Məhkəmə qərarları › İş №2-1(120)-533/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-533/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-533/2021 01.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialına qarşı “əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialına qarşı “əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün xx xxxx 2021-ci il tarixdə, saat 10:30da məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 məhkəmə hazırlıq iclasına gəlmiş, İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 məhkəmə iclasında izahatında əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx xxxxxx 1964-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialının iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli, ESDAS **********1 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, hal-hazırda qanunvericiliyə uyğun olaraq tələb olunan yaşınız və sığorta stajınız olmadığı üçün sizə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx xxxxxx 2021-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir: “icraatınızda İddiaçı cavabdeh Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialına qarşı “əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. İş materiallarına əsasən iddiaçının xx.xx.2020-ci il tarixli müraciətinə Fondun 6 saylı regional ərazi filialı tərəfindən tələb olunan yaşının və sığorta stajının olmaması səbəbi ilə imtina verilmişdir. Hesab edirik ki, İddiaçı 2-1(120)-533/2021 nömrəli iş üzrə iddia tələbi mümkünsüz hesab edilməlidir. Belə ki, Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1- dək hər il 6 ay artırılır). Qanunun tələbinə əsasən, x xxxx 2020-ci il tarixdən x xxxx 2021-ci il tarixədək 62 yaşına çatmış qadınların pensiya hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı müraciət etdiyi tarixə 56 yaşına çatmış olması pensiya hüququnu istisna edir. İş materiallarında İddiaçı sağlamlıq imkanları məhdud xx.xx.1989-cu il təvəllüdlü X2 8 yaşınadək tərbiyə etdiyini və vəfat etdiyi tarixədək (xx.xx.2020) İ dərəcə əlilliyi olan oğluna qulluq etdiyini iddia edir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinə əsasən, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddia olunan müddətin sığorta stajına daxil edildiyi halda belə iddiaçının pensiya hüququ yaranmır. Belə ki, müraciət tarixinə qadınlar üçün tələb olunan 62 yaş həddi 5 il azaldıldıqda iddiaçı pensiya hüququnun yaranması üçün 57 yaşına çatmış olmalıdır. Lakin, İddiaçı həmin tarixə yaşı 56 il 1 ay 19 gün müddəti əhatə edir. Göründüyü kimi iddiaçının pensiya hüququ əldə etmək üçün kifayət edən yaş həddinə çatmaması onun hüququnun və qanunla qorunan maraqlarının pozulması halını istisna edir. Belə olan təqdirdə iddia tələbi mümkün sayıla bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 35.1-ci və 35.3-cü maddəsini rəhbər tutaraq İddiaçı “əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinin mümkünsüz hesab edilməsinə dair qərardad qəbul etməyinizi xahiş edirəm”. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən maddi hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, şəxsin (iddiaçının) pensiya hüququ əldə etməsindən ötrü qanunla müəyən edilmiş yaş həddinə çatması vacib şərtdir. Yalnız bu yaş həddinə çatmış şəxsin (iddiaçının) tələb olunan sığorta stajına dair sübutlarını təqdim etməklə pensiya təyin edilməsini tələb etmək hüququ olur. Lakin iş materiallarından müəyyən olnur ki, iddiaçı ona əmək pensiyası təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş yaş həddinə çatmamışdır. Belə olduğu halda iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ yaranmamışdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün qanunla nəzərdə tutumuş subyektiv hüququ yoxdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya yazılı şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların təqdim edilməsinin zəruriliyini izah etmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialına qarşı “əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 6 saylı Regional Ərazi Filialına qarşı “əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar