Məhkəmə qərarları › İş №2-1(120)-528/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-528/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-528/2022 18.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2na qarşı «işlədiyi illər nəzərə alınmaqla ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 18 may 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 7 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayonu Şiyəkəran “26 Bakı Komissarı” sovxozunda işlədiyi 02.01.1984-29.09.1986-cı il illər, 24.02.1988-05.05.1989cu illər və 09.09.1989-12.09.1994-cü illər üzrə müddətin iş stajı kimi nəzərə alınması və ona əlilliyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 7 saylı Regional Ərazi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 7 saylı Regional Ərazi filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınmaqla ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 7 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixdə Astara rayonu, Şiyəkəran kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-cü ilin yanvar ayından başlamışdır. Belə ki, 02 yanvar 1984-cü il tarixdə 01 saylı əmrlə Astara rayonu, sabiq Şiyəkəran “26 Bakı Komissarı” adına sovxoza fəhlə qəbul olunmuşdur. 29.09.1986ci il tarixdə 607 saylı əmrlə işdən azad edilmişdir. Yenidən 24.02.1988-ci il tarixli, 131 saylı əmrlə Astara rayonu, Şiyəkəran “26 Bakı Komissarı” adına sovxoza fəhlə qəbul edilmiş və 05.05.1989-cu il tarixli, 244 saylı əmrlə işdən azad edilmişdir. 09.09.1989-cu il tarixdə 457 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş və 12.09.1994-cü il tarixdə 273 nömrəli əmrlə işdən azad olunmuşdur. 02.09.2002-ci il tarixdə 45 saylı əmrlə Lənkəran şəhər 9 nömrəli körpələr evi-uşaq bağçasında xadimə-dayə vəzifəsinə qəbul edilmiş və hal-hazıra kimi həmin vəzifədə işləyir. Sonuncu iş yerində ona əmək kitabçası yazılmamışdır. Lakin, “26 Bakı Komissarı” adına sovxozda işlədiyi müddət əmək kitabçasında qeyd edilməmişdir. Bu da sovxozda kadr işlərinə baxan işçinin səhvi üzündən olmuş, ona əmək kitabçası yazmalı olduğu halda yazmamışdır. O, da bunun hüquqi əhəmiyyətini başa düşməyib, əmək kitabçasının yazılmasını tələb etməmişdir. Hazırda Astara rayonu, Şiyəkəran “26 Bakı Komissarı” sovxozu ləğv edilmiş və fəaliyyəti dayandırılmışdır. Bu uyğunsuzluğu məhz bu səbəbdən məhkəmədən kənar həll etmək mümkün deyildir. Beləliklə, Astara rayonu sabiq Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozda işlədiyi 02.01.1984-29.09.1986-ci illər; 24.02.1988-05.05.1989-cu illər və 09.09.1989-12.09.1994-cü illər üzrə işlədiyi müddət iş stajına daxil edilməlidir. Tərəfindən əlilliklə əlaqədar pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə X9 şəxsin 7 saylı Regional Ərazi filialına müraciət etmişdir. Qeyd etdiyi müddətlər əmək kitabçasında qeyd edilmədiyindən DSMF-nin 7 saylı Regional Ərazi Filialının pensiya təyin edən komissiyanın 04.10.2021-ci il tarixli, xxxxxxx0001 saylı qərarı ilə əlilliklə əlaqədar pensiya təyin edilməsindən imtina edilmişdir. İddia ərizəsinə əlavə etdiyi Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, 176 nömrəli və 03.06.2021-ci il tarixli, 176/1 saylı arxiv arayışları ilə təsdiq olunur ki, 02.01.1984- 29.09.1986; 24.02.1988-05.05.1989-cu illər və 09.09.1989-12.09.1994-cü il tarixlərdə Astara rayonu, Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozda işləyib əmək haqqı almışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - “DTSERX”) 21.02.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. Bundan sonra iddiaçı “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əlilliyə görə əmək pensiyasının təyin olunması üçün cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh isə ona pensiyanın təyin olunmasından imtina barədə qərar qəbul etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur. 1) 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərt eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in İİ qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq. Hesab edirlər ki, şəxsə pensiyanın təyin olunması üçün 12.1-ci maddənin hər iki şərti ödənmir. İddiaçı 02.09.2002-ci ildən-31.12.2005-ci ilədək Lənkəran şəhər 9 saylı uşaq bağçasında işlədiyi illər (3 il 3 ay 29 gün) əmək kitabçası ilə təsdiq olunur və cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Həmçinin iddiaçının 01.10.1986cı ildən-30.06.1988-ci ilədək Azərbaycan SSR X10 Təhsili Komitəsinin Lənkəran şəhər OTPM-də təhsil aldığı illər də (1 il 8 ay 29 gün) sosial sığorta stajına daxil edilir və ümumillikdə cavabdeh orqan tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 5 il 28 gün ( 3 il 3 ay 29 gün+1 il 8 ay 29 gün) təşkil edir. İddiaçı yuxarıda qeyd olunanlardan əlavə 02.01.1984-29.09.1986-cı illər, 24.02.1988-05.05.1989-cu illər və 09.09.1989- 12.09.1994-cü illər ərzində Astara rayon Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozda işlədiyini iddia edir. Qeyd olunan illər cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlərdir və əmək kitabçasında qeyd olmadığından həmin dövrlərin (ümumillikdə 8 il 11 ay 11 gün) pensiya hesablanmasında nəzərə alınması qanuna ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. Qeyd etmək lazımdır ki, iddiaçının 01.01.2006-cı il tarixdən 01.09.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 6208,89 manat məbləğində hesablanmış pensiya kapitalı mövcuddur. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək kitabçası ilə təsdiqlənən 5 il 28 gün sosial sığorta stajına və fərdi hesabın sosial sığorta hissəsində mövcud olan 6208,89 manat məbləğində məcburi dövlət sosial sığorta haqqına əsasən pensiya kapitalı hesablanmalıdır. 1) İddiaçının İİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik deyildir. İddiaçıya münasibətdə tələb olunan sığorta stajı: 1. 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 2. 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; 3. 156 ay : 12 ay = 13 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 13 ildir. İddiaçının pensiya işinə əlavə edilən əmək kitabçasından göründüyü kimi onun sığorta stajı 5 il 28 gündür. Göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərt ödənmir. 1. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçının mövcud olan pensiya kapitalı: Belə ki, iddiaçının 5 il 28 gün stajını (2006-cı ilə qədər) “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesabladıqda 4910,3 manat pensiya kapitalı yaranır: 5 il tam iş stajı x 306 manat = 1530 manat. 1530+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+3%+ 16,6%=4212,30 manat. Vətəndaşın 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində mövcud olan pensiya kapitalı 6208,89 manat məbləğində təşkil edir. İddiaçı hazırki dövrə mövcud olan pensiya kapitalı 10421,19 manat (4212,30 +6208,89) təşkil edir. 1. 54 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 39 il (əmək qabiliyyətli yaş dövrü); 2. 39 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 156 ay; 3. Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 156/192=0,8125;

4. Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,8125x144=117; 5. Pensiya sığorta kapitalı (PSK=10421,19) alınmış rəqəmə bölünərək (10421,19: 117= 89,07 manat) pensiyanın məbləği 89,07 manat məbləğində müəyyən edilir. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı: Əmsal: 156/192x144=117;117x200=23400 manat. İddiaçının pensiya kapitalı toplam olaraq 10421,19 manat təşkil etməkdədir ki, bu da tələb olunan pensiya kapitalı məbləğindən azdır. Göründüyü kimi iddiaçıya təyin olunan aylıq pensiya ödənişi 89,07 manatdır ki, bu da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əmək pensiyasının minimum məbləğindən (01.01.2020-ci il tarixindən 200 manat məbləğindən) aşağıdır. Belə olan halda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd etmək lazımdır ki, iddiaçının mübahisələndirdiyi dövrləri (8 il 11 ay 11 gün) cavabdeh orqan tərəfindən qəbul edilən sosial sığorta stajına (5 il 28 gün) daxil edildikdə ümumillikdə sosial sığorta stajı 13 il 11 ay 39 gün təşkil edəcəkdir. Belə olduqda iddaçının pensiya kapitalı 18003,33 manat məbləğində (tələb olunan 23400 manat) hesablanacaqdır. Göründüyü kimi, belə olduqda iddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün sosial sığorta stajı mövcud olsa da, tələb olunan pensiya kapitalı olmadığı üçün ona əmək pensiyası təyin edilməsi qanuna ziddir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31.05.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik-müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.6-cı bəndinə əsasən, TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. İddiaçıya əlillik 21.02.2020-ci il tarixdə təyin edilmiş, başqa sözlə iddiaçının qanunvericilikdə əlilliyi olan şəxslər üçün nəzərdə tutulan hüquqları 21.02.2020-ci il tarixdə tarixdə yaranmışdır. Bu isə o deməkdir ki, onun İİ dərəcəli əlil kimi pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə (daha dəqiq desək həmin vaxt qüvvədə olan qanunun redaksiyasına əsasən) görə qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı əlillik statusunu 21.02.2020-ci il tarixində qazanmışdır. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbi DTSERX-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi DTSERX-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. Eyni zamanda bildirirlər ki, iddiaçıya münasibətdə DTSERX-in 21.02.2020-ci il tarixli qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X5 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Astara rayon Dövlət Arxivinin 03.06.2021-ci il tarixli, 176 saylı arxiv arayışından görünür ki, İddiaçı sabiq Astara rayon Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozun əmr kitabına əsasən 1984-cü il yanvar ayının 02-də 01 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1986-cı il sentyabr ayının 29-da 607 saylı əmrlə məktəbə təhkim olmağa getdiyi üçün işdən azad edilmişdir. İddiaçı sabiq Astara rayon Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozun əmr kitabına əsasən 1988-ci ilin fevral ayının 24-də 131 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1989-cu ilin sentyabr ayının 09-da 457 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1994-cü ilin sentyabr ayının 12-də 273 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Lənkəran şəhər 9 nömrəli körpələr evinin arayışından görünür ki, İddiaçı həqiqətən 02 sentyabr 2002-ci il tarixindən hal-hazıradək Lənkəran şəhər 9 nömrəli körpələr evi-uşaq bağçasında xadimə-dayə vəzifəsində çalışır. İş materiallarında olan Azərbaycan SSR X10 Təhsili Komitəsinin Б № 481278 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 01 sentyabr 1986-cı ildə 169 nömrəli OTPM-nə daxil olmuş və 30 iyun 1988-ci ildə kişi və uşaq üstü geyimləri üzrə “Dərzi” peşəsi üzrə orta təhsil bazasında orta texniki peşə məktəbinin tam kursunu bitirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 7 saylı Regional Ərazi filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 26.11.2021-ci il tarixli, **********4 saylı məktubunda bildirilmişdir ki, İddiaçı 21.02.2020-ci il tarixdə əlillik təyin edilmişdir. İddiaçı həmin dövr üçün əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı 14 il, tələb olunan pensiya kapiatlı isə 25200 manat olmuşdur. İddiaçı həmin dövrə mövcud pensiya kapiatlı 5459,91 manat olmuşdur. Vətəndaşın mübahisəsiz sığorta stajı 2002-2005-ci illərdə Lənkəran şəhər 9 saylı uşaq bağçasında (3 il 4 ay) işlədiyi illər və 1 il 9 ay 29 gün Azərbaycan SSR X10 Təhsili Komitəsinin Lənkəran şəhır OTPM-də təhsil aldığı illərdir (cəmi 5 il 1 ay 29 gün). İddiaçı mübahisəli sığorta stajı 8 il 6 ay Astara rayon Dövlət Arxivinin arayışında qeyd olunmuş sovxozda işlədiyi illərdir (əmək kitabçasında qeyd olunmadığı üçün). Mübahisəli sığorta stajı da öz təsdiqini tapdığı halda 01.01.2006cı il tarixədək cəm staj 13 il 7 ay 29 gün təşkl edir və bu müddəti pensiya kapitalına çevirdikdə 10076,57 manat təşkil edir. Beləliklə, cəm pensiya kapitalı 15536,48 manat təşkil edir və İddiaçı əmək pensiyası təyin edilməsi üçün kifayət etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 17.11.2021-ci il tarixli, **********8 saylı məktubunda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 0284003AAH85 nömrəli göndərişi əsasında 21.02.2020-ci il tarixdə ilkin olaraq qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbi ilə 5 il müddətinə (21.02.2025-ci il tarixinədək) ikinci dərəcəli əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncunun 04.10.2021-ci il tarixli, xxxxxxx0001 saylı qərarı ilə əlilliklə əlaqədar pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İddiaçının sovxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması səbəbindən onun işlədiyi illərin sosial sığorta stajına daxil edilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, qüvvədən düşmüş “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Beləliklə, sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 02.01.1984-29.09.1986-ci illər; 24.02.1988-05.05.1989-cu illər və 09.09.1989-12.09.1994-cü il tarixədək Astara rayonu sabiq Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozdakı əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə Astara rayonu sabiq Şiyəkəran “26 Bakı Komissarı” adına sovxozda işlədiyi və əmək haqqı aldığı Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş 03.06.2021-ci il tarixli, 176 nömrəli və 03.06.2021-ci il tarixli, 176/1 nömrəli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair məlumatına əsasən iddiaçıya 21 fevral 2020-ci ildən “ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik təyin edilmişdir. İddiaçının İİ dərəcəli əlilliyi 21 fevral 2020-ci ildə müəyyən edildiyindən, həmin vaxt (hazırda) qüvvədə olan qanunvericiliyə uyğun onun əlilliyə görə pensiya hüququnun yaranmasına münasibət bildirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci ildən qüvvədə olan hazırkı redaksiya) əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Burada Qanunun qeyd edilən müddəasına əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 01 iyul 2017-ci il tarixdən etibarən iş stajı ilə yanaşı, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də mövcud olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 11.12.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (54 yaş - 15 yaş = 39 yaş x 4 ay = 156 ay : 12 ay = 13 il) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 13 il sığorta stajı tələb olunur. İddiaçının isə 13 ildən artıq iş stajı vardır. Lakin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun 23400 manat pensiya kapitalının olması tələb olunduğu halda, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 18003,33 manat təşkil edir. Göründüyü kimi, iddiaçının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sığorta stajı olsa da, fərdi hesabın sığorta hissəsində tələb olunan, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı mövcud deyildir. Belə olan halda, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması istisna edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Dövlət Sosial Müdafiə X9 Şəxsinin 7 saylı Regional Ərazi filialının imtinası qanuna zidd qiymətləndirilə bilməz. Bu səbəbdən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2na qarşı «işlədiyi illər nəzərə alınmaqla ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassızdır və rədd olunmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2na qarşı «işlədiyi illər nəzərə alınmaqla ona 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar