Məhkəmə qərarları › İş №2-1(120)-556/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-556/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-556/2021 14.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi, hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı vəkili X4 (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32 A/Y-da yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X8 vəkili və nümayəndəsi X13 (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 116, mənzil 35-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı imtinanın qanunsuz hesab olunaraq ləğv edilməsi, X8 adına Saatlı bələdiyyəsi və kənd üzrə İcra nümayəndəliyi tərəfindən qanunsuz tərtib olunan Saatlı rayonu, Sarıcalar kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı əsasında 2175,87 kv.m həyətyanı torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixdə X22 kitabında uçota alınmış A157027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, imtinanın qanunsuz hesab olunaraq ləğv edilməsi, X8 adına Saatlı bələdiyyəsi və kənd üzrə İcra nümayəndəliyi tərəfindən qanunsuz tərtib olunan Saatlı rayonu, Sarıcalar kəndində torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı əsasında 2175,87 kv.m həyətyanı torpaq sahəsinə dair xx.xx.2009cu il tarixdə X22 kitabında uçota alınmış A157027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2-1(120)-556/2021 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X14 izahat verərək bildirdi ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə 13 saylı Şirvan Ərazi idarəsinə Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 1 nömrəli qərarına əsasən X8 (indiki soyadı Məmmədova) digər ailə üzvləri ilə birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair xx.xx.2009-cu il tarixli, A157027 nömrəli “torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” ilə bağlı məktubla müraciət ünvanlamışdır. Heç şübhəsiz ki, Daşınmaz Əmlakın Dövlət Reyeistri Xidmətinin 13 saylı Şirvan Ərazi idarəsi xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda iddiaçıya müraciətinin əsas məqsədindən kənar yayındırıcı forma başlıqla “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş” başlığı altında cavab verməsi, əsas tələbin gələcəkdə subut etmək vəzifəsindən özünü yayındırmaq və də həmçinin məhkəmənin diqqətini çaşdırmaq kimi izah oluna bilər. Halbuki, iddiaçı daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması barədə sözügedən orqanın üzərinə öhdəlik deyil, həmin orqan tərəfindən iddiaçının hüquqlarını pozan özünün tərtib etdiyi qanunsuz ‘‘torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” sənədinin özü tərəfindən ləğv edilməsini xahiş etmişdir. X10 adına A57027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi rəsmi olaraq hər hansı bir qanuni sənədə əsaslanaraq tərtib olunmamışdır. İnzibati orqan bu sənədin tərtib etməmişdən qabaq buna əsas verəcək qanunsuz sənədi rəsmi qanuni sənəd kimi qəbul edib, bunu əsas tutaraq həmin ərazini A157027 nömrəli X23 kitabında uçota almışdır. Saatlı rayon icra Hakimiyyəti başçısının X18 Ərazi nümayəndəliyində topaq islahatı ilə əlaqədar olaraq Sarıcalar kəndində yaşayan və pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı, Saatlı rayon Sarıcalar bələdiyyəsi və Saatlı rayon X18 Ərazi nümayəndəliyi tərəfindən saxtakarlıq edilərək sonradan tərtib olunmuşdur. Belə ki, həmin vaxtlarda Saatlı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2005-ci il tarixli, 01 saylı iclas protokoluna əsasən Sarıcalar kəndində 2389 nəfər torpaq payı almaq hüququ olan vətəndaşlar arasında X15 adlı (həmçinin indiki soyadı Məmmədova) vətəndaş olmamış və də yəni həmin torpaq sahəsi ümumiyyətlə Sarıcalar kənd yerli Aqrar islahat komissiyasının torpaq payı təyinatına aid olmamışdır. Çünki həmin torpaq sahəsi X9 1987-ci ildən indiki Sarıcalar Ərazi Nümayəliyinin qeydiyyat kitabında qeyd edilmişdir. Əldə olunan Siyahı sonradan Saatlı rayon Sarıcalar Bələdiyyəsinin və Saatlı rayon Sarıcalar İcra nümayəndəliyi tərəfindən qanunsuz işbirliyi ilə hazırlanmış, icra nümayəndəliyində də, bələdiyyədə də bu Siyahı eyni şəxsin xətti ilə yazılaraq, sözügedən sənədin tərtib olunduğu tarix belə göstərilməmişdir. Həmçinin qanuna görə əgər belə bir Siyahı hazırlansaydı belə bu o zamankı Torpaq Komitəsinin səlahiyyətlərinə aid bir məsələ olmalı idi. Bu torpaq üzərində tərtib olunan sənədin əsl kökü, Saatlı rayon Saarıcalar kənd icra Nümayəndəliyinin qeydiyyat kitabında X5 adınadır və X1 torpaq sahəsi başqa bir qanuni usulla da verilməmiş və bu sahə onun adına hər hansı bir rəsmi sənədlə rəsmiləşməmişdir. Halbuki, X5 adına qeyd edilmiş torpaq səhəsi, ümumiyyətlə başqa şəxsin adına və də həmçinin Saatlı rayon Aqrar islahat Komissiyası tərəfindən paylı torpaq təyinatı kimi nəzərdə tutula bilməzdi. Hər hansı şəxsə aid olan torpaq səhəsini Aqrar İslahat Komissiyasının pay bölgüsü kimi nəzərdə tutulması qanunvericilik tərəfindən hər zaman qadağan olunan göstərişdir. X22 A157027 nömrə ilə uçota aldığı torpaq sahəsinin ölçüsü və planı sənədi qanunsuzdur, ona görə ki, Saatlı Rayon Məhkəməsi xx.xx.1998-ci il tarixli qanuni əsaslarla X3 fərdi yaşayış evinə dair hissədə qətnamə çıxarmış və Ərazi idarəsi də qətnaməyə əsasən xx.xx.2009-cu ildə X3 mülkiyyət hüququnu ********** nömrə ilə qeydiyyata almışdır. Yəni fərdi yaşayış evinə sərhəd bitişik torpaq sahəsi güya Saatlı rayon Aqrar islahat Komissiyası tərəfindən xx xxxx 2005-ci il tarixli, 01 nömrəli ümumi qərarı ilə ayrılan torpağ X7 aid olmadığından və özünün əsaslı subutları olmadığından Saatlı Rayon Məhkəməsi bu torpaq hissəsini onun mülkiyyəti kimi göstərib özünün qətnaməsində qeyd etməmişdir. Məhkəmə haqlı olaraq belə qətnamə qəbul etmişdir, ona görə ki, X2 İnzibati Məhkəməsində iddiasında göstərdiyi kimi əgər həmin torpaq sahəsi 40 ildir onun istifadəsində olmuşsa və buna əsaslı sübutu var idisə, nəyə görə Saatlı Rayon Məhkəməsi 1998-ci ildə eyni zamanda bu torpaq payını və bu huququ ona verməmişdir. Belə olduğu halda sonrakı tarixlərdə Reyestr Xidməti tərəfindən hansı əsas və qanuni sənədlərə istinad edərək X3 adına xx.xx.2009-ci X22 Kitabında A157027 uçota alıb ona Saatlı rayon Sancalar kəndində ərazidə 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi müəyyən etmişdir. Eyni zamanda bildimək istəyir ki, sözügedən torpaq sahəsi üzrə X2 İnzibati Məhkəməsində 13 saylı Şirvan Ərazi idarəsinə qarşı bu sözügedən həyətyanı torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyeistri Xidmətində 2175,87 kvadratmetr həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və adına çıxarışın verilməsi ilə bağlı əsassız iddia qaldırmış və iddia etmişdir ki, güya sözügedən torpaq səhəsi 40 ildir onun istifadəsindədir. Qeyd edilən X11 tərəfindən bu qanunsuz iddia 3-cü şəxs qismində növbəti dəfə iddiaçının hüquqlarını pozmaqdadır. Hesab edir ki,13 saylı Şirvan Ərazi idarəsi iddiaçının hüquqlarını pozmuşdur, cünki iddiaçı həmin sözügedən torpaq sahəsində ev tikib 2008-ci ildən bəri ailəsi ilə yaşayır. Bu qanunusuz tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədi iddiaçının Konustitusiya hüquqlarını pozmaqdadır. Hər hansı bir orqan sonrakı mərhələlərdə hər hansı hüquqi sənəd hazırlamamışdan qabaq özü üçün ondan qabaq qəbul edilmiş qanuni normativ sənədlərə əsaslanmalı və həmin sənədin qanuni olmasını özü üçün müəyyənləşdirməlidir. Qeyd olunanlara əsasən iddia tələbini müdafiə edirəm və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X8 vəkili və nümayəndəsi X17 iddianı qəbul etməyərək bildirdi ki, hazırki iddia tələbinin qaldırılması üçün İddiaçı heç bir subyektiv hüququ yoxdur. Ona görə də iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 01 saylı qərarının surətindən görünür ki, Saatlı rayonu Sarıcalar kənd YAİK-nın xx.xx.2004-cü il tarixli 1 saylı protokolu təsdiq edilmişdir. İş materiallarında olan Saatlı rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Saatlı rayon İcra Hakimiyyəti başçısının X18 ərazi nümayəndəliyində torpaq islahatı ilə əlaqədar olaraq Sarıcalar kəndində yaşayan və pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının 72-75-ci sıralarında X8 və onun ailə üzvlərinin adları qeyd olunmuşdur. İş materiallarında olan A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin təsdiq edilmiş surətindən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005ci il tarixli, 01 saylı qərarı ilə X12 həyətyanı torpaq sahəsi kimi ayrılmış 2175,87 kv.m torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Saatlı rayonu, Sarıcalar kəndində istifadəsində olan 0,0138 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 53.2 kv.m yaşayış, 39,6 kv.m köməkşi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinin X7 ünvanladığı xx.xx.2020-ci il tarixli, **********54 nömrəli məktubundan görünür ki, X11 (hazırki iş üzrə üçüncü şəxs) Saatlı rayonu, Sarıcalar kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 01 saylı qərarına əsasən onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində verilmiş torpaq sahəsinə üzərindəki fərdi yaşayış evi ilə birlikdə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı 13 saylı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində digər şəxsə məxsus özbaşına (qanunsuz) tikililər mövcud olduğu əsas gətirilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən X3 müraciətindən imtina edilmişdir. İş materiallarında olan Saatlı rayonu Sarıcalar bələdiyyəsinin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, 05 saylı məktubunda qeyd edilmişdir ki, Saatlı rayonu Sarıcalar bələdiyyəsi tərəfindən İddiaçı torpaq sahəsinin ayrılmasına dair heç bir qərar qəbul edilməmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) xx.xx.2020-ci tarixli, 2-1(120)-1459/2020 nömrəli qərardadının surətindən görünür ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması tələbinə dair iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin (hakim Zaur Allahyarov) xx.xx.2021-ci tarixli, MXMT(120)-2/2021 nömrəli qərardadının surətindən görünür ki, X8 adına xx.xx.2009-cu il tarixdə X22 kitabında uçota alınmış A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 2175,87 kv.m həyətyanı torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlərin dayandırılması barədə İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi təmin edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxx 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Məmmədova (Alışova) Almaz Əmirxan qızı (hazırki iş üzrə üçüncü şəxs) Saatlı rayonu, Sarıcalar kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 01 saylı qərarına əsasən onun və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətində verilmiş torpaq sahəsinə üzərindəki fərdi yaşayış evi ilə birlikdə hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı 13 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində digər şəxsə (hazırkı iş üzrə iddiaçıya) məxsus özbaşına (qanunsuz) tikililər mövcud olduğu üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********54 nömrəli məktubla X3 müraciətindən imtina edilmişdir. Hazırkı iş üzrə üçüncü şəxs X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsinə qarşı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzrinə qoyulması barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iş üzrə məhkəmənin xx.xx.2020-ci tarixli, 2-1(120)-1459/2020 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Hazırda İddiaçı xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş torpaq sahəsinin sərhədləri daxilində ev tikib ailəsi ilə birlikdə 2008ci ildən hazırkı vaxtadək yaşadığını əsas gətirərək üçüncü şəxsə məxsus qeyd olunan “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini xahiş edir. Belə olan halda, məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasına qiymət verməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının mübahisə predmetinə çevrilmiş torpaq sahəsinə və onun üzərindəki tikililərə dair ümumiyyətlə heç bir hüquqmüəyyənedici sənədi ( qərar, sərəncam və s) yoxdur. Bu onu deməyə əsas verir ki, İddiaçı üçüncü şəxsə məxsus torpaq sahəsini özbaşına zəbt etmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüququ da yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olması şərti olaraq qəbul edilsə belə, üçüncü şəxsə məxsus “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi onun (iddiaçının) hüquqi marağının təmin olunmasına xidmət edə bilməz. Belə ki, xx.xx.2009-cu il tarixli, A 157027 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” texniki sənəddir və həmin sənəd Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 01 saylı qərarı əsasında tərtib edilmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağı Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli, 01 saylı qərarının mübahisləndirilməsini tələb edə bilər (subyektiv hüquqa malik olduğu halda). Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbləri nəzərə alınaraq məhkəmə tərəfindən xx xxxx 2021-ci il tarixli, 2- 1(120)-556/2021 nömrəli hüquqi yardım məktubu iddiaçıya və onun vəkilinə (baxmayaraq ki, vəkilin özü peşəkar hüquqi yardım göstərən şəxsdir) göndərilmişdir, lakin iddiaçı hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak edən iddiaçının vəkili isə iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar