Məhkəmə qərarları › İş №2-1(120)-5190/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5190/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5190/2025 16.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş Hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1983-cü il tarixli, 320 nömrəli akt qeydində soyadı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Calalov” soyadının “Cəlalbəyli” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1983-cü ildə Şirvan şəhərində anadan olmuş və doğumu Cavabdeh tərəfindən xx.xx.1983-cü il tarixli 320 nömrəli aktla dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Qısa müddət öncə doğumu haqqında şəhadətnaməni yeniləmək istəyərkən məlum olmuşdur ki, arxiv sənədində adı “Calal”, soyadı “Calalov” yazılmışdır. İddia tələbi üzrə Şirvan İnibati Məhkəməsinin müvafiq qərarı ilə doğumum haqqında akt qeydində adın “Calal”dan “Fuad”a dəyişdirilməsi öhdəliyinin qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmiş, lakin soyada düzəlişlə bağlı hissə, iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Halbu ki, doğumu haqqında akt qeydində soyadı ilə bağlı hissəyə dəyişiklik olunmadığı üçün həmin sənədin ona münasibətdə tərtib olunması öz təsdiqini tapmır və ya soyadının Calalov kimi qalmalı olduğunu ehtiva edir. Ona görə də bu məsələyə məhkəmə qaydasında hüquqi qiymət verilməsi zəruridir. Beləliklə, əslində onda doğumu barədə xx.xx.1983-cü ildə verilmiş İX-JQ 461197 nömrəli şəhadətnamə vardır. Həmin sənəddə isə adı aydın şəkildə heç bir qaralamaya yol verilmədən Fuad yazılmış, eyni zamanda soyadının “ov” sonluğunun üzərindən xətt çəkilərək “bəyli” sonluğu qeyd edilmiş və bu düzəlişə inanılsın qeydi yazılaraq imza və möhürlə təsdiq edilmişdir. Surətini iddia ərizəsinə əlavə etdiyi həmin şəhadətnamədən də görünür ki, həmin şəhadətnamə Cavabdeh xx.xx.1983-cü il tarixli 320 nömrəli doğum haqqında akt qeydi əsasında yazılmış və tam adı İddiaçı olaraq qeyd edilmişdir. Eyni zamanda xx.xx.2018-ci ildə Şirvan ŞPŞ-nin PvŞV qrupu tərəfindən verilmiş AZE 17746269 seriya nömrəli şəxsiyyət vəsiqəsində və digər əlaqəli sənədlərdə soyadı Cəlalbəyli yazılmış və bütün bu sənədlərdə göstərilən fərdi məlumatlarının ilkin mənbəyi doğumu haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə olmuşdur. Lakin doğumu haqqında müvafiq sənədə düzəliş edilməsi tələbindən rəsmi qaydada imtina olunmuşdur ki, göstərdiyi bu hal da onun məhkəməyə müraciət etməyi üçün hüquqi əsas yaratmışdır. Eyni zamanda akt qeydində ona verilmiş şəhadətnamədəki soyaaddan fərqli soyadın yazılması qeydiyyat orqanının səhvidir. Ona görə də hüquq və vəzifələrinin həyata keçirilməsinə maneçilik yaradan bu halın aradan qaldırılması vəzifə olaraq qeydiyyat orqanının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş edir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materialarında olan: xx.xx.1983-cü il tarixli, İX-ЖГ № 461197 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, Cəlalov bəyli Fuad Rafail oğlu xx.xx.1983-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuşdur, atası X3, anası X2r. AZ-İ№ 643990 nömrəli, xx.xx.2011-ci il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında xx.xx.2011-ci il tarixdə nikah haqqında akt qeydi bağlanmışdır. AZE 17593246 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə anadan olmuşdur. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin müvafiq qərarı əsasında Cavabdeh xx.xx.1983-cü il tarixli 320 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin adı “Calaldan “Fuad’a dəyişdirilmişdir. Əlavə olaraq Calalov Calal (Fuad) Rafail oğlunun adına Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1983-cü il tarixli 320 nömrəli doğum haqqında akt qeydinin və həmin aktda valideyn qismində qeyd edilmiş X3 və X1 ölümü və sonuncuların valideyn qismində qeyd edildiyi əlavə 3 (üç) ədəd doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surəti sizə göndərilir. Ədliyyə Nazirliyinin Şirvan qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1983-cü il tarixli 320 nömrəli doğum haqqında akt qeydində düzəliş olunaraq, uşaq haqqında məlumatlar qrafasmda “Calal” adının “Fuad”, “Calalov” soyadının “Cəlalbəyli” yazılması barədə müraciətinizə baxılmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.1983-cü il tarixli 320 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məumatlar qrafasmda şəxsin adı “Calal”, soyadı “Calalov” olaraq qeyd edilmiş və həmin akt qeydinin üzərində dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir. Beləliklə, şəxsiyyətinizi təsdiq edən sənəd və müvafiq akt qeydindəki ad və soyadla bağlı məlumatlar tamamilə fərqli olduğundan, inzibati orqan tərəfindən başlanmış icraat qaydasında bu şəxslərin eyniləşdirilməsi mümkünsüzdür. Göstərilənlərə əsasən, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1983-cü il tarixli 320 nömrəli doğum haqqında akt qeydində yuxarıda göstərilən dəyişikliyin aparılması tələbinizin icrasından imtina olunur və bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə.qaydasında şikayət etmək hüququnuz vardır. xx.xx.1983-cü il tarixli, 320 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X9 xx.xx.1983-cü il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1979-cu il tarixli, 782 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1982-ci il tarixli, 30 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1992-ci il tarixli, 1585 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.2017-ci il tarixli, AZ-İ № 878925 nömrəli Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli, AZ-İİ № 452349 nömrəli Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar»ın: preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: - vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; - qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 7-ci bəndinə görə başqa qeydiyyat şöbələrindan və konsulluq idarələrindən daxil olmuş materiallar üzrə qeydlərdəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, habelə şəhadətnamələrin verilməsi 15 gün müddətində həyata keçirilməlidir. Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.2-ci bəndinin 3-cü hissəsinə görə doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı ona məxsus doğum haqqında akt qeydində soyadına dəyişiklik edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, şəxsin doğulması faktını təsdiq edən əsas sənəd doğum haqqında akt qeydidir ki, həmin sənəd mövcud olmaqla yanaşı akt qeydində şəxsin soyadı Calalov kimi qeyd edilmişdir. İddiaçı qeyd edir ki, ona məxsus digər sənədlərdə soyadı Cəlalbəyli kimi qeyd edildiyinə görə bu yöndə doğum akt qeydində də dəyişiklik edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, 320 nömrəli Doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1983-cü il tarixdə doğulmuş, atası X3, anası X2r. İddiaçıya məxsus sözügedən doğum akt qeydində onun özünün, həmçinin valideynlərinin soyadı da Calalov kimi qeyd edilmişdir. Və Ailə Məcəlləsinin 53.3-cü maddəsində də qanunvericinin müəyyən etdiyi kimi uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Bundan başqa iddiaçının bacı-qardaşlarına dair tərtib edilmiş doğum akt qeydlərində də onların soyadları “Calalov” kimi qeyd edilmişdir. Belə ki, xx.xx.1979-cu il tarixli, 782 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1982-ci il tarixli, 30 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.1981-ci il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.1992-ci il tarixli, 1585 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X7 xx.xx.1992-ci il tarixdə doğulmuş, atası X3, anası X2r. xx.xx.2017-ci il tarixli, AZ-İ № 878925 nömrəli Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. xx.xx.2025-ci il tarixli, AZ-İİ № 452349 nömrəli Ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X8 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Lakin iddiaçıya dair tərtib olunmuş xx.xx.1983-cü il tarixli, İX-ЖГ № 461197 nömrəli Doğum haqqında şəhadətnamədən onun soyadının üzərindən xətt çəkilərək Cəlalbəyli kimi qeyd edilsə də, həmin düzəlişin edilməsinə əsas qeyd olunmamışdır. Həmçinin doğum akt qeydində müvafiq dəyişiklik edilməmiş və ya soyadın dəyişdirilməsi ilə bağlı qeyd aşkar edilməmişdir. Belə olan halda məhkəmə tərəfindən həmin şəhadətnamədəki düzəliş mötəbər hesab edilmir. Belə olan halda məhkəmə müəyyən edir ki, iddiaçının doğum akt qeydində heç bir səhvə yol verilməmişdir və məhkəmənin qənaətinə görə iddiaçıya münasibətdə doğum akt qeydində düzəliş edilərək soyadının dəyişdirilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə həmçinin diqqətə çatdırır ki, digər sənədlərdə iddiaçının soyadının doğum akt qeydində qeyd olunan soyadına uyğunlaşdırılması üçün müvafiq orqanlara müraciət etmək hüququ vardır. Bundan əlavə iddiaçı ərizəsi əsasında qanunamüvafiq qaydada soyadının dəyişdirilməsini tələb edə bilər. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1983-cü il tarixli, 320 nömrəli akt qeydində soyadı ilə bağlı məlumatlar qrafasına dəyişiklik edilərək “Calalov” soyadının “Cəlalbəyli” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 79-cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar