Məhkəmə qərarları › İş №2-1(120)-545/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-545/2021

11.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-545/2021 11.10.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı1 (İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X5 (İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı1 cavabdeh cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0196 (kod ********) dövlət aktında ona ayrılmış 0,40 ha torpaq sahəsinə 1,82 ha kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı1 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə və İmişli rayon İcra Hakimiyyətinə qarşı 1,52 ha həyətyanı torpaq sahəsinin və 1,82 sot çöl torpaq sahəsinin naturada verilməsi, həmin torpaq sahələrinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli qərardadı ilə İmişli rayonu Qulubəyli bələdiyyəsi, X4 və X7 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sonradan İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0196 (kod ********) dövlət aktında ona ayrılmış 0,40 ha torpaq sahəsinə 1,82 ha kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14.06.2021-ci il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı1 izahat verərək bildirdi ki, o, ailə üzvləri ilə birlikdə uzun illərdir İmişli rayonunun Qulubəyli kəndində yaşayır. Əmək veteranıdır. 1997-ci ildə yaşadığı İmişli rayonunun Qulubəyli kəndində torpaq islahatı aparılan zaman onun 8 nəfər ailə üzvlərinə, çöl sahə deyilən yerdən 4-cü qrup torpaq sahəsindən adam başına 0,70 ha pay torpağın püşk atma yolu ilə ayrılmışdır. Lakin həyətyanı torpaq sahəsi zəbtlə birlikdə 1,72 ha ölçülmüşdür. Həmin 8 nəfərə düşən pay torpağının cəmi 5,60 ha olmuşdur. Bundan 1.52 ha zəbt olan hətəyanı 2 qat olaraq, yəni 3,04 ha çıxılmış qalan 2,56 ha əvəzinə onların ailəsinə, bir adam payı əskik olaraq 1,82 pay torpağı verilmişdir. Onlar buna qane olaraq həmin 1,82 ha pay torpaq sahəsini 5 il əkdilər. Növbəti olaraq pambıqtaxıl yonca yəni lazım olan bitki əkdirmişlər və hər il 3000-4000 ailəyə gəlir gəlirdi. Lakin kəndin sabiq islahat komissiyasının sədri Seyidəli Nağıyev qanunsuz olaraq 2002-ci ildə yenidən islahat apardığı zaman onların 1,82 ha pay torpaq sahəmizi 3 hissəyə böldürdü, bir hissəsini X6, bir hissəsini onun pay torpağından 2 km aralı olan kənd sakini X2 və cəmi 0,40 ha isə onun 8 nəfərlik ailə üzvlərinə yazdırmışdır. Lazımi orqanlara müraciət edəndə, onu ölümlə hədələmiş sonrada DTK-nın rayon şöbəsinə məktub yazıb onun evini 5 saat polislərə axtarış etdirmiş və onun qız övladları 5 saat gecə küçədə qalmışlar. Onu və ailəsini sabiq islahat komissiyasının sədri vəzifəsindən sui-istifadə edərək Seyidəli Nağıyev 19 il pay torpaq sahəsindən mərhum etmişdir. İmkanlı olduğuna görə, işini hər tərəfdən bağlatdırıbdır. Həmin 1,82 ha torpaq sahəsi onun ailəsinə qaytarılmalıdır. 19 il pay torpaq sahəsindən istifadə etməyinə maneə yaratdığından 35000-40000 manat maddi zərər çəkmişlər. Bu barədə İqtisadiyyat Nazirliyinə və DƏDRX-nin 6 saylı ərazi idarəsinə ərizə göndərmişdir ki, torpaq sahəsinə dövlət sənədi verilsin. DƏDRX-nin 6 saylı ərazi idarəsinin 18.11.2020-ci il tarixli məktubunda göstərilir ki, A188802 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən İmişli rayon Aqrar İslahat komisiyasının 24.10.1997-ci il tarixli 06 nömrəli qərarı əsasında mülkiyyətinə 19996,93 ha olan torpaq sahəsi ayrıldığı məlum olmuşdur. Odur ki, JN-0196 (kod ********) dövlət aktında ona ayrılmış 0,40 ha torpaq sahəsinə 1,82 ha kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X7 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsi və X4 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin nümayəndəsinin, üçüncü şəxslər İmişli rayonu Qulubəyli bələdiyyəsinin nümayəndəsinin və X1 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə heç bir münasibət bildirməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə İmişli rayonu ərazisində yerləşir. Məhkəmə- Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 17034802 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 29.05.1938-ci il tarixdə İmişli rayonu, Qulubəyli kəndində anadan olub, İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan JN-0196 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2002-ci il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0,40 ha torpaq sahəsi ilə bağlı tərtib olunmuş və dövlət aktı qeydiyyat kitabında 10.04.2003-cü il tarixdə 7344 nömrəli ilə uçota alınmışdır. İşdə olan A188802 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 1996,93 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib olunmuş və X11 kitabında 20.07.2009-cu il tarixdə 91 nömrəli ilə uçota alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi idarəsinin İddiaçı1 ünvanladığı 18.11.2020-ci il tarixli, **********26 nömrəli məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş AN 188802 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədinə əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 24.10.1997-ci il tarixli 06 nömrəli qərarı əsasında mülkiyyətinə ümumi sahəsi 0.1996.93 ha olan torpaq sahəsi ayrıldığı məlum olmuşdur. Lakin əlavə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı 6 saylı Beyləqan Ərazi İdarəsi hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından qanunla nəzərdə tutulmuş qaydada Aqrar İslahat Komissiyasının qərarından İmişli rayon məhkəməsinə müraciət etmək tövsiyə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin tələblərinə əsasən qeyd olunan torpaq sahəsinin plan və ölçüsü sənədinin əsli və dövlət rüsumunun ödənilməsi barədə sənədlə Xidmətin 6 saylı Beyləqan Ərazi İdarəsinə və ya idarənin İmişli rayon şöbəsinə müraciət edəcəyi təqdirdə ümumi sahəsi 0.1996.93 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına qanunamüvafiq qaydada baxılacaqdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.07.2021-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə edilmiş İmişli rayon sabiq Azərbaycan kolxozunun ərazisində torpaq payı alan mülkiyyətçilərinin püsk atma yolu ilə ardıcıllıq siyahısının yekun cədvəlinin 196-cı sırasında 8 nəfərdən ibarət ailə tərkibində İddiaçı1 adı və onun qanuni istifadəsində 0,20 ha həyətyanı sahəsinin, həmçinin 1,76 ha artıq torpaq sahəsinin olduğu qeyd edilmiş, eyni zamanda İmişli rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş adlı siyahısından çıxarışın 185-ci sırasında 8 nəfərdən ibarət ailə tərkibində İddiaçı1 və onun ailə üzvlərinin adı və onların xüsusi mülkiyyətində 1,83 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. İşdə olan 21.12.2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları, torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. 16-cı maddəsinə əsasən: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin X11, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2002-ci il tarixli, 07 nömrəli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış 0,40 ha torpaq sahəsi ilə bağlı JN-0196 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuş və dövlət aktı qeydiyyat kitabında 10.04.2003-cü il tarixdə 7344 nömrəli ilə uçota alınmışdır. İmişli rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli, 06 nömrəli qərarı ilə İddiaçı1 mülkiyyətinə verilmiş 1996,93 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı A188802 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib olunmuş və X11 kitabında 20.07.2009-cu il tarixdə 91 nömrəli ilə uçota alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 14.07.2021-ci il tarixli, **********76 nömrəli məktubuna əlavə edilmiş İmişli rayon sabiq Azərbaycan kolxozunun ərazisində torpaq payı alan mülkiyyətçilərinin püsk atma yolu ilə ardıcıllıq siyahısının yekun cədvəlinin 196-cı sırasında 8 nəfərdən ibarət ailə tərkibində İddiaçı1 adı və onun qanuni istifadəsində 0,20 ha həyətyanı sahəsinin, həmçinin 1,76 ha artıq torpaq sahəsinin olduğu qeyd edilmiş, eyni zamanda İmişli rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş adlı siyahısından çıxarışın 185-ci sırasında 8 nəfərdən ibarət ailə tərkibində İddiaçı1 və onun ailə üzvlərinin adı və onların xüsusi mülkiyyətində 1,83 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir Göründüyü kimi iddiaçıya ayrılmış torpaq sahəsinin həcmi ilə bağlı ilə bağlı ziddiyyətli məlumatlar (hallar) mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsü sənədi, eyni zamanda dövlət aktı ilə həmin sənədlərin verilməsinə əsas olan ilkin hüquqmüəyyənedici sənədlər arasında uyğunsuzluğun olub-olmamasını araşdırmamaqla cavabdeh inzibati orqan iddiaçının müraciəti ilə bağlı zəruri inzibati icraat aparmamış və əsaslandırılmamış, formal “imtina” vermişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının ərizəsi üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun : 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. 41.2-ci maddəsinə əsasən inzibati orqan ekspertizanın təyin olunması haqqında qərar qəbul edir və həmin qərarda ekspert rəyinin tələb olunduğu sualların dairəsini (ekspert araşdırmasının predmetini) müəyyənləşdirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73-cü maddəsi tətbiq oluna bilər. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə bir daha qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının ərizəsi əsasında zəruri inzibati icraat aparılmadığından işin faktiki və hüquqi halları tam müəyyən edilməmişdir. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində müraciətin təmin edilməsindən “imtina” ediləcəyi halda iddiaçının həmin “imtina”nı məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulmalıdır. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının tərəfindən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinin üzərinə İddiaçı1 müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar