Məhkəmə qərarları › İş №2-1(120)-542/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-542/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-542/2025 26.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə Novruz oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci qrup əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci ildə Astara rayonun Ərçivan kəndində anadan olmuşdur. 2008-ci ildən “Sol ağır ağ ciyərin sirrotik vərəmi, infiltrosiya mərhələsində VMB(-)” diaqnozu ilə Lənkəran rayonlararası X4 Dispanserində qeydiyyatda olmuşdur. xx.xx.2010-cu il tarixdən ikinci dərəcəli əlil kimi pensiya alırdı. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə müayindən keçirilərkən qanunsuz olaraq ümumi xəstəlikdən 3-cü dərəcəli əlillik verilmişdir. Bir aydan sonra cavabdeh idarəyə müraciət etmişdir. Xeyli müddət gedib gələndən sonra ona 10 gün bundan əvvəl elektron cavab verilb ki, ona əlillik dərəcəsi verilmir. Səbəbi kimi əlavə müalicəyə ehtiyacı olması ğöstərilmişdir. Cavabdehin bu cavabını tam qanunsuz və əsasız hesab edir. Ona görə ki, o, artıq 10 ildən artıq bir müddətdir ki, bu sağalmaz ağır xəstəliyə tutulmuş və müalicəsi üçün müxtəlif xəstəxanalarda stasionar müalicə almışdır. Ümumiyyətlə ayaq üstündə dura və sərbəst yeriyə bilmir. Hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuzdur, əsassız olduğundan onların əsassız olması, iddia tələbinin təmin olunması; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının hərəkətlərnin-cavabının əsassız olması, ona 2-ci qrup əlillik dərəcəsinin bərpa olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpası” tələbinə dair iş üzrə bildirir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Diaqnozun mətni: J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta-ağır gedişli kəskinləşmə mərhələsi... Meyar: 1 1.7.1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları => Tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları => İİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fıbroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri) bəndinə uyğundur. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2022-ci il tarixdə olmuş və ona 2 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir.. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda iddiaçının altsistem məlumatlarına əsasən xx.xx.2024-cü il tarixinədək ikinci qrup əlilliyi vardır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iclasda iştirak etmir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə Novruz oğlu iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən olunur ki: Tibbi-Sosial Ekspert Komissiyasının 1ZTG2710002 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0008 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə 2 il müddətinə ümumi xəstəlik səbəbi ilə Orqanizmin funksiyalarının 60 faizi pozulması səbəbi ilə İddiaçı üçüncü dərəcə əlillik təyin edilmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-X6 X1” X3 xx.xx.2025-ci il tarixli, T34/2025 nömrəli rəyində qeyd edilmişdir ki, İddiaçı adına Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli B00010736PMG saylı Forma 088 göndərişində qeyd edilmiş “Diaqnozun mətni: J44.8-Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta-ağır gedişlikəskinləşmə mərhələsi.” diaqnoz onun stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laboratorinstrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi 0% olmuşdur. Diaqnozla əlaqədar əlilliyin təyini zamanı ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamə”nin 1.1.7.1. bəndinə əsasən 60% iki il müddətinə əlilliyin təyini qərarı verilmişdir. R.t.Əliyev əlillik müddəti bitdikdən sonra İnzibati Məhkəməyə deyil, yaşayış yeri üzrə tibb müəssisəsinə müraciət etməliydi ki, yeni forma 88 rəsmiləşdirilsin. -İddiaçı məhkəmə tibbi müayinədən keçirilərkən X5 Xəstəlikləri İnstitutuna göndərilmiş və onu xx.xx.2024-cü il tarixdə müayinəsi zamanı J44.1 -Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta-ağır gedişli, kəskinləşmə mərhələsi. J96.1-Restruksiyanın üstünlüyü ilə. Qarışıq tipli ağır ventilyasiya pozğunluğu. B90.9-Bitişmiş ağciyərin vərəmindən sonrakı qalıq- ikitərəfdən fıbroz bərk ocaqlar şəklində” diaqnozu müəyyən edilmişdir. Vərəm xəstələri yaşayış yeri üzrə X2 qeydiyyata götürülür və həkim nəzarəti altında təyin edilmiş dərman preparatlarını qəbul edirlər, Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. Əsaslandırma hissəsi: Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. 62.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yazılı inzibati akt mediada dərc olunur. İnzibati akt dərc edildiyi gündən 10 gün keçdikdən sonra elan olunmuş sayılır. 62.5. Yazılı inzibati aktın mediada dərc olunması qaydası müvafiq inzibati orqan tərəfindən müəyyən edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfi dinləyərək, iddia, etiraz ərizəsini və ona əlavə edilmiş sənədləri obyektiv və qərəzsiz şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə müəyyən etdiyi işin faktiki halları üzrə aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə müəyyən edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş ikinci qrup əlilliyin bərpa edilməsinindən ibarətdir. Məhkəmə iddiaçıya dair Əlillik altsistemindən çıxarışlardan müəyyən edir ki, Tibbi- Sosial Ekspert Komissiyasının 1ZTG2710002 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə onun əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə qiymətlərndirilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0008 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə 2 il müddətinə ümumi xəstəlik səbəbi ilə Orqanizmin funksiyalarının 60 faizi pozulması səbəbi ilə İddiaçı üçüncü dərəcə əlillik təyin edilmişdir. Bundan sonra iddiaçı həmin əlverişsiz inzibati aktı mübahisələndirməmiş və yalnız 1 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən iddia tələbi düzgün müəyyən olunmamışdır. Belə ki, iddiaçı barəsində qəbul edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının xxxxxxx0008 nömrəli, xx.xx.2022-ci il tarixli qərarını mübahisələndirməlidir. Lakin İddiaçı tərəfindən qanunvericinin müəyyən etdiyi iddia müddətinə də riayət edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi müvafiq inzibati aktın ləğvinə yönəlməklə mübahisələndirmə və məcburetmə iddia növünə aiddir. Qanunvericinin tələbinə görə, həmin növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmçinin “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Beləliklə də, iş materiallarından müəyyən olunur ki, iddiaçı inzibati aktı məhkəmə qaydasında mübahisələndirmək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür və iddiaçıya müddətin bərpa olunması ilə bağlı ərizə təqdim etmək və iddia tələbini dəyişdirmək hüququ izah olunsa da, iddiaçı hüquqi yardıma münasibət bildirməmişdir. Məhkəmə işin faktiki və hüquqi əsaslarını birgə təhlil edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisə üzrə qanunvericinin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra, yəni inzibati aktın qəbul edildiyi vaxtdan kifayət qədər uzun müddət keçdikdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanaraq qanunvericiliyin mümkünlük məsələsi ilə bağlı müddəaları izah edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 2, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar