Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-522/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarında müvafiq dəyişiklik edilərək xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır” kimi qeyd edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “592 nömrəli, xx.xx.2017-ci il tarixli qərarda dəyişiklik edilərək dalağının çıxarılması barədə qeydin edilməsi və xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-nin 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçının və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 592 nömrəli, xx.xx.2017-ci il tarixli qərarında müvafiq dəyişiklik edilərək xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” qeyd edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, 2-1(120)-4239/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarında müvafiq dəyişiklik edilərək xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır” kimi qeyd edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində müddətli həqiqi hərbi xidmat keçmişdir. N nömrəli hərbi hissədə xidmət keçərkən xx.xx.1996-cı il tarixdə (döyüş postunda növbədə olarkən) düşmən tərəfindən atılan atəş nəticəsində yaralanmış, "Qarın nahiyyəsinin dəlib-keçən odlu silah yarası" və "12-ci qabırğanın sınığı" xəsarəti almışdır. Xidmət keçərkən yaralanmağı haqqında ona N nömrəli, hərbi hissə tərəfindən N nömrəli, xx.xx.2023-cü il tarixli arayış verilmişdir. Həmin arayışda aldığı xəsarətin döyüş tapşırığının yerinə yetirilməsi zamanı aldığı göstərilmişdir. Yaralanma nəticəsində onun dalağı çıxarılmışdır. Lakin dalağının çıxarılması onun tibb sənədlərində (çıxarış epikrizində, Müdafiə Nazirliyinin Baş X4 Tibb Arxivindən verilən arayışdan və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ona verdiyi 592 nömrəli, xx.xx.2017-ci il tarixli qərarında) öz əksini tapmamışdır. Dalağının çıxarılmasının təsdiqlənməsi və bunun səbəb əlaqəsinin müəyyən olunması üçün o Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırılması üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin göndərişi əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində müayinə olunmuşdur. Müayinənin nəticələrinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 16/210 nömrəli akt tərtib olunmuşdur. Həmin aktın rəy hissəsində onun qarın boşluğunda dalağın olmaması qeyd edilmişdir. Lakin buna baxamayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası onun dalağının çıxarılması faktının müəyyən edilməsi və bu barədə qeydin özünün əvvəllər iddiaçıya verdiyi 592 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əlavə etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, 1646 nömrəli imtina cavabı vermişdir. Hesab edir ki, onun xx.xx.1996-cı il tarixdə yaralanma nəticəsində dalağının çıxarılması barədə müvafiq qeyd Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasın 592 nömrəli, xx.xx.2017-ci il tarixdə qeyd edilməli və bunun səbəb əlaqəsi isə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” ifadəsi göstərilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 2233 nömrəli, xx.xx.2023-cü il tarixli iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində MN MHHK-nın ona məxsus xx.xx.2017-ci il tarixli, 592 nömrəli səbəb əlaqəsi haqqında qərarında göstərilən xəsarətinin səbəb əlaqəsinin dəyişdirilərək "Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı Alınmışdır" kimi təyin edilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının (MN MHHK) üzərinə qoyulmasını xahiş etmişdir. Aşağıdakılara görə iddianı tamamilə asassız və qanunsuz hesab edirlər. 1995-ci ildə Biləsuvar RHK-ğı tərəfindən hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı hərbi xidmət keçərkən düşmən tərəfindən açılan atəş nəticəsində xx.xx.1996-cı ildə aldığı və xx.xx.1996-cı ildən xx.xx.1996-cı ilədək N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu "Qarnın sol yan divarının dəlib keçən güllə yarası. Xİİ qabırğanın sınığı" diaqnozuna əsasən, Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2-ci maddəsinin "c" yarımbəndinə və 7.3-cü bəndinin tələblərinə əsasən hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (xidməti vəzifələri) Yerinə yetirərkən Alınmışdır" kimi təyin edilmişdir. MN MHHK tərəfindən İddiaçı olan yaralanmanın səbəb əlaqəsi təyin edilərkən "Əsasnamə"nin 7.3-cü məddəsinin tələbinə əsasən N nömrəli hərbi hissə komandirinin verdiyi xx.xx.1996cı il tarixli travma haqqında arayış əsas kimi qəbul edilmişdir. Həmin arayışda İddiaçı xəsarəti döyüş tapşırığını yerinə yetirərkən deyil, hərbi xidməti yerinə yetirən zaman aldığı göstərilmişdir. İddiaçı komissiyaya təqdim etdiyi N nömrəli travma haqqında arayış isə Azərbaycan Respublikası Müdafiə Nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində “Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimat”ın 197-ci maddəsinin tələblərinə zidd olaraq verilmişdir. Belə ki, Təlimatın həmin maddəsinin tələbinə əsasən travma haqqında arayış travmanın alınması anından 3 aydan gec olmayaraq tərtib edilməlidir. Buna görə də həmin travma haqqında arayış əsas kimi qəbul edilməmişdir. Bundan başqa İddiaçı iddia ərizəsində həmin yaralanma zamanı dalağının çıxarıldığını, lakin bu faktın MN MHHK-nın qararında öz əksini tapmadığını və bununla əlaqədar Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 verdiyi xx.xx.2023-cü il tarixli 16/210 nömrəli müayinə aktını komissiyaya təqdim etməsinə baxmayaraq, dalağınğn olmaması barədə qeydin qərarda göstərilmədiyini bildirmişdir. Bununla əlaqədar bildirir ki, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 16/210 nömrəli müayinə aktında İddiaçı dalağının nə vaxt çıxarılması göstərilməmişdir. Həmçinin, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 1039 nömrəli arayışda qeyd edilən diaqnozdada İddiaçı dalağının çıxarılması göstərilməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində xx.xx.2017-ci il tarixli 592 nömrəli səbəb əlaqəsi haqqqında qərarında dalağın çıxarılmasını qeyd etmek mümkün olmamışdır. İddiaçı aldığı xəsarətin səbəb əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı Alınmışdır” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd edilən öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Belə ki, xəsarət, travma, xəstəlik, əlillik və bunların arasındakı səbəb-əlaqə məsələləri hüquq deyil, sırf tibbi kateqoriyalardır və tibbi meyarlarla müəyyən edilir. Hesab edirlər ki, idaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir hüquqi əsası yoxdur və bu səbəbdəndə məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. İddiaçıya və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 592 nömrəli, xx.xx.2017-ci il tarixli qərarında müvafiq dəyişiklik edilərək xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” kimi qeyd edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Müdafiə Fondunun məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli, 3-17-4/2-10909/2025 nömrəli məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti Biləsuvar rayon Mərkəzi Xəstəxanasının 0234003AAG6U nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair “Əlillik” altsistemində göndəriş və məlumat aşkar edilməmişdir. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Beləliklə iddia ərizəsininin məzmunundan və iş materiallarında olan sənədlərdən göründüyü kimi, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli 16/210 nömrəli müayinə aktında İddiaçı dalağının nə vaxt çıxarılması göstərilməmişdir. Həmçinin, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 1039 nömrəli arayışda qeyd edilən diaqnozdada İddiaçı dalağının çıxarılması göstərilməmişdir. Bu səbəbdən də Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının İddiaçı barəsində xx.xx.2017-ci il tarixli 592 nömrəli səbəb əlaqəsi haqqqında qərarında dalağın çıxarılmasını qeyd etmək mümkün olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Müdafiə Fondunun məhkəməyə göndərdiyi xx.xx.2025-ci il tarixli, 3-17-4/2-10909/2025 nömrəli məktuba əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti Biləsuvar rayon Mərkəzi Xəstəxanasının 0234003AAG6U nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olmaması barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə vətəndaşa dair “Əlillik” altsistemində göndəriş və məlumat aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarından məlumalı olmuş, həmin qərar əsasında Biləsuvar rayon Mərkəzi Xəstəxanasının 0234003AAG6U nömrəli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarında müvafiq dəyişiklik edilərək xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır” kimi qeyd edilməsi” barədə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı iddia ərizəsi ilə məhkəmədə mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 5 (beş) il, 2 (iki) aydan artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göründüyü kimi, hazırki işdə iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarından məlumatı olmuş, lakin qanunvericilikdə nəzərədə tutulmuş müddətlərdə məhkəmədə iddia qaldırmamışdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək izah olunmuşdur ki, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayət dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxdan 30 gün müddətində qaldırıla bilər. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarının sizə məlum olmasına və ya müddətin ötürülməsinin üzürlü hesab edilməsinə dair sübutların məhkəməyə təqdim edilməsi izah olunmuşdur. Beləliklə iddiaçıya məhkəmə tərəfindən mübahisələndirilən qərarın iddiaçıya məlum olmasını və müddətin ötürülməsini üzürlü hesab edilməsi üçün sübutların təqdim olunması təklif olunsa da, qeyd olunan hallar iddiaçı tərəfindən aradan qaldırılmamışdır. Hazırkı iş üzrə mübahisə predmetini iddiaçının xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır” kimi qeyd edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarında müvafiq dəyişiklik edilməsi təkil edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir: “qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 592 nömrəli qərarında müvafiq dəyişiklik edilərək xx.xx.1996-cı il tarixdə aldığı xəsarətin səbəbli əlaqəsinin “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı almışdır kimi qeyd edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-522/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-522/2025
16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver