Məhkəmə qərarları › İş №2-1(120)-553/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-553/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-553/2020 23.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Cəlilabad rayonu, Uzuntəpə kəndində yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 03.04.1981-ci il tarixdə Cəlilabad rayonu, Novoqolovka kəndində doğulmuşdur. Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatdadır. İddiaçı 14.07.2016-cı il tarixdə adını «Vüsal»dan «Ruslan»a dəyişdirmişdir. İddiaçı adını əvvəlki «Vüsal» adına dəyişdirmək üçün yenidən Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh 27.12.2019-cu il tarixli məktubunda adın və soyadın növbəti dəfə dəyişdirilməsinin qeydiyyat şöbəsində mümkün olmadığını qeyd edərək, iddiaçının adının dəyişdirilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə doğum akt qeydində dəyişiklik edilərək, «Ruslan» adından əvvəlki «Vüsal» adına dəyişdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 03.04.1981-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuşdur. Hazırda Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Qanunvericiliyə uyğun olaraq «Ruslan» adının «Vüsal» adına dəyişdirilməsi ilə bağlı Cavabdehnə rəsmi müraciət etmişdir. Cavabdeh 27 dekabr 2019-cu il tarixli 350 nömrəli məktubla cavab verərək, adının dəyişdirməsindən imtina etmiş və ona tələbi ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan əvvəl, yəni ilk dəfə Cavabdehnə adının dəyişdirilməsi barədə müraciət etmişdir və müvafiq olaraq «Ruslan» kimi dəyişiklik edilmişdir. Cəlilabad rayonunda hamı onu əvvəlki adı ilə, yəni «Vüsal» kimi tanıdıqları üçün hüquqlarının və vəzifələrinin yerinə yetirilməsində çətinliklər yaranır. Bu isə ailədə həmişə gərginlik və narahatlıq yaratdığı üçün o, yenidən öz adının bərpa olunmasını istəyir. Cavabdeh onun adının dəyişdirilməsi ilə bağlı müraciətini təmin etməməsi onun qanunvericiliyiklə müəyyən olunmuş hüquqlarını məhdudlaşdırır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh 11.02.2020-ci il tarixli münasibət məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı adı 14.07.2016-cı il tarixdə Cavabdehndə «Vüsal»dan «Ruslan»a dəyişilmişdir. Vətəndaş İddiaçı adının növbəti dəfə qeydiyyat şöbəsində dəyişdirilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarına uyğun olaraq imtina edilmişdir. İşə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Cavabdehnə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətlərini, Cavabdeh arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin və Cəlilabad rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Аli Məhkəməsinin Plenumu özünün «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 9.1-ci bəndində adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu qeyd etmişdir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır ki, iş materiallarından görünür ki, iddiaçı qanunvericiliyin ona verdiyi bu hüquqdan istifadə edərək, adını «Vüsal»dan «Ruslan»a dəyişdirmişdir. Hazırda iddiaçı adının əvvəlki «Vüsal» adına dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndinə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək hesab edir ki, Cavabdeh “iddiaçının adının dəyişdirilməsi”ndən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasibətdə müəyyən edilmir. Başqa sözlə, məhkəmə cavabdehin hərəkətinin qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 28.08.2019-cu il tarixli 2-1(102)-2535/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı Cavabdehnə qarşı «adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddiaçı Cavabdehnə qarşı «adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi təmin edilməsin.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar