Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-536/2020 09.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun, İddiaçı (Yardımlı rayonu, Ostair kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07.01.1972-ci ildə Yardımlı rayonunun Ostair kəndində anadan olmuş və hazırda da həmin kənddə yaşayır. 11.07.1990-cı ildə Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, SSRİ-nin ordusunda xidmət etdikdən sonra 11.05.1992-ci ildə MDB-nin ümumi hərbi ittifaqının baş komandirinin 06.04.1992-ci il tarixli, 130 nömrəli əmrinə əsasən ordu sıralarında tərxis olunmuş və Yardımlı rayon Hərbi Komissarlığına göndərilmişdir. Yardımlı rayon Hərbi Komissarlığı tərəfindən 11.01.1994-cü il tarixdə yenidən N saylı hərbi hissəyə göndərilmiş və 11.01.1994-cü il tarixdən 31.12.1994-cü il tarixədək həmin hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31.12.1994-cü il tarixli, 278 saylı əmrinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyyata buraxılmışdır. Həmin hərbi hissədə xidmət edərkən Ağdam rayonunun Yusifcanlı və Novruzlu kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Lazımi sənədləri toplamaq üçün aidiyyəti orqanlara müraciət etmiş, müraciətindən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 30.08.2018-ci il tarixli, 9/2-12942 nömrəli arxiv arayışında N saylı hərbi hissə komandirinin 11.01.1994-cü il tatixli, 11 nömrəli əmrində şəxsi heyətin siyahısına daxil edilməyi barədə adlı siyahıda və Yardımlı RHK-dan çağırılmış şəxslərin adlı siyahısında soyadı Rəhimov adı Etiram ata adı isə izət oğlu yazılmışdır. Hərbi hissədə xəstələnərək və uzun müddət müalicə aldığından hərbi hissə komandirinin 31.12.1994-cü il tarixli, 363 saylı əmri ilə şəxsi heyətin sıralarından çıxarılmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçının xidmətə daxil olması barədə məlumat var. Uzun müddət müalicədə olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılıb. Lakin müalicədə olması barədə heç bir sübut təqdim edilməyib və hərbi hissə komandirinin əmrlərində bu haqda heç bir məlumat yoxdur. Sonradan iddiaçının harda olması barədə sübut və məlumat yoxdur. Bundan əlavə arxiv arayışına əsasən hərbi hissə komandirinin əmrində qeyd edilib ki, iddiaçının hərbi bileti şəxsi heyətin qəbul məntəqəsinə göndərilmişdir. Hərbi qulluqçu müalicə müəssisəsinə göndəriləndə onun hərbi bileti şəxsiyyətin və hansı hərbi hissədə xidmət keçməsi təsdiq edən sübutdur, lakin iddiaçının hərbi bileti hansısa səbəbdən özündə yox, hərbi hissədə qalıb, döyüşlərdə iştirakı barədə sübut yoxdur. Odur ki, komissiya tərəfindən haqlı olaraq imtina verilmişdir. İddiaçı tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, hərbi biletinin təsdiq edilmiş surətini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyətin Baş İdarəsinin 04.10.2019-cu il tarixli, 1Ə-13736 nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Yardımlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Yardımlı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 08316137 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət surətindən görünür ki, İddiaçı 07.01.1972-ci il tarixdə Yardımlı rayonunun Ostair kəndində anadan olmuş, Yardımlı rayonu, Ostair kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 11.06.1990-cı il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı 11.05.1992-ci il tarixdən 31.12.1994-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 30.08.2018ci il tarixli, 9/2-12942 nömrəli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin 11.01.1994-cü il tarixli, 11 nömrəli əmrində şəxsi heyəti qəbul etmə məntəqəsindən göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda Yardımlı RHK-dan çağırılmış, 1972-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. Uzun müddət müalicədə olduğuna görə sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 nömrəli Fərmanına əsasən N nömrəli hərbi hissə komandirinin 31.12.1994-cü il tarixli, N nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin 28.01.2019-cu il tarixli, 12 nömrəli məktubunda qeyd edilmişdir ki, Yardımlı rayonu, Ostair kənd sakini 07.01.1972-ci il təvəllüdlü İddiaçı həqiqətən 11.01.1994-cü il tarixdən 31.12.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və hazırda Yardımlı rayon bölməsində hərbi qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı 21.12.2019-cu il tarixli, 1/R-18343 nömrəli məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 23.11.2018-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə komandirinin 11.01.1994-cü il tarixdən sonrakı hərbi xidməti və yaralanmağı (xəstələnməyi) barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin məhkəməyə ünvanladığı 12.02.2020-ci il tarixli, 9/2-2047 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 11.01.1994-cü il tarixli, 11 nömrəli əmrində şəxsi heyəti qəbul etmə məntəqəsindən göndərilmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissənin adlı siyahılar qovluğunda Yardımlı RHK-dan hərbi hissəyə göndərilmiş şəxsi heyətin siyahısında 1972-ci il təvəllüdlü İddiaçı adı qeyd edilmişdir. Uzun müddət müalicədə olduğuna görə sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 nömrəli Fərmanına əsasən N nömrəli hərbi hissə komandirinin 31.12.1994-cü il tarixli, N nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq bileti şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. N nömrəli hərbi hissənin yaralananlarının qeydiyyatı kitablarında İddiaçı yaralanması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin məhkəməyə ünvanladığı 13.02.2020-ci il tarixli, 142 nömrəli məktubunda qeyd edilmişdir ki, 07.01.1972-ci il tarixdə Yardımlı rayonu, Ostair kəndində anadan olmuş İddiaçı 16.06.1990-cı ildən 17.05..1992-ci ilədək Sovet Ordusu Sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 11.01.1994-cü ildən 31.12.1994-cü ilədək yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissənin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. 31.12.1994-cü il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 278 nömrəli Fərmanına uyğun olaraq N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Sonradan 2018-ci ilin avqust ayında İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinə müraciət edərək, 1994-cü ildə N nömrəli hərbi hissədə xidmətdə olarkən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi bildirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə İddiaçı hərbi xidmət keçməsi barədə sorğu edilmiş və bu barədə arxiv arayışı alınmışdır. Mövcud Qanunvericiliyə əsasən İddiaçı sənədləri toplanaraq aidiyyəti üzrə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələri”nin verilməsi üzrə komissiyaya təqdim edilmişdir. İddiaçı sənədlərinə həmin komissiyada baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən sənədləri geri qaytarılmışdır. İddiaçı xidmət etdiyi dövrlərdə barəsində hər hansı cinayət işinin, yaxud hərbi hissələrdən fərarilik etməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsində heç bir məlumat yoxdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin oğluna müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının xidməti tam təsdiqini tapmamış, həmçinin qanuni əsaslarla ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən subutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə iş üzrə toplanmış subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Мəhkəmə hesab edir ki, prosessal xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-536/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-536/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver