li əmrlə geri qayıtmışdır. N №-li hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 189 №-li arayışdan müəyyən olunur ki, MAHHXHQ əsgər İddiaçı şəxsi işində aparılan qeydlərə əsasən N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində 27.09-xx.xx.2020-ci il tarixlərdə Kəlbəcər rayonu istiqamətində və 01.11.-xx.xx.2020-ci il tarixlərdə Şuşa şəhəri, Daşaltı kəndində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Eyni zamanda İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2718 nömrəli Sərəncamı ilə “Kəlbəcərin azad olumasına görə”, 2716 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı vəsiqəsi verilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Şuşa və Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli, 2716 və 2718 nömrəli Sərəncamına əsasən o, “Kəlbəcərin və Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cavabdeh iddiaçının döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunmaması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında”əsasnaməyə əsasən, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün cəlb olunduğundan Əsasnamədə göstərilən şəxslərin dairəsinə aiddir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1991-ci il təvəllüdlü İddiaçı 2-ci Qarabağ Müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar olaraq “Müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən N gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar