Məhkəmə qərarları › İş №2-1(120)-531/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-531/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-531/2020 02.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsinə dair inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkətlərini qanunsuz hesab etməklə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 10.06.1968-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1986-1988-ci illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətini başa vuraraq ehtiyata buraxılmışdır. Dağlıq Qarabağ hadisələri ilə əlaqədar könüllü olaraq döyüşlərdə iştirak etmək arzusunda olduğu üçün döyüş bölgəsinə gələrək Laçın rayonunda yerləşən N () saylı hərbi hissəyə 01.07.1992-ci il tarixdə xidmətə daxil olmuşdur. Bu hərbi hissənin tərkibində Ağdərə və Laçın rayonları uğrunda gedən döyüş əməliyyatlarında aktiv iştirak etmişdir. N () nömrəli hərbi hissədə xidməti avqust 1992-ci il tarixə qədər olmuşdur. O, müvafiq sənədləri toplayaraq cavabdeh AR Müdafiə Nazirliyinə müraciət etmiş və ona müharibə iştirakçısı vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin cavabdeh ona ünvanladığı cavab məktubunda təqdim etdiyi sənədləri geri qaytarmaqla göstərmişdir ki, ona müharibə iştirakçısı vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. O, cavabdehin bu hərəkətləri ilə razılaşmır. Onun hərbi hissənin tərkibində xidmət etdiyi dövrlə bağlı qeydlərin aparılması cavabdeh AR Müdafiə Nazirliyinin müvafiq strukturu hesab edilən N () saylı hərbi hissənin vəzifəsi olmuş, lakin bu qeydlərin aparılmaması, arxiv məlumatının olmaması onun günahı deyildir və cavabdehin bu hərəkətinə görə o, cavabdehlik daşımır. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməli və müharibə iştirakçısı vəsiqəsinin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 05.02.2020-ci il tarixli 11/623 saylı münasibət məktubunda qeyd edilmişdir ki, iddiaçının tələbinin mahiyyəti İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakı ilə əlaqədar ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarət olmuşdur. İddiaçı daha əvvəl analoji iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2-1(086)- 1518/2019 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2019cu il tarixli 2-1(086)-1518/2019 saylı qərarının surəti ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməmişdir. İş materiallarında olan 02 mart 2020-ci il tarixli arayışdan görünür ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2-1(086)-1518/2019 saylı qərarından apelyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməmiş və həmin qərar qanuni qüvvəsini almışdır. İddiaçı hazırda yenidən məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının eyni mübahisə üzrə iddiasına əvvəllər məhkəmədə baxıldığından və həmin qərar qanuni qüvvəsini aldığından yenidən həmin mübahisəyə mahiyyəti üzrə baxıla bilməz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3və 1.4-cü bəndlərində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar