Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-548/2022 13.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta stajının yaranması üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının əmək stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə xx.xx.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı il tarixində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 1974-cü il tarixdə başlamış və buna dair işlədiyi illərə dair əmək kitabçası vardır. Bundan əlavə 18 yavnar 2007, 19 dekabr 2008, 09 yanvar 2010-cu il tarixə kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialından həmin üç ilin hesablanması mümkün olmadığı bəhanə gətirilərək əmək pensiyasının hesablanmasından əsassız olaraq imtina edilmişdir. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək qanunauyğun deyil. Qeyd edilənlərin nəzərə alınaraq iddia ərizəsinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-548/2022 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********6 etiraz məktubunda qeyd edilir ki, aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, icraatınızda olan 2-1(120)-548/2022 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etirazımızı təqdim edirik. İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkaran-Astara regional filialına müraciət edərək, 2007-2010-cu illərdə Dövlət Sosial Müdafiə Fonduna ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqqlarının nəzərə alaraq proaktiv qaydada əmək pensiyasının təyin edilməsini tələb etmişdir. İddiaçının həmin illər üzrə ödəmiş olduğu məcburi dövlət sosial sığorta haqları baza məlumatlarında öz əksini tapmamışdır. Odur ki, “Əmək pensiyaları haqqında” Qanununun 22-1.2.1-ci maddəsinin tələbi ödənilmədiyi üçün vətəndaşa proaktiv qaydadaa əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1,0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qeyd etməyi zəruri hesab edirik ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin “Sığortaedənlərin reystri” bölməsindən əldə edilən məlumatlara əsasən, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2021ci il tarixədək olan dövr ərzində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota düşməmiş, MEİS-in “Sığorta” altsistemindən əldə olunan məlumatlara əsasən isə tərəfindən 2007-2010-cu illər üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabat”lar (Forma B2) və illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilməmişdir. Belə ki, İddiaçı **********595 nömrəli şəxsi hesabında 2006-cı il tarixdən 2021-ci il tarixədək olan dövr ərzində hər hansı sığortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Qanunvericiliyin tələbləri və işin faktiki hallarından məlum olur ki, İddiaçı proaktiv qaydada əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Yuxarıda sadalananları nəzərə alaraq icraatınızda olan 2-1(120)-548/2022 nömrəli inzibati iş üzrə İddiaçı “ödənilmiş məcburi dövlət sosial sığorta haqqlarının əmək stajına hesablanması” na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli xidməti məktubunda qeyd edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş İddiaçı iddiasına dair iş üzrə sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, 2 saylı Lənkəran-Astara regional filialından daxil olmuş (**********2 nömrəli məktuba əsasən) inzibati icraat materiallarına uyğun olaraq M.M.Abasalı oğlunun sosial sığorta stajı yenidən hesablanmışdır. Vətəndaşın sığorta stajına № ******* hərbi biletinin surətinə əsasən xx.xx.1974-xx.xx.1976-cı il tarixinədək hərbi xidmət dövrü, № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1988-xx.xx.1989-cu illər, xx.xx.1989-xx.xx.1990-cu illər və xx.xx.1991-xx.xx.1992-ci illər işlədiyi dövr daxil edilərək ümumilikdə 5 il 3 ay 21 gün təşkil edir. Eyni zamanda 2007-ci il yanvar ayı, 2008-ci ilin dekabr ayı üzrə, 2010-cu ilin yanvar ayı üzrə təqdim edilmiş məcburi sosial sığorta ödəmələri üçün qəbzlərin doğruluğunun araşdırılması zərurəti yarandığından həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 071666 nömrəli qəbzdən görünür ki, iddiaçı 2006-cı il üçün 4 manat 20 qəpik MDSS haqqı üzrə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2008-ci il tarixli, 779626 nömrəli qəbzdən görünür ki, iddiaçı 2008-ci il üçün 4 manat MDSS haqqı üzrə ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 271739 nömrəli qəbzdən görünür ki, iddiaçı 2009-cu il üçün 5 manat MDSS haqqı üzrə ödəniş etmişdir. İş materiallarında olan AT-İİİ № ******* nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, iddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək fasilələrlə əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 Sisteminin Pensiya alt sisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X6 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirliyin X1 sisteminin “Sığorta” (Hesabat) altsistemində sığortaolunan, İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları qeyd edilməmişdir. Həmçinin Filialın məlumat uçot bazasında onun sığortaedən kimi də qeydiyyatda olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, **********996000 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X4 23.11,2020-ci il tarixli **********2 qərarına əsasən mərkəzi Cəlilabad rayonu olmaqla Fondun Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonları üzrə 9 saylı Regional Ərazi Filialı yaradılmışdır. Bununla bağlı xx.xx.1997-ci il tarixdə vergi uçotuna alınmış Cəlilabad rayon filialının (VÖEN: **********) uçot məlumatlarında xx.xx.2020-ci il tarixdə müvafiq dəyişiklik edilmiş və filialın adı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dövlət Sosial Müdafiə Fondu” X4 9 Saylı Regional Ərazi Filialı” olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2022-ci il tarixli, MİHO/1.1-2-2022-5749 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialına qarşı “sığorta stajının yaranması üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının əmək stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işlə əlaqədar 18 yanvar 2007-ci il tarixli ÇHB seriyalı 071666 nömrəli, 09 yanvar 2010-cu il tarixli CİP/1 seriyalı 271739 nömrəli, 19 dekabr 2008-ci il tarixli CİP seriyalı 779626 nömrəli “Məcburi dövlət sosial sığortası haqqı üçün” olan mədaxil qəbzlərinin Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinə məxsus olub-olmaması və sözügedən qəbzlərin hansı mətbəə tərəfindən sifariş verilməsi barədə məlumatların Şirvan İnzibati Məhkəməsinə təqdim edilməsinə dair məktubuna baxılmışdır. Bildiririk ki, Maliyyə Nazirliyinin məktubunuzda qeyd edilən qəbzlərlə əlaqədar olan arxiv sənədləri saxlanılması müddəti bitməsi səbəbindən ləğv edilmişdir. Habelə 2007-ci il 18 yanvar tarixli, ÇHB seriyalı, 779626 nömrəli və 2008-ci il 19 dekabr tarixli, CİP seriyalı, 779626 nömrəli “Məcburi dövlət sosial sığortası haqqı üçün” olan qəbzlərin hansı mətbəə tərəfindən cap edilməsi və təhvili barədə Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinin uçot bazasında heç bir məlumat yoxdur. Məktubunuzda göstərilən 2010-cu il 09 yanvar tarixli, CİP/1 seriyalı, 271739 nömrəli qəbz isə Azərbaycan Respublikası Dövlət Sosial Fondunun sifarişi əsasında Bakı şəhər İcra Hakimiyyətinin İqtisadiyyat Komitəsinin mətbəəsi tərəfindən çap edilərək aidiyyəti üzrə təhvil verilmişdir (Seriya CİP/1, No-264001- 281000-dək 17000 dəst). Həmin məlumat Bakı şəhər icra Hakimiyyəti İqtisadiyyat Komitəsinin mətbəəsi tərəfindən təqdim edilmiş 2009-cu ilin may ayı üzrə aylıq hesabatda qeyd edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuş və onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Cavabdehin imtinasının və etirazının dəlili iddiaçının hesabat təqdim edilməməsi iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilməməsidir. Əmək Pensiyaları haqqında Qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; -1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; -21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Normaların məzmunundan göründüyü kimi, qanunverici əmək (iş) dövrlərinin yalnız o hissəsini (hissələrini) sosial sığorta staj kimi nəzərə alır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənilmiş olsun. “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 22-1-ci maddə əlavə edilmişdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minmişdir. 2019-cu ilin yanvarın birindən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən; 22-1.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1-ci maddəyə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.4-ci maddəyə əsasən Bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: 22-1.4.1-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; 22-1.4.2-ci maddəyə əsasən 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra, yəni 15 yanvar 2021-ci il tarixdə yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən bu məbləğləri onun və ailə üzvlərinin fərdi şəxsi hesabına işləmək mümkün olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi kimi iddiaçı 2007, 2008, 2010-cu illərdə torpaqdan sosial sığorta haqqı ödəmişdir. Göründüyü kimi, iddiaçı məcburi dövlət sosial sığorta haqlarını “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsində göstərilən 1 iyul 2018-ci il tarixdən beş il əvvəl ödəmişdir. “Sosial sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) uçota almanı həyata keçirdikdən sonra müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. İşdən görünür ki, cavabdeh tərəfindən iddiaçı barəsində sığorta şəhadətnaməsi tərtib edilmiş, yuxarıda vurğulandığı kimi, iddiaçı 2007, 2008, 2010-cu ildə məcburi dövlət sığorta haqqı ödəmişdir. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Odur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması, həmçinin iddiaçının sığortaedən kimi uçota durmaması, rüblük və illik hesabat təqdim etməməsi, həmçinin iddiaçı tərəfindən təqdim olunan qəbzlərin iddiaçının əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən fakt kimi qəbul edilməməsi barədə cavabdehin dəlillərini məhkəmə əsaslı saymır. İddiaçı 2007, 2008, 2010-cu illərdə məcburi dövlət sığorta haqqı ödəmişdir və həmin ödənişin cavabdeh tərəfindən pensiya alt sistemində (PAS) qeydə alınmaması iddiaçının günahı deyil, əksinə cavabdehin müvafiq qurumunun qanunvericiliklə üzərinə qoyulmuş vəzifəyə məsuliyyətsiz yanaşmasının nəticəsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmənin təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi qərara alınmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-1307/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi Filialının üzərinə İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-548/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-548/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver