Məhkəmə qərarları › İş №2-1(120)-566/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-566/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-566/2023 16.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli **********665100 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 16 may 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********024300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********665100 nömrəli qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 02 may 2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********281200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək 2021ci il üçün təqdim olunan gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə araşdırılması zamanı onun 2021-ci ilin sonuna mal qalığının qalmadığı, 2021-ci il ərzində invoys dəyəri 155579,4 manat olan mallar idxal edildiyi və təqdim edilmiş gəlir vergisi bəyannaməsində xərc bəndində malların dəyərinin 168306,12 manat göstərildiyi, satış dövriyyəsinin statistik dəyərlə 239007,33 manat olmalı olduğu halda 186813,56 manat göstərilmişdir. Yəni, cavabdehin yanaşmasına görə, güya o, malları gömrük orqanının müəyyən etdiyi 239007,33 manatdan aşağı qiymətə sata bilməzdi və buna görə də (239007,33-155579,4=83427,93) 83427,93 manat mənfəət müəyyən olunaraq 16685,58 manat (83427,93*20%) manat vergi hesablanması nəzərdə tutulmuş, o, özü 3701,49 manat vergini hesabladığı üçün aradakı fərq (12984,1 manat) əlavə olaraq hesablanmışdır. Qeyd olunan hesablama ilə bağlı xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. Aşağıda qeyd olunanlara görə həmin qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir: Belə ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir. Bunu xüsusi olaraq qeyd etmək istəyir ki, vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanılmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Azərbaycan Respublikasına mallar idxal olunarkən gömrük orqanları tərəfindən malların dəyərinin hesablanması yalnız və yalnız gömrük məqsədləri üçün istifadə olunur. Belə ki, idxal mallarına münasibətdə malların maya dəyərinə həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin mallara sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat, yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir. Buna baxmayaraq, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən malların statistik dəyəri ilə invoys dəyəri arasındakı fərqi gəlir və ya mənfəət kimi qəbul edərək heç bir əsası olmayan vergi hesablamışdır. İddiaçı malların satışını bazarda pərakəndə-ticarət qaydasında nəzarət kassa aparatı vasitəsi ilə aparmışdır. Satışdan əldə olunmuş gəlirə görə xx.xx.2021-ci ildə 2021-ci il üçün “Gəlir vergisi bəyannaməsi” təqdim edilmişdir. 6 saylı Ərazi Vergilər Baş İdarəsindən təqdim edilən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********281200 №-li məktubda qeyd olunan malların statistik qiyməti ilə invoys dəyəri arasındakı fərq anlayışı vergi qanunvericiliyinə tamamilə ziddir. İdxal olunan mallara gömrük orqanları tərəfindən müəyyən olunan şişirdilmiş statistik dəyər o demək deyildir ki, vergi ödəyicisi minimum həmin məbləğə malı satmalıdır. Rəqəmlərdən aşkar şəkildə müəyyən olunur ki, gömrük orqanları malın üzərinə 100% dəyər əlavə edib hansı ki, mövcud bazar mühitində belə qiymətlərlə fəaliyyət mümkünsüzdür. Həmçinin, satışı təsdiq edən NKA sənədləri qaydasında olduğu halda məsələyə gömrük orqanlarının gözü ilə yanaşmaq tam ədalətsiz və qanunsuzdur. Əlavə olunan satış dövriyyəsinə aid NKA çekindən göründüyü kimi, onun tərəfindən satılan mallar qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmişdir. Əlavə olaraq bildirir ki, vergi orqanlarına dəfələrlə ayrı-ayrı sahibkarlar tərəfindən edilən sorğulara verilən cavablarda statistik dəyərin yalnız gömrük məqsədləri üçün olduğu qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar tamamilə qanunsuz olduğu üçün ləğv edilməlidir. Həmin Qərar xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim edilmişdir və Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə görə 3 iş günü müddətində çatdırılmış sayılır. Onu da bildirir ki, əvvəllər eyni məzmunlu müraciətlər Dövlət Vergi Xidmətinə təqdim olunduğu zaman şikayətlər təmin olunaraq əsassız hesablanmış vergilər ləğv edilsə də, onun müraciəti qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, uçot-baza məlumatlarına əsasən, iddiaçının xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınaraq, əsas fəaliyyət növünün “sənaye mallarının pərakəndə satışı” olduğu və xx.xx.2021-ci il tarixdən ƏDV qeydiyyatına alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən hesabat ilində invoys dəyəri (idxal rüsumu, digər rüsum və vergilər daxil olmaqla) 155579,4 manat dəyərində malların idxal edildiyi, elektron qaimə-faktura ilə mal alışının olmadığı, xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.4-cü (Malın dəyəri) sətrində 168306,12 manat məbləğin bəyan edildiyi, hesabat ilinin sonuna mal qalığının olmadığı, fərdi sahibkar tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinin (idxal rüsumu, digər rüsum və vergilər daxil olmaqla) 239007,33 manat olduğu halda, xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 186813,56 manat məbləğin bəyan edildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********281200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməli olduğu bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığını bildirməsinə baxmayaraq müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Bu səbəbdən idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların gömrük dəyəri 239007,33 manat gəlir kimi, invoys dəyəri 155579,4 manat xərc kimi nəzərə alınmaqla vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə 12984,10 manat vergi məbləği hesablanmış və xx.xx.2022-ci il tarixli, **********785500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Belə ki, uçot baza məlumatlarının, bəyannamə göstəricilərinin və qarşılıqlı əlaqələrin təhlilinə əsasən vergi ödəyicisinin fəaliyyəti üzrə vergidənyayınma risklərinin olduğu, gəlir və xərclərinin uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən edilmişdir. Eləcə də, uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçı tərəfindən ünvan 3 ünvanında ümumi sahəsi 30 kv.m olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11001) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, həmin obyektdə xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0005496 zavod nömrəli nəzarət kassa aparatının qeydiyyata qoyulduğu və xx.xx.2021-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, həmin ünvanda ümumi sahəsi 5 kv.m olan təsərrüfat subyektinin (obyektin kodu: **********-11002) xx.xx.2021-ci il tarixdə vergi orqanında uçota alındığı və xx.xx.2021-ci il tarixdə uçotdan çıxarıldığı, müraciətinə əsasən fəaliyyətinin xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırıldığı, xx.xx.2021-ci il tarixdə fəaliyyətinin bərpa olunduğu, xx.xx.2021-ci tarixdən xx.xx.2026-cı il tarixədək yenidən dayandırıldığı müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəfindən gömrük orqanına təqdim edilmiş yük gömrük bəyannamələrində Çin Xalq Respublikasından xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə idxal olunmuş əmtəə nişanı məlum olmayan müxtəlif növ malların (qadın çantası, kişi gödəkcəsi, günəş eynəyi, qadın ayaqqabısı, idman ayaqqabısı, baş geyimi, qadın üçün ətəklər (yubka), qadın üçün donlar (platya) və sair) invoys dəyərinin 122692,4 manat olduğu bəyan olunmasına baxmayaraq, bu malların gömrük orqanı tərəfindən statistik dəyərinin 206719,9 manat qiymətləndirilərək 30727,5 manat idxal rüsumu, 43021,32 manat ƏDV məbləği və 2160,0 manat digər rüsum və vergilər hesablandığı müəyyən edilmişdir. Gömrük orqanına bəyan edilmiş məlumatlara əsasən fərdi sahibkar tərəfindən idxal olunmuş malların ümumi həcminin 482,764 m3 olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində idxal zamanı ödənilmiş 43021,32 manat (əsas məbləği 239007,33 manat) ƏDV məbləğlərinin tam olaraq əvəzləşdirildiyi, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində malların təqdim edilməsindən gəlir məbləğinin 186813,56 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərdə malların dəyərinin 168306,12 manat bəyan etməklə 2021-ci il üzrə 18507,44 manat gəlir əldə edilməklə 3701,49 manat gəlir vergisi məbləği hesablanmışdır. Belə ki, iddiaçı iri partiya ilə idxal etdiyi müxtəlif çeşidli malların bir ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0005496 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021-i il tarixdə isə qeydiyyatdan çıxarılıb), ünvan 3 ünvanında malların tam (qalıq qalmadan) təqdim edilməsində, habelə rentabelli satış həyata keçirildiyi halda fəaliyyətinin dərhal, xx.xx.2021-ci il tarixdən beş illik müddətə dayandırılmasında, xx.xx.2021-ci il tarixdə fəaliyyətinin bərpa olunmasında, daha sonra fəaliyyətinin xx.xx.2021-ci tarixdən beş illik müddətə dayandırılmasında qanunauyğuluq müəyyən olunmur. Qeyd olunan hal vergi ödəyicisi tərəfindən real gəlirlərinin gizlədilməsi, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyata salınmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi, Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmaqla malların çeşidlər üzrə adlarının nəzarət kassa aparatına mədaxil edilməməsi (çeklərdə malın adının əks etdirilməməsi) yolu ilə vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədi olmasını şərtləndirir. Bundan əlavə iddiaçı tərəfindən fəaliyyətinin dayandırdığı xx.xx.2021-ci il tarixədək nəzarət kassa aparatının dövrü hesabatının ümumi göstəricisinin 307 ədəd çek üzrə 198800,0 manat, orta hesabla bir çek üzrə satış məbləğinin 647,56 manat olduğu müəyyən olunmuşdur. Bu hal faktiki olaraq topdan qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməklə əqdin faktiki mahiyyətinin pərdələnməsinə və qarşı tərəflərin vergidən yayınmasına, gəlirlərinin gizlədilməsinə əsaslar yaradır. Həmçinin, iddiaçının adına qeydiyyatdan keçmiş və qısa zamanda qeydiyyatdan çıxarılmış (bir ay ərzində) Datapay Kassa” markalı, 000024P**********0005496 nömrəli nəzarət kassa aparatı müxtəlif dövrlərdə Bakı şəhərinin eyni inzibati ərazisində 5 sayda digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin adına qısa müddətdə qeydiyyata salınaraq qeydiyyatdan çıxarıldığı, bununla da müxtəlif şəxslər tərəfindən məqsədli surətdə vergidən yayınma sxemi yaradılmaqla idxal etdikləri iri həcmli mal partiyalarının nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satmasını həyata keçirməklə, faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatı pərdələndiyi, “kölgə iqtisadiyyatı”nın genişlənməsinə şərait yaradıldığı, topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməklə faktiki olaraq həmin mallar “qara bazara” paylanıldığı üçün vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsinin nəzarətə alınmasını çətinləşdirməklə vergilərin tam həcmdə dövlət büdcəsinə hesablanmasından yayındırıldığı müəyyən edilmişdir. Eyni zamanda, vergi ödəyicisi tərəfindən idxal edilmiş malların gömrük dəyərinə uyğun ödənilmiş ƏDV məbləği tam əvəzləşdirilmiş, gəlirlərin əldə edilməsində həmin malların invoys (faktiki) dəyəri ilə uçota alınmasını, bu dəyərə uyğun ticarət əlavəsi tətbiq olunmaqla gəlir vergisi bəyannaməsi təqdim etdiyini idda edərək əvəzləşdirilmiş ƏDV məbləğindən az məbləğdə gəlir vergisi məbləği hesablamış və şəxsi hesab vərəqəsində süni olaraq yaradılmış artıq ödəmə məbləğini digər vergi öhdəlikləri ilə əvəzləşdirərək dövlət büdcəsinə 10,0 manat vergi məbləği ödənilmişdir. Beləliklə, iddiaçının istifadəsində digər təsərrüfat subyektinin olmadığı, idxal olunmuş 482,764 m3 həcmdə malların ünvan 3 ünvanında yerləşən sahəsi 30 kv.m olan “Mağaza”da saxlanılmasının real olmadığını, idxal edilmiş malların çox çeşidli müxtəlif təyinatlı olmasına baxmayaraq malların bir ay ərzində (xx.xx.2021-ci il tarixdə “Datapay Kassa” markalı, 000024P**********0005496 zavod nömrəli yeni nəsil nəzarət kassa aparatının quraşdırılıb, xx.xx.2021 -ci il tarixdə isə qeydiyyatdan çıxarılıb) orta hesabla bir çek üzrə nağd satış dövriyyəsi 647,56 manat olmaqla ünvan 3 ünvamnda satılmasının təsdiqlənmədiyi, iri həcmli mal partiyalarının fiziki şəxslərə nəzarət kassaaparatının çeki ilə rəsmiləşdirilməklə satması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaiməfaktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsinə, “kölgə iqtisadiyyatı”nın genişlənməsinə, topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmilləşdirilməklə faktiki olaraq həmin mallar “qara bazara” paylanıldığı üçün vergi orqanı tərəfindən bu mal partiyasının hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsinin nəzarətə alınmasını çətinləşdirməklə vergilərin tam həcmdə dövlət büdcəsinə hesablanmasında məqsədli maneələr yaradılmışdır. Eyni zamanda iddiaçı tərəfindən inzibati araşdırmaya idxal olunmuş malların alqı-satqı müqavilələrini, invoyslarını, malların dəyərinin ödənilməsini təsdiq edən köçürmə sənədlərinin təqdim olunmadığını, real gəlirlərin əvvəlcədən müəyyən edilərək nəzarət kassa aparatına mədaxil olunmasının mümkün olmadığını və qanunvericilikdə nəzərdə tutulmadığını, müvəqqəti olaraq qısa müddətə adına nəzarət kassa aparatı qeydiyyata salmaqla azaldılmış gəlirlərinin rəsmiləşdirilməsi, nəzarət kassa aparatında Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələbləri pozulmaqla malların çeşidlər üzrə adlarının nəzarət kassa aparatına mədaxil edilməməsinin (çeklərdə malın adının əks etdirilməməsi) vergidənyayınma sxemi yaradılmaqla vergi üstünlüyü əldə etmək məqsədinin olmasını şərtləndirdiyini, sahibkar olaraq fəaliyyəti dövründə dövlət büdcəsinə cəmi 10,0 manat vergi məbləğinin ödənildiyini, hesabat dövrü üzrə dəfələrlə dəqiqləşdirilmiş bəyannamələr təqdim olununaraq göstəricilərinin dəyişdirildiyini, bununla da inzibati araşdırma dövründə fərdi sahibkarın dövriyyəsini (real gəlirlərini) müəyyən etmək mümkün olmadığı üçün Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən əlaqəli məlumat olaraq idxal olunmuş malların gömrük və invoys dəyəri barədə Dövlət Gömrük Komitəsininin məlumatları əsas götürülməklə kameral vergi yoxlaması ilə hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X2 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından, o cümlədən işdə olan cavabdeh təşkilatın iddiaçıya ünvanladığı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” 10 fevral 2022-ci il tarixli, **********281200 nömrəli məktubdan və İddiaçı İqtisadiyyat Naziliyi yanında Dövlət Vergi Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən 2021-ci hesabat ilində invoys dəyəri (idxal rüsumu, digər rüsum və vergilər daxil olmaqla) 155579,4 manat dəyərində mallar idxal edildiyi, elektron qaimə-faktura ilə mal alışının olmadığı, xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin 1226.4-cü (Malın dəyəri) sətrində 168306,12 manat məbləğin bəyan edildiyi, hesabat ilinin sonuna mal qalığının olmadığı, fərdi sahibkar tərəfindən 2021-ci il ərzində idxal edilmiş malların gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük dəyərinin (idxal rüsumu, digər rüsum və vergilər daxil olmaqla) 239007,33 manat olduğu halda, xx.xx.2022-ci il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin “Hesabat dövrünün gəlirləri” hissəsində 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) sətrində 186813,56 manat məbləğin bəyan edildiyi müəyyən edilmiş, bununla əlaqədar olaraq iddiaçıya vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixli, **********281200 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməli olduğu bildirilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq idxal edilmiş malların uçotunun invoys dəyəri ilə aparıldığının bildirilməsinə baxmayaraq, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmədiyindən idxal zamanı gömrük orqanı tərəfindən müəyyən edilmiş malların gömrük dəyəri 239007,33 manat gəlir kimi, invoys dəyəri 155579,4 manat xərc kimi nəzərə alınmaqla vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2021-ci il üzrə gəlir vergisi bəyannaməsinə əlavə vergi məbləği hesablanmışdır. İş materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********665100 nömrəli qərarından görünür ki, cavabdeh təşkilat tərəfindən aparılmış kameral yoxlama nəticəsində iddiaçıya 16040,86 manat əlavə vergi məbləği hesablanmışdır. Vergi orqanının mübahisələndirilən 10 aprel 2023-cü il tarixli, **********665100 nömrəli qərarının qəbul edilməsinə səbəb iddiaçının 2021-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş “Gəir vergisi bəyannaməsi” ilə vergi orqanının razılaşmaması, aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar dəqiqləşdirilmiş bəyannamə və ya izahatın verilməsinin tələb etməsi olmuşdur. Lakin iş materialları ilə təsdiq olunur ki, vergi orqanının müəyyən etdiyi uyğunsuzluqlarla əlaqədar iddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla tam aydınlıq gətirilmiş və vergi ödəyicisi tərəfindən heç bir kənarlaşmaya yol verimədiyi göstərilmişdir. İş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaya qarşı etirazından görünür ki, vergi orqanı iddiaçının dəlilləri ilə razılaşmayaraq Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən əlaqəli məlumat olaraq idxal olunmuş malların gömrük və invoys dəyəri barədə Dövlət Gömrük Komitəsininin məlumatları əsas götürülməklə kameral vergi yoxlaması ilə iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, vergi orqanı tərəfindən malların gömrük dəyərinə uyğun ƏDV-nin hesablanması üçün Qanunvericilikdə hər hansı hüquqi əsas mövcud deyildir. Mövcud praktikaya uyğun olaraq vergi orqanları mallarını invoys dəyəri ilə uçota alan vergi ödəyicilərinə kameral vergi yoxlaması çərçivəsində uyğunsuzluq məktubları göndərərək malların gömrük dəyəri ilə uçota alınmasını tələb edir, əks halda isə vergi ödəyicilərinə buna müvafiq olaraq əlavə vergi məbləği hesablayırlar. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələrində vergi ödəyicisinin mülkiyyətində olan aktivlərin uçota alınma qaydası və forması tam şəkildə tənzimlənir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir. Həmin Məcəllənin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər və aktivlərin dəyərini artıran digər xərclər (vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin yenidən qiymətləndirilməsindən yaranan artım istisna edilməklə) daxil edilir. Sadalanan normalardan aşağıdakı nəticələr əldə edilir:

1. Vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malın uçotunu aparmalıdır.

2. Vergi ödəyicisi istehsal etdiyi malları istehsal xərclərinə əsasən müəyyənləşdirilən dəyəri ilə uçota alır.

3. Vergi ödəyicisi satın aldığı malları faktiki satınalma qiymətlərinə əsasən, eləcə də malların gətirilməsinə (nəql olunmasına), saxlanılmasına, quraşdırılmasına və digər gəlirdən çıxmaq hüququna malik olmadığı kapital xarakterli xərclərə əsasən müəyyənləşdirilən dəyərinə əsasən uçota alır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. Həmin Qanunun 4.1 və 4.1.1-ci maddələrinə əsasən advalor - malların Azərbaycan Respublikasında gömrük dəyərinə nisbətən faizlə hesablandığı gömrük rüsumu dərəcələrinin növlərindən biridir. Həmin Qanunun 3.5-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Qanunun 12-ci maddəsində malların gömrük dəyərinin müəyyən edilməsinin üsulları müəyyən edilmişdir ki, onlardan birincisi malların sövdələşmə qiymətidir, yəni malların faktiki alış (invoys) dəyəri əsasında müəyyən edilməsidir. Bu üsuldan istifadə etmək mümkün olmadıqda, gömrük orqanı həmin maddədə göstərilən digər 5 üsuldan ardıcıl olaraq istifadə edir. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən mallar üçün ödənilmiş və ya ödənilməli olan qiymətdən ayrı müəyyənləşdirilmiş aşağıdakı xərclər gömrük dəyərinə daxil edilmir: 1. sənaye qurğuları, maşın və avadanlıq kimi mallar idxal edildikdən sonra həmin mallarla əlaqədar tikintiinşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri; 2. malların gömrük ərazisində daşınması ilə əlaqədar yaranan əsaslandırılmış xərclər; 3. gömrük ərazisində ödənilməli olan rüsum və digər ödənişlər; 4. malın alınması ilə əlaqədar maliyyələşmə razılaşması çərçivəsində alıcının faiz ödəmələri. Yuxarıda sadalananlara əsasən gömrük dəyəri: gömrük rüsumunun tətbiqi məqsədilə müəyyən edilən malların dəyəridir; ilk öncə malların sövdələşmə (faktiki alış) dəyəri, yəni invoys dəyəri əsasında müəyyən edilir. Bu üsulla müəyyən etmək mümkün olmadıqda, digər 5 üsulla müəyyən edilir. istənilən üsulla hesablanarkən daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti-inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər nəzərə alınmır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəlarının qarşılıqlı təhlilindən belə nəticə əldə olunur ki: 1. Malların gömrük dəyəri gömrük orqanında malların sövdələşmə (invoys) dəyəri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi həmin malları gömrük dəyəri əsasında uçota ala bilər. 2. Malların gömrük dəyəri gömrük orqanında digər 5 üsuldan biri əsasında müəyyən edildiyi halda, vergi ödəyicisi malları faktiki satınalma (invoys) dəyəri əsasında uçota alır. 3. Mallar yuxarıda qeyd olunan iki üsuldan biri ilə uçota alınarkən, həmin dəyərə daşıma xərcləri, malın alınması ilə bağlı faiz ödəmələri, tikinti- inşaat, yığılma, quraşdırma, istismar və texniki yardım xərcləri və gömrük rüsumu və digər ödənişlər də əlavə edilir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri bilir ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən gömrük orqanının malın gömrük dəyəri bəyan edilərkən təqdim edilmiş məxfi və konfidensial məlumatlardan gömrük dəyərləndirilməsinin məqsədləri üçün istifadə etmək hüququ vardır. Məhkəmə qərarının qəbul edildiyi hallar istisna olmaqla, məlumatı təqdim edən dövlət orqanının və ya şəxsin icazəsi olmadan bu məlumat, digər dövlət orqanları da daxil olmaqla, üçüncü şəxsə verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ölkə ərazisinə idxal edilmiş malların faktiki satınalma (invoys) dəyərinə uyğun olaraq vergi ödəyicisi tərəfindən ƏVD ödənilmiş, lakin vergi orqanı malın satılma dəyərinə münasibətdə deyil, həmin malın gömrük dəyərinə əsasən ƏDV hesablamışdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da müəyyən edildiyi kimi, vergi orqanı gətirilmiş malların gömrük dəyərinə əsasən verginin hesablanmasında haqlı olmamışdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində göstərilmişdir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın tarixi təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Lakin iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən mal idxalı ilə satışı arasında yaranmış fərq üzrə iddiaçının hər hansı dəyər əldə etdiyi sübut edilməmiş və ona malların dəyəri (pul vəsaiti) ödənilməmişdir. Yəni, malların (işlər və xidmətlər) dəyəri ödənilmədiyindən qüvvədə olan Vergi Məcəlləsinin 166.1-ci maddəsinin tələblərinə əsasən ƏDV hesablanması nəzərdə tutulmur. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********665100 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi «Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 aprel 2023-cü il tarixli, **********665100 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar