Məhkəmə qərarları › İş №2-1(120)-569/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-569/2020

19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-569/2020 19.08.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı 21 fevral 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 14 yanvar 2020-ci il tarixli, **********7 saylıimtina məktubu verilərək, iddiaçının xx.xx.1972-xx.xx.1986, xx.xx.1995-xx.xx.2001-ci illərdə işlədiyi dövrün əmr kitablarının və əmək haqqı cədvəllərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1972xx.xx.1974, xx.xx.1977-xx.xx.1993 və xx.xx.1995-xx.xx.2001-ci illərdə işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin 19 avqust 2020-ciil tarixli, 2-1(120)-569/2020 saylı qərardadı ilə iddia tələbinə “xx.xx.1972-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi ayrı-ayrı vaxtlarda və ayrı-ayrı müəssisələrdə fasilərlə işləməyi ilə bağlı əmək kitabçasında göstərilən iş illərinin, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu illərin, xx.xx.1995-xx.xx.2001-ci illərdə İmişli rayon X2 Müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”kimi baxılması xahiş olunmuşdur. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında və digər sənədlərdə qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının xx.xx.1972-xx.xx.1986, xx.xx.1995-xx.xx.2001-ci illərdə işlədiyi dövrün əmr kitablarının və əmək haqqı cədvəllərinin İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsini əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, ödəniş qəbzini,əmək kitabçasının notarial təsdiq edilmiş surətini və əmək kitabçalarının əslini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş İmişli rayon Dövlət arxivinin əmrlər kitabından çıxarışına, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əmrlərinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin məktubunun məzmununa və əslinə baxış keçirilərək iş materiallarına əlavə edilmiş hərbi biletin surətinə, istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh İmişli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 21 fevral 2019-cuildə 64 yaşı tamam olmuşdur və 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən xx.xx.1972-ci il tarixdən xx.xx.1993cü il tarixə kimi ayrı-ayrı vaxtlarda və ayrı-ayrı müəssisələrdə fasilərlə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olması hərbi bileti ilə, xx.xx.1995-xx.xx.2001-ci illərdə İmişli rayon X2 Müəssisəsində işləməsi arxiv sənədləri (əmr kitabından çıxarışlar) ilə təsdiq olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının xx.xx.1972-cu il tarixdən xx.xx.1986-cı il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət illəri və əmək kitabçasında göstərilən digər iş illəri) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (xx.xx.1972-xx.xx.1986-cı illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1972-xx.xx.1986-cı il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1972-xx.xx.1986-cıillərdə işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisələr tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İş materialarında olan Azərbaycan Respublikası İmişli rayon Dövlət Arxivinin 72 nömrəli xx.xx.2020-ci tarixli məktubunda qeyd edilmişdir ki, İmişli rayon "xxxx" ASC-nin və İmişli rayon X3 sənədləri İmişli rayon Dövlət Arxivində saxlanılmır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İddiaçının əmək kitabçasında göstərilməyən xx.xx.1995-xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.1995-xx.xx.2001-ci illərdə İmişli rayon X2 Müəssisəsindəişləməsinədairİmişli rayon Dövlət Arxivi tərəfindən verilmişİmişli rayon X2 Müəssisəsinin əmr kitabından çıxarışı) təqdim etmişdir. Həmin əmr kitablarında işçinin işə daxil olma, işdən xaric olma, məzuniyyət əmrlərindən çıxarışlar mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi İmişli rayon Dövlət Arxivi tərəfindən verilmişİmişli rayon X2 Müəssisəsinin əmr kitabından çıxarışları iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi və yaxud işlədiyi bəzi dövrlərinin (sığorta stajının) əmək kitabçasında göstərilməməsi iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi ayrı-ayrı vaxtlarda və ayrı-ayrı müəssisələrdə fasilərlə işləməyi ilə bağlı əmək kitabçasında göstərilən iş illəri, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu illəri, xx.xx.1995-xx.xx.2001-ci illərdə İmişli rayon X2 Müəssisəsində işləməsi sosial sığorta stajı kimi nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi ayrı-ayrı vaxtlarda və ayrıayrı müəssisələrdə fasilərlə işləməyi ilə bağlı əmək kitabçasında göstərilən iş illəri, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olduğu illər, xx.xx.1995-xx.xx.2001-ci illərdə İmişli rayon X2 Müəssisəsində işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar