Məhkəmə qərarları › İş №2-1(120)-521/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-521/2020

22.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-521/2020 22.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x1, İddiaçı, Cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsin x2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsinə qarşı «yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 19 yanvar 1954-cü il tarixdə Cəlilabad rayonu, Cəlayır kəndində anadan olmuşdur. 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda əyani təhsil almış, 28.08.1984-03.06.1985-ci illərdə 5 saylı islah əmək müəssisəsində işləmişdir. 19.01.2017ci il tarixdən yaşa görə əmək pensiyası alır. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda əyani təhsil aldığı müddət və 28.08.1984-03.06.1985-ci illərdə 5 saylı islah əmək müəssisəsində olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı həmin illərin nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 17 dekabr 2019-cu il tarixli 79/04-298 saylı məktubla iddiaçının təhsil illərinin və cəzaçəkmə müəssisəsində olduğu müddətlərin sosial sığorta stajı kimi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1976-ci il tarixdən 01.07.1978-ci il tarixə kimi Bakı Plan Uçot Texnikomunda əyani təhsil aldığı müddətin və 1984-cü ildən 1987-ci ilə kimi 2 il 6 ay cəzaçəkmə müəssisəsində olduğu müddətlərin sosial sığorta stajı kimi müəyyən edilərək, yaşa görə təyin edilmiş əmək pensiyasının 19.01.2017-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22 iyun 2020-ciil tarixli, 2-1(120)-521/2020 saylı qərardadı ilə iddia tələbinə 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda əyani təhsil aldığı müddətin və 28.08.1984-03.06.1985-ci illərdə 5 saylı islah əmək müəssisəsində olduğu müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 19.01.2017-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. Cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsinin 10 aprel 2020-ci il tarixli **********7 nömrəli münasibət (etiraz) məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən təhsil illərinin və cəzaçəkmə müəssisəsində olduğu müddətlərin sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri sırasına daxil edilmədiyi üçün həmin illər sosial sığorta stajına daxil etməmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi x4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, 03 iyun 1985-ci il tarixli arayışı, diplomunun təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 iyun 2020-ci il tarixli, 17/13-6567 saylı məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). x3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Belə ki, iddiaçı hal-hazırda yaşa görə əmək pensiyası alır. İddiaçının 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda əyani təhsil alması ona məxsus 05.07.1978-ci il tarixli, qeydiyyat nömrəsi 034232 nömrəli diplom ilə, 28.08.1984-03.06.1985-ci illərdə 5 saylı islah əmək müəssisəsində işləməsi iş materiallarında olan 03.06.1985-ci il tarixli, 094962 nömrəli arayışı və məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 iyun 2020-ci il tarixli, 17/13-6567 saylı məktubu ilə təsdiq olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 iyun 2020-ci il tarixli, 17/13-6567 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 28.08.1984-cü ildən 03.06.1985-ci ilədək 5 saylı islah-əmək müəssisəsində cəza çəkmiş, həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 1976-1978-ci illərdə təhsil aldığından və 28.08.1984-cü ildən 03.06.1985-ci ilədək 5 saylı islah-əmək müəssisəsində cəza çəkdiyindən məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin qanunun 67-ci maddəsinin “k” bəndinə əsasən azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda vətəndaşların ali təhsil müddətlərinin və cəzaçəkmə müəssisəsində əmək fəaliyyəti ilə məşğul olunan müddətin iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinin tələbinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İddiaçı 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil almış və bu barədə ona məxsus diplomda müvafiq qeydlər aparılmışdır. Eyni zamanda iddiaçının 28.08.1984cü ildən 03.06.1985-ci ilədək 5 saylı islah-əmək müəssisəsində cəza çəkməsi 03.06.1985ci il tarixli, 094962 nömrəli arayışı və məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 iyun 2020-ci il tarixli, 17/13-6567 saylı məktubu ilə təsdiq olunur. Cavabdeh inzibati orqan isə hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda təhsil müddətinin və cəzaçəkmə müddətinin sosial sığorta stajına daxil edilmədiyini əsas gətirərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki, cavabdeh inzibati orqanın hazırda qüvvədə olan qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan da göründüyü kimi, cavabdeh inzibati orqan iddiaçının hüquqlarına müdaxilə edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda təhsil aldığı illər və 28.08.1984-cü ildən 03.06.1985-ci ilədək 5 saylı islah-əmək müəssisəsində əmək fəaliyyəti ilə məşğul olduğu illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə 05.07.1978-ci il tarixli, qeydiyyat nömrəsi 034232 nömrəli diplomu, 03.06.1985-ci il tarixli, 094962 nömrəli arayışı və məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 01 iyun 2020-ci il tarixli, 17/13-6567 saylı məktubunu iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda əyani təhsil aldığı müddət və 28.08.1984-03.06.1985-ci illərdə 5 saylı islah əmək müəssisəsində olduğu müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı 19.01.2017-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1976-1978-ci illərdə Bakı Plan Uçot Texnikomunda əyani təhsil aldığı illər və 28.08.1984-03.06.1985-ci illərdə 5 saylı islah əmək müəssisəsində əmək fəaliyyəti ilə məşğul olduğu illər sosial sığorta stajı kimi nəzərə alınaraq 19.01.2017-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq həmin tarixdən yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət x5 Cəlilabad rayon şöbəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar