Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-557/2020 11.06.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (İmişli rayonu, Məzrəli kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsi X1 (Dövlət Sosial X6 rayon şöbəsinin Pensiya təminatı sektorunun məsləhətçisi, İmişli şəhəri, H.Əliyev prospekti, ev 141 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı 02 iyul 2019-cu il tarixli 01 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan pul tutulması barədə Dövlət Sosial X6 rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 01 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 3 azyaşlı uşaqları ilə İmişli rayonu, Məzrəli kəndində yaşayır. Həyat yoldaşı uşaqlara baxmaqla işləmir. O, ümumi xəstə kimi 2-ci qrup əlildir, cüzi müavinətlə dolanırılar. Qiymətli əmlakı, krediti yoxdur. Ona ünvanlı sosial yardım təyin edilməsi üçün 01.05.2017-ci il tarixdə Dövlət Sosial X6 rayon şöbəsinə müraciət etmişdir. Şöbədə onun sənədlərini qəbul edib araşdıraraq aztəminatlı ailə olduğunu təsdiq edəndən sonra elektron qaydada Nazirliyə göndərdilər və ona 2 il müddətinə hər ay 205,87 manat ünvanlı sosial yardım təyin edildi. Lakin bu günlərdə İmişli rayon İcra və probasiya şöbəsindən aldığı sənədlərdən məlum oldu ki, Dövlət Sosial X6 rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 01 saylı qərarı ilə ondan 4117,40 manat borcun tutularaq şöbəyə ödənməsinə qərar verilmişdir. Qərar ona göndərilməmiş, bu barədə xəbər tutduqdan sonra 19.12.2019-cu ildə surətini almışdır. Cavabdehin həmin hərəkəti qanunaziddir. Belə ki, ona ünvanlı sosial yardım həmin şöbənin qərarı və sənədlər əsasında verilib. O, imkansız ailədir. Əgər şöbə və ya Nazirlik yardım təyin edərkən hansısa səhvi buraxıbsa, o, buna cavabdeh ola bilməz. Həm də ona məlum oldu ki, Dövlət Sosial X6 rayon şöbəsi ondan həmin pulun tutulması barədə iddia ərizəsi verib. X7-İqtisadi Məhkəməsinin 24.07.2019-cu il tarixli qərardadı ilə həmin iddiaya baxılması mümkün sayılmamışdır. Digər tərəfdən qərarda göstərilir ki, guya o, ailəsinin pay torpağını gizlətmişdir. Halbuki o, bunu etməmişdir. Yardımı təyin edən təşkilata verilən sənədlərdə onun kənd yaşayış məntəqəsində yaşamağı, yəni kəndli olmağı təsdiq olunur və hamıya məlumdur ki, rayon kənd sakinlərinə aqrar islahat zamanı pay torpaq sahəsi verilib. Elektron qaydada da bunun yoxlanması çətin deyil. Bu işdə onun günahı yoxdur. Ona görə cavabdehin ondan pul tələbi barədə qərarı qanunsuz olduğundan ləğv edilməlidir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, bildirdi ki, Azərbaycan Respublikası Hesablama Palatasının 01.01.2017-ci il tarixdən 01.01.2019-cu il tarixədək aparılmış audit yoxlaması zamanı İmişli rayonu Məzrəli kənd sakini İddiaçı ünvanlı dövlət sosial yardımının təyinatının yoxlanılması nəticəsində pay torpağı mülkiyyətinin olmasının gizlədilməsinə görə təyinatı 10.04.2019-cu il tarixli Q-57 qərara əsasən dayandırılmışdır. Ünvanlı dövlət sosial yardımın təyinatından artıq alınmış 4735,01 manat vəsaitin bərpası üçün şöbə tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Hazırda İddiaçı İİ qrup ümumi xəstə kimi aldığı 130.00 manat sosial müavinətindən hər ay 50 % tutulma aparılır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan İmişli rayonu Məzrəli bələdiyyəsinin 02.03.2020-ci il tarixli 20 nömrəli məktubundan görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 20 iyul tarixli 07 saylı qərarı ilə İddiaçı Mirdavud oğluna Torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-0368 kod 90710005 olan sənəddə İddiaçı 0,36 ha, həyat yoldaşı X2 Torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-0079 kod 90710005 olan akta əsasən ona 0,37 ha torpaq sahəsi ayrılıb verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 01 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, 12.03.1978-ci il tarixdə anadan olmuş İmişli rayon Məzrəli kənd sakini İddiaçı ÜSY üzrə dövlət büdcəsinə yaranmış 4117,40 manat vəsaiti tutularaq Nazirlik yanında Dövlət Sosial X6 rayon şöbəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Auditin aparıldığı müddətədək İmişli rayonu üzrə VEMTAS tərəfindən təyin edilmiş ÜSY işlərinin monitorinqi nəticəsində imtina üçün əsas olduğu halda təyin edildiyi müəyyənləşdirilən ÜSY işləri üzrə artıq ödəmə və bərpa məbləğlərinə dair cədvəldən görünür ki, İddiaçı təyin olunmuş ünvanlı sosial yardımın ödənilməsindən imtinaya əsas olaraq mülkiyyətində pay torpağının olması göstərilmişdir. İş materiallarında olan Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən İddiaçı göndərilmiş Bildirişdən görünür ki, İddiaçı Nazirlik yanında Dövlət Sosial X6 rayon şöbəsi Hesablama Palatasının keçirdiyi yoxlama ilə bağlı ailəsinə təyin olunmuş Ünvanlı Dövlət Sosial Yardımı üzrə artıq alınmış-4117,40 (dörd min yüz on yeddi) manat məbləğin 5 (beş) iş günü ərzində büdcəyə bərpa olunması təklif edilmişdir. İş materiallarında olan 26.12.2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsum ödəmişdir Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikasının İPM) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İPM-nin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olundu ki, iddiaçı İmişli rayonu Məzrəli kənd sakini İddiaçı ünvanlı sosial yardım təyin edilmişdir. Lakin Torpağa mülkiyyət hüququna dair JN-0368 kod 90710005 nömrəli dövlət aktına əsasən İmişli rayon Aqrar İslahat Komissiyasının 2004-cü il 20 iyul tarixli 07 saylı qərarı ilə İddiaçı Mirdavud oğluna 0,36 ha və Torpağa mülkiyyət hüququna dair JN- 0079 kod 90710005 nömrəli dövlət aktına əsasən həyat yoldaşı X2 isə 0,37 ha torpaq sahəsi ayrılıb verilmişdir. Azərbaycan Respublikası Hesablama Palatasının 01.01.2017-ci il tarixdən 01.01.2019-cu il tarixədək aparılmış audit yoxlaması zamanı İmişli rayonu Məzrəli kənd sakini İddiaçı ünvanlı dövlət sosial yardımının təyinatının yoxlanılması nəticəsində pay torpağı mülkiyyətinin olmasının gizlədilməsinə görə təyinatı 10.04.2019-cu il tarixli Q-57 qərara əsasən dayandırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X6 rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 01 saylı qərarı ilə 12.03.1978-ci il tarixdə anadan olmuş İmişli rayon Məzrəli kənd sakini İddiaçı ÜSY üzrə dövlət büdcəsinə yaranmış 4117,40 manat vəsaiti tutularaq Dövlət Sosial X6 rayon şöbəsinə ödənilməsi qərara alınmışdır. Hazırda iddiaçı Dövlət Sosial X6 rayon şöbəsinin 02 iyul 2019-cu il tarixli 01 saylı qərarının ləğv edilməsini xahiş edir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. 4.2. Sosial yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir: 4.2.1. ünvanlılıq - sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunur; 4.2.2. ədalətlilik - sosial yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində təyin olunur; 4.2.3. bərabərlik - sosial yardım bütün aztəminatlı ailələrə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş «Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi haqqında» Qaydaların 3.7.7-ci maddəsinə əsasən ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda sosial yardımın təyin olunmasından imtina edilir. Göründüyü kimi iddiaçının adına daşınmaz əmlak olduğu aşkar olunduğundan ona ünvanlı sosial yardımın ödənişi dayandırılmış və cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı 02 iyul 2019-cu il tarixli 01 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)– yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial X6 rayon şöbəsinə qarşı 02 iyul 2019-cu il tarixli 01 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov