Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5372/2025 17.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “2009-2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “2009-2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbəsində uzun müddət qüsursuz olaraq uşaq bağçasının müdiri işləmiş, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, lakin xx.xx.2023-cü il tarixdə yenidən müddətli əmək müqaviləsi bağlanılmış, xx.xx.2024-cü il tarixdə çalışmanın yaş həddinə çatdığına görə əmək müqaviləsinə xitam verilmiş, son haqq-hesab aparılaraq, 371,70 manat plastik kartına köçürülmüş, xx.xx.2024-cü il tarixdə həmin vəsaitin köçürülməsi cavabdeh orqan tərəfindən təsdiq edilmişdir. Onunla əmək müqaviləsinə xitam verilərəkən, şifahi olaraq mühasibatlığa əvvəlki illərə görə istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanıb ödənilməsini xahiş etsədə, son haqq-hesabda bu nəzərə alınmamış, imtinanı həmin dövrdə Beyləqan rayon İcra Hakimiyyətinin tabeliyində olan müəssisədə çalışdığı ilə əlaqələndirmişdirlər. Belə olan halda, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Mil-Muğan regional şöbəsinə şikayət ərizəsi ünvanlamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli 3-29-41/2-A-4xx-xx/2024 saylı məktubu ilə Beyləqan rayon İcra hakimiyyətində istifadə etmədiyi məzuniyyət günləri ilə bağlı rəsmi məlumatın daxil olacağı təqdirdə qeyd edilən dövrlər üzrə kompensasiya ödənişinin həyata keçirilməsi ilə bğlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Mil-Muğan regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-A- 86719/2024 saylı məktubla Beyləqan rayon Təhsil sektorunda aparılan araşdırma zamanı inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqında icraata başlanılması bildirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli 3-29-41/2-A-4xx-xx/2024 saylı məktubu ilə Beyləqan rayon İcra hakimiyyətinə sorğu verildiyi, həmin sorğuya cavab alındıqdan sonra əvvəlki illərdə istifadə etmədiyi məzuniyyət günlərinin olduğu təqdirdə son haqq-heabm ödənilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət olunması bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Mil-Muğan regional şöbəsinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-A-98082/2024 saylı məktubu ilə qalıq son haqq-hesabın ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq sənədlərin təqdim edilməsi üçün aidiyyəti üzrə müraciət olunması və digər zəruri tədbirlərin görülməsi ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə göstəriş məktubunun göndərilməsi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin xx.xx.2025-cü il tarixli3-29-41/2-A-482-4/2025 saylı məktubu ilə Beyləqan rayon Arxiv İdarəsinə müraciət olunduğu, istifadə etmədiyim məzuniyyət günləri ilə bağlı məlumatın daxil olacağı halda son haqq hesabın ödənilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət olunacağı bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq 2009-2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddia müddəti institutu mülki hüquq münasibətlərdə qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci, 48-ci, Mülki Prosessual Məcəlləsinin 152-ci, tələblərini rəhbər tutaraq, iddia müddətinin ötürülməsi və fərdi əmək mübahisələri üzrə məhkəmə aidiyyəti üzrə həmin işə Şirvan İnzibati Məhkəməsində baxılmalı olmamasını nəzərə alınaraq iddianın təmin edilməməklə geri qaytarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il il tarixli əmrinin surətindən görünür ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbə bağçasının müdiri İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-29-41/2-A-4xxxx/2024 nömrəli məktubundan görünür ki, yaş həddinə çatdığına görə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən vəzifədən azad odilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2023cü il tarixli 2242 nömrəli Fərmanı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X1 təsdiq edilmiş və yerli bölmələrinin struktruna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Agentliyə həvalə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş və istifadə etmədiyi məzuniyyət günlərinə görə 1486.80 manat son haqq hesab hesablanaraq plastik kart hesabına köçürülmüşdür. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən həmin vəzifə üzrə əmək müqaviləsi bağlanılmış və xx.xx.2024-cü il tarixdən çalışmanın yaş həddinə çatmanız ilə əlaqədar bağlanmış əmək müqaviləsinə xitam verilməklə 371.70 manat son haqq hesab hesablanaraq plastik kart hesabınıza köçürülmüşdür. Onun işdən azad edilmə əmrinin surəti 06 sentyabr 2024-cü il tarixdə Mərkəzləşdirilmiş mühasibatlığın Beyləqan rayonu üzrə mühasibatlığına göndərilmiş, 07 və 08 sentyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyinə görə 09 sentyabr tarixində son hesabın ödənilməsi üçün öhdəlik təsdiq edilərək 18 saylı Regional Xəzinədarlıq İdarəsinə göndərilmişdir. Xəzinədarlıq əməliyyatlarının ardıcıllığına uyğun olaraq 10 sentyabr tarixində MAS göndərilmiş və 11 sentyabrda vəsait müştəribankda görünən vaxt təsdiq edilmişdir. Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərdiyi müddət ərzində məzuniyyət hüququnuzdan istifadə etmədiyinizə görə son haqq hesablar ödənilərkən məzuniyyət hüququ nəzərə alınmışdır. Əvvəlki dövrlərdə məzuniyyət hüququndan istifadə etməməyi məsələsinə cavab olaraq bildiririk ki, bununla bağlı Mil- Muğan Regional Təhsil İdarəsi tərəfindən 19 fevral 2024-cü il tarixdə 3-29-41/2-262/2024 nömrəli, 22 may 2024-cü il tarixdə 3-29-41/2-857/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixdə 3-29-41/2-1689 nömrəli məktubla Beyləqan Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Beyləqan Rayon İcra Hakimiyyətindən istifadə etmədiyi məzuniyyət günləri ilə bağlı məlumat daxil olacağı təqdirdə son haqq hesabın ödənilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət olunacaqdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Bununla yanaşı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli qərarının 5.2-ci bəndi ilə müəyyən edilmişdir ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. İddia ərizə və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı onun 2009-2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Hazırkı halda iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında bağlanmış əmək müqaviləsindən törənən bir iddiadır, mülki xarakterlidir və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bu baxımdan, məhkəmə qeyd edir ki, hazırki tələb üzrə qarşı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “2009- 2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyasının hesablanıb ödənilməsi iddiaçı tərəfindən irəli sürülən tələb üzrə cavabdeh olduğu üçün Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsi inzibati orqan olmadığına, eləcə də iddiaçının işlədiyi vəzifə inzibati vəzifə olmadığına görə iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçının vəkili və nümayəndəsinə məhkəmə prosesində qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “2009-2021-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyəti günlərinə görə kompensasiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-5372/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5372/2025
17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver