Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-555/2020 08.06.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 08 may 2019-cu il tarixli, **********4 məktubla iddiaçıya 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanması və ödənilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 iyul 2014-04 aprel 2018-ci il tarixlər üçün əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, onun 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyası hesablanmalı və ödənilməlidir. Cavabdeh Dövlət Sosial X3 rayon şöbəsi 08 may 2019-cu il tarixli, **********4 saylı imtina məktubunda qeyd olunmuşdur ki, bildiririk ki, ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşamaq hüququ olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Əlavə olaraq bildiririk ki, 2014-cü ilin 01 iyul tarixindən 2018-ci ilin 04 aprel tarixinədək Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq hüququnuz olduğu üçün Sizin Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla yuxarıda göstərilən dövrlər üzrə əmək pensiyası təminatı hüququnuz yoxdur. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışı, ödəniş qəbzini, əmək kitabçalarının notarial qaydada təsdiq olunmuş surətini, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, 05/268 saylı məktubunun məzmununa və həmin məktuba əlavə edilmiş sənədə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olundu ki, xx.xx.1951-ci il təvəllüdlü Türkmənistan Respublikasının vətəndaşı (sənədin nömrəsi: İ-BN 450698) İddiaçı xx.xx.2015, xx.xx.2016, xx.xx.2017 və xx.xx.2018-ci illərdə ona Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İlk dəfə xx.xx.2018-ci il tarixdə aldığı şəxsiyyət vəsiqəsi ilə xx.xx.2018-ci ildən Masallı rayonunun Gəyəçöl kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Hazırda iddiaçı vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək ona əmək pensiyasının hesablanıb ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda yalnız Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin əmək pensiyası təminatı hüququnun olması nəzərdə tutulmuşdur. İddiaçının 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə almasına dair sübutlar müəyyən olunmadığından iddiaçının ona qeyd edilən dövrlər üzrə əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinin hərəkətlərinin qanuna əsaslanmasını yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X1 cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «vəzifəli şəxsin hərəkət və ya hərəkətsizliyinin qanunsuz hesab edilməklə 01 iyul 2014-cü il tarixdən 04 aprel 2018-ci il tarixədək əmək pensiyasının hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) – yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 73, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial X3 rayon şöbəsinə qarşı «01 iyul 2014-04 aprel 2018-ci il tarixlər üçün əmək pensiyasının hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası əsassız olduğundan təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov