Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-564/2020 17.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X2 və Masallı rayonu Qəriblər Bələdiyyəsinə qarşı «mülkiyyət hüququnun tanıtdırılması, həmçinin iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün həmin torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi və torpaq sahəsinin yerində yenidən tanıtdırılması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X2 və Masallı rayonu Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanıtdırılması, həmçinin iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün həmin torpaq sahəsinin kimə məxsus olmasının müəyyən etmək üçün ekspertiza təyin edilməsi və torpaq sahəsinin yerində yenidən tanıtdırılması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıdan iddia ərizəsini dəqiqləşdirib məhkəməyə təqdim etməsi tələb olunmuşdur. Həmçinin tərəflər iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 17 fevral 2020-ci il tarixə saat 12:30-a məhkəməyə dəvət olunmuşlar. İddiaçı və cavabdeh X3 məhkəmə iclasına gəlmiş, lakin digər cavabdehlərə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin və Masallı rayonu Qəriblər Bələdiyyəsinin nümayəndələrinin iştirakları olmadan baxılmasının davam etdirilməsini mümkün hesab edir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, ona və ailə üzvlərinə qanuni əsaslarla torpaq sahəsi ayrılmış və bu barədə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin həmin torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmir. Mülkiyyət hüququnun müdafiə edilməsi məqsədilə şəhadətnamə əsasında ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin başqa şəxslərin zəbtindən azad edilməklə, onların istifadələrinə qaytarılmasını tələb edir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Belə ki, onun tərəfindən heç kimin torpağı zəbt edilməmişdir. Onun istifadəsində olan torpaq sahəsi qanuni əsaslarla verilmiş torpaq sahəsidir və bu barədə dövlət aktı da vardır. Odur ki, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı tərəflərin izahatını dinləyib,iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı müvafiq tələblə ilkin olaraq müvafiq inzibati orqana rəsmi qaydada müraciət etməsinə dair sübutu (və ya inzibati orqanın imtinasını) ərizəsinə əlavə etməmişdir. Belə olan halda isə ərizəçinin həmin tələbi İnzibati Prosessual qanunvericilik baxımından mümkün sayıla bilməz (inzibati mübahisə mövcud deyildir). İnzibati orqanın ərizəçinin müraciətindən imtina etdiyi və ya hərəkətsizlik göstərdiyi hallarda hüquqları pozulmuş şəxsin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə nəzərdə tutulmuş müvafiq iddia növü ilə İnzibati-İqtisadi məhkəməyə şikayət etmək hüququ vardır. Bundan əlavə iddiaçının izahatından müəyyən olunur ki, o, Torpağın mülkiyyətə verilməsi barədə Dövlət aktına əsasən ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin kənar şəxslərin müdaxiləsindən azad edilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının mülkiyyətin müdafiəsi ilə bağlı aidiyyəti üzrə ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunmuşdur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyüynə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Şirvan İnzibati Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2-1(120)-564/2020 saylı rəsmi məktubla iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım olunsa da, iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X2 və Masallı rayonu Qəriblər Bələdiyyəsinə qarşı «mülkiyyət hüququnun tanıtdırılması, həmçinin iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün həmin torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi və torpaq sahəsinin yerində yenidən tanıtdırılması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə, X2 və Masallı rayonu Qəriblər Bələdiyyəsinə qarşı «mülkiyyət hüququnun tanıtdırılması, həmçinin iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün həmin torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi və torpaq sahəsinin yerində yenidən tanıtdırılması öhdəliyinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-564/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-564/2020
17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver