Məhkəmə qərarları › İş №2-1(120)-5280/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5280/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5280/2025 04.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və 05 aprel 2024-cü il tarixdən müddətsiz birinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 04 fevral 2026-cı il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının onun barəsində qəbul etdiyi müvafiq tarixli, müvafiq saylı qərarının ləğv edilməsi və həmin tarixdən ona xx.xx.2012-ci il tarixdən təyin olunmuş müddətsiz birinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və 05 aprel 2024-cü il tarixdən müddətsiz birinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü madəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 1966-cı il tarixdə Masallı rayonu, Həsənli kəndində anadan olmuşdur. İllərdir ki, bir çox xəstəlikdən əziyyət çəkir. Əsas diaqnozu Xr mielololeykoz tez-tez blast krizlərlə spesifik yaralı kolit və 12 barmaq bağırsağın xora xəstəliyi qanamalar ilədir. Ona xx.xx.2012-ci il tarixdə müddətsiz birinci qrup əlillik satusu verilmişdir. Yəni, 12 ildən çoxdur ki, cavabdeh onun barəsində müddətsiz əlillik təyin edilməsi barədə qərar qəbul etmişdir. 2024-cü ilin 05 aprel tarixinədək fasiləsiz olaraq birinci qrup əlilliklə pensiya almışdır. Daha sonra 2024-cü ilin ortalarında Agentlikdən ona əyani müayinəyə dəvət olunmağı ilə bağlı bir məktub gəldi. Məktubda monitorinq tədbirlərinin həyata keçirildiyini əsaslı şübəhələr olduğu bildirilmişdir. Əyani müayinə zamanı qərəzli şəkildə birinci qrup əlilliyi ləğv edilmişdir və ona 2-ci qrup müddətsiz əlillik statusu verilmişdir. Hal-hazırda ikinci qrup əlillik statusu vardır. Onun xəstəliyi hal-hazırdada var, hətta ağırlaşmalar da mövcuddur. Maddi hüquq normaları ilə istənilən ekspert onun xəstəliyinin 1-ci qrup olmasını təsdiq edə bilər, lakin o, cavabdehin qanunsuz inzibati icraatından şikayətçidir. Cavabdeh orqan müəyyən hallar istisna olmaqla müddətsiz əlilliklə bağlı qərarını ləğv edə bilməz və ya dəyişdirilə bilməz. Onun müddətsiz əlilliklə bağlı qərarında heç bir rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olma, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olma, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halı yoxdur. Cavabdeh tərəfindən ümumiyyətlə bu sübut olunmaq kənara əsaslandırılmamışdır. Barəsində 1-ci qrup əlillik dərəcəsinin ləğv edilməsi və 2-ci qrup əlillik dərəcəsi təyin olunması ilə bağlı qərar ona təqdim edilməmişdir. Onun qərarla bağlı heç bir məlumatı yoxdur. Bir onu bilir ki, pensiyasının məbləği hədsiz aşağıdır. Xəstəliyi də günü-günündən pisləşir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdu. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Xroniki mieloid leykemiya [CML], BCR/ABL-müsbət, Xroniki mieloleykoz Ph pozitiv. K51.8 Digər xoralı kolitlər, Qeyri spesifik xoralı kolit, tez-tez kəskinləşmələrlə və qanaxma ilə. eyar: Bənd XBT kodu Meyar OFP faizi - meyar üzrə OFP faizi - amillər üzrə OFP faizi - manual OFP faizi - yekun OFP müddəti Əlillik səbəbi 14.10.5.1. c92.1 - Əsas 14.Yenitörəmələr=>Bədxassəli yenitörəmələr=>Xroniki mieloid leykemiya [CML], BCR/ABL-müsbət=>xroniki faza, ümumi vəziyyətə təsirdən asılı olaraq, dalağın böyüməsi=> 65 - 80 75 65 65 Müddətsiz Ümumi xəstəlik.. OFP yekun faizi: 65% Yekun əlillik səbəbi: Ümumi xəstəlik OFP müddəti: Müddətsiz xx.xx.2024-cü il tarixdən müddətsiz əlillik verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aid olmaqla inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilinəcəyindən və iddiaçı tərəfindən iddianın irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyündən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilərək buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etməsi təklif olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və 05 aprel 2024-cü il tarixdən müddətsiz birinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair işi vardır. Sonuncu məhkəmə iclasında iddia tələbi düzəldilmişdir. İddia tələbində hal-hazırda mübahisələndirdiyi 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərar heç bir zaman ona təqdim olunmayıb. O, məhkəməyə müraciət edərəkən özü barəsində qəbul edilmiş qərarları istəsə də, cavabdeh onun işinin məhkəmədə olduğunu bəhanə gətirərək ona qərarları yollamamışdır. Məhkəmə iclasında qədər inzbati aktın heç bir rekviziti ona məlum olmamışdır. O, qərarın nömrəsi, tarixi və məzmunu ilə məhkəmə prosesi zamanı tanış olmuşdur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu baxımdan mən ehtimal edirəm ki, iddiaçının konstitusion hüququ olan “sosial təminat” hüququ heç bir halda məhdudlaşdırıla bilməz və ona əvvəllər təyin edilmiş əlilliyin ləğvi ilə bağlı qəbul edilmiş inzibati akt onun sosial təminat hüququna birbaşa müdaxilə olduğu üçün həmin inzibati aktın mübahisələndirilməsi ilə bağlı ona məhkəmədə sosial təminat hüququnun müdafiəsi naminə lazımi şərait yaradılmalıdır və bu zaman heç bir halda “ümumi qaydalar” prinsipindən çıxış edilərək, yəni iddiaya növünə görə “mübahisələndirmə haqqında iddia” növü olduğu üçün məhz bu iddialar üzrə qanunla müəyyən edilmiş 30 günlük iddia müddəti şamil olunmamlıdır. Göstərilənlərə əsasən inzibati mübahisəyə dair hazırki iş üzrə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərarda qəbul eidlməsini xahiş edir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının ikinci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. İddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iddiaçının məhkəmə müdafiəsindən faydalanması üçün qanunvericiklə müəyyənləşdirilmiş müddətlərin (iddia müddəti) üzrsüz səbəblərdən çox uzun müddət ötürülmüş olması mübahisələndirilən qərarın qanuniliyi məsələsinin araşdırma predmetinə çevrilməsinə ciddi maneə törədir. Belə ki, iş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarın qəbul olunduğu vaxtdan 1 il 6 aydan artıq vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPMin 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində iddia ərizəsini gec verməsinə səbəb mübahisələndirdiyi 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın heç bir zaman ona təqdim olunmadığını, məhkəməyə müraciət edərəkən özü barəsində qəbul edilmiş qərarları istəsə də, cavabdeh onun işinin məhkəmədə olduğunu bəhanə gətirərək ona qərarları yollamadığını, məhkəmə iclasında qədər inzbati aktın heç bir rekvizitinin ona məlum olmadığını, o, qərarın nömrəsi, tarixi və məzmunu ilə məhkəmə prosesi zamanı tanış olduğunu qeyd etsə də, məhkəmə iddia tərəfinin həmin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3- 17/1-23855/2023 nömrəli məktubu əsasında əlillik təyinatı aparılmış vətəndaşlara dair məlumatların təhlili zamanı onkoloji xəstəlikləri üzrə şübhə doğuran əlillik təyinatlarının əsaslılığının araşdırılması zərurəti yaranmışdır. Bununla əlaqədar, İddiaçı əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində xx.xx.2024-cü il tarixli, 3-17-4/2-M-6599/2024 nömrəli bildiriş məktubu ilə xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olumuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, hissəvi reabilitasiya qərarı qəbul olunaraq xx.xx.2024-ci il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının R00208613BRE nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 65 faiz pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarın heç bir zaman ona təqdim olunmadığına dair dəlilləri əsassızdır. Məhkəmə qeyd edir ki, İnzibati-Prosessual Məcəllədə iddia müddətinin axımının dayandırılmasına səbəb olan hallar konkret olaraq göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Göründüyü kimi, mövcud qanunvericilikdə iddiaçının irəli sürdüyü dəlillər iddia müddətlərinin axımının dayandırılmasına əsas kimi göstərilməmişdir. Bu qənaətə gələrkən məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq qeyd edir ki, E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli qərarında həmin Məhkəmə, iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə onların heç də hər zaman üst-üstə düşməməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Göründüyü kimi, iddiaçı bir təqvim ayı ərzində müraciət etməmiş və bu cür iddialar üzrə müəyyən edilən iddia müddətini ötürmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və 05 aprel 2024-cü il tarixdən müddətsiz birinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Sosial Ekspert Komissiyasının 05 aprel 2024-cü il tarixli, xxxxxxx0002 saylı qərarının ləğv edilməsi və 05 aprel 2024-cü il tarixdən müddətsiz birinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar