Məhkəmə qərarları › İş №2-1(120)-5537/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-5537/2025

15.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-5537/2025 15.01.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Səfərova Ülkər Calal qızının katibliyi, İddiaçı, cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X6 X3 Su Meliorasiya Xidməti X8 X7 Sistemlərinin İstismarı İdarəsinə qarşı aylıq müavinətin ödənilməsinin bərpa edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh X6 X3 Su Meliorasiya Xidməti X8 X7 Sistemlərinin İstismarı İdarəsinə (bundan sonra mətndə X7 Sistemlərinin İstismarı İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən istehsalat qəzasına görə aylıq ödənişin bərpa edilərək ödənilməsi, 2023-cü ilin yanvarından 2024-cü ilin mart ayına qədər düzgün hesablanmamış aylıq ödənişlərin qalıqlarının ödənilməsinin təmin edilməsi, avtomobilin əvəzində alınmış “Şkoda Octavia” markalı avtomobilin təmiri üçün tələb edilən 2000 ( iki min) manat təmir xərclərinin ödənilməsinin, ona dəymiş ziyan kimi 1000 ( bir min) manat maddi ziyanın cavabdehdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1955-ci ildə Salyan rayonunda doğulmuşdur.1972-ci ildə Salyan rayon Maşın Meliorasiya idarəsinə işə qəbul olunmaq üçün üraciət etmişdir.O, Bakıda yerləşən 12 saylı Peşə məktəbinə Maşinist köməkçisi peşəsinə sahib olmaq üçün 3 nəfər şəxs 09.10.197-xx.xx.1973-cü ildə məktəbdən təyinat üzrə Salyan rayon Maşın Meliorasiya İdarəsinə işə qəbul olunmuşdur. xx.xx.1973-cü ildə Mexaniki Emalatxanaya çilingər kimi işə qəbul olunmuşdur. xx.xx.1973-cü il tarixində 7355 №-li ekskavatora 4-cü dərəcəli maşinist köməkçisi əmri verilmişdir. Bu vaxt 7355 №-li ekskavator yararsız olduğu halda Mexaniki İdarənin planına görə işlədilirdi. xx.xx.1973-cü ildə texnikanın nazaslığından bədbəxt hadisə baş vermişdir. O, hadisə nəticəsində xəsarət almışdır, sağ ayağı amputasiya olunmuşdur. Həmin vaxtdan əmək qabiliyyətini itirmişdir. Akt, forma 2 tərtib olunmuş və həmin vaxtdan idarə tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona əmək qabiliyyətinin itirlməsinə görə əmək haqqının 85 faiz məbləğində aylıq ödəniş həyata keçirilirdi. 2024-cü ilin dekabr ayınadək 466,80 manat olmaqla ona ödəniş aparılmışdır. 2025-ci ilin yanvar ayından ödəniş dayandırılmışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etdikdə ona bildirilmişdir ki, məhkəmə qətnaməsinin 30 illik icra müddəti bitdiyi üçün ödənişin aparılması dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin halları: Salyan Rayon Xalq Məhkəməsinin: 2-22 nömrəli 1974-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Salyan rayon X1 hər ayda 116 manat 34 qəpik, 8/İX-1973-cü il tarixdən 8/İİİ-197-cü il tarixə kimi İddiaçı Məmmədquqlu oğluna vurulmuş ziyan hesabına verilməsi, lakin əlavə ona qulluq pulu iddiası əsassız olduğundan rədd olunması qət edilmişdir. 2-128 nömrəli 1974-cü il tarixli qətnamə ilə Salyan rayon Ekskavator Stansiyasının hesabından 1000 manat İddiaçı avtomaşın alması üçün Azərbaycan SSR İctimai Təminat Nazirliyinin dövlət bankının Azərbaycan kontorasında olan ******* №-li hesabına verilməsi qət edilmişdir. İddiaçı iddiasının təmin olunaraq Salyan 2 №-li səyyar mexanikləşdirilmiş dəstədən motokolyaskanın pulu 1000 manatı idarənin həvəsləndirmə yardım fondundan alınaraq İddiaçı xeyrinə verilməsi qət olunmuşdur (qətnamənin nömrəsi və tarixi qeyd olunmamışdır). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından müəyyən olunur ki, İddiaçı xx.xx.1990-cı il tarixdən istehsalat zədəsi səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X8i tərəfindən İddiaçı ünvanlanmış 3- 53-2/2-Q-1113-21/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məhkəmənin qərarı ilə aylıq müavinatın 1,5 misli miqdarında əlavə ona verilmiş və aylıq əlavə ödənişləri almışdır. Lakin 2023-cü il ərzində sözü gedən əlavələri almadığını ona verilmədiyini qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarından əmələ gələn tələb otuz ili keçdikdən sonra qüvvəsini itirir. Buna görə də sözügedən əlavələr və aylıq ödənişlərin verilməsi dayandırılmışdır. X4 Xidməti Şirvan-Salyan regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 3175/2-Q- 50540/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, araşdırma zamanı məlum olmuşdur ki, qəbul olunmuş məhkəmə qərarı işəgötürən tərəfindən uzun müddət icra olunmuş, lakin 2025-ci ilin yanvar ayından etibarən isə zərərə görə aylıq ödənclərin verilməsi dayandırılmışdır. Müəssisə tərəfindən regional şöbəyə daxil olan məktubda “ödənişlərin dayandırılmasına səbəb kimi-Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarından irəli gələn tələb otuz il keçdikdən sonra öz qüvvəsini itirməsi” göstərilmişdir. Müraciətdə qeyd olunan məsələ, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisəsi predmeti yaratdığından həmin məcəllənin 294.1-ci maddəsinə əsasən fərdi əək mübahisəsinin həlli üçün (zərərə görə aylıq ödənclərin bərpası məqsədilə) məhkəməyə müraciət edə bilər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi aylıq müvafiq ödəncin bərpa edilməsinə nail olmaqdır. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunan halı ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarından irəli gələn tələb otuz il keçdikdən sonra öz qüvvəsini itirməsi” göstərilmişdir Məhkəmə bununla bağlı qeyd edir ki, 2-22 nömrəli 1974-cü il tarixli, 2-128 nömrəli 1974-cü il tarixli qətnamələrinə nəzər saldıqda müəssisənin üzərinə istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxs kimi iddiaçıya ömürlük müvafiq ödəncin qoyulması öhdəliyi həvalə olunmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən bu illər yəni 30 ildən artıq müddət ərzində istehsalat zədəsi ilə bağlı iddiaçıya aylıq müvafiq ödəmə həyata keçirilmiş və 30 ildən artıq müddət keçdikdən sonra qətnamənin icra müddətinə əsaslanaraq aylıq müvafiq ödənişi etməkdən imtina etmişdir. İşin hallarından göründüyü kimi, işəgötürən tərəfindən baş vermiş istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş şəxsə yəni İddiaçı bu illər ərzində Salyan Rayon Xalq Məhkəməsinin qətnaməsinə əsasən aylıq ödəniş həyata keçirilmişdir. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 301. Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları

1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir.

2. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. İddiaçının hazırkı cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmaqla, əmək qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bundan əlavə İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən məhkəmə iclasında şifahi qaydada iddiaçıya hüquqi yardım göstərilərək hazırkı iddia tələbi ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar