Məhkəmə qərarları › İş №2-1(120)-556/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-556/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-556/2022 04.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Fondunun 1 saylı Şirvan-Salyan regional regional filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavadehin üzərinə qoyulması” tələbinə dair işə 04 iyul 2022-ci il tarixdə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxxxx 1954-cü ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1991-ci ildən 1998ci il tarixədək Hacıqabul rayon Təmir Tikinti idarəsində işlədiyi illərin sosial sığorta tajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubunda iddiaçının 1991-ci ildən 1998-ci il tarixədək Hacıqabul rayon Təmir Tikinti idarəsində işlədiyi illərin əmr və əmək haqqı cədvəllərinin Hacıqabul rayon dövlət arxivinə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şirvan İnzibati Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2-1(120)-556/2022 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavadehin üzərinə qoyulması” kimi baxılması qərara alınmıdır. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxxx 1954-cü il tarixdə doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hüququnun yarandığı dövrdə əlilliyə görə əmək pensiyaçısı olmuş və fevral ayının sonuna kimi əlilliyə görə əmək pensiyası almışdır. 11 mart 2021-ci il tarixdən əlilliyə görə əmək pensiyası dayandırılmış və həmin tarixdən də yaşa görə müavinət təyin edilmişdir. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur. Həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək fəaliyyətində olması aşağıda qeyd edilən sənədlər ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmiş və xx.xx.1998-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, 32 nömrəli atestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1970-xx.xx.1972-ci illərdə Texniki Peşə Məktəbində dülgər ixtisası üzrə əyani təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi 6 nömrəli Bakı Peşə Məktəbinin xx.xx.1921-ci il tarixli, 100 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1970-xx.xx.1972-ci illərdə Texniki Peşə Məktəbində dülgər ixtisası üzrə əyani təhsil almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, **********144100 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində olan məlumatlara əsasən “Hacıqabul Təmir Tikinti İdarəsi” vergi orqanında xx.xx.2012-ci il tarixdə 10 (on) rəqəmli ********** saylı VÖEN ilə “Azmənzilsənayetikintitəmir” Birliyinin (VÖEN **********) filialı kimi uçota alınmış və xx.xx.2017-ci il tarixli **********087900 nömrəli hüquqi şəxsin fəaliyyətinin dayandırılması ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fəaliyyəti müvəqqəti dayandırılmışdır (əsas fəaliyyət sahəsi: digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri). Hacıqabul Təmir Tikinti İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövlət büdcəsinə hər hansı məbləğdə vergi ödənilməsi müəyyən edilməmişdir. Həmçinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər hansı məbləğdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı ödənilməsi müəyyən edilməmişdir. Bildiririk ki, xx.xx.2018-ci il tarixdən əvvəlki dövr üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişləri barədə vergi orqanında məlumat olmadığı üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X6 müvafiq filialına müraciət edə bilərsiniz. Əlavə olaraq bildiririk ki, Hacıqabul Təmir Tikinti İdarəsi Azmənzilsənayetikintitəmir Birliyinin filialı kimi xx.xx.2012-ci il tarixdə vergi uçotuna alındığı üçün həmin tarixdən əvvəlki dövrlər üzrə ödənişlər və faəliyyətin olub-olmaması barədə məlumat almaq üçün ünvan 1 ünvanında yerləşən “Azmənzilsənayetikintitəmir” Birliyinə (VÖEN **********) müraciət olunması tövsiyə olunur. İş materiallarında olan Dövlət Statistika Komitəsi Hacıqabul rayon statistika idarəsinin xx.xx.2022-ci il tarixli, 01 nörməli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Hacıqabul rayonu üzrə “Hacıqabul rayon Təmir-Tikinti İdarəsi” adı ilə 2 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan biri xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır, digəri isə xx.xx.1996-cı il tarixində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. İş materiallarında olan Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 42 nömrəli məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayonu X3 rayon Təmir-Tikinti idarəsi sənədləri arxivə təhvil verilmədiyi üçün Hacıqabul rayon Dövlət arxivində saxlanılmır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli xidməti məktubunda qeyd edilmişdir ki, vətəndaş ilkin olaraq xx.xx.2021-ci il tarixli, **********3 saylı ərizə ilə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət edib. Ona xx.xx.2021ci il tarixli, **********2 saylı imtina məktubu ilə cavab verilib. 1) Yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci ildə yaranıb. 2) Əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı – 25 il və 28800,0 manat kapital. 3) Ümumi sosial sığorta stajı - 25 il, 07 ay, 29 gün. 4) Əlilliyə görə əmək pensiyası təyin olunan zaman nəzərə alınan sosial sığorta stajı - 23 il, 7 ay, 09 gün, pensiya kapitalı 9200, 27 manat, 5) Sosial sığorta stajına daxil edilməyən 1991-1998-ci illər mübahisəli kapital 2338,26 manat. 6) Sosial sığorta stajına daxil edilən 1973-1991-ci illər mübahisəsiz, kapital 6862,01 manat, 1991-1998-ci illərə aid sosial sığorta stajı nəzərə alınarsa Azərbaycan Respublikasının Əmək pensiyası haqqında qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubdan və ona əlavə olunmuş 375 nömrəli pensiya işindən görünür ki, X1 Hacıqabul rayon Təmir Tikinti idarəsində işlədiyi dövrlər ona pensiya təyin olunarkən nəzərə alınmışdır. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilə kimi olan dövrlərindən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət dövrü, təhsil illəri və əmək kitabçasındakı qeyd olunan digər dövrləri) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilə kimi olan dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər və şahid ifadəsi ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1991-ci ildən xx.xx.1998-ci il tarixədək Hacıqabul rayon Təmir Tikinti idarəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 8-ci maddəsinə əsasən Ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar