Məhkəmə qərarları › İş №2-1(120)-5177/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5177/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5177/2025 16.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “rüsumların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “rüsumların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “rüsumların geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması və s.” dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1971-ci il tarixində Lənkəran rayonu, Şilavar kəndində anadan olmuşdur. Ali təhsillidir. Hazırkı iddiası ona məxsus Lənkəran rayonu, Digah kəndi ərazisində 0,06 sot torpaq sahəsi vardır. Həmin torpaq sahəsini öz adına rəsmiləşdirməsi üçün o, “Asan xidmətə” xx.xx.2024-cü il tarixində çıxarış və texniki pasport almaq üçün müraciət etmişdir. Həmin vaxt Digah bələdiyyəsinin bu toıpaq haqqında bütün sənədləri “Asan xidmətə”, yəni DƏDRX-nin Lənkəran şəhər 10 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Sonrakı vaxtlarda başına böyük problemlər gəlib. xx.xx.2025-ci il tarixində o, torpağı satmaq qərarına gəlmişdir. Dövlət rüsumu olaraq 170.80 manat, çıxarış üçün isə 406.90 manat ilə texniki sənədlər üçün ödəniş etmişdir. O, özünə məxsus torpaq sahəsini satdıqdan sonra məlum olmuşdur ki, sənəddə 0,06 sot əvəzinə 0,12 sot torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin vaxt ondan sənədləri qəbul edən hüquqi şəxs Tural Kərimov oldu. Bunu da qeyd etmək istəyir ki, onun adına çıxarışın qeydiyyat nömrəsi ********** həmin sənədə toıpaq sahəsinin ölçüsü 0,06 sot yazılmalı idi, ancaq 0,12 sot səhv yazılmışdır. Demək torpağı paylı mülkiyyətçi kimi yazmışlar. Bölgü eskizi ola-ola 0,06 sot İddiaçı adına, digəri isə Ağayeva Zümrüdün adına 0,06 sot torpağı bir çıxarışda 0,12 sotda yazmışdırlar. Bundan başqa ondan torpaq almış şəxs X2 torpağı öz adına rəsmiləşdirmək istəyərkən, ondan da əlavə olaraq rüsum pulu almışlar ki, onun satdığı toıpaq sahəsinin 0,06 sotunu ayıraraq sənədləşdirmə aparsınlar. Bunun üçün də əlavə olaraq dövlət rüsumu tutmuşlar. Həmin ödəniş pulunun ziyanı ona dəyir. Reyestr xidməti işçisindən soruşduqda ki, bu sənəd niyə belədir, cavabı sənin sənədlərinin içində bölgü eskizinin olmadığını bildirdilər, lakin bölgü eskizi sənədlərin içində olduğunu bilirdi. Sonradan ona deyiblər ki, bölgü eskizi X1 tərəfindən gətirilib. Ancaq bu belə deyil, bölgü eskizini o, özü əlbə-əl “Asan xidmətdə” DƏDRX-nin Lənkəran şəhər 10 saylı Ərazi İdarəsinin hüquqi işçisi Tural Kərimova tam sənədlər qovluğunu vermişdir. Bölgü eskizi onun təqdim etdiyi sənədlərin içində olub. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4 cü maddəsinə əsasən, qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqandır. Qeyd edilir ki, iddia tələbində qeyd olunan tələb Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirilir ki, Ərazi İdarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaçı tərəfindən hazırki iddia ilə bağlı cavabdeh inzibati orqana müraciətinin olmadığını bildirərək iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia, etiraz ərizəsini, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə qnaunvericinin müəyyən etdiyi normalara uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. Məhkəmə iş materiallarından və cavabdehin nümayəndəsinin izahatından müəyyən edir ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki tələblə Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməli və cavabdeh inzibati orqan tərəfindən tələbin icrasından imtina olunduğu təqdirdə məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən, iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı hazırki tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi tələblərə uyğun şəkildə, nöqsanlar aradan qaldırılmaqla Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməli, müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdehə qarşı məhkəmədə yenidən iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar