Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-5491/2025 18.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli, **********5063 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Vergi oqanının ona qarşı çıxardığı cərimə qərarının qanunsuz hesab edlməsi və ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli **********5063 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi kimi ********** saylı VÖEN əsasında qeydiyyatda alınmaqla ünvan 1 kəndində ərzaq məhsulların satışı ilə məşğul olur. Belə ki, 15 avqust 2025-ci il tarixdə şəxsi mağazasında fəaliyyət göstərən zaman iki nəfər vergi əməkdaşı mağazaya daxil olmuş və 1 ədəd “Fanta” markalı və 1 ədəd “Sarıkız” markalı spirtsiz içkiləri çölə çıxmış və bu zaman kassa sönmüş vəziyyətdə olmuş, amma həmin əməkdaşlar gələnə kimi satış etdiyi məhsula görə müştəriyə açıq ödəniş qəbzi təqdim etmiş, bu zaman vergi əməkdaşları kamera çəkilişi ilə içəri girərək onunla dialoq apararaq görüntüyə almışdırlar. Kassanın isə sarjı bitdiyi üçün bir az gec açılmış, hətta bunu vergi əməkdaşlarına izah etmiş, lakin onun sözlərinə vergi əməkdaşları məhəl qoymayaraq cərimə tətbiq ediilməsi bildirilmişdir. Amma ilk dəfə vergi əməkdaşları mağazaya daxil olarkən kamera olmamış, lakin ikinci dəfə daxil olarkən kamera çəkilişi etmişlər, bundan sonra isə 1000 manat cəriməni əsassız yerə yazmışdırlar. Əvvəl alış-veriş zamanı ödəniş qəbzini müştəriyə təqdim etmiş, bundan başqa posterminal da var və o da aktiv olmuşdur. Vergi ödəyicisi kimi vaxtı-vaxtında ödənişlər eetmiş, fəaliyyət göstərdiyi mağaza kiçik mağazadır. Bu cərimnə isə ona qarşı əsassız yerə yazılmış və silinməsi zəruridir. Hətta çox vaxt posterminal üzrə ödənişlər də edilir və bu barədə də ödəniş qəbzlərini müştəriyə təqdim edilir, bu barədə dəfələrlə etiraz bildirmiş və vergiyə də dəvət edilmiş və onun barəsində xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, 5 saylı Ərazi Vergilər İdarəsinin vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi ünvan 1 kəndi ünvanında yerləşən **********-68002 kodlu “Mağaza” adlı obyektdə vergi orqanı əməkdaşları X3 və X2 tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2025-ci il tarixdə saat 14:55 radələrində müştəri tərəfindən alınmış 1 ədəd “0.3 lt Fanta” qazlı sərinləşdirici içki və 1 ədəd "0.2 lt Sarıkız” qazlı sərinləşdirici içki üçün ödənilən 1.9 manat (bir manat doxsan qəpik) məbləğ nağdsız ödənişdən imtina edilərək nağd şəkildə qəbul edilmiş, həmçinin vergi ödəyicisinin qəbul etdiyi məbləği nəzarət-kassa aparatına mədaxil etmədiyi müəyyən edilmişdir. Vergi orqanı əməkdaşları tərəfindən yayındırılmış məbləğ nəzarət-kassa aparatına mədaxil edilmiş və "X” hesabatı çıxarılmışdır. Yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixli, DVX seriyalı 053224, xx.xx.2025-ci il tarixli, DVX seriyalı 105612 və xx.xx.2025-ci il tarixli, DVX seriyalı 007721 nömrəli müvafiq aktlar ilə rəsmiləşdirilmişdir. Respublikası Veri Məcəlləsinin 16.1.9 madəsinin (lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, ödəniş xidməti təchizatçılarının çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, ödəniş xidməti təchizatçılarının çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) və Azərbaycan Respublikası Nazirlər Kabnetinin 2019-cu il avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 bəndinin (pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək) tələblərini pozmuş və buna görə də Vergi Məcəlləsinin 58.7.2-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********5063 nömrəli qərar qəbul edilmiş və 1000.0 manat maliyyə sanksiyası tədbiq edilmişdir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan vergi ödəyicisisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********5063 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası VM-in 50.1.14-cü maddəsinə əsasən POS-terminallann quraşdtrdması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan **********5064 nömrəli Tələbnamənin surətindən görünür ki, büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2025-ci il tarixə kimi ödənilməsi İddiaçı tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3- 21-2-12/2-59435/2025 nömrəli bildirişindən görünür ki, fəaliyyət göstərdiyi AZ5400 Sabirabad rayonu Nərimankənd Sabir ünvanda yerləşən obyektdə vergi orqanı əməkdaşı (lari) tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri nəticəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinin tələblərinin pozulması faktı aşkar edilərək, barənizdə xx.xx.2025-ci il tarixli DVX seriyalı 105612 nömrəli “Pos-terminalların quraşdırılması məcburi olan obyektlərdə Pos-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və Pos-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi haqqında” akt tərtib edilmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, iş materiallarına əsasən İddiaçı tərəfindən inzibati orqanın “vergi ödəyicisinin vegi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2025ci il tarixli, **********5063 nömrəli qərarı mübahisələndirmək məqsədi ilə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürməmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.1-50.1.14-cü maddələrinə əsasən operativ nəzarət tədbiri digər hallarla yanaşı aşağıdakı qeyd olunan halların aşkar edilməsi üçün həyata keçirilir: - 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POSterminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi. Həmin Məcəllənin: - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. - 50.7-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. - 50.8-ci maddəsinə əsasən nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN-i; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği); 50.8.6. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X8); 50.8.10. ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr); 50.8.14. çekin növü (satış, geri qaytarma və ya ləğvetmə); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; 50.8.16. geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr çtarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na əsasən: - 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.6. POS-terminal - nağdsız ödənişlərin (o cümlədən təmassız ödənişlərin) aparılması və/və ya nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq, o cümlədən lazımi proqram təminatı ilə təmin edilmiş mobil cihaz (mobil operatorların ümumistifadəli telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq); 2.1.7. POS-terminal sifarişçisi (bundan sonra - sifarişçi) - qanunvericiliyə uyğun olaraq POS-terminal quraşdırmalı olan hüquqi və ya fiziki şəxs, habelə dövlət orqanı; 2.1.8. təsərrüfat subyekti - sifarişçinin POS-terminal quraşdırdığı obyekt; - 4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) qanunvericiliyə müvafiq olaraq POS-terminalların quraşdırılması tələb olunan sifarişçiyə məxsus bütün təsərrüfat subyektlərində POSterminalların quraşdırılması üçün bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildiriş göndərir. - 4.2. Sifarişçi bildirişi aldıqdan sonra 10 (on) iş günü müddətində POS-terminalın quraşdırılması üçün bank ekvayerə müraciət etməlidir. - 4.3. Sifarişçi POS-terminalın quraşdırılması üçün ərizə ilə birlikdə aşağıdakı sənədləri və ya məlumatları bank ekvayerə təqdim etməlidir: 4.3.1. vergi ödəyicisinin və ya dövlət orqanının qanuni təmsilçisinin şəxsiyyətini təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada); 4.3.2. sifarişçinin vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti (kağız daşıyıcıda) və ya şəhadətnamənin məlumatları (elektron formada); 4.3.3. təsərrüfat subyektinin vergi uçotunu təsdiq edən sənədin surəti (kağız daşıyıcıda) və ya müvafiq sənədin məlumatları (elektron formada). 4.3.4. əsas fəaliyyət növünün adı və kodu göstərilməklə, təsərrüfat subyektində POSterminalın quraşdırılması üçün Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun bildirişin surəti (kağız daşıyıcıda) və ya bildirişin məlumatları (elektron formada). Həmin Qərarla təsdiq edilmiş “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları” nın 1-ci bəndinə əsasən POS-terminallar quraşdırılacaq obyektlər aşağıdakılardır: 1.2. dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən). Azərbaycan Respublikasının Vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”na əsasən: - 16. POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktlarının müəyyən edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi - 16.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. - 16.2. Obyektdə POS-terminal quraşdırılmadığı müəyyən edildikdə, mövcud qanunvericiliyə əsasən obyektin müvafiq icra hakimiyyəti orqanının (NK) qərarına əsasən POS-terminal quraşdırılması üçün müəyyən edilmiş meyarlara uyğun olması araşdırılır. - 16.3. POS-terminalın quraşdırılması üçün bank ekvayer tərəfindən sifarişçiyə POSterminalın quraşdırılmasından imtina edildikdə, imtinanın səbəbləri qeyd edilməklə, elektron və ya kağız daşıyıcısında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və sifarişçiyə (vergi ödəyicisinə) məlumat göndərilməsi araşdırılmalıdır. - 16.4. Bank ekvayerdən bu Qaydaların 16.3-cü bəndində nəzərdə tutulmuş imtina haqqında məlumat daxil olduqda sifarişçi tərəfindən texniki çatışmazlıqların 15 (on beş) gün müddətində, imtinaya səbəb olan digər uyğunsuzluqların isə 5 (beş) iş günü müddətində aradan qaldırılmasının təmin edilməsi və POS-terminalın quraşdırılması üçün yenidən bank-ekvayerə müraciət edilməsi araşdırılmalıdır. - 16.5. İstifadə edilən POS-terminalın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınması və bu barədə bank ekvayerdən məlumat daxil olması araşdırılır. - 16.6. Təsərrüfat subyektinin POS-terminaldan istifadə etməyə səlahiyyəti olan əməkdaşı (bundan sonra “Əməliyyatçı”) tərəfindən kart istifadəçisinə ödənişin qəbulu haqqında qəbz verilib verilməməsi araşdırılmalıdır. - 16.7. Kart vasitəsilə ödənişin qəbulu haqqında verilmiş qəbzdə aşağıdakı məcburi rekvizitlərin əks etdirilməsi araşdırılmalıdır. 16.7.1. bank ekvayerin adı; 16.7.2. sifarişçinin adı və VÖEN-i; 16.7.3. qəbzin nömrəsi; 16.7.4. əməliyyatın tarixi (gün, ay, il) və vaxtı (saat, dəqiqə); 16.7.5. xidmət mərkəzinin adı (qanunvericiliyə uyğun olaraq prosessinq fəaliyyətini həyata keçirmək hüququ olan şəxs); 16.7.6.POS-terminalın kodu; 16.7.7. ödənişin məbləği; 16.7.8. kartın təhlükəsizlik tələbləri çərçivəsində icazə verilən rekvizitləri; 16.7.9. avtorizasiya kodu (əməliyyatın həyata keçirilməsi üçün icazənin alınması sorğusu). - 16.8. Ödənişlərin plastik kartlarla aparılması üçün POS-terminalın tətbiqinin nəzərdə tutulduğu halda nəzarət aparılan obyektdə belə ödəniş vasitəsinin quraşdırılmadığı aşkar edildikdə və ya təsərrüfat subyektində quraşdırılmış POS-terminal nasaz olduqda və ya plastik kartlar vasitəsilə nağdsız ödənişlərin qəbulundan imtina faktları müəyyən edildikdə alınmış mal və ödənilmiş nağd pul məbləği barədə vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi məlumatlandırıldıqdan sonra, onun və ya səlahiyyətli nümayəndənin iştirakı ilə POS-terminaldan operativ yaddaşın “Z” hesabatı alınır, həmin sənədlər nəzarətin nəticələri barədə tərtib olunan akta əlavə edilir və bu barədə həmin aktda qeydlər aparılır. İşin sadalanan hallarından aydın olur ki, əvvəlki vergi yoxlamaları zamanı əldə edilmiş məlumatlara əsasən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi məqsədilə iddiaçının fəaliyyət göstərdiyi obyektdə operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış, bu barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmiş, yoxlama yuxarıda istinad olunan normaların tələblərinə uyğun aparılmış, operativ vergi nəzarəti zamanı aşkar edilmiş hüquqpozma aktlaşdırılmış, həmin hüquqpozmaya görə məsuliyyətə cəlb etmə barədə qərar qəbul edilmiş, vergi orqanı bu zaman vergi qanunvericiliyinin hər hansı normasının pozulmasına yol verməmişdir. İş materiallarında olan sənədləri təhlil etdikdə məlum olur ki, 5 saylı Ərazi Vergilər İdarəsinin vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarına əsasən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 kəndi ünvanında yerləşən **********-68002 kodlu “Mağaza” adlı obyektdə vergi orqanı əməkdaşları X3 və X2 tərəfindən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2025-ci il tarixdə saat 14:55 radələrində müştəri tərəfindən alınmış 1 ədəd “0.3 lt Fanta” qazlı sərinləşdirici içki və 1 ədəd "0.2 lt Sarıkız” qazlı sərinləşdirici içki üçün ödənilən 1.9 manat (bir manat doxsan qəpik) məbləğ nağdsız ödənişdən imtina edilərək nağd şəkildə qəbul edilmiş, həmçinin vergi ödəyicisinin qəbul etdiyi məbləği nəzarət-kassa aparatına mədaxil etmədiyi müəyyən edilmişdir. Həmçinin araşdırma üzrə sorğu cavabı ilə İddiaçı fəaliyyət göstərdiyi ünvan 1 kəndi ünvanında yerləşən **********-68002 kodlu “Mağaza” adlı obyektdə 2025-ci ilin ilk 9 ayı üzrə NKA üzrə kassa əməliyyatları barədə məlumatlar əldə edilmiş və həmin məlumatlar üzrə 9 ay ərzində cəmi 411 manatlıq nağdsız ödənişlərin həyata keçirildiyi müəyyən edilir. Halbuki, vergi ödəyicisinin işlətdiyi obyektin “mağaza” olduğu nəzərə alınaraq 9 ay ərzində nağdsız ödənişlərin qeyd edilən məbləğdə edilməsi göstəricisi ağlabatan hesab edilmir. İddiaçı tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə olan halda cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli, **********5063 nömrəli qərarı qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. Vergi Məcəlləsinin: -58.7-ci maddəsinə görə bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində 58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, işin halları ilə iddiaçının istinad olunan hüquqpozmanı törətdiyi müəyyən olunduğundan, bu hal iddiaçı tərəfindən də təkzib edilmədiyindən məhkəmə hesab edir ki, vergi orqanının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinadən iddiaçıya maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarı əsaslı və qanuni olmuşdur, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli **********5063 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA AlDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli **********5063 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-5491/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-5491/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver