Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-543/2021 24.05.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X9, cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin nümayəndəsi X6, üçüncü şəxs “Fuad” kəndli fermer təsərrüfatının vəkili və nümayəndəsi X14, üçüncü şəxs X3, üçüncü şəxs X7, üçüncü şəxs X15 iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(120)-543/2021 nömrəli qərardadı ilə X12, “Fuad” kəndli fermer təsərrüfatı (rəhbəri X1), X8, X10, İslam Piriyev və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X16 izahat verərək bildirdi ki, Hacıqabul rayonu, Kolanı kənd sakini Vüqar Səfərov və digərlərinin Bələdiyyələrlə iş mərkəzindən İddiaçınə daxil olmuş kollektiv müraciəti əsasında Abdulabad bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaqlarının qanunsuz istifadəsi ilə bağlı faktlar araşdırılarkən torpaq qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Belə ki, araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahələrinin 60 ha hissəsi Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı qərarı əsasında 50 il müddətinə İslam Piriyevə, 100 ha hissəsi 23 mart 2003-cü il tarixli, 03 saylı qərarla 99 il müddətinə Balabikə İsmayılovaya, 13,7 ha hissəsi 15 sentyabr 2004-cü il tarixli, 10 saylı qərarına əsasən 60 il müddətinə Təranə Dəmirovaya, 84 ha hissəsi 25 mart 2004-cü il tarixli, 04 saylı qərarına əsasən 15 il müddətinə “Fuad kəndli fermer təsərrüfatına”, 30 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən 15 il müddətinə İltifat Hacıyevə, 80 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Balabikə İsmayılovaya və 130 ha hissəsi 25 sentyabr 2005-ci il tarixli, 03 saylı qərarına əsasən Təranə Dəmirovaya ayrılmışdır. Torpaq sahələrinin icarə müddəti ilə bağlı göstərilmiş bu hal Torpaq Məcəlləsinin örüş torpaq sahələrinə münasibətdə müəyyən edilən tələblərinə zidd olmuşdur, icarə münasibətlərinin davam etdiyi illər ərzində bu xüsusata bələdiyyə tərəfindən lazımınca diqqət göstərilməmişdir. Bildirmək istəyir ki, Hacıqabul rayonu, Kolanı kənd sakinləri Vüqar Səfərov və digər şəxslər tərəfindən 01.07.2020-ci tarixində İddiaçınə məktub daxil olmuşdur.Həmin məktubda qeyd olunur ki, Hacıqabul rayonu, Abdulabad (keçmiş Kolanı) bələdiyyəsinin ümumi istifadəsində olan örüş təyinatlı torpaq sahələri bir qrup Kolanı kənd sakinləri tərəfindən uzun illərdir ki, qanunsuz olaraq zəbt edilərək istifadə olunur.Bələdiyyənin örüş torpaqlarının qanunsuz istifadəsinin araşdırılması inzibati nəzarəti həyata keçirən orqandan xahiş edilmişdir. Araşdırmanın nəticəsi olaraq, göstərilən torpaq sahələrinin ayrılması üçün əsas olmuş bələdiyyə qərarlarının ləğv edilməsi və bunun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı Abddulabad bələdiyyəsinə təklif verilmişdir. Verilmiş təklif 03.11.2020-ci il tarixdə bələdiyyə sədrinə şəxsən təqdim edilsə də, bələdiyyə iclasında təklifin müzakirəsi ilə bağl idarəyə hər hansı məlumat daxil olmamışdır. Hacıqabul rayonu Abdulabad bələdiyyəsi tərəfindən qərarların ləğv edilməsi barədə məhkəməyə müraciət edilməmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq yuxarıda qeyd olunan qərarların qanunsuz olduğu İddiaçınə məlum olmuş və bundan sonra qərarların ləğv edilməsi barədə Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmamış, iddia müddətinin axımı yuxarıda qeyd edilmiş bələdiyyə qərarların ləğv edilməsi ilə bağlı təklif edilməsi Abdulabad bələdiyyəsnə verilmiş 03 noyabr 2020-ci il tarixli, təklifin verilməsi tarixindən başlayır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.3-cü maddəsinə əsasən Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Bu məcəllənin 16.4-cü maddəsinə əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin stıfadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun oruş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək ianələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən qaydada yenidən baxılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın 2.5.1-ci bəndinə əsasən bələdiyyə aktı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olduqda, aktın qanunvericiliklə müəyyən olunmuş qaydada dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində onu qəbul etmiş bələdiyyəyə müraciət göndərilir. Müraciətdə ziddiyyətin məzmunu, onun aradan qaldırılmasına dair təkliflər, həmin təkliflərlə bağlı görülmüş tədbirlər barədə (bələdiyyə aktının (aktlarının) surəti əlavə edilməklə) məlumat təqdim olunmasının zəruriliyi və s. məsələlər göstərilməlidir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin Təlimatın 2.5.2-ci bəndinə əsasən göstərilən ziddiyyət müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda Mərkəz və ya İdarə tərəfindən müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 gün ərzində iddia ərizəsi hazırlanaraq aidiyyəti məhkəməyə göndərilir və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır. “Bələdiyyələri fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə 27.02.2003-cü il tarixli 922 nömrəli fərmanın 2-ci bəndində göstərilir ki, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun 3.1.-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanfnın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci madddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1 -ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Bundan başqa həmin Qanunun 8.5-ci maddəsinə əsasən İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 144-cü maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək bələdiyyələrin iclaslarının səlahiyyətlərinə aiddir. "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 3-cü maddəsinin tələblərinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsinin əsas prinsipləri bələdiyyələr tərəfindən torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərin qorunması, eləcə də torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsidir. Həmin Qanunun 4.0.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək bələdiyyələrin səlahiyyətinə aid edilmişdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin nümayəndəsi X13 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs “Fuad” kəndli fermer təsərrüfatının vəkili və nümayəndəsi X22 izahat verərək bildirdi ki, İddiaçı tərəfindən həm 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, həm də hazırda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddətlər buraxılmışdır. Eyni zamanda iddiaçı tərəfindən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın 3.2.9-cu bəndinin və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X10 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X12 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X23 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər X8 və X11 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslər X2 və X4 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan İddiaçı Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə ünvanladığı 03.11.2020-ci il tarixli, 1568/Kol-297 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı və 25 sentyabr 2005-ci tarixli, 03 saylı qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə məhkəməyə müraciət edilməsi Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə təklif edilmişdir. İşdə olan İddiaçı Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə ünvanladığı 23.12.2020-ci il tarixli, 1760/Kol-297 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayonu, Abdulabad bələdiyyəsinin mülkiyyətinə aid örüş torpaqlarının qanunsuz istifadəsi ilə bağlı faktlar araşdırılarkən torpaq qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Belə ki, araşdırma zamanı əldə edilmiş sənədlərin tədqiqi əsasında müəyyən olunmuşdur ki, bələdiyyə mülkiyyətinə aid örüş torpaq sahələrinin 60 ha hissəsi Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı qərarı əsasında 50 il müddətinə İslam Piriyevə, 100 ha hissəsi 23 mart 2003-cü il tarixli, 03 saylı qərarla 99 il müddətinə Balabikə İsmayılovaya, 13,7 ha hissəsi 15 sentyabr 2004-cü il tarixli, 10 saylı qərarına əsasən 60 il müddətinə Təranə Dəmirovaya, 84 ha hissəsi 25 mart 2004-cü il tarixli, 04 saylı qərarına əsasən 15 il müddətinə “Fuad kəndli fermer təsərrüfatına”, 30 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən 15 il müddətinə İltifat Hacıyevə, 80 ha hissəsi 20 fevral 2005-ci il tarixli, 02 saylı qərarına əsasən Balabikə İsmayılovaya və 130 ha hissəsi 25 sentyabr 2005-ci il tarixli, 03 saylı qərarına əsasən Təranə Dəmirovaya ayrılmışdır. Araşdırmanın nəticəsi olaraq, göstərilən torpaq sahələrinin ayrılması üçün əsas olmuş bələdiyyə qərarlarının ləğv edilməsi və bunun əsasında verilmiş hüquqmüəyyənedici sənədlərin etibarsız hesab olunması barədə məhkəməyə müraciət edilməsi ilə bağlı Abddulabad bələdiyyəsinə təklif verilmişdir. Verilmiş təklif 03.11.2020-ci il tarixdə bələdiyyə sədrinə şəxsən təqdim edilsə də, bələdiyyə iclasında təklifin müzakirəsi ilə bağl idarəyə hər hansı məlumat daxil olmamışdır. Qeyd olunur ki, yuxarıda göstərilən qərarların ləğv edilməsi ilə bağlı İddiaçı tərəfindən Abdulabad bələdiyyəsinə qarşı idda ərizəsi ilə Şirvan inzibati Məhkəməsinə müraciət edilməsi məqsədə müvafiq hesab edilmişdir. İşdə olan İddiaçı məhkəməyə ünvanladığı 23.04.2021-ci il tarixli, 788 nömrəli məktubunun surətindən görünür ki, Hacıqabul rayonu Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı iclas qərarı 24 sentyabr 2018-ci il tarixdə inzibati nəzarət qaydasında İddiaçınə daxil olmuş və hal-hazırda qüvvədədir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məhkəmə ilk öncə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddia cavabdeh orqanın 2000-2005-ci illərdə və 2018-ci ildə qəbul edilmiş qərarlarının ləğv olunmasından ibarətdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (Həmin norma 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanunun: 5.0 və 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 7.2-ci bəndinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır. 8.4-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. 10.1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın: 3.2.2-ci bəndinə əsasən müraciətə 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunursa, 30 iş günü müddətində baxılır. Qanunla müəyyən edilmiş hallarda və qaydada müraciətə baxılma müddəti daha 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. Müraciətə baxılması müddətinin uzadılması barədə ərizəçiyə Mərkəz və ya İdarə tərəfindən üç iş günü müddətində yazılı məlumat verilir. Müddətin uzadılması barədə əsaslandırılmış qərar Mərkəzin və ya İdarənin rəisi tərəfindən qəbul edilir; 3.2.9-cu bəndinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti 5 iş günü müddətində bələdiyyə tərəfindən təmin edilmədikdə, iddia ərizəsi hazırlanaraq müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 iş günü ərzində aidiyyəti məhkəməyə müraciət olunur və bu barədə müvafiq bələdiyyə dərhal məlumatlandırılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir. Məhkəmənin hüquqi mövqeyinə görə inzibati icraat çərçivəsində İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddia (məsələn, bələdiyyə qərarlarının ləğv edilməsi) həmin Məcəllənin 2.2.1-ci maddəsində qeyd olunmuş iddialardan (inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən) bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisləndirilməsi ilə bağlıdır və s.) fərqlənmir. Bu baxımdan məhkəmə hesab edir ki, İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddianın mümkün sayılması üçün mübahisələndirmə haqqında iddiada olduğu kimi xüsusi mümkünlük şərtləri mövcud olmalıdır. Xüsusi mümkünlük şərtlərinin də ən əsası iddia qaldırmaq müddətinə riayət edilməsidir. Yuxarıda qeyd olunmuş hüquq normalarında (maddələrində) iddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, İddiaçı 2000- 2005-ci illərdə cavabdeh tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsi tələbi üzrə iddianın verilməsi müddətini buraxmışdır. Məhkəmə, həmçinin Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarının ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəməyə ünvanladığı 23.04.2021-ci il tarixli, 788 nömrəli məktubunda özü etiraf etmişdir ki, həmin qərar (24 avqust 2018-ci il tarixli, 11 saylı qərarı) 24 sentyabr 2018-ci il tarixdə inzibati nəzarət qaydasında İddiaçınə daxil olmuşdur. Başqa sözlə, iddiaçının mübahisələndirilən qərardan 2018-ci ildən məlumatı olmuşdur. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı İddiaçı məhkəmə müraciət edən zaman yalnız prosessual qanunverciliyin deyil, həmdə bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən inzibati orqan kimi onun fəaliyyətini tənzimləyən “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Belə ki, iş materiallarında olan sübutlardan, həmçinin iddiaçının nümayəndəsinin izahatından müəyyən olunur ki, İddiaçı tərəfindən 03.11.2020-ci il tarixdə 1568/Kol-297 nömrəli məktubla mübahisə predmeti olan qərarların ləğv edilməsi cavabdeh Abdulabad bələdiyyəsinə təklif edilmişdir. Qeyd olunan məktub həmin tarixdə cavabdehin nümayəndəsi tərəfindən qəbul edilmişdir. İddiaçı 23.12.2020-ci il tarixdə 1760/Kol-297 nömrəli məktubla cavabdehə məhkəməyə müraciə edəcəyini bildirmişdir. Həmin məktub cavabdehin nümayəndəsi tərəfindən 24.12.2020-ci ildə qəbul edilmişdir. Elə həmin tarixdə də (24.12.2020-ci ildə) iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə göndərilmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimatın 3.2.9-cu bəndinin və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinin tələblərinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti 5 iş günü müddətində bələdiyyə tərəfindən təmin edilmədikdə, iddia ərizəsi hazırlanaraq müvafiq bələdiyyəyə müraciət edildiyi gündən 15 iş günü ərzində aidiyyəti məhkəməyə müraciət olunur. Ancaq İddiaçı cavabdeh Abdulabad bələdiyyəsinə müraciət etdiyi vaxtdan 34 iş günü sonra (03.11.2020-ci il tarixdən 24.12.2020-ci tarixədək) məhkəməyə müraciət etmişdir. Başqa sözlə, iddiaçı tərəfindən həm prosessual qanunvecilikdə, həm də inzibati nəzarəti həyata keçirən orqan kimi onun fəaliyyətini tənzimləyən Qanunda nəzərdə tutulmuş iddianın verilməsi müddəti (iddia qaldırmaq müddəti) buraxılmışdır və bu da iddianın mümkün sayılmaması ilə nəticələnir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməyərək, bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularını, o cümlədən qanun pozuntuları ilə qəbul edilmiş inzibati aktları (qərarları) ötən illər ərzində aşkar etməmişdir. Başqa sözlə, iddiaçının öz təşəbbüsü ilə monitorinqlər keçirmək, ümumiləşdirmələr aparmaq hüququ olsa da, iddiaçı həmin hüququnda vaxtında istifadə etməmişdir. Eyni zamanda iddiaçının ötən illər ərzində bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarları tələb etmək və həmin qərarların qeydiyyat kitablarına baxış keçirilmək imkanı olmuşdur. Lakin iddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməmiş, hərəkətsizlik göstərərək bələdiyyələr tərəfindən yol verilmiş pozuntuları və qəbul edilmiş qərarı vaxtında müəyyən edib mübahisələndirməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsinə əsas olan bələdiyyə qərarlarının 15-20 il sonra ləğv edilməsi mülki dövriyyəyinin sabitliyinin pozulması ilə nəticələ bilər. Eyni zamanda qeyd olunan hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “Etimad hüququnun qorunması prinsipi” ilə bağlı normasının (13-cü maddənin) tələbləri ilə uzlaşmır. Məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən, həmçinin aşağıda qeyd olunan məhkəmələrin hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) qeyd olunmuşdur ki, “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Hacıqabul rayonu Abdulabad bələdiyyəsinə qarşı Hacıqabul rayonu, keçmiş Kolanı (Abdulabad) bələdiyyəsinin 03 oktyabr 2000-ci il tarixli, 06 saylı, 23 mart 2003-cü il tarixli, 03 saylı, 15 sentyabr 2004-cü il tarixli, 10 saylı, 25 mart 2004-cü il tarixli, 04 saylı, 20 fevral 2005-ci il tarixli, 02 saylı, 25 sentyabr 2005-ci il tarixli, 03 saylı, eləcə də həmin torpaq sahəsi üzərində icarə hüququnun özgəninkiləşdirilməsinə razılıq verilməsi ilə bağlı Abdulabad bələdiyyəsinin 24 avqust 2018-ci il tarixli, 11 saylı qərarlarının ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-543/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-543/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver