Məhkəmə qərarları › İş №2-1(120)-562/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-562/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-562/2022 23.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional filialına qarşı “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 fevral 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Masallı rayon filalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolu ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2-1(120)-187/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Masallı rayon filalına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Masallı rayon filalı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 8 saylı regional ərazi filalı ilə əvəz edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 19 may 2021-ci il tarixli, 2- 1(120)-187/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin 8 saylı regional ərazi filalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan qərardan İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən və məruzəçi Z.M.Allahyarov, hakimlər Z.A.Zeynalov və M.K.Həsənovdan ibarət tərkibdə) 21 sentyabr 2021-ci il tarixli, 2-1(106)-426/2021 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 19 may 2021ci il tarixli, 2-1(120)-187/2021 saylı qərarının ləğv edilərək, inzibati iş materialları baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri ondan ibarət olmuşdur ki, “məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur (İnzibati Prosessual Məcəllənin 13-cü maddəsi). İnzibati iş materiallarından görünür ki, İddiaçı iddia tələbi “işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə olmuşdur. Şirvan İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Şirvan İnzibati Məhkəməsinin 07 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolu ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İşdə olan 07 aprel 2021-ci il tarixli iclas protokolundan müəyyən olunur ki, iddiaçı həmin məhkəmə prosessində iddia tələbinin dəqiqləşdirilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmiş, lakin həmin tələb üzrə hər hansı bir ərizə məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən isə protokolla iddiaçının xahişinə münasibət belə bildirilməmişdir. Məhkəmə kollegiyası bu halı kobud pozuntu kimi qiymətləndirir. İş materiallarını nəzərdən keçirdikdə məlum olur ki, iş materiallarında iddia tələbinin dəyişdirilməsi barədə yazılı ərizə, eyni zamanda belə bir ərizə əsasında iddia tələbinin dəyişdirilməsi barədə məhkəmə qərardadı yoxdur. Belə olan halda məhkəmə kollegiyası hazırkı qərarın yuxarda qeyd olunan prosessual hüquq normalarının tələblərinə zidd olaraq iddiaçının ərizəsi olmadan və iddianın dəyişdirilməsi barədə ərizənin qəbul edilməsinə dair qərardad qəbul etmədən, əvvəlki tələb üzrə isə tələbin mümkünlük şərtlərinə qiymət vermədən işə baxmışdır. Belə ki, mübahisələndirilən qərar 19 may 2021-ci il tarixdə qəbul edilmiş, lakin tələbin dəqiqləşdirilməsinə dair ərizə, qərardad işə əlavə olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İPM-in 13-cü maddəsinin hansı instansiya məhkəməsində tətbiqi ilə bağlı göstərişin olmamasını qanunverici tərəfindən apellyasiya məhkəmələrinə apellyasiya icraatı ilə yanaşı, bir sıra kateqoriyadan olan inzibati mübahisələrə birinci instansiya məhkəməsi kimi baxmaq səlahiyyətinin verilməsi ilə əlaqələndirir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Eyni zamanda qeyd edilməlidir ki, İPM-in 11-ci maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi isə proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirər və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edər. Yuxarda qeyd olunan inzibati prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi iddianın dəyişdirilməsi barədə ərizə yazılı şəkildə məhkəməyə təqdim olunmalı, daha sonra iddianın dəyişdirilməsi barədə ərizənin surəti cavabdehə təqdim olunmalı, ərizəyə münasibət bildirilməsi üçün cavabdehə ağlabatan müddət təyin olunmalı və iddianın dəyişdirilməsi məqsədəuyğun hesab edildikdə bu barədə məhkəmə qərardad qəbul etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə nə məhkəməyə ərizə təqdim etməmiş, nə də məhkəmə iddia tələbinin dəyişdirilməsi barədə qərardad qəbul etməmişdir”. Azərbaycan Respublikası İPM-in 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Apelyasiya instansiyası məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(106)- 426/2021 nömrəli qərardadındakı göstərişlərinə (hüquqi mövqe) uyğun olaraq, işə birinci instansiya məhkəməsində təkrar baxılarkən iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin 8 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadları ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin 8 saylı regional ərazi filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun 2 saylı Lənkəran-Astara Regional filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 172 saylı Arxiv arayışından görünür ki, iddiaçı 17.04.1972-ci il tarixli, 68/3 saylı əmrlə 03.04.1972-ci ildən Azərbaycan Respublikası “3 saylı Azərkəndtikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “34 saylı X2”nə (ПМК-34) 1-ci dərəcəli fəhlə qəbul edilmiş, 25.06.1973-cü il tarixli, 62/3-12 saylı əmrlə üzürsüz səbəbdən işə çıxmadığına görə işdən azad edilmişdir. Qeyd: “34 saylı X2”nin əmək haqqı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilməyib. SMD-34, 08.01.1965-ci ildən SMD-6, 06.03.1966-cı ildən SMD-26, 06.06.1973-cü ildən SMD-34 adlanıb. 02.04.1973-cü il tarixli, 40/3 saylı əmrlə 03.04.1972-03.03.1973-cü il dövr üçün 30 təqvim gününə növbəti əmək məzuniyyətinə buraxılıb. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 172/1 saylı Arxiv arayışından görünür ki, iddiaçı 07.01.1976-cı il tarixli, 4-2 saylı əmrlə sabiq “Oktyabr” tərəvəzçilik-südçülük sovxozunun traktor briqadasına kotançı qəbul edilmiş, 18.06.1979-cu il tarixli, 163/3 saylı əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. 13.08.1979-cu il tarixli, 215/2 saylı əmrlə sovxozun C-100 traktoruna traktorist təyin edilmiş, 01.08.1995-ci il tarixli, 38/4 saylı əmrlə ərizəsinə əsasən sovxozun traktor briqadasına briqadir təyin edilmiş, 30.12.1995-ci il tarixli, 61 saylı əmrlə ərizəsinə əsasən traktor briqadirliyindən azad edilib sovxoza traktorçu verilmişdir. E.Hüseynov adına X8 Təsərrüfatının 01.01.1996-cı ildən sonrakı sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən sonrakı əmək fəaliyyəti barədə məlumat tapılmadı. Qeyd Masallı rayon Aqrokombinatının 05.05.1992-ci il tarixli, 60/3 saylı əmri ilə “Oktyabr” sovxozu 05.05.1992ci ildən “Xıl” sovxozu adlandırılmış, 01.08.1993-cü ildən “Elşad Hüseynov” adına sovxoz, 30.12.1995-ci ildən “Elşad Hüseynov” adına BKFT adlanıb. Traktor briqadirliyindən azad edilmə əmrində əvvəl yazılmış sözlər pozulub və başqa qələmlə “sovxoza traktorçu” sözləri əlavə edilib. İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 172/2 saylı Arxiv arayışından görünür ki, iddiaçı sabiq “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi müddətdə 1976-cı ilin fevral, may, 1978-ci ilin dekabr, 1979-cu ilin iyul, 1987-ci ilin yanvar, 1992-ci ilin yanvar, fevral, mart, avqust, oktyabr, noyabr, dekabr, 1993cü ilin yanvar, fevral, mart, avqust, dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, sentyabr, noyabr, dekabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə əmək haqqı almamışdır. Qeyd: E.Hüseynov adına X8 Təsərrüfatının 1996-1997-1998-ci illərə aid sənədləri Masallı rayon Dövlət Arxivinə təhvil verilməyib. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 05.08.2020-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, kişilərə yaşa görə (01.07.2020-ci il tarixədək 64 yaş 6 ay) əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə 2019-cu ilin yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (01.07.2020-ci il tarixə 64 yaş 6 ay) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. Təqdim etdiyiniz Masallı rayon Dövlət Arxivinin 01.06.2020-ci il tarixli, 172, 172/2 (əmək haqqı arayışı) saylı arxiv arayışlarına əsasən 01.01.2006-cı il tarixədək 19 il 10 ay 29 gün iş stajı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün Sizin yaşa görə əmək pensiyası hüququnuz yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək Pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və onun yaşa görə əmək pensiyası almaq hüququ 64 il 6 ayda, yəni 19 mart 2020-ci ildə yaranmışdır. Beləliklə, iddiaçıya 19.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması üçün minimum 25 il sosial sığorta stajı tələb olunur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, iddiaçı 11.11.1973-cü ildən 18.12.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, 03.04.1972-ci ildən 25.06.1973-cü il tarixədək “3 saylı Azərkəndtikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “34 saylı X2”nə (ПМК-34) 1-ci dərəcəli fəhlə; 07.01.1976-cı ildən 18.06.1979-cu il tarixədək sabiq “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunun traktor briqadasında kotançı, 13.08.1979-cu ildən 01.08.1995-ci il tarixədək sabiq “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunda traktorist, 01.08.1995-ci ildən 30.12.1995-ci il tarixədək sovxozun traktor briqadasında briqadir, 30.12.1995-ci ildən 31.07.1996-cı il tarixədək sovxozda tarktorçu, 01.08.1996-cı ildən 31.12.1997-ci il tarixədək BKFT-də traktorçu işləmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi müddətdə 1976-cı ilin fevral, may, 1978-ci ilin dekabr, 1979-cu ilin iyul, 1987-ci ilin yanvar, 1992-ci ilin yanvar, fevral, mart, avqust, oktyabr, noyabr, dekabr, 1993-cü ilin yanvar, fevral, mart, avqust, dekabr, 1994-cü ilin yanvar, fevral, mart, aprel, sentyabr, noyabr, dekabr, 1995-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun ayları üzrə əmək haqqı almamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının “Oktyabr” adına tərəvəzçiliksüdçülük sovxozunda əmək fəaliyyətini həyata keçirməyə başladığı 1976, 1978, 1979, 1987 və 1992-ci il tarixlərdə 14 iyul 1956-cı il tarixli Dövlət Pensiyaları haqqında SSRİ Qanunu qüvvədə olmuşdur ki, həmin qanunun 1-ci maddəsinin a) bəndinə əsasən, fəhlə və qulluqçular pensiya hüququna malikdir. İstinad olunan qanunda isə fəhlə və qulluqçulara pensiya təyin edilməsi üçün iş stajı hesablanarkən əmək haqqı alması şərti nəzərə tutulmamışdır. Məlum olduğu kimi SSRİ dövründə bütün müəssisə və təşkilatlar dövlətə məxsus olmuşdur ki, sosial ayırmalar da məhz həmin müəssilər tərəfindən işçilərinin sayına uyğun ödənilirdi. Lakin 23.09.1992-ci il tarixdə qəbul edilərək 01.01.1993-cü il tarixdən 01.01.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qəbul edildikdən sonra qanunvericilikdə müəyyən şərtlər əsasında iş stajının hesablanması qaydaları müəyyən edilmişdir ki, həmin qanunun 3-cü maddəsinin a) bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin 23 sentyabr 1992-ci il tarixli 306 nömrəli qərarının 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 1993-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Göründüyü kimi, 01.01.1993-cü il tarixdən sonra qanunvericiliyin tələbinə əsasən işləyən şəxslərin iş stajı hesablanarkən onların əmək haqlarından Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları ödənilən müddət iş stajı kimi nəzərə alınır. Bu isə onu deməyə əsas verir ki, iddiaçının 1976-cı il tarixdən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.1993-cü il tarixədək “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi, əmək haqqı almadığı müddətlər də ona sığorta stajı kimi nəzərə alınmalı, 01.01.1993-cü il tarixdən sonra isə yalnız əmək haqqı aldığı müddət sığorta stajı kimi nəzərə alınmalıdır. Belə olan halda iddiaçının “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunda işlədiyi müddətdə cəmi 18 il 06 ay sosial sığorta stajı vardır. İddiaçının hərbi xidmət illəri, “3 saylı Azərkəndtikinti” trestinin Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “34 saylı X2”ndə (ПМК-34), “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozunda və BKFT-də işlədiyi müddətlərin cəmi 23 il 09 ay 22 gün (2 il 01 ay 07 gün hərbi xidmət + “Oktyabr” adına tərəvəzçilik-südçülük sovxozu 19 il 01 ay + BKFT-də traktorçu 01 il 05 ay + 34 saylı SMD 01 il 02 ay 22 gün) təşkil edir ki, bu da qanunla tələb olunan 25 il sosial sığorta stajından az olduğundan ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan vermir. Məhkəmə iddiaçının 08.01.2007-ci il tarixdən 02.07.2007-ci il tarixədək "xxxx" Tikinti İstehsal Fərdi Firmasında işləməsini təsdiqi kimi məhkəməyə təqdim etdiyi 27 iyul 2021-ci il tarixli, 4 saylı arayışı ilə bağlı isə əlavə araşdırma aparmağı zəruri hesab etmir ona görə ki, hətta iddiaçının "xxxx" Tikinti İstehsal Fərdi Firmasında işlədiyi 08.01.2007-02.07.2007ci il tarixədək olan müddət nəzərə alınsa belə, ona pensiya təyin olunması üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtina dəlilləri, yəni iddiaçının 25 il sosial sığorta stajına malik olmamasına dair dəlilləri əsaslı, iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional filialına qarşı “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar