Məhkəmə qərarları › İş №2-1(120)-5368/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5368/2025

19.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5368/2025 19.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv olunması və mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv olunması və mənsubiyyətin tanınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra DMX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DMX-nin “Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” və “ərizənin baxılmamış saxlanılması haqqında” qərarların ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması barədə inzibati akt qəbul etmək öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddianı və iddianın dəyişdirilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə İmişli rayonu Qaragüvəndikli kəndinin daxxil olduğu İmişli rayonu, Bəhrəmtəpə ( keçmiş 1 May Sovetliyi) qəsəbəsində doğulmuşdur. Keçmiş Azərbaycan SSR vətəndaşlığını təsdiq edən pasport almışdır və Azərbaycan SSR vətəndaşı kimi 1987-ci ildə Türkmənistan SSR-də həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikasına qayıdaraq valideyinlərinin və digər ailə üzzvlərinin, qohumlarının yaşadığı İmişli rayonu Qaragüvəndikli kəndində yaşamışdır. O, 1-ci Qarabağ müharibəsi zamanı səfərbər olunaraq bir müddət müharibədə iştirak etmişdir. 1996-cı ildə onun xüsusi mülkiyyətinə pay torpağı verilmişdir. O, şəxsiyyət vəsiqəsi almaq üçün İmişli şəhərində yerləşən “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilməlidir.Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixli qərar qəbul edilərək ona göndərilmişdir. O yenidən bununla bağlı DMX müraciət etmişdir. DMX tərəfindən onun müraciətinin baxılmamış saxlanılması haqqında xx.xx.2025-ci il tarixli 10116562 nömrəli qərar qəbul etmiş, həmin qərardan 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verə biləcəyi qeyd olunmuşdur. Eyni zamanda iddiaçı prosessual müddətin buraxılması üzrlü hesab edib müddətin bərpa edilməsi haqqında ərizə təqdim edərək, onun cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınmaması haqqında qərarın ləğv edilməsi və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddia ərizəsinin prosessual iddia müddətinin ötürülməsini üzrlü hesab edib, müddəti bərpa etməklə iddia ərizəsinə baxılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ərizənin baxılmamış saxlanılması haqqında xx.xx.2025-ci il tarixli qərar xx.xx.2025-ci il tarixdə verilmişdir.Lakin həmin qərarın verilməsi üçün əsas xx.xx.2025-ci il tarixd məlumat verilmişdir. O, kənddə yaşadığı üçün rayon mərkəzinə gedib gəlməyi çətinlik yaradır. Ona görə şikayətinin qısa müddət gecikməsi üzrlü hesab edilməlidir. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, onlara iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2026-cı il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilmişdir ki, iddiaçının iddiasının heç bir hüquqi əsası yoxdur və iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyyətinin müəyyənləşdirilməsini xahiş etmişdir. Xidmət tərəfindən müşvafiq araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.1-ci bəndlərinə əsasən onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması barədə xx.xx.2019-cu il tarixli ******* nömrəli qərarı qəbul edilmişdir. Xidmət iddiaçı barədə düzgün qərara gəlmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflərindən xx.xx.2019-cu il tarixli MAPS-a ünvanlanmış sorğularına cavab olaraq iddiaçının Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı bilddirilmişdir. İddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinə baxılaraq cavabdeh orqan tərəfindən “ərizənin baxılmamış saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli 10116562 nömrəli qərar qəbul edilmişdir. İddiaçı barədə eyni məzmunlu xx.xx.2025-ci il tarixli təkrar müraciət təhlil edilərkən faktiki və ya hüquqi halların onun xeyrinə dəyişmədiyi, eyni zamanda şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutların aşkar olunmadığı müəyyən edilmişdir. Belə ki, şəxsin xx.xx.2019-cu il tarixli müraciəti zamanı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması şəxsin xx.xx.1998-ci il tarixli Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı ilə əsaslandırılmışdır.xx.xx.2025ci il tarixli təkrar müraciət zamanı da şəxsin Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına dair yeni sübutlar təqdim edilmədiyindən, bununla da imtinaya əsas olmuş hal aradan qalxmadığından inzibati orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın mümkün sayılaraq təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan Dövlət Miqrasiya Xidmətinin: “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında ******* nömrəli xx.xx.2029-cu il tarixli qərarı ilə xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbayca Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması haqqında” 10116562 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında 13 sentyabr 2019-cu il tarixli ******* nömrəli qərar qəbul edildiyindən, şəxsə dair xx.xx.2025-ci il tarixli müraciətinin baxılmamış saxlanılması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ. Tətbiq edilən hüquq. İnzibati Prosessual Məcəllə. Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi.

İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

Əvvəla iddianın növünə münasibətdə qeyd edilməlidir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia yox, məcburetmə növündə iddiadır. Bu zaman mənsubiyyətin tanınmasından imtina barədə qəbul edilmiş qərar, iddiaçının müraciətindən imtina xarakteri daşımaqla, hazırkı növ iddianın mübahisələndirmə növündə olmasını istisna edir. Qeyd olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-243/2024 saylı iş üzrə qəbul etmiş olduğu xx.xx.2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı hərbi xidmət dövründə aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb edir. İddia tələbinin travmanın səbəbli əlaqəsinin dəyişdirilməsi kimi ifadə olunmasına rəğmən, əslində iddiaçının hüquqi marağının məzmunu və mahiyyəti baxımından həmin tələbə dair iddia mübahisələndirmə haqqında iddia kimi qiymətləndirilə bilməzdi. Bu həm də mübahisələndirmə haqqında iddianın predmeti baxımından da mümkün deyil. Belə ki, İPM-in 32.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddianın predmeti yalnız əlverişsiz inzibati aktlar ola bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsində nəzərdə tutulmuş anlamda inzibati orqanın təşəbbüsü ilə qəbul edilmiş və maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt əlverişsiz (yükləyici) inzibati akt sayılır. . İddiaçının hazırkı məzmunda tələbi isə hərbi xidmət zamanı aldığı xəsarətin və onun səbəbli əlaqəsinin müəyyən olunmasına yönəlmişdir. Başqa sözlə, iddiaçı hərbi xidmət zamanı aldığı xəsarətin və onun alınma şəraitinə uyğun səbəbli əlaqənin müəyyən olunması, konkret halda isə əvvəllər müəyyən olunmuş səbəbli əlaqənin dəyişdirilməsi, daha dəqiqi onun arzuladığı qərarın qəbul olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bu baxımdan iddiaçının tələbi ifadə tərzindən asılı olmayaraq onun hüquqi marağının məzmunu və çatmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hərbi xidmət zamanı aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə iddiaçı əslində sosial təminatını yaxşılaşdırmaq məqsədi güdür. Qeyd olunmalıdır ki, oxşar mövqe hazırkı iş üzrə də iddianın məcburetmə növündə iddia olmasına dəlalət edir. Bu səbəbdən də mənsubiyyətin tanınmasından imtina barədə qərarın ləğv edilməsi və mənsubiyyətin tanınması öhdəliyinin cavabdehə həvalə edilməsinə münasibətdə iddianın müddətlə bağlı mümkünlüyü məsələsi, məcburetmə növündə iddia üçün nəzərdə tutulmuş müddətlə bağlı qayda əsas götürülməklə qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, hazırki iddia növ etibarı ilə məcburetmə haqqında iddia olduğundan, bu növ iddialara baxılan zaman iddia müddəti ilə bağlı şərtin ödənilibödənilməməsinin müəyyən edilməsi mühüm rol oynayır. Məcburetmə haqqında iddia növündə müddət ilə bağlı anlayış İPM-nin müddəalarında əks olunmuşdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi qanunvericiliyin məcburetmə haqqında iddia növündə təsbit etdiyi müddət 30 gün təşkil edir ki, burada müddət ilə bağlı şərtin ödənilib-ödənilməməsi iddianın mümkünlük ilə bağlı şərtin ödənilib-ödənilməməsini göstərir. İşin faktiki hallarından isə görünür ki, mənsubiyyətin tanınmasından imtina barədə qərar xx.xx.2019-cu il tarixdə qəbul olunsa da, iddiaçı da 30 günlük müddət ərzində məhkəməyə müraciət etməsi iş materialları ilə müəyyən olunmur. Beləliklə, iddiaçının mübahisələndirilən qərarın ləğv edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyi, hazırkı iddianı irəli sürmək üçün iddia müddətini ötürməsi müəyyən edilmişdir. Odur ki, iddia müddəti buraxıldığına görə iddia mümkün sayılmamalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.” “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2019-cü il tarixli, № ******* saylı qərarı qeyd edilən müddətlərdə şikayət instansiyasına və məhkəməyə müraciət etməsini bildirməmiş və bu barədə mübahisə açmamış, mübahisə açdığı inzibati aktın dəyişdirilməsi ilə bağlı İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 gün müddətində müraciət etməmişdir. Hazırkı mübahisəyə münasibətdə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Belə ki, iddiaçı tərəfindən mübahisələndirilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2019-cu il tarixli, № ******* saylı və “Ərizənin baxılmamış saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli 10116562 nömrəli qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək həmin qərarı mübahisələndirmiş, bununla da, həmin qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürmüşdür. İddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. Qüvvədə olan qanunvericilikdə əks olunan normalarda nəzərdə tutulmuş müddət prosessual müddətin bərpa edilməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan qərardan iddiaçı ən azından 2019cü ilin sentyabr ayından rəsmi qaydada məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, əksinə qərarın mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 6 ildən çox müddət keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Bu baxımdan ərizə mümkün sayılmamalı və mümkünlük şərti olan müddətinin buraxılması ərizəçinin (iddiaçının) məsuliyyət sferasına aid edilməlidir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmaq istəyir ki, doğrudur ki, inzibati münasibətləri tənzimləyən İPM-nin müddəalarında prosessual müddətin bərpa edilməsi barədə ərizənin mümkünlüyü ilə bağlı norma nəzərdə tutulmamışdır. Lakin nəzərə alınmalıdır ki, necə ki yeni açılmış hallar ilə bağlı ərizələrdə olduğu kimi həmçinin prosessual müddətin bərpa edilməsi barədə ərizələrdə də eyni yanaşma tətbiq olunmalı, mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi yoxlanılmalıdır.Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-312/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır.Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir.” Göründüyü kimi kassasiya instansiya məhkəməsinin ərizənin mümkünlüyü ilə bağlı məsələlərdə formalaşmış mövqeyi məhz o istiqamətdə olmuşdur ki, əgər ərizə qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunmaqla verilməmişdirsə, bu zaman ərizə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, yeni açılmış hallar ilə bağlı ərizəsi olub-olmamasından asılı olmayaraq, ümumiyyətlə müddət məhdudiyyət ilə bağlı ərizələrin qanunvericilikdə nəzərdə tutulmuş normalara əməl olunması şərti yerinə yetirilməmişdirsə, prosessual qənaət prinsipindən irəli gələrək həmin ərizənin mümkün sayılması qənaətinə gəlinməlidir. Məhkəmə eyni zamanda prosessual müddətin bərpası barədə ərizə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla münasibət bildirilməsinə münasibətdə də prosessual pozuntunun olmaması qənaətindədir. Belə ki, hazırkı halda iddianın mümkün hesab edilməməsinin yeganə əsası müddətin ötürülməsi ilə bağlıdır ki, həmin ərizənin də müddətlə bağlılığı ayrı-ayrı qərardad çıxarılmaqla onlardan ayrı-ayrılıqda şikayət verilməsi əvəzində vahid qərardadın qəbulunu iddiaçının həmin qərardaddan şikayət vermək hüququnun istifadəsini asanlaşdırdığı qənaətindədir. Bu zaman oxşar məzmunlu ifadələrin iki ayrı qərardadda əks olunmasını da məhkəmə əhəmiyyətsiz hesab edir. Nəzərə alınmalıdır ki, kassasiya instansiya məhkəməsinin 2-1(102)-472/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-2163/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında, 2-1(102)-1701/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da ərizəyə və iddianın mümkünlüyü məsələsinə vahid qərardadla baxılmasına da qəbul edilmiş qərardadlardan şikayətə baxılmış və prosessual normanın pozuntusuna dair hər hansı müddəaya, yəni həmin qərardadların ayrı-ayrılıqda qəbul edilməli olmasına dair mövqe nümayiş etdirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən, onun tərəfindən təqdim olunmuş müddətin bərpası barədə ərizə mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, vəsatət (ərizə) və iddia mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

qərara aldı: Prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) mümkün sayılmasın. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar