Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-526/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı faktiki vəziyyətə uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək “Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı faktiki vəziyyətə uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhəri keçmiş Baloğlan Abbasov, indiki Fikrət Məmmədov küçəsində yerləşən ümumi sahəsi 36.5 k.vm olan fərdi yaşayış evi 6952 nömrəli inventarla 5 nömrəli reyestr kitabının 28-ci səhifəsində qeydə alınmaqla 22 aprel 1999-cu il tarixdə iddiaçının mülkiyyətinə verilmiş və bu barədə ona 5/2104a nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X1 ilə ailə həyatı qurmuş və birgə nikahlarından üç övladı anadan olmuşdur. Həmin vaxt uşaqlar kiçik olduqlarından həmin kvadratı az olan evdə birtəhər yaşayırdılar. Ancaq tədricən uşaqlar böyüdükdən, yəni iki qızını və bir oğlu artıq böyüdüklərindən və ayrı-ayrı otaqlara ehtiyac olduğundan yaşadığı evdə darısqallıq yarandığı üçün özümə məxsus olan həyətdən evə artırmalar etmək zərurəti yaranmışdır. Başqa yerdə də ev almağa heç bir imkanı yox idi. Ona görə də müvafiq icazə alınmasından ötrü bir neçə dəfə şifahi olaraq evinin yaxınlığında yerləşən şəhər icra hakimiyyətinə müraciət etmiş, müraciətində ona rəsmi icazə verilməsini istəsə də rəsmi icazə verilməsə də həmin artırmaların ediləsinə etirazlarının da olmadığını, daha sonradan icazə verilə biləcəyini ona deyərək bu barədə şifahi olaraq ona bildirilmişdir. Bundan sonra 2002-2003-cü illərdə həmin evə müvafiq artırmalar etməklə yaşayış üçün şərait yaratmış və həmin artırmalara görə nə qonşuları, nə də hər hansı dövlət orqanı tərəfindən etiraz edilməmişdir. Həmin artırmalar heç kimin mənafeyinə də toxunmamış, heç kimə maneçilik törətməmişdir. Belə ki, digər qonşular da öz evlərinə müəyyən artırmalar etmişlər. Daha sonra həmin artırmaların rəsmiləşdirilməsindən ötrü dəfələrlə DƏDRX-nin Lənkəran şəhəri üzrə Dövlət xidmətinə gedərək evin sənədləşdirilməsini xahiş etsə də bu barədə müraciətləri cavabsız qalmışdır. Nəhayət 2022-cı ilin noyabr ayında nümayəndə vasitəsi ilə həmin yaşayış evinin sənədləşdirilməsi və DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə rəsmi qaydada müraciət etmiş və oradan onun müraciətinə imtina cavabı verilmişdir. DƏDRX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı ərazi idarəsi nümayəndəsinə 19 dekabr 2022-ci il tarixli **********03 saylı bildiriş göndərməklə imtinanın əsası kimi guya qeydiyyat vəsiqəsinin əslinin idarəyə təqdim edilməməsi eləcə də həmin əlavə tikililərə müvafiq icazənin olmaması göstərilmişdir. Halbuki müraciət edən zaman mənzilin qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmiş və həmin tikililərə münasibətdə isə tikililərin hər hansı fiziki və hüquqi şəxsin hüqularının pozulması və hər hansı şəxsə hər hansı maneə yaratması faktı da müəyyən edilməmişdir. Konkret olaraq cavabdehə bu barədə müraciət edilməsinə baxmayaraq onun məzilimə hüquqmüəyyənedici sənədin verilməsi təmin edilməmiş və hazırda həmin mənzilə Hüquqların Dövlət Reyestrindən çıxarışın verilməsi təmin edilməmişdir. Həmin sənədi yalnız cavabdeh qurum verdiyindən və hazirda həmin qurum sənədləşməni aparmaqdan imtina etdiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, sözü gedən ünvanda yerləşən mənzilə dair müvafiq qeydiyyatın aparılması barədə hazırki iş üzrə İddiaçı etibarlı nümayəndəsinin (Vəkil) 2022-ci il 08 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında təqdim etdiyi sənədlər 10 saylı Lənkəran Ərazi İdarəsində icraata qəbul edilmiş və daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Həmin ərəfədə icraatda olan sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən ünvanda yerləşən mənzilə dair Ərazi idarəsinə təqdim edilmiş hüquqmüəyyənedici sənəd üzrə məlumatlarla faktiki yerində olan vəziyyət arasında müvafiq uyğunsuzluqlar mövcuddur. İcraatda olan sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən mənzilə dair hüquqmüəyyənedici sənəd olaraq xx.xx.1999-cu il tarixli №-5/2104A nömrəli “Qeydiyyat Vəsiqəsi”nin əsli qeydiyyat orqanına təqdim olunmamış, habelə yuxarıda barəsində qeyd olunan sənəd üzrə göstərilənlərdən əlavə icazəsiz tikinti inşa edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənzil sahəsinə müdaxilə edilməsinə icazə verilmir. Xidmət orqanı olaraq bildiririk ki, həmin mənzil sahəsinə müdaxilə edilməklə əlavə tikintilər aparıldığı səbəbdən, hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsinin icraatda olan 2022-ci il 08 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizin icrası təmin olunmamış və onun ünvanına xx.xx.2022-ci il tarixli, **********03 qeydiyyat nömrəli “İmtina” bildirişi göndərilmişdir. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunan səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin dövrdə sözü gedən ünvanda yerləşən mənzilə dair yaranmış hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Qeyd olunan səbəblərdən həmin mənzilə dair hazırki iş üzrə iddiaçının adına əlavə tikililər də daxil olmaqla müvafiq qeydiyyatın aparılmasına dair hazırki iddia tələbinin təmin olunmasına qanunvericiliyin tələbinə uyğun olaraq etiraz edirlər, eyni zamanda iddia tələbi ilə bağlı qanunamüvafiq qərar qəbul etməyini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin keçmiş iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazını bildirərək tələbin təmin edilməməsini xahiş etmişdir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lənkəran rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı faktiki vəziyyətə uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Lənkəran rayon X2 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin xx.xx.1999-cu il tarixli, 5/2104a nömrəli Qeydiyyat Vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, B.Abbasov küçəsində yerləşən bir mərtəbəli, bir otaqlı, ümumi sahəsi 36,5 kv.m, yaşayış sahəsi 19,7 kv.m ibarət olan 15/3 nömrəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında İHB-nin 01 nömrəli DHK- 3M-46 nömrəli, xx.xx.1999-cu il tarixli sərəncamı əsasında vətəndaş X3 adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçıya ünvanladı xx.xx.2022-ci il tarixli, **********03 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən, Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli №5/2104A nömrəli “Qeydiyyat Vəsiqəsi” əsasında etibarlı nümayəndəsi olduğunuz şəxsə (Tahirov-İddiaçı) məxsus mənzilə dair tərəfinizdən aparılmış əlavə tikililər də daxil olmaqla yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, sözü gedən ünvanda yerləşən mənzilə dair Ərazi idarəsinə təqdim etdiyiniz sənədlərlə faktiki vəziyyət arasında müvafiq uyğunsuzluqlar mövcuddur. İcraatda olan sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən mənzilə dair ilkin sənəd olaraq xx.xx.1999-cu il tarixli №5/2104A nömrəli “Qeydiyyat Vəsiqəsi”nin əsli tərəfinizdən təqdim olunmamış, habelə yuxarıda barəsində qeyd olunan hüquqmüəyyənedici sənəddə göstərilənlərdən əlavə etibarlı nümayəndəsi olduğu şəxs tərəfindən icazəsiz tikililər inşa edilmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən mənzil sahəsinə müdaxilə edilməsinə icazə verilmir. Xidmət orqanı olaraq bildiririk ki, həmin mənzil sahəsinə müdaxilə edilməklə əlavə tikintilər aparıldığı səbəbindən, hazırki ərizənizin icrası təmin olunmamışdır. Belə ki, 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq, təqdim olunmuş sənədlər üzrə tərəfinizdən aparılmış əlavə tikililərə münasibətdə yaranmış hüquqlara dair vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanuna müvafiq hesab edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2- 425/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Ərazi İdarəsinə müraciətinin (ərizəsinin), habelə həmin müraciətlə bağlı inzibati icraat materiallarının və hüquqmüəyyənedici sənəd olaraq xx.xx.1999-cu il tarixli, 5/2104A qeydiyyat nömrəli “Qeydiyyat Vəsiqəsi”nin təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə” aidiyyəti hissədə icrası barədə hazırki müraciətinizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bildiririk ki, mübahisələndirilən mənzilə dair texniki pasportun və müvafiq “Çıxarış”ın verilməsi proseduru ilə əlaqədar hazırki iş üzrə iddiaçının etibarlı nümayəndəsi (Vəkil) tərəfindən bir halda olmaqla 10 saylı Lənkəran Ərazi idarəsinə ünvanlanmış 08 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətin və həmin müraciətdən (imtinaya tam əsas olduğundan inzibati icraat aparılmamışdır) imtina edilməsi barədə cavab bildirişin, habelə xx.xx.1999-cu il tarixli, 5/2104A qeydiyyat nömrəli “Qeydiyyat Vəsiqəsi”nin və onun verilməsinə əsas olmuş ilkin sənədlərin təsdiqlənmiş surəti baxılmasından ötrü təqdim olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının aparatının məhkəməyə ünvaladığı xx.xx.2023-cü il tarixli, 5-2-8/2-728/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə bağlı İddiaçı adına verilmiş 22 aprel 1999-cu il tarixdə Lənkəran şəhəri keçmiş Baloğlan Abbasov, indiki Fikrət Məmmədov küçəsində yerləşən ümumi sahəsi 36.5 kv.m olan fərdi yaşayış (evinə) mənzilin və mənzilə edilmiş əlavələrlə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının və əsas olan sənədlərin (icazə, isitismar aktı, razılıq və s.), iddiaçının həmin mənzilə istifadə hüuqunun mövcud olub-olmaması barədə hər hansı sənədin təsdiq edilmiş surətlərinin Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi ilə bağlı bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədlərin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Sözü gedən sənədlərin əldə edilməsi üçün X8 Filialına sorğu göndərməyiniz məqsədəmüvafiq hesab edilir. Eyni zamanda bildiririk ki, İddiaçı tərəfindən son 5 il müddətində şəhər İcra hakimiyyətinə heç bir müraciət daxıl olmamışdır. İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının aparatının məhkəməyə ünvaladığı xx.xx.2023-cü il tarixli, 5-2-8/2-867/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işlə bağlı İddiaçı adına verilmiş 22 aprel 1999-cu il tarixdə Lənkəran şəhəri keçmiş Baloğlan Abbasov, indiki Fikrət Məmmədov küçəsində yerləşən ümumi sahəsi 36.5 kv.m olan fərdi yaşayış (evinə) mənzilin və mənzilə edilmiş əlavələrlə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sərəncamının və əsas olan sənədlərin (icazə, isitismar aktı, razılıq və s.), iddiaçının həmin mənzilə istifadə hüququnun mövcud olub-olmaması barədə hər hansı sənədin təsdiq edilmiş surətlərinin Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli məktubun cavablanmaması barədə 25 iyun 2023-cü il tarixli 2-1(120)-2053/2023 nömrəli məktubunuzla bağlı bildiririk ki, sizin 02 may 2023-cü il tarixli 2-1(120)-2053/2023 nömrəli məktubunuz 05 iyun 2023-cü il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinə daxil olmuş və tərəfimizdən 14 iyun 2023-cü il tarixli 5-2- 8/2-728/2023 nömrəli məktubla cavablandırılmışdır. Müraciətlə bağlı bir daha qeyd edirik ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilənİddiaçı adına verilmiş 22 aprel 1999-cu il tarixdə ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 36.5 kv.m olan fərdi yaşayış (evinə) mənzilinin sənədlərinin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətini keçdiyi üçün məlumatların təqdim edilməsi imkan xaricindədir. Sözü gedən sənədlərin əldə edilməsi üçün X8 Filialına sorğu göndərməyiniz məqsədəmüvafiq hesab edilir. Eyni zamanda bildiririk ki, ünvan 8 ünvanda yerləşən ümumi sahəsi 36.5 kv.m olan fərdi yaşayış (evinə) mənzilinə edilmiş əlavələrə iddiaçının istifadə hüququnun mövcudluğu ilə bağlı şəhər İcra hakimiyyətində heç bir hüquqi müəyyənedici sənəd aşkarlanmamış və həmçinin İddiaçı tərəfindən son 5 il müddətində şəhər İcra hakimiyyətinə heç bir müraciət daxil olmamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1809 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin təyinatı üzrə mənzil olması (yaşayış sahəsi), bir mərtəbəli olmaqla kərpic və mişar daşından inşa edilməsi, həmin mənzilin sahəsi 19,7m2 və 16,8m2 olan otaqlarının texniki pasporta uyğun olması digər tikililərinin texniki pasportda qeyd olunmayan əlavə tikililər olması, mənzilin faktiki vəziyyətdə sanitar və texniki cəhətdən yaşayış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Qərardadın ikinci və beşinci sualları üzrə: Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin faktiki vəziyyəti ilə texniki pasport arasında uyğunsuzluq vardır. Belə ki, həmin mənzilin sahəsi 19,7m2 və 16,8m2 olan otaqlarının texniki pasportda nəzərdə tutulsa da digər tikililərinin texniki pasportda nəzərdə tutulmayan əlavə tikililər olması müəyyən edilmişdir. Əlavə tikililərlə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin faktiki vəziyyətini əks etdirən sxem rəyin tədqiqat hissəsində göstərilmişdir. Faktiki vəziyyətdə mənzilin iddiaçının istifadəsində olduğu, təyinatı üzrə yaşayış sahəsi kimi istifadə edilməməsi müəyyən edilmişdir. Qərardadın altıncı sualı üzrə: Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin təyinatı üzrə mənzil olması (yaşayış sahəsi) və faktiki vəziyyətdə sanitar və texniki cəhətdən yaşayış üçün yararlı vəziyyətdə olduğu müəyyən edilmişdir. Mənzilin digər tikililərdən təcrid şəkildə ayrı olmasını, giriş-çıxışının ümumi istifadəədə olan sahəyə açılmasını nəzərə aldıqda həmin mənzilin başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Mənzilin insanların həyatı və sağlamlığı üçün təhlükə törədib-törətməməsi, eləcə də üçüncü şəxslərin hüquqlarını pozub-pozmaması məsələsinin müəyyən edilməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetindən kənar olmaqla hüquqi xarakterli məsələdir. İşdə olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 12-5/930 nömrəli məktubundan görünür ki, Lənkəran şəhəri keçmiş Baloğ'atı Abbasov indiki Fikrət Məmmədov küçəsində yerləşən ümumi sahəsi 36.5k.vm olan fərdi yaşayış evi 6952 nömrəli invertarla 5 nömrəli reyestr kitabının 28-ci səhifəsində qeydə alınmaqla 22 aprel 1999-cü il tarixdə İddiaçı mülkiyyətinə verilmiş və bu barədə om 5/2104A nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı ailə üzvlərinin və eləcəm qonşularının bildirdiyinə görə ailə üzvləri çox olduğuna görə və evdə darısqallıq yarandığından evə artımalar etmək zərurəti yaranmış və evin mülkiyyətçisi özünə məxsus olan həyətdən evinə müəyyən artımalar etmək üçün müvafiq icazə alınmasından ötrü bır neçə dəfə şıfahı olaraq Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə rəsmi cavab verilməsədə həmin artımaların edilməsinə etirazlarının da olmadığını, daha sonradan icazə verilə biləcəyi deyilərək bu barədə şifahi olaraq ona bildirilmişdir. İddiaçı 2002-2003-cü illərdə həmin evə müvafiq artırmalar etməklə yaşayış üçün şərait yaratmış və həmin artırmalara görə nə qonşuları nə də nə hansı dövlət orqanı tərəfindən etiraz edilməmişdir. Apardığı araşdırmalar nəticəsincə sözügedən mənzilə edilmiş əlavə tikililərə münasibətdə hər hansı fiziki və hüquqi şəxs ı hüquqlarının pozulması və hər hansı şəxsə hansısa maneə yaratması faktı da müəyyəı edilməmiş, həmin artırmalar heç kimin mənafeyinə toxunmamışdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X7 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X9rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsi) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/1809 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Ekspert rəyinə əsasən mənzilin bir mərtəbəli yaşayış binasında yerləşməsi, ümumi sahəsinin 95,3 kv.m olduğu, faktiki vəziyyətdə sanitar və texniki cəhətdən yaşayış üçün yararlı vəziyyətdə olduğu, iddiaçının istifadəsində olduğu, həmin mənzilin başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Yaşayış sahəsinin fotoşəkilləri rəyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraat apardığı zaman yaşayış sahəsinin birmərtəbəli olduğunu nəzərə almamışdır. Belə ki, imtina ərizəsində mənzil sahəsinə müdaxilə edilməsinin qanunsuz olduğunu qeyd etsə də, həmin yaşayış sahəsinin hər hansı bir çoxmərtəbəli bina sahəsində deyildə ayrıca fərdi qaydada yerləşdiyini, giriş-çıxış yolunun ayrı olduğunu, heç bir maneələr yaratmadığını, tikilinin yeni tikili olmadığını nəzərə almalı idi. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə daşınmaz əmlaka hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı faktiki vəziyyətə uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının vəkili iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Lənkəran X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 5/2104A nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzillə bağlı faktiki vəziyyətə uyğun xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-526/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-526/2024
11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver