Məhkəmə qərarları › İş №2-1(120)-522/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-522/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-522/2024 16.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X7 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-522/2024 nömrəli qərarı ilə iddia tələbinə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İşdə olan X11 Filialının xx.xx.2019-cu il tarixli, 30 nömrəli arayışından görünür ki, X15 avadanlıqların komplektləşdirmə bazasının 1980-1984-cü illərə aid əmək haqqı hesablaşma cədvəlləri, 1987-1988-ci illərə aid ixtisaslaşdırılmış səyyar mexanikləşdirmə dəstəsinin sənədləri, Əli Bayramlı ŞİÇ (QORPO) müəssisəsinin 1989-1990-cı illərin sənədləri, Əli X19lar stansiyasının 1990-cı illərin sənədləri, Əli Bayramlı xüsusi enerji idarəsinin 1990-1993-cü illərin sənədləri, Əli Bayramlı xüsusi enerji mühafizə idarəsinin 1993-1997-ci illərə aid sənədləri, “X4” müəssisəsinin 1997-2001-ci illərin əmrlər kitabı X16 filialına təhvil verilməyib. Filialda mühafizə olunan X15 Avadanlıqların Komplektləşdirmə bazasının 1980-1984, 1986-1987-ci illərin əmrlər kitabından çıxarışı, “Azərenerji istilik enerji izolyasiya” müəssisəsinin1997-2001-ci illərə aid əmək haqqı hesablama cədvəlləri təqdim olunmuşdur. İşdə olan X12 filialının xx.xx.2019-cu il tarixli, 26 nömrəli və xx.xx.2023-cü il tarixli, 80 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə 102 nömrəli əmr ilə Salyan rayon Maşın Ekskavator stansiyasının (MES) və MEŞƏ Meliorativ stansiyasına fəhlə işinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə 16 nömrəli əmr əsasında işdən azad olunmuş, həmçinin əmək haqqı cədvəlləri arayışa əlavə olunmuşdur. İşdə olan Dövlət Neft Şirkəti “X14 Tresti”-nin xx.xx.2019-cu il tarixli, SOCAR **********080020115X00034 nömrəli və xx.xx.2023-cü il tarixli, 14-2-15/2-196/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixli, 106 nömrəli əmr əsasında X3 İdarəsinə avtomobillərin təmiri üzrə 2-ci dərəcəli çilingər işinə qəbul olunmuş, hərbi xidmətə getdiyi üçün xx.xx.1978-ci il tarixdən işdən azad olunmuşdur. İşdə olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-xx.xx.1980-ci illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan İddiaçı müraciət ərizəsindən, xəbərnamədən və poçt qəbzindən, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edilmiş, həmçinin müraciətinə şəxsiyyət vəsiqəsinin surətini, Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətini, hərbi biletin notarial qaydada təsdiq olunmuş surətini, Salyan rayon dövlət arxivinin 24 yanvar 2019-cu il tarixli, 26 nömrəli arxiv arayışını, X11 filialının 30 yanvar 2019-cu il tarixli, 30 nömrəli məktubunu və ona əlavə olunmuş sənədləri, Socar X14 trestinin xx.xx.2019-cu il tarixli, SOCAR**********80020115X00034 nömrəli arxiv arayışını əlavə etmiş, onun ərizəsi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında xx.xx.2022-ci il tarixdə rəsmi olaraq qeydə alınmış, lakin sənədlərin əslinin təqdim olunmaması əsas gətirilərək sənədləri geri qaytarılmışdır. İşdə olan xx.xx.1975-ci il tarixli əmək kitabçasının və onun tərcüməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə müxtəlif müəssisələrdə işləmiş və xx.xx.1998-ci il tarixdə sonuncu iş yerində işdən azad edilmişdir. İşdə olan X11 Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2- 125/2023 nömrəli məktubundan görünür ki, Filialda mühafizə olunan X15 Avadanlıqların Komplektləşdirmə bazasının 1980-1984, 1986-1987-ci illərin əmrlərin, “Azərenerjienerjiizolyasiya” (X20 mühafizə sahəsi) müəssisəsinin 1997-2001-ci illərə aid əmək haqqı cədvəllərindən (seçmə üsulla) vətəndaşın adına aşkarlanan cədvəllərin müvafiq qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 yanvar 2024-cü il tarixli, 3- 17-1/2-5539/2024 nömrəli məkubu ilə İddiaçı müraciəti əsasında başlanılmış inzibati icraat materialları məhkəmə təqdim olunmuş, həmçinin həmin sənədlərə məhkəmə tərəfindən baxış keçirərkən məlum olmuşdur ki, İddiaçı tərəfindən müraciət olunarkən sənədlərin notarial qaydada təsdiq olunmuş surəti təqdim olunmuşdur. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1959-cu ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin sənədlərin əslinin təqdim edilməməsi əsas gətirilərək, müraciətindən imtina olunmuşdur. O, xx.xx.1975-ci ildə X3 İdarəsinə 2-ci dərəcli avtoçilingər işinə qəbul olunmuşdur. xx.xx.1978-ci ildə hərbi xidmətə gedəcəyi üçün həmin idarədən işdən çıxmışdır. xx.xx.1978-xx.xx.1980-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildə X1 fəhlə işinə qəbul olunmuş, xx.xx.1984-cü ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1984-cü ildə Salyan 2 nömrəli Səyyar Mexanikiləşdirilmiş dəstədə 1-ci dərəcəli fəhlə işinə qəbul olunmuş, xx.xx.1986-cı ildə ixtisara düşdüyünə görə işdən çıxmışdır. xx.xx.1986-cı ildə Tikinti Quraşdırma İdarəsinə 4cü dərəcəli suvaqçı işinə qəbul olunmuş, xx.xx.1986-cı ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1986-cı ildə “Baqanskol” Təmir Təşkilatı Birliyinə 4-cü dərəcəli suvaqçı işinə qəbul olunmuş, xx.xx.1986-cı ildə işdən çıxmışdır. xx.xx.1986-cı ildə X1 fəhlə işinə qəbul olunmuş, xx.xx.1987-ci ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1987-ci ildə Xüsusi Səyyar Mexanikləşdirilmiş Dəstəyə 5-ci dərəcəli suvaqçı işinə daxil olmuş, xx.xx.1988-ci ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1988-ci ildə Təmir-Tikinti İdarəsi Sənaye Müəssisəsinə 2-ci dərəcəli fəhlə qəbul olunmuşdur. xx.xx.1988-ci ildən 4-cü dərəcəli bənna (zərərli iş stajı), xx.xx.1989-cu ildən 5-ci dərəcəli bənna (zərərli iş stajı), xx.xx.1989-cu ildə isə həmin idarədən işdən çıxmışdır. xx.xx.1989-cu ildə Əli- Bayramlı şəhər İstehlak Cəmiyyətinə 5-ci dərəcəli Bənna (zərərli iş stajı) işinə qəbul olunmuşdur. xx.xx.1990-cı ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1990-cı ildə X10 Stansiyalarının təmiri zavodunda tikinti və təmir sahəsinə 4-cü dərəcəli suvaqçı qəbul olunmuş, xx.xx.1990-cı ildə enerji mexaniki şöbəsinə 4-cü dərəcəli qazanqurğusu üzrə maşinist keçirilmiş, xx.xx.1990-cı ildə isə həmin idarədən işdən çıxmışdır. xx.xx.1990-cı ildə “Xüsusi Enerji” idarəsinə 3-cü dərəcəli rəngsaz (zərərli iş stajı) işinə qəbul olunmuş, xx.xx.1990-cı ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1990-cı ildə Cənub Xüsusi Enerji Tikinti İdarəsində 3-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işinə qəbul olunmuş, xx.xx.1993-cü ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1993cü ildə Xüsusi Enerji Mühafizə Tikinti müəssisəsində 3-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işinə qəbul olunmuşdur. xx.xx.1997-ci ildə həmin idarədən işdən çıxmışdır. xx.xx.1997-ci ildə X4 X8-Bayramlı sahəsinə anti-korroziya sexinə 3-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işinə qəbul olunmuş, xx.xx.1997-ci ildə 4-cü dərəcəli izolyasiyaçı (zərərli iş stajı), xx.xx.1998-ci ildə 5-ci dərəcəli izolyasiyaçı (zərərli iş stajı) işləmiş, xx.xx.2001-ci ildə həmin idarədən işdən çıxmışdır. İddiaçının xx.xx.2016-cı il tarixdə 57 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasına baxmayaraq ona cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvələ, xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması və yaxud düzgün doldurulmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının əmək kitabçası mövcud olması, işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasının mövcud olması notariat qaydada təsdiqləndiyi halda bunu sübut edir ki, iddiaçının əmək kitabçasının mövcud olması, qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almışdır. Məhkəmə bildirir ki, iddiaçının işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətini mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının əslinin tələb etməsinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının işləməsi onun əmək kitabçasının notariat qaydada təsdiqlənmiş surətində qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İşin mübahisələndirilməyən halı odur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çox, zərərli iş stajı 12 il 6 aydan çoxdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən iş stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Аzərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahı əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı»da bənna və izolyasiyaçı vəzifəsi həmin siyahının 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, həmçinin 29-cu bölmənin a) yarımbəndində izolyasiyaçılar adı altında, rəngsaz vəzifəsi isə 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətində əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, onun əmək kitabçası mötəbər hesab olunur, həmçinin işlədiyi bənna və izolyasiyaçı vəzifəsi həmin siyahının 29-cu bölməsində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) a) yarımbəndində bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, həmçinin 29-cu bölmənin a) yarımbəndində izolyasiyaçılar adı altında, rəngsaz vəzifəsi isə 35-ci bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşə kimi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması, həmçinin işlədiyi vəzifəsinin güzəştli iş stajı olması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı pensiya hüququ 57 yaşdan yaranmasına baxmayaraq, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının cavabdeh inzibati orqana müraciət etdiyi xx.xx.2022-ci il tarixdən üç əvvəlki dövr üçün, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçının ümumi və güzəştli iş stajı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının müraciət etdiyi tarixdən üç il əvvəlki tarixə, yəni xx.xx.2019-cu il tarixdən təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar