Məhkəmə qərarları › İş №2-1(120)-534/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-534/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-534/2021 24.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı 01.01.2017-ci il tarixdən məcburi köçkün kimi ona və ailə üzvünə müavinətin verilməsi üçün adlarının adlı siyahıya daxil edilməsi və həmin sıyahının Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə göndərilməsi barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müavinətin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı 01.01.2017-ci il tarixdən məcburi köçkün kimi ona və ailə üzvünə müavinətin verilməsi üçün adlarının adlı siyahıya daxil edilməsi və həmin sıyahının Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə göndərilməsi kimi qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, maddi imkanı zəif olduğu üçün gələ bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Laçın rayon İcra Hakimiyyətinin və üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildən Laçın rayonunun Minkənd kəndindən məcburi köçkün olaraq Bakı şəhərində müvəqqəti məskunlaşmışdır. X14 2015-ci ildə Laçın rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən ayrılıb, müstəqil ailə olub, kənd icra nümayəndəliyində ayrı təsərrüfat kimi qeydiyyata alınıb. Ailə başçısı özü olduğu üçün aylıq müavinət kartı onun adına olub. Pulunu ayıranda kartı ayırmayıblar. Oğlu 1 otaqlı 36 m2- ik ev alıb. 2017-ci ildə qərar çıxdı ki, qaçqınlardan kimin evi varsa ona verilən müavinət kəsilsin. Oğlunun ailəsinin müavinəti kəsilməlidir. Onun və həyat yoldaşının da müavinəti kəsiblər. Heç bir əmlakı yoxdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə ünvanlanmış müraciətləri, Komitənin 01/936 nömrəli və 01/5550 nömrəli məktubları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1 -ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.1-ci bəndinin tələbinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Qaydanın 2.2-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Məhkəmənin diqqətinə çatdırır ki, Laçın Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin verilməməsi mövcud qanunvericiliyin tələbinə tam uyğundur. Laçın Rayon İcra hakimiyyəti tərəfindən verilən məlumata əsasən, iddiaçının övladı X3 xüsusi mülkiyyətində, daşınmaz əmlakın dövlət reyestri xidmətində 17.04.2015-ci il tarixdə qeydə alınmış ********** reyestr qeydiyyat nömrəli ünvan 1 ünvanında yerləşən ayrıca yaşayış sahəsi vardır. İddiaçının ailə üzvü X3 xüsusi mülkiyyətində ayrıca yaşayış sahəsi olduğundan, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət, mövcud Qaydanın 2.1-ci bəndinin tələbinə əsasən, Laçın rayon İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Bununla yanaşı, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının ailə üzvü X6 AZE 00543290 nömrəli 28.03.2002-ci il tarixli şəxsiyyət vəsiqəsinə əsasən, ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. X1 Cavahir Mirsiyafət qızı ilə 17.07.2009-cu il tarixdə nikaha daxil olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanmış 14 iyun 2019-cu il tarixli ərizəsində, “övladlarının 2015-ci ildən Laçın rayonunun icra başçısının sərəncamı ilə ondan ayrıldıqlarını, ayrı təsərrüfat olduqlarını” qeyd etmişdir. Qeyd olunanlara əsasən, Qaydanın 2.2-ci bəndinə uyğun olaraq da, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinət verilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, İddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Odur ki, İddiaçı 01.01.2017-ci il tarixdən məcburi köçkün kimi ona və ailə üzvlərinə müavinətin verilməsi üçün adlarının adlı siyahıya daxil edilməsi və siyahının Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə təqdim edilməsinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Laçın rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Laçın rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. Başqa sözlə, iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 00940749 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 02.02.1949-cu il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Laçın rayonu, Minkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən 29.04.2009-cu il tarixdə verilmiş AA seriyalı, 200626 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. İşdə olan seriya AZE 09858105 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 05.02.1954-cü il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuş, Laçın rayonu, Minkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Laçın rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 11.01.2019-cu il tarixli, 03 nömrəli arayışından görünür ki, Laçın rayonunun Minkənd kənd sakini, hazırda Xətai rayonu ərazisində müvəqəti məskunlaşmış X2 rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 saylı təsərrüfatbaşına kitabın 40-cı səhifəsində ayrı təsərrüfat kimi qeydə alınmış və Laçın rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın 16 mart 2015-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. İşdə olan Laçın rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 16.04.2021-ci il tarixli, 111 nömrəli arayışından görünür ki, İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Minkənd kənd sakinidir, məcburi köçkündür, Xətai rayonu NZS qəsəbəsində həyat yoldaşı X7 ilə birlikdə məskunlaşmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993-cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Qaydaların 2.2-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. Qaydaların 3.3-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayır təsdiq edir və Qaçqınların və X11 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin Minkənd kənd sakinidir, məcburi köçkündür, Xətai rayonu NZS qəsəbəsində həyat yoldaşı X7 ilə birlikdə məskunlaşmışdır. Laçın rayonunun Minkənd kənd sakini, hazırda Xətai rayonu ərazisində müvəqəti məskunlaşmış X2 rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 saylı təsərrüfatbaşına kitabın 40-cı səhifəsində ayrı təsərrüfat kimi qeydə alınmış və Laçın rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın 16 mart 2015-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. İddiaçının ailə üzvü X3 xüsusi mülkiyyətində ayrıca yaşayış sahəsi olduğundan, iddiaçıya və onun ailə üzvlərinə vahid aylıq müavinət, mövcud Qaydanın 2.1-ci bəndinin tələbinə əsasən, Laçın rayon İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamış və inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar müəyyən olunmamışdır. Belə ki, iddiaçının ailə üzvü Laçın rayonunun Minkənd kənd sakini, hazırda Xətai rayonu ərazisində müvəqəti məskunlaşmış X2 rayon İcra Hakimiyyəti başçısının Minkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 03 saylı təsərrüfatbaşına kitabın 40-cı səhifəsində ayrı təsərrüfat kimi qeydə alınmış və Laçın rayon İcra Hakimiyyəti başçısının yanında Şuranın 16 mart 2015-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmişdir. Digər tərəfdən, üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X11 üzrə Dövlət Komitəsinin iddaya yazılı münasibətindən (etirazından) müəyyən olunur ki, iddiaçının oğlu X6 onunla birgə yaşayan ailə üzvüdür. Başqa sözlə, təqdim olunan məlumatlar arasında ziddiyyət vardır. Yuxarıda qeyd olunan ziddiyyətli hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Hazırkı işin halları onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı ümumiyyətlə, inzibati icraat aparmamışdır. Halbuki, cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı "İnzibati icraat haqqında" Qanunun və digər qanunların tələblərinə uyğun aparmalı, ziddiyətli məqamları aydınlaşdırmalı, inzibati icraat zamanı iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, zərurət olarsa müvafiq sorğular verməli, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (maddə 11). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (maddə 24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz (maddə 24.5). İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparılmadığından, eyni zamanda işin faktiki və hüquqi halları tam müəyyən edilmədiyindən iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Bundan başqa, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Laçın rayon İcra Hakimiyyətinin üzərinə İddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar