Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-569/2021 17.06.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehin nümayəndəsi X1 (Cəbrayıl şəhəri, S.Vurğun küçəsi, ev 13-da qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına qarşı əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 16.04.1955-ci il tarixdə doğulmuş, Astara rayonu, Kijəbə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 19 iyun 2020-ci il tarixli, ********** nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş illərinin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ilin iyun ayından 1972-ci ilin dekabr ayınadək və 1976-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Astara rayonu sabiq Lenin adına subtropik sovxozunda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16.04.1955-ci ildə Astara rayonunun Kijəbə qəsəbəsində anadan olmuş, 1972-ci ilin iyun ayından 1972-ci ilin dekabr ayınadək, 1976-cı ilin may ayından 1998-ci ilin dekabr ayınadək Astara rayonu sabiq “V.İ.Lenin” adına suptropik sovxozunda fəhlə işləmişdir. Hazırda təqaüd almaq üçün DSMF Astara rayon filialına iş stajı barədə Astara rayon Dövlət arxivin arayışı ilə müraciət etmişdir. Ona Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsi tərəfindən 19.06.2020-ci il tarixli, ********** nömrəli məktubla ona əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı yaşa görə əmək pensiyasına hüququ “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 64 ildə, yəni 16.04.2020-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq İddiaçı həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz təsdiqini tapmamışdır. İşin mübahisələndirilməyən halı İddiaçı hərbi xidmətdə olduğu dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* nömrəli hərbi biletinə müvafiq olaraq onun 09.11.1973-14.11.1975-ci illər ərzində hərbi xidmətdə olduğu qeyd edilmişdir. Sözügedən mübahisələndirilməyən illər ərzində İddiaçı sosial sığorta stajını 02 il 05 gün təşkil edir. İşin mübahisələndirilən halı isə İddiaçı “V.İ.Lenin adına subtropik sovxoz”da işlədiyi dövrdür. Belə ki, iş materiallarına əlavə edilən İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına müvafiq olaraq onun 15.05.1976-cı il tarixdə 69 nömrəli əmrlə “V.İ.Lenin adına subtropik sovxoz”a işə qəbul edildiyi, 29.06.1998-ci il tarixdə 86 nömrəli əmrlə isə işdən azad edildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilən AR X6 filialı tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 24/1 nömrəli arxiv arayışında İddiaçı “V.İ.Lenin adına subtropik sovxoz”un əmr və əmək haqqı kitablarına əsasən 1972-ci ilin iyun ayının 21-də 84 nömrəli əmrlə sovxoza fəhlə qəbul edildiyi, 1972-ci ilin dekabr ayına kimi əmək haqqı aldığı qeyd edilmişdir. Həmçinin İddiaçı sözügedən sovxozun əmr kitablarınaəsasən 15.05.1976-cı il tarixdə 69 nömrəli əmrlə sovxoza fəhlə qəbul edildiyi, 11.12.1998-ci il tarixdə 02 nömrəli əmrlə işdən azad edildiyi göstərilmişdir. Belə ki, sözügedən arxiv arayışına müvafiq olaraq İddiaçı ümumilikdə 23 il 01 ay 26 gün sosial sığorta stajı vardır. İş materiallarına əlavə edilən AR X6 filialı tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 24/1 nömrəli arxiv arayışında İddiaçı “V.İ.Lenin adına subtropik sovxoz”da 1972-ci ilin iyun-dekabr, 1976-cı ilin maydekabr, 1977-1986-cı illərin yanvar-dekabr ayları ərzində əmək haqqı aldığı qeyd edilmişdir. Belə ki, sözügedən arxiv arayışına müvafiq olaraq İddiaçı yalnız əmək haqqı aldığı aylara müvafiq olaraq ümumilikdə 11 il 03 ay sosial sığorta stajı vardır. İş materiallarına əlavə edilən AR X6 filialı tərəfindən verilmiş 17.03.2021-ci il tarixli, 24/3 nömrəli arxiv arayışında İddiaçı “V.İ.Lenin adına subtropik sovxoz”da 1987-1996-cı illərin yanvar-dekabr, 1997-ci ilin yanvar-oktyabr və dekabr, 1998-ci ilin may və dekabr ayları ərzində əmək haqqı aldığı qeyd edilmişdir. Belə ki, sözügedən arxiv arayışına müvafiq olaraq İddiaçı yalnız əmək haqqı aldığı aylara müvafiq olaraq ümumilikdə 11 il 01 ay sosial sığorta stajı vardır. Qeyd edilməli əsas məqam ondan ibarətdir ki, İddiaçı sözügedən sovxozda 1972, 1976-1998-ci illər ərzində işləsə də, yuxarıda qeyd edilən arxiv arayışına müvafiq olaraq yalnız müəyyən aylar ərzində əmək haqqı aldığı öz təsdiqini tapır. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına müvafiq olaraq mübahisələndirilən illər ərzində İddiaçı yalnız əmək haqqı aldığı aylar sosial sığorta stajı kimi nəzərə alınmalı və qalan illər sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Göründüyü kimi İddiaçı mübahisələndirilməyən sosial sığorta stajı 24 il 04 ay 05 gün təşkil edir. Göründüyü kimi, İddiaçı 24 il 04 ay sosial sığorta stajına münasibətdə 20768,79 manat pensiya kapitalı vardır. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə əmək pensiyası hüququ yarandığı 64 ildə, yəni 16.04.2020-ci il tarixdə anunla ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajına və 28800 manat pensiya kapitalına malik olmadığından iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (7 saylı regional ərazi filialı Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının hərbi xidmət müddəti, arxiv arayışındakı iş illəri, eyni zamanda 01.01.2006-cı il tarixdən sonra 1 il 1 ay müddətdə qazanılmış 288.02 manat pensiya kapitalı nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 04248562 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 16.04.1955-ci il tarixdə anadan olmuş, Astara rayonu, Kijəbə qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Astara rayon Dövlət Arxivinin 14.12.2020-ci il tarixli, 241 nömrəli arxiv arayışından görünür ki, 16.04.1955-ci ildə anadan olmuş İddiaçı Astara rayonu “V.İ.Lenin” adına suptropik sovxozun əmr və əmək haqqı kitablarına əsasən 1972-ci ilin iyun ayının 21də 84 saylı əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1972-ci ilin dekabr ayına kimi əmək haqqı almışdır. İddiaçı Astara rayonu “V.İ.Lenin” adına suptropik sovxozun əmr kitablarına əsasən 1976-cı ilin may ayının 15-də 69 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1998-ci ilin dekabr ayının 11-də 02 saylı əmrlə işdən azad edilmişdir. İşdə olan Astara rayon Dövlət Arxivinin 14.12.2020-ci il tarixli, 241/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Astara rayonu “V.İ.Lenin” adına suptropik sovxozunda 1972, 1976-1978, 1996-1998-ci illərdə əmək haqqı almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin iddiaçıya ünvanladığı 19.06.2020-ci il tarixli, ********** nömrəli məktubundan görünür ki, İddiaçı iş stajının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə 25 ildən az olduğu üçün əmək pensiyası təyin olunmasına imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə ünvanladığı 14.04.2021-ci il tarixli, **********479200 nömrəli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) tərəfindən vergi orqanlarına təqdim edilmiş “məcburi dövlət sosial sığorta hesabları” və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannamələri barədə məktuba 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Vergi ödəyicisi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinə təqdim edilmiş “Digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (kənd yerlərində)” MDSS hesabatlarında 2018-ci ilin 4-cü rübü üzrə 0 manat, 2019-cu ilin 1-ci rübü üzrə 44 manat, 2019-cu ilin 2-ci rübü üzrə 54 manat, 2019-cu ilin 3-cü rübü üzrə 61 manat, 2019-cu ilin 4-cü rübü üzrə 75 manat, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları” bəyannamələrində 2020-ci ilin 1-ci rübü üzrə 62,5 manat, 2020-ci ilin 2-ci rübü üzrə 56,25 manat sığorta haqqları qeyd edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 01.01.2006cı il tarixdən sonra 1 il 1 ay müddətdə qazanılmış 288.02 manat pensiya kapitalı vardır. Vətəndaşın 24 il 04 ay 05 gün mübahisələndirilməyən sığorta stajı və 01.01.2006-cı il tarixdən sonra fərdi hesabında olan pensiya kapitalı əsasında əmək pensiyası hüququ 01.12.2019-cu il tarixdə yaranır. İşdə olan Astara rayon Dövlət Arxivinin 17.03.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Astara rayonu “V.İ.Lenin” adına suptropik sovxozunda 1972, 1976-1986cı illərdə əmək haqqı almışdır. İşdə olan Astara rayon Dövlət Arxivinin 17.03.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Astara rayonu “V.İ.Lenin” adına suptropik sovxozunda 1987-1998-cı illərdə əmək haqqı almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 17.05.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1, 22-1.1, 22-1.2, 22-1.2.1-ci maddələrinə əsasən Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. İşdə olan Sığortaolunan haqqında məlumatdan görünür ki, İddiaçı 2018 oktyabr-2020 iyun olan dövrü cəmi gəlir 3730,00 manat, cəmi hesablanmış 391,75 manat, cəmi ödənilmiş 282, 98 manat, pensiya kapitalı 258,54 manat olmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (arxiv arayışı) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Astara rayon Dövlət Arxivinin 14.12.2020-ci il və 17.03.2021-ci il tarixli arxiv arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaya münasibətindən (etirazından), eyni zamanda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 15.04.2021-ci il tarixli, **********7 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilədək 24 il 04 ay 05 gün sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Digər tərəfdən, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı il tarixdən sonra 1 il 1 ay müddətdə qazanılmış 288.02 manat pensiya kapitalı vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hərbi xidmət müddəti, arxiv arayışındakı iş illəri, eyni zamanda 01.01.2006-cı il tarixdən sonra 1 il 1 ay sosial sığorta stajı nəzərə alınmaqla, tələb olunan 25 il stajı topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-569/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-569/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver