Məhkəmə qərarları › İş №2-1(120)-5194/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5194/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5194/2025 24.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın ləğv edilməsi və ona çıxarış verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın ləğv edilməsi və ona çıxarış verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı X2 adına verilmiş çıxarışın, həmin torpaq sahəsinin X1 ilə bağlı alqı-satqı müqaviləsinin və X3 adına verilmiş çıxarışın ləğv edilməsi və ona çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran Rayon X6 16 iyun 1998cı il tarixli 25 saylı qərarı ilə Lənkəran rayonu, Şilavar kəndi ərazisində, JN-096 F və kod nömrəsi 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.04 ha torpağ sahəsi, şəhid bacısı qismində onun mülkiyyətinə verilmişdir. Həmin Şəhadətnamədə göstərilən torpaq sahəsi ona yerində göstərilmişdir. Göstərilən torpaq sahəsində fərdi yaşayış evi tikilməsində ötrü qərar almaq uçun Lənkəran Şəhər icra Hakimiyyətinə müraciət etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 19 noyabr 1992-ci il tarixli, 2139 nömrəli Sərəncamı ilə X5 şəhərin 18-cı məhəlləsində (Şilavar kəndinə aid olan hissədə) 400 kv.m həyətyanı torpaq sahəsinin ayrılması və bu torpaqda ümümı sahəsi 134 kv.m yaşayış sahəsi isə 80 kv.m olan iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Uzun illər ərzində, yuxarıda göstərilən torpaq sahəsində, yay mövsümlərində tərəvəz bitkilərinin əkib becərilməsi işləri ilə məşğul olmuşdur. Lakin ev tikmək imkanı olmamışdır. Son illərdə torpaq sahəsi başqası tərəfindən zəbt edildi və ona məlum olmayan səbəblərdən 2-ci adama satılıb. JN-069 F və kod nömrəsi 80213018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə baxanda görmüşdür ki, onun soy adını Həbibova deyil, Nəbiyeva yazılmışdır. O, verilən “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamdə soy adının yazılmasından ötrü, yəni hüquqi faktın müəyyən edilməsi üzrə Ləmkaran Rayonu Məhkəməsinə ərizə ilə müracıyət etmişdir. Lənkəran Rayon Məhkəməsinin (hakim M İsayev) xx.xx.2022-cı il tarixli, 2(049)-1307/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. X4 adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 069 F və kod nömrəsi 80213018 nömrəli şəhadətnamənin Səmədova (Həbibova) Nəzakət Rza qızına məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Lənkəran rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən xx.xx.2022-ci il tarixli, 2(049)1307/2022 saylı qətnamə qanun qüvvəsini almışdır. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və X9 Şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran rayon X6 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Lənkəran rayonu, Şilavar kəndi ərazisində, JN-096 F və kod nömrəsi 80213018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş 0,04 ha torpaq sahəsinə İddiaçı adına reyestr nömrəsi **********56, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixli 08.12 2022-ci il olan Çıxarış verilmişdir. Lakin həmin Çıxarışda həyətyanı torpaq sahəsinin planı və cizgi ölçüləri göstərilməmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdeh yazılı etirazını onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.4 cü maddəsinə əsasən, qeydiyyat orqanı daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqandır. Həmin qanunun 2.3 və 2.4 cü maddələrində bildirilir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Əlavə olaraq bildiririk ki, hazırki iş üzrə iddiaçının iddia tələbində qeyd olunan məsələ ilə əlaqədar 10 saylı Lənkəran Ərazi İdarəsinə rəsmi müraciəti olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunan səbəblərdən hazırki sərəncamın aidiyyəti hissədə icrasına münasibətdə isə bildirir ki, Ərazi idarəsi olaraq iddia tələbinin təmin olunmasına etiraz edir, habelə iddia tələbinin qanuniliyi və əsaslılığı baxımından tam araşdırılmaqla təmin olunmaması barədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq icraata başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi iclasa gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia, etiraz ərizəsini, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı X2 adına verilmiş çıxarışın, həmin torpaq sahəsinin X1 ilə bağlı alqı-satqı müqaviləsinin və X3 adına verilmiş çıxarışın ləğv edilməsi və ona çıxarış verilməsindən ibarətdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının tələbi müxtəlif hissələrdən ibarətdir. Belə ki, o, həm çıxarışların, alqı-satqı müaqavilsinin ləğv edilməsini, həmçinin də ona yeni çıxarışın verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin ləğvi inzibati icraatın predmeti hesab edilə bilməz. Belə ki, əqdlərdən irəli gələn mübahisələrə aidiyyatı üzrə mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmələrdə baxılır. Həmçinin hazırki iddia tələbi üzrə qanunvericiliyin normalarına uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki tələbi ilə Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etməli və onun tələbindən imtina olunduğu təqdirdə məhkəmədə həmin tələb üzrə iddia qaldırmalıdır. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və heç bir münasibət bildirilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir. İddiaçı hazırki tələbi ilə bağlı qanunvericinin müəyyən etdiyi tələblərə uyğun şəkildə, nöqsanlar aradan qaldırılmaqla Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etməli, müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdehə qarşı məhkəmədə yenidən iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar