Məhkəmə qərarları › İş №2-1(120)-553/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-553/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-553/2023 17.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1972-1977-ci və 1978-1996-cı illərdə Neftçala rayon “Nizami” adına kolxozda işlədiyi və Salyan X1 “Zoomexanik” ixtisası üzrə təhsil aldığı 1975-1978-ci illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-553/2023 saylı, 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçı iddia ərizəsi üzrə dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilərək, “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunması üçün DSMF 6 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Ona DSMf 6 saylı Regional Ərazi Filialı tərəfindən "Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına əsaslanaraq məktubla imtina edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. O, 1972-1977-ci və l978-1996-cı illərdə Neftçala rayon "Nizami” adına kolxozda işləmiş və əmək haqqı almışdır. Həmin illərdə yuxarıda qeyd etdiyi kolxozda işləməyi Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Bundan başqa Salyan X1 "Zoomexanik” ixtisası üzrə 1975-1978-ci illərdə oxumuş və diplom almışdır. İddiaçı göstərilənlərə əsaslanaraq, 1972-1977-ci və 1978- 1996-cı illərdə Neftçala rayon "Nizami” adına kolxozda işlədiyi və Salyan X1 "Zoomexanik” ixtisası üzrə təhsil aldığı 1975-1978-ci illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaya qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq, arxiv arayışı ilə təsdiq edilən iş illəri əmək kitabçasında öz əksini tapmadığından və Salyan rayon X5 tərəfindən verilmiş 015315 nömrəli diplom ilə X10 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışı arasında uyğunsuzluq olduğu üçün həmin illərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyə əsasən mümkün olmadığı bildirilmişdir. İddiaçı 1972, 1977, 1978-1996-cı illərdə "Nizami” adına kolxozda çalışdığını iddia edir. Qeyd olunan illər üzrə iddiaçının əldə etdiyi əmək haqqları X6 filialının xx.xx.2020-ci il tarixli, 11 nömrəli arayışında qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyini iddia etdiyi dövrlər əmək kitabçasında öz əksini tapmadığı üçün qanunvericilik normalarının tələblərinə əsasən həmin dövrlər sosial sığorta stajına daxil edilməmişdir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdqi edən sənəd əmək kitabçasıdır. Digər zəruri məsələ isə Salyan rayon X5 tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 015315 nömrəli diplom ilə X10 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 368 nömrəli arxiv arayışı arasında uyğunsuzluğun olmasıdır. Belə ki, xx.xx.1978-ci il tarixdə Salyan rayon X5 tərəfindən verilmiş 015315 nömrəli diplomda İddiaçı 1975-ci il tarixdən 1978-ci il tarixədək təhsil aldığı qeyd olunmuşdur. X10 filialı tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 368 nömrəli arxiv arayışında isə İddiaçı xx.xx.1973-cü il tarixdə Salyan rayon X7 qəbul edildiyi, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi hissədə xidmət etdiyi, xx.xx.1976-cı il tarixdən Texnikuma bərpa edildiyi və xx.xx.1978-ci il tarixdə Texnikumu bitirdiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı təhsil aldığı dövrlər üzrə zəruri sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə olan halda İddiaçı tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-332/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli arxiv arayışında göstərilən Neftçala rayon sabiq "Nizami” adına kolxozda 1978-1996-cı illərə dair iş stajı, eləcə də 1972 və 1977-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin 1975-1978-ci illərdə Salyan X1 əyani təhsil aldığı müddət və hərbi xidmət illəri nəzərə alınmaqla hüququ yarandığı vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 2 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulması qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialı tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(106)-121/2022 nömrəli qərarı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-332/2022 nömrəli qərarıləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasındakı izahatında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X4 şifahi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Neftçala rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iclasında iş materiallarında olan digər sənədlər ilə müəyyən edildi ki, yaşa görə əmək pensiyası almaq üçün iddiaçının tələb olunan ümumi iş stajı olmadığı üçün, onun yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilən sübutlarla əsaslandırmışdır: Belə ki, - İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Neftçala rayonu Qaçaqkənd kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. - İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin 6 saylı regional ərazi filialının İddiaçı ünvanladığı imtina məktubunda göstərilmişdir ki, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 i! sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qüvvəyə mindiyi tarixədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (xx.xx.2006-cı il tarixədək müəyyən edilmiş pensiya hüquqları pensiya kapitalına çevrilməklə) Belə ki, təqdim edilən Neftçala rayon arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 11-saylı arxiv arayışında göstərilənlər Nizami adına kolxozda 1972,1977, 1978- 1996-ci illər arasınca işlədiyi illərə aid adına əmək kitabçası açılmadığı üçün və xx.xx.1978-ci ildə X9 texnikumu tərəfindən verilmiş (1975-1978) İO 015315 № li diplom ilə X8 filialı tərəfindən verilmiş təhsil müddətlə bağlı xx.xx.2021-ci il tarixli 368 nömrəli arxiv arayışında uyğunsuzluq olduğu ücün qanunvericiliyin tələblərinə uyğun olaraq həmin illərin sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Yəni həmin dövr nəzərə alınmadıqda yaşa görə əmək pensiyası hüququ verən pensiya kapitalına və ya 25 il ümumi iş stajına malik olmadığı üçün, yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. - İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsinin Neftçala rayon qəbul şöbəsinin mütəxəssisi X3, Neftçala rayon Dövlət Arxivinin müdiri Vidadi Həmzəyevin iştirakı ilə tərtib edilmiş 03 sentyabr 2021-ci il tarixli yoxlama Aktında göstərilmişdir ki, İddiaçı 1972-1996-cı illərdə Neftçala rayon Dövlət Arxivində mühafizə olunan keçmiş "Nizami” adına kolxozda iş stajı, əmək günləri və əmək haqqları yerində qarşılıqlı şəkildə yoxlanıldı. Yoxlama zamanı müəyyən edildi ki, İddiaçı keçmiş Neftçala rayon sabiq "Nizami” adına kolxozda 1972-ci ildə 220 adam gününə qarşı 137 adam günü, 1977-ci ildə 220 adam gününə qarşı 61 adam günü, 1978-ci ildə 220 adam gününə qarşı 281 adam günü, 1979- cu ildə 220 adam gününə qarşı 310 adam günü, 1980-ci ildə 220 adam gününə qarşı 344 adam günü, 1981ci ildə 220 adam gününə qarşı 320 adam günü, 1982-ci ildə 220 adam gününə qarşı 290 adam günü, 1983-cü ildə 220 adam gününə qarşı 237 adam günü, 1984-cü ildə 220 adam gününə qarşı 278 adam günü, 1985-ci ildə 220 adam gününə qarşı 220 adam günü, 1986cı ildə 200 adam gününə qarşı 330 adam günü, 1987-ci ildə 200 adam gününə qarşı 315 adam günü, 1988-ci ildə 200 adam gününə qarşı 294 adam günü, 1989-cu ildə 200 adam gününə qarşı 303 adam günü; 1990-cı ildə 200 adam gününə qarşı 290 adam günü, 1991ci ildə 200 adam gününə qarşı 298 adam günü, 1992- ci ildə 200 adam gününə qarşı 327 adam günü, 1993-cü ildə 200 adam gününə qarşı 347 adam günü, 1994-cü ildə 200 adam gününə qarşı 283 adam günü, 1995-ci ildə 200 adam gününə qarşı 335 adam günü, 1996cı ildə 200 adam gününə qarşı 343 adam günü qazanmışdır. Yoxlama zamanı heç bir qanunsuzluq aşkar edilməmişdir. -İş materiallarında olan Neftçala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 11 saylı Arayışından görünür ki, Neftçala rayon sabiq "Nizami” adına kolxozda kişilər üçün 1972, 1977-1985-ci illərdə adam günləri minimum 220 gün, 1986-1996-cı illərdə adam günləri minimum 200 gün müəyyən olunmuşdur. Qeyd olunan normalara əsasən iddiaçı 1972 və 1977-ci illərdə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. (Əsas: NZ-3043592 saylı hərbi bilet). -İş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli, **********667400 saylı Sosial sığorta ödənişləri barədə arayışından görünür ki, İddiaçı tərəfindən 2020-ci ilin 1-ci, 2-ci, 3-cü, 4-cü və 2021-ci ilin 1-ci rübləri üçün təqdim edilmiş Məcburi dövlət sığorta bəyannaməsi məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 il, 3 ay üzrə 325,0 manat Məcburi dövlət sığorta haqqı hesablanmış və 325,0 manat Məcburi dövlət sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası X10 filialının xx.xx.2023-cü il tarixli, 147 saylı Arxiv çıxarışından görünür ki, X10 filialında mühafizə olunan X9 Texnikumunun arxiv sənədlərində, o cümlədən 1973-1978-ci illərə aid şəxsi heyət üzrə əmrlərindən X2 Azad Absəməd oğlu xx.xx.1973-cü il tarixli, 169 nömrəli əmrə əsasən qəbul komissiyasının xx.xx.1973-cü il tarixli, 6 nömrəli iclas protokolunun qərarına əsasən zootexnik ixtisası üzrə 10 illik bazadan İİ-kursa Texnikuma qəbul edilmiş, xx.xx.1974-cü il tarixli, 74 nömrəli əmrlə ordu sırasına getmiş hesab edilmiş, xx.xx.1976- cı il tarixli, 77 nömrəli əmrlə ordu sırasından qayıtdığından İİ - zootexnik kursuna bərpa edilmişdir. xx.xx.1977-ci il tarixli, 139 nömrəli əmrlə xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixə kimi texnoloji istehsalat təcrübəsində olmuş əyani zootexnik kurs tələbəsi İddiaçı istehsalat təcrübəsindən qayıtmış hesab edilmiş, xx.xx.1978-ci il tarixli, 27 nömrəli əmrlə zootexnik ixtisas vermə komissiyasının xx.xx.1978-ci il tarixli, 19 nömrəli protokolla xx.xx.1978-ci il tarixli, 21 nömrəli protokola əsasən İddiaçı texnikumu bitirmiş hesab edilmişdir. -İş materiallarında olan Ö № 015315 saylı, xx.xx.1978-ci il tarixli Diplomun surətindən görünür ki, İddiaçı 1975-ci ildə Azərbaycan sSr Kənd Təsərrüfatı Nazirliyinin AK. F.Ə.Məlikov adına X9 Texnikumuna daxil olmuş və 1978-ci ildə həmin Texnikumun zootexnik ixtisası üzrə kursu bitirmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin məhkəməyə ünvanladığı 29 sentyabr 2021-ci il tarixli 69 nömrəli məktubunda göstərilmişdir ki, 2-l(120)- 1698\2021 23 sentyabr 2021-ci il tarixli məktuba cavab olaraq Neftçala rayon Dövlət Arxivinin “Nizami” adına kolxozda işləmiş İddiaçı əmək haqqılarının təsdiq olunmuş sürətlərini 1972-1996-ci illərə kimi məhkəməyə göndərilmişdir. Minimum adam günü 1970- 1985-ci ilə kimi 220-gün 1986-1996-cı ilə kimi 200 gündür. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən,1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən arxiv arayışları, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arayışı olmuşdur. Yəni, İddiaçı 1972-ci il tarixdən 1996-cı il tarixədək "Nizami” adına kolxozda işləməsi barədə xx.xx.2020-ci il tarixli arxiv arayışı, xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arayışını, xx.xx.1978-ci il tarixli 015315 saylı diplom və xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Salyan rayon X1 təhsil alması barədə xx.xx.2023-cü il tarixli arxiv çıxarışı təqdim edilmişdir. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən iddiaçının təhsil dövrü, hərbi xidmətdə olduğu müddət və 1972-ci il tarixdən 1996-cı il tarixədək "Nizami” adına kolxozda işləyib, əmək haqqı aldığı dövrlər sığorta stajına daxil olur. Məhkəmə də iddiaçının təhsil aldığı, hərbi xidmətdə olduğu müddəti və müəssisələrdə işləyib, əmək haqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Belə ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim edilməmişdir, onun yuxarıda qeyd olunan illər üzrə arxiv arayışlarına uyğun olaraq iş stajı müəyyən edilmişdir. Belə ki, İddiaçı Neftçala rayon sabiq "Nizami” adına kolxozda 1972-ci ildən 1996-cı ilədək işləməsi barədə arxiv arayışı və əmrlərin surətləri daxil olmuşdur. Həmçinin xx.xx.1973-cü il tarixdən xx.xx.1978-ci il tarixədək Salyan rayon X1 təhsil alması barədə xx.xx.2023-cü il tarixli arxiv çıxarışı və xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 149 nömrəli arayışı məhkəməyə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmət dövrü, təhsil dövrü və işlədiyi həmin dövrlər sığorta stajı kimi tam (əmək haqqı almadığı və arxivdə aşkar edilmədiyi dövrlər də) qəbul edilmiş olsa belə, pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar