Məhkəmə qərarları › İş №2-1(120)-56/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-56/2021

16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-56/2021 16.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi, hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 (Bakı şəhəri, Badamdar yolu, ev Ö/t 17A-da yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs X3 (Quba rayonu, Adur kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 140 saylı sərəncamını 47 hektar torpaq sahəsinin X4 icarəyə verilməsi hissəsində qismən ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 140 saylı sərəncamını 47 hektar torpaq sahəsinin X4 icarəyə verilməsi hissəsində qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş iclasında İddiaçı yazılı izahatını məhkəməyə təqdim edərək bildirmişdir ki, xx xxx 2017-ci il tarixdə sərəncam almışdır. 300 hektar torpaq sahəsindən 5 hektarı palçıqlıq olduğu üçün 295 hektarı faktiki qalmışdır. 2017-ci ilin payız aylarında bilmişdir ki, ona göstərilmiş 300 hektar torpaq sahəsinin 47 hektar sahəsi X4 ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmüşdür. 2017-ci ildə Rayon İcra Hakimiyyətinə müraciət etməyinə baxmayaraq 2020-ci ilin mart ayına kimi müraciətinə əsassız olaraq baxılmamışdır. Bu barədə etirazını 2017-ci ilin sonlarına yaxın üçüncü şəxs X4 da bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh Hacıqabul rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, iddiaçının torpaq sahəsinin üst-üstə düşməsi barədə hazırki torpaqayırma qaydalarına uyğun olaraq sənədləşməsi zamanı qeyd edilən fakt rəsmi qaydada öz əksini tapmamışdır. Bu barədə heç bir mütəxəssis və ya ekspert rəyi yoxdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X5 izahat verərək bildirdi ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2013-cü il tarixli, 235 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 140 nömrəli sərəncamı ilə rayonun inzibati ərazisindəki 46K saylı “Ala saxta” adlanan qış otlaq sahəsindən, əkin dövriyyəsinə cəlb olunmayan 270 hektar torpaq sahəsi hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yenidən onun icarəsinə verilmişdir. Həmin tarixdən bu torpaq sahəsini istifadə edir. 2017-ci ilin sonlarında İddiaçı ona müraciət edərək bildirmişdir ki, onlara ayrılmış torpaq sahələri müəyyən hissədə üstüstə düşür. Həmin torpaq sahələrinin üst-üstə düşdüyü barədə tələbinin əsassız olduğunu İddiaçı bildirmişdir. Qeyd olunan torpaq sahələri heç bir hissədə üst-üstə düşmür. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2013cü il tarixli, 235 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli, 140 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, rayonun inzibati ərazisindəki 46K saylı “Ala saxta” adlanan qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb olunmayan 270 hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yenidən X3 icarəsinə verilmişdir. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2013cü il tarixli, 221 nömrəli sərəncamında qismən dəyişiklik edilməsi barədə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx xxx 2017-ci il tarixli, 65 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, rayonun inzibati ərazisindəki 46 saylı “Ala saxta” adlanan qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb olunmayan 295 hektar torpaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə yenidən İddiaçı icarəsinə verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mübahisələndirilən sərəncamdan 2017-ci ilin payız aylarından məlumatı olmuşdur. Belə ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında verdiyi izahatında (eyni zamanda yazılı izahatında) özü bu halı təsdiq etmişdir. Hazırkı inzibati işlə bağlı iddia ərziəsi isə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar