Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-534/2025 07.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “işğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı sistemində qeydiyyatının bərpa edilməsi, işğaldan azad olunmuş ərazilərə girişinə qoyulmuş qadağanın ləğv edilməsi və dəymiş mənəvi ziyanın qarşılığı olaraq 15000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı sistemində qeydiyyatının bərpa edilməsi, işğaldan azad olunmuş ərazilərə girişinə qoyulmuş qadağanın ləğv edilməsi və dəymiş mənəvi ziyanın qarşılığı olaraq 15000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuşdur. Qeyd edir ki, arı saxlamaqla məşğul olur və onun arı pətəkləri mövcuddur. Dövlət tərəfindən bu sahə ilə məşğul olan şəxslərə bu ilin, yəni 2023-cü ilin aprel-may aylarından etibarən arı saxlama üzrə olan istehsalı genişləndirmək üçün işğaldan azad olunmuş torpaqlara giriş üzrə icazələr verilir. Belə ki, yaradılmış sistem vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Bunun nəticəsində arı pətəkləri Cəbrayıl və s. digər işğaldan azad edilmiş regionlarımıza aparılır və bu sahə ilə məşğul olan şəxslər də bu istehsalatı orada davam etdirirlər. Bu da istehsalatın həm keyfiyyətinə, həm də kəmiyyətinə yaxşı təsir edir. Buna görə də işğaldan azad olunmuş torpaqlarda bal istehsalı ilə məşğul olmaq üçün 9 iyun tarixində “İşğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı” sistemində qeydiyyata alınmışdır. Bunun nəticəsində ilk dəfə olaraq digər Qarabağ Müharibəsi qaziləri ilə birlikdə 25 iyun 2023-cü il tarixdə işğaldan azad olunmuş ərazilərə getmişdir. İlk öncə buradakı şəraitə baxmaq məqsədilə oraya getdiyi üçün özü ilə arıları gətirməmişdir. Bundan başqa ilk dəfə həmin ərazilərə getmişdir. Lakin bu istehsalla məşğul olmaq üçün əraziyə bələd olmaq da gərəklidir. Buna görə də sadəcə digər arıçı dostlarla kömək etmiş və öz doğma yurdu olan Cəbrayılı 30 ildən sonra ilk dəfə görmüşdur. Bu zaman isə onun həmin ərazilərə gedib-qayıtmağında heç bir problem yaranmamış və qeydiyyata düşdüyü üçün rahat bir şəkildə işğaldan azad edilmiş ərazilərə gedib qayıda bilmişdir. Bir müddət sonra isə öz arılarını da bu ərazilərə gətirəcəkdi. Qayıtdıqdan sonra isə arı ailələrinin həmin ərazilərə aparılması üçün yenidən işğaldan azad edilmiş ərazilərə getmişdir. Lakin bu zaman Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinin polis postundan həmin ərazilərə keçərkən ona bildirmişdilər ki, işğaldan azad olunmuş ərazilərə keçidinə qadağa qoyulmuş və onun icazəsi xəbəri belə olmadan ləğv edilmişdir. Bunu orada öyrənmiş və səbəbini soruşmuşdur. Ona bunun səbəbi olaraq 25 iyun tarixdə Cəbrayıl rayonuna gedərkən burada çəkdirdiyi şəkilləri sosial şəbəkədə paylaşdığını və buna görə də onun icazəsinin artıq ləğv edildiyi bildirilmişdir. Lakin bu tamamilə qanunsuz bir haldır. Bunu orada da bildirmişdir. Lakin onu yenə də işğaldan azad olunan ərazilərə buraxmamışdırlar. Bu isə tamamilə əsassız və qanunsuz şəkildə baş vermişdir. Belə ki, ilk öncə qeyd edir ki, onunla birlikdə həmin ərazilərə gedən digər arıçılar da həmin ərazilərdə eyni şəkildə çəkilmiş şəkilləri onun da paylaşdığı sosial şəbəkələrdə paylaşmışdır. Lakin həmin şəxslərin icazələri ləğv edilməmişdir. Həmin arıçılar hal-hazırda da işğaldan azad olunmuş ərazilərə gedərək orada arıçılıqla rahat şəkildə məşğul ola bilirlər. Onlar da şəkilləri paylaşsalar da, onların icazəsi ləğv edilməmişdir. Lakin onun icazəsi bu səbəblə ləğv edildiyi ona bildirilmişdir. Həmçinin heç bir normativ aktda və ya heç bir qanunda həmin ərazilərdən şəkil paylaşan şəxslərə icazənin ləğv ediləcəyi qeyd edilməmişdir. Bu qanuna zidd bir hal deyildir. Bu tamamilə məntiqsiz və qanuna əsaslanmayan bir məsələdir. Belə ki, artıq həmin ərazilərdən hər kəs video və şəkillər paylaşır. Hətta həmin ərazilərdə çəkilən veriliş və digər proqramlar da televiziyada yayımlanır. Əgər bu qadağa olunsa idi, bu ərazilərdən video və şəkil paylaşan hər kəsə işğaldan azad olunmuş ərazilərə keçmək qadağan olunardı. Lakin bunu hər kəs rahat şəkildə edir və heç bir qadağaya məruz qalmır. Onun da sırf bu səbəbə görə işğaldan azad olunmuş ərazilərə, doğulduğu və böyüdüyü doğma torpaqlara keçməyinə qadağa qoyulması tamamilə qanunsuzdur. Hesab edir ki, onun icazəsinin ləğv edilməsi əslində bu səbəbdən olmamışdır. Düşünür ki, bu onun siyasi fəaliyyəti ilə bağlı olaraq baş vermişdir. Bu isə siyasi ayrı-seçkilikdir. Bu isə tamamilə qanunsuzdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddiaçının iddia tələbindən görünür ki, “işğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı” sistemində qeydiyyatınızın bərpa edilməsi və işğaldan azad olunmuş ərazilərə girişinizə qoyulmuş qadağanın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, dəyişmiş mənəvi ziyanın qarşılığı olaraq 15000 manat məbləğinda pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddia ərizənizə əlavə olunmuş X3 İnkşaf Mərkəzinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-22 nömrəli məktubun məzmunundan görünür ki, Sizin icazənizin hansı səbəbdən və hansı qurum tərəfindən ləğv edilməsi barədə Cəbrayıl DAİM-də heç bir məlumat yoxdur. Həmçinin məhkəmə sorğusu əsasında Cəbrayıl rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-70/2-144/2024 nömrəli məktubunun və xx.xx.2023-cü il tarixli, 3-13-70/2-1470/2024 nömrəli məktubunun, həmçinin Daxili İşlər Nazirliyi Baş İçtimai Təhlükəsizlik İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025cü il tarixli, 313-13/2-4062/2024 nömrəli məktubun məzmunlarından görünür ki, iddiaçının məlumatlarının “İşğaldan azad olunmuş ərazilərə buraxılış” idarələrarası informasiya sisteminə daxil edilməsinə məhdudiyyət tətbiq edilməmişdir. Hazırkı tələb üzrə hüquqlarının cavabdeh və ya digər inzibati orqan tərəfindən pozulması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-13/2-21011/2023 nömrəli məktubun məzmundan görünür ki, iddiaçının ünvanladığı müraciət üzrə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi vasitəsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı yönəlmişdir. Belə ki, işğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı sistemində qeydiyyat ilə bağlı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqların hər hansı müdaxilə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin ona dəymiş mənəvi zərərin 15000 manatın ödənilməsi hissə ilə bağlı inzbati orqanın iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Belə ki, iddiaçının iddia tələbinin dəymiş mənəvi zərərin 15000 manatın ödənilməsi hissəsinə dair ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutları iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı yəni hazırki tələblə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutlarının, həmçinin iddia tələbinə müvafiq qərarın ləğv edilməsinə dair tələbinin dəqiqləşdirlməsi və subyektiv hüquqlarının pozulması, düzgün cavabdehə qarşı iddia qaldırılması ilə bağlı sübutlarının məhkəməyə təqdim edilməsi üçün iddiaçıya xx.xx.2025ci il tarixli, 2-1(120)-534/2025 nömrəli məktubla yazılı şəkildə yardım edilsə də, iddiaçı müvafiq sənədləri (cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmiş, həmçinin iddia tələbini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “işğaldan azad olunmuş ərazilərə buraxılışların qeydiyyatı sistemində qeydiyyatının bərpa edilməsi, işğaldan azad olunmuş ərazilərə girişinə qoyulmuş qadağanın ləğv edilməsi və dəymiş mənəvi ziyanın qarşılığı olaraq 15000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-534/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-534/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver