Məhkəmə qərarları › İş №2-1(120)-52/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-52/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-52/2021 04.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı və X2 iştirakı ilə, İddiaçılar İddiaçı və X2 Cavabdehnə qarşı «cavabdeh tərəfindən yolun açılması və cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxx 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonunun Tüləgüvan kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,1956 hektar torpaq sahəsinə və X2 mülkiyyətində olan 0,3912 hektar torpaq sahəsinə gedən yolun cavabdeh Kijəbə bələdiyyəsi tərəfindən açılması, cavabdehin özbaşınalıq hərəkətlərinə son qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı və onun ailə üzvlərinə Astara rayonu Tüləgüvan kəndində 0,1956 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi RX seriyalı, ******* nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ilə təsdiqlənmişdir. Digər iddiaçı X1 rayonu Tüləgüvan kəndində 0,3912 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı əsasında almışdır. Həmin torpaq sahəsi RX seriyalı, ******* nömrəli Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış ilə təsdiqlənmişdir. Torpaq sahələri onların mülkiyyətlərində olmasına baxmayaraq həmin torpaq sahələrinə gedən yol cavabdeh Kijəbə bələdiyyəsi tərəfindən süni olaraq zəbt edilmişdir. Belə olan halda onların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqları pozulmuşdur. Onlar cavabdehlə mübahisəni məhkəmədən kənar həll etməyə çalışsalar da buna nail ola bilməmişlər. Cavabdeh onlara arayış təqdim edərək torpaq sahələrinə gedən yolun olmamasını təsdiq etmişdir. Hal-hazırda onların həmin torpaq üzərində mülkiyyət hüquqları pozulmuşdur. Belə olan halda gediş-gəliş yolunun açılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şirvan İnzibati Məhkəməsinin (hakim Zaur Allahyarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(120)-832/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və X2 Cavabdehnə qarşı «cavabdeh tərəfindən yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması barədə» tələbinə dair iddiaya inzibati icraat qaydasında baxılmasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan iddiaçılar İddiaçı və X3 tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(120)-832/2020 nömrəli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən İ.Q.Əsədov, hakimlər M.K.Həsənov və Z.A.Zeynalovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(106)-470/2020 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı və X3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-1(120)-832/2020 nömrəli qərardadının ləğv edilməsi, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, iş materiallarından görünür ki, məhkəmə müvafiq yardım göstərilməsi ilə əlaqədar iddiaçılara məktub ünvanlasa da, hüquqi yardım barədə məktub iddiaçılar üçün tam anlaşılan formada olmamış, məktubda yalnız ümumi şəkildə iddiaçıların və bələdiyyənin mülki hüququn bərabər hüquqlu subyektləri olduğu bildirilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçılar müvafiq hüquqi yardım almamış və nəticədə, onlar ərizələrini müvafiq qaydada dəyişdirməklə dəqiqləşdirməmişdir. Mahiyyətcə, məhkəmə qanunun verdiyi imkan üzrə iddiaçıların hüquqlarından istifadə etməsinə tam şərait yaratmamışdır. Kollegiya hesab edir ki, hazırki halda məhkəmə formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddianın münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım göstərə bilərdi; bu məqsədlə iddiaçılar məhkəməyə dəvət oluna və onlara müvafiq hüquqları anlaşılan qaydada izah oluna bilərdi. Kollegiya onu da qeyd edir ki, tərəflər arasında inzibati hüquq münasibətlərinin yarandığının müəyyən edildiyi halda və qanunun tələb etdiyi halda ərizəçilərin inzibati orqana ilkin müraciətinin olub-olmaması aydınlaşdırılmalı, zəruri halda bu barədə də ərizəçilərə müvafiq izahat verilməlidir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar İddiaçı və X3 gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı və X3 iddianı müdafiə etdilər və hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qanuna uyğun olduğunu bildirdilər. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırki iddia tələbi üzrə Cavabdeh inzbati orqan olsa da, mübahisə onun inzibati fəaliyyəti ilə əlaqədar yaranmamışdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçılar “yolun açılması” tələbini inzibati orqana qarşı yönəltsə də, Cavabdeh hazırki tələbə cavab verməli cavabdeh deyildir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçılar yol yeri istədikləri ərazinin Kijəbə bələdiyyəsi tərəfindən yox, kənd sakinləri X5 və X4 tərəfindən bağlandığını, eləcə də həmin yol yerinin Atakişi və Balakişi İbayevlərin mərhum ataları Ağaşərif İbayevin pay torpağı olduğunu bildirmişlər. Beləliklə, mübahisənin mahiyyətindən görünür ki, bələdiyyə ilə iddiaçılar arasında bələdiyyənin inzibati fəaliyyətinin nəticəsi olan hər hansı mübahisə mövcud deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıların “yolun açılması” tələbinə hətta cavabdeh inzibati orqan olsa belə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, şərh olunduğu kimi mübahisənin inzibati məhkəməyə aid olması üçün mübahisə inzibati orqanın inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. Hazırki mübahisə isə mübahisə predmeti baxımından mülki xarakterlidir. Belə ki, mülkiyyət və onun müdafiəsi, mülkiyyətdən maneəsiz istifadənin həyata keçirilməsi, qonşuluq hüququ və bununla bağlı digər məslələr ümumi hüququn deyil, xüsusi hüququn predmetini təşkil edir və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir (Mülki Məcəllə maddə - 152, 157, 170). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göründüyü kimi, mübahisə iddiaçılar ilə üçüncü şəxslər arasında bağlanmış yolun açılması ilə bağlı yaranmışdır ki, bələdiyyə orqanı başqa şəxslərin hərəkət və hərəkətsizliyinə dair cavabdehlik daşımır. Eyni zamanda bələdiyyələrin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda başqa şəxslər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması və sair buna bənzər işlərin yerinə yetirilməsi bələdiyyələrin fəaliyyət istiqamətlərinə aid edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi düzgün cavabdehə qarşı yönəlməmişdir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisəyə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddia mümkün sayılmamalı və iddiaçılara aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Eyni zamanda hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından üçüncü şəxslərin hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasından və dinlənilməsindən imtina edilmişdir. Belə ki, üçüncü şəxslərin dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması və inzibati məhkəmə icraatı qaydasında baxılması ilə nəticələnməyəcək. Əksinə lüzümsüz yazışmalara və vaxt itkisinə səbəb olacaqdır. Bu səbəbdə icraatda qənaət prinsipi rəhbər tutularaq üçüncü şəxslərin dinlənilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 16.3-cü, 23-cü, 35-ci və 45.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı və X2 Cavabdehnə qarşı «cavabdeh tərəfindən yolun açılması və özbaşınalıq hərəkətlərinə son qoyulması» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar