Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-530/2020 23.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh 212 saylı ordu korpusuna qarşı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 212 saylı ordu korpusuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, 2009-cu ildə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə əsgər olmuş, 2011-ci ilin aprelində təxris olunmuşdur. 2011-ci ilin 27 noyabrında Daxili Qoşunlara müddətdən artıq hərbi qulluqçusu kimi N saylı hərbi hissədə qulluq etmişdir. 2014-ci ilin noyabrın 27-də ehtiyyata buraxılmış, 2016-cı ilin iyul ayında N saylı hərbi hissəyə qəbul olunmuşdur. Avqust ayında kursa (sanitar təlimatçı) qəbul olunmuş, 4-5 gündən sonra xx xxxxxxxx 2016-cı il tarixdə korpus komandirinin fəxri fərmanını almış və N saylı hərbi hissəyə təqdimatla sanitar təlimatçı vəzifəsinə işə düzəlmişdir. Bölük komandiri işlədiyi müddətdə təşəkkür və sonra kiçik çavuş rütbəsini almışdır. 2019-cu ilin yanvarında təqdimatla N saylı hərbi hissəyə xidmətimi davam etdirmək üçün təqdim olunmuşdur. Heç bir nöqsanı olmasa da, heç bir xəbərdarlıq edilmədən xx.xx.2019-cu il tarixdə işdən azad olunmuşdur. Səbəbi bildirilməmiş və ən əsası bu günə kimi ona əmrin surəti verilmədən, yalnız Nefçala rayon şöbəsinə göndərilən təyinat vərəqəsindən bəzi məlumat əldə etmişdir. Dəfələrlə əmrin surətinə görə müraciət etsə də heç bir nəticəsi olmamışdır, yalnız ona məhkəməyə müraciət edilməsi izah olunmuşdur. O, da qanunla müəyyən edilmiş müddətdə və qaydada lazımı olan sənədləri təqdim edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 212 saylı ordu korpusunaAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh 212 saylı ordu korpusu tərəfindən məhkəməyə təqdim olunmuş etirazında qeyd edilmişdir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 044 əç nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmışdır. İddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxlər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldığdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuş, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 0101 əç nömrəli əmri ilə tanış olmuşdur və əmri icra edilmişdir. İddiaçı iddia tələbləri əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə (Azərbaycan Respublikası Silahlı X1 50 maddəsinin “z” bəndinə uyğun olaraq intizam cəzası qaydasında) əsasən ehtiyata buraxılmışdır. Əmrin verilməsinə əsas N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli 0101 əç nömrəli əmri və N nömrəli hərbi hissə komandirinin raportu olmuşdur. İddiaçı, xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız bir hərbi qulluqçu kimi göstərmiş, tutduğu vəzifənin məsuliyyətini dərk etməmiş, xidmətdə yol verdiyi ciddi nöqsanlara görə xəbərdar olunmasına baxamayaraq göstərilən iradlardan heç bir müsbət nəticə çıxarmamış, dəfələrlə deyilməsinə baxmayaraq Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2014-cü ıl tarixli, 019 nömrəli əmrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə xidmət etdiyi hərbi hissənin vəzifəli şəxsləri tərəfindən İddiaçı istifadəsi qadağan olunmuş çoxfunksiyalı “MEİZU” markalı smartfon tipli mobil telefon aşkar edilərək götürülmüşdür. Bu da Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2014-cü il tarixli 019 nömrəli əmrinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu səbəbdən hərbi hissə komandiri öz səlahiyyətlərindən istifadə edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyyata buraxılması üçün raportla N nömrəli hərbi hissə komandirinə müraciət etmişdir. Həmçinin iddiaçı iddia ərizəsində heç bir nöqsanı olmadan, ona heç bir xəbərdarlıq edilmədən xx.xx.2019-cu il tarixdə işdən azad olunduğunu və bu günədək əmrin sürətinin ona verilmədiyini qeyd etmişdir. Halbuki, iddiaçı SHXÇDX-nin Neftçala rayon şöbəsində qeydiyyata durması üçün xx.xx.2019-cu il tarixdə təyinat vərəqəsini “Təyinat vərəqələrinin qeydiyyatı kitabı”nda imza edərək almışdır. Bundan başqa iddiaçı bilməlidir ki, qeyd edilən əmrin məxfilik qrifi olduğundan və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və ya müxtəlif səbəblərə görə Silahlı Qüvvələrin müvafiq heyətinin siyahısından çıxarılan hərbi qulluqçular barədə şəxsi heyət üzrə çıxarılan əmrlərdən çıxarışlar iki nüsxədə, bir nüsxəsi hərbi hissədə işə, digər nüsxə isə həmin şəxsin birinci nüsxə şəxsi işinə tikilir və başqa şəxslərə verilmir. İddiaçı barəsində qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh 212 saylı ordu korpusunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh 212 saylı ordu korpusunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsini, müraciət ərizəsini və imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (əmrin) ləğv edilməsini tələb edir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia)baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçı Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan otuz gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt müddəti ötürməmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 16365029 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Neftçala rayonu, Xolqaraqaşlı kəndində anadan olmuş və Neftçala rayonu, Xolqaraqaşlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Müdafiə nazirinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “məlumatların sızmasının qarşısının alınması haqqında” əmrinin təsdiq edilmiş surətindən görünür ki, hərbi hissələrin dislokasiya ərazisində bütün şəxsi heyət tərəfindən mobil telefonların (CMA, CDMA və data kart) istifadəsi qadağan olunmuş, xidmət zamanı mobil telefonlar (CMA, CDMA və data kart) şəxsi heyətdən mərkəzləşdirilmiş şəkildə müvafiq məntəqələrdə təhvil alınması əmr edilmişdir. İşdə olan 1-ci tabor komadiri tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş mobil telefonun hərbi hissəyə təhvil verilməsi haqqında xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, 1-ci bölüyün sanitar-təlimatçısı MAHHXHQ kiçik çavuş İddiaçı qadağan olunmuş çoxfunksiyalı “MEİZU” smartfon tipli mobil telefon aşkar edilərək götürülmüşdür. İşdə olan İddiaçı Xidməri vərəqəsinin surətindən görünür ki, İddiaçı qadağan olunmuş smartfon tipli telefon işlətdiyinə görə xx.xx.2019-cu il tarixdə şiddətli töhmət və buraxılışdan gecikdiyinə görə xx.xx.2019-cu il tarixdə töhmət verilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 0101əç nömrəli əmrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, kiçik çavuş İddiaçı N nömrəli hərbi hissənin sanitar təlimatçısı vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbixidmətkeçməhaqqında» Əsasnamənin 156-cımaddəsinin «e» bəndinəəsasənhərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa)Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbixidmətkeçməhaqqında» Əsasnamənin 160-cımaddəsinəəsasəndinc dövrdə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları-korpus (diviziya) komandirləri, onlara bərabər və onlardan yuxarı rəislər ehtiyata buraxılırlar. «Hərbixidmətkeçməhaqqında» Əsasnamənin 168-cimaddəsinəəsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Azərbaycan Respublikası Silahlı X1 85-ci bəndinəəsasənhər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Məhkəmə müəyyən etdi ki, İddiaçı xidmət etdiyi müddət ərzində tutduğu vəzifənin məsuliyyətini dərk etməmiş, xidmətdə yol verdiyi ciddi nöqsanlara görə xəbərdar olunmasına baxamayaraq göstərilən iradlardan heç bir müsbət nəticə çıxarmamış, dəfələrlə xəbərbarlıq edilməsinə baxmayaraq Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2014-cü ıl tarixli, 019 nömrəli əmrinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, xx.xx.2019-cu il tarixdə xidmət etdiyi hərbi hissənin vəzifəli şəxsləri tərəfindən İddiaçı istifadəsi qadağan olunmuş çoxfunksiyalı “MEİZU” markalı smartfon tipli mobil telefon aşkar edilərək götürülmüşdür.Bununla da, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən ehtiyata buraxılmışdır. Məhkəmə mövcud qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək, eyni zamanada işdə olan sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.2019-cu il tarixli, 0101əç nömrəli əmr qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 212 saylı ordu korpusuna qarşı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh 212 saylı ordu korpusuna qarşı xx.xx.2019-cu il tarixli əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-530/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-530/2020
23.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver